Yehovanın müqəddəs ruhunu kədərləndirməyin
«Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. ...O Ruhla möhürləndiniz» (EFES. 4:30).
1. Yehova milyonlarla insan üçün hansı tədbiri görüb və onlar nə etməyə borcludurlar?
YEHOVA bu narahat dünyada yaşayan milyonlarla insan üçün xüsusi bir tədbir görüb. O, yeganə Oğlu İsa Məsihin vasitəsilə insanların Özünə yaxınlaşmasını mümkün edib (Yəh. 6:44). Əgər sən Allaha həsr olunub və ona müvafiq həyat tərzi sürürsənsə, bu, sənin üçün də mümkün olub. Müqəddəs ruhun ismi ilə vəftiz olunduğun üçün ona uyğun yaşamaq sənin borcundur (Mat. 28:19, İ—93).
2. Biz hansı sualları nəzərdən keçirəcəyik?
2 «Ruh üçün əkən» bizlər yeni mənliyi geyinirik (Qalat. 6:8; Efes. 4:17—24). Lakin həvari Pavel bizə məsləhət və xəbərdarlıq edir ki, Allahın müqəddəs ruhunu kədərləndirməyək. (Efeslilərə 4:25—32 ayələrini oxu.) Gəlin həvarinin bu məsləhətini diqqətlə nəzərdən keçirək. «Allahın... Ruhunu kədərləndirməyin» dedikdə Pavel nəyi nəzərdə tuturdu? Yehovaya həsr olunmuş insan Onun ruhunu necə kədərləndirə bilər? Və biz bundan necə qaçına bilərik?
Pavel nəyi nəzərdə tuturdu?
3. Efeslilərə 4:30 ayəsində yazılan sözlərin mənasını necə izah edərdiniz?
3 İlk növbədə, Pavelin Efeslilərə 4:30 ayəsində yazdığı sözlərə diqqət yetirək: «Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Xilas günü üçün [«fidyə vasitəsilə», YD] o Ruhla möhürləndiniz». Pavel əziz həmimanlılarının ruhaniliklərini təhlükə altına atmalarını istəmirdi. Onlar xilas günü üçün fidyə vasitəsilə Yehovanın ruhu ilə möhürlənmişdilər. Keçmişdə olduğu kimi, indi də Allahın müqəddəs ruhu nöqsansızlıqlarını qoruyan məsh olunmuşların möhürü və ya ‘gələcəkdə alacaqları mükafatın zəmanətidir’ (2 Kor. 1:22, YD). Möhür onların Allahın mülkü olduğunu və göylər həyatını alacaqlarını göstərir. Möhürlənənlərin sayı 144 000 nəfərdir (Vəhy 7:2—4).
4. Allahın ruhunu kədərləndirməkdən qaçınmaq nə üçün vacibdir?
4 Məsihçinin onun həyatına təsir edən Allahın ruhunu kədərləndirməsi ondan tamamilə məhrum olmasına gətirib çıxaran ilk addımdır. Bunun mümkün olduğu Davudun Bat-Şeva ilə günah işlətdikdən sonra dediyi sözlərdən görünür. Davud tövbə edərək Yehovaya yalvardı: «Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə» (Məz. 51:11). Yalnız «ölüm bahasına da olsa sadiq qal»an məsh olunmuşlar göylərdə ölməz həyat «tacını» alacaqlar (Vəhy 2:10; 1 Kor. 15:53). Yer üzündə yaşamaq ümidi olan məsihçilər Allah qarşısında nöqsansızlıqlarını qorumaq və Məsihin fidyə qurbanlığına iman sayəsində verilən həyat ənamını almaq istəyirlərsə, onların da müqəddəs ruha ehtiyacları var (Yəh. 3:36; Rom. 5:8; 6:23). Buna görə də, hər birimiz Yehovanın müqəddəs ruhunu kədərləndirməkdən qaçınmalıyıq.
Necə ola bilər ki, məsihçi Allahın ruhunu kədərləndirsin?
5, 6. Necə ola bilər ki, məsihçi Allahın ruhunu kədərləndirsin?
5 Allahın həsr olunmuş xidmətçiləri olan bizlər ruhu kədərləndirməkdən qaçına bilərik. Bunun üçün biz daima ‘Ruha görə yaşamalı, Ruha görə də rəftar etməliyik’, çünki onda pis cismani arzular bizə üstün gəlməyəcək və biz pis xüsusiyyətlər təzahür etdirməyəcəyik (Qalat. 5:16, 25, 26). Ancaq Allahın ruhunun təsiri altında yazılmış Müqəddəs Kitabda mühakimə olunan davranış tərzini, ola bilsin, özümüz də bilmədən yavaş-yavaş mənimsəyək, belə olan halda Onun ruhunu kədərləndirə bilərik.
6 Əgər müqəddəs ruhun rəhbərliyinə əks getməyə davam ediriksə, onda biz ruhu və onun Mənbəyi olan Yehovanı kədərləndiririk. Efeslilərə 4:25—32 ayələrini araşdırmağın sayəsində davranışımızın necə olduğunu görəcəyik; və bu, bizi Allahın ruhunu kədərləndirməkdən qoruyacaq.
Ruhu kədərləndirməkdən necə qaçınmaq olar?
7, 8. Nəyə görə biz dürüst və etibarlı olmalıyıq? İzah edin.
7 Həmişə düzünü danışmalıyıq. Efeslilərə 4:25 ayəsində Pavel yazır: «Yalanı kənara atın, hər biriniz öz qonşusuna həqiqəti söyləsin; çünki hamımız eyni bədənin üzvləriyik [«və bir-birimizə məxsusuq», YD]». ‘Eyni bədənin üzvləri’ olduğumuzdan biz, əlbəttə ki, həmimanlılarımızı hiyləgərcəsinə və qəsdən aldatmağa çalışmayacağıq, çünki bu, yalan satmağa bərabərdir. İnadkarlıqla bu cür davranmağa davam edən hər kəs Allahla münasibətlərini itirəcək. (Süleymanın məsəlləri 6:16, 17 ayələrini oxu.)
8 Söz və hərəkətlərlə başqalarını aldatmaq yığıncaqdakı birliyi poza bilər. Buna görə də biz Daniel peyğəmbər kimi dürüst və etibarlı olmalıyıq — onda heç kim heç bir təqsir tapa bilməmişdi (Dan. 6:4). Biz Pavelin göylər ümidinə malik olan məsihçilərə ‘Məsihin bədəninin’ hər bir üzvünün digərinə mənsub olduğuna və İsanın etibarlı məsh olunmuş davamçıları ilə birliyi qoruyub saxlamalı olduğuna dair verdiyi nəsihəti unutmamalıyıq (Efes. 4:11, 12). Əgər biz yerüzü Cənnətdə əbədi yaşamaq ümidinə malikiksə, biz də həqiqəti söyləməliyik, bununla öz tərəfimizdən ümumdünya qardaşlıq birliyini qorumuş olarıq.
9. Efeslilərə 4:26, 27 ayələrinə riayət etmək nəyə görə vacibdir?
9 Biz İblisə müqavimət göstərməli və onun bizə ruhani zərər vurmasına yol verməməliyik (Yaq. 4:7). Müqəddəs ruh bizə Şeytana müqavimət göstərməyə kömək edir. Məsələn, biz özümüzü qarşısıalınmaz qəzəbdən gözləməliyik. Pavel yazır: «Qəzəblənəndə günah işləməyin; qoy siz qəzəblənirkən günəş batmasın, və iblisə yer verməyin» (Efes. 4:26, 27). Əgər haqlı olaraq qəzəblənmişiksə, dərhal ürəyimizdə dua etmək Allahın ruhunu kədərləndirəcək hərəkət etmək əvəzinə, özümüzə hakim olaraq ‘həlimlik ruhunu’ qoruyub saxlamağa kömək edəcək (Sül. məs. 17:27). Buna görə gəlin qəzəbimizi cilovlayaq ki, Şeytan fürsətdən istifadə edib bizi pisliyə sürükləməsin (Məz. 37:8, 9). Şeytana müqavimət göstərməyin üsullarından biri mübahisəni tez və İsanın məsləhətinə uyğun həll etməkdir (Mat. 5:23, 24; 18:15—17).
10, 11. Nəyə görə biz oğurluğa və ya nadürüstlüyə yol verməməliyik?
10 Biz oğurluğa və ya nadürüstlüyə yol verməməliyik. Pavel oğurluq barədə yazır: «Oğurluq edən artıq oğurlamasın; əksinə, öz əllərinin əməyi ilə yaxşı iş görsün ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun» (Efes. 4:28). Əgər həsr olunmuş məsihçi oğurluq edərsə, Allahı rüsvay edərək Onun ‘adını ləkələyər’ (Sül. məs. 30:7—9). Kasıbçılıq belə oğurluğa haqq qazandırmır. Allahı və insanları sevənlər dərk edirlər ki, oğurluğa heç vaxt bəraət yoxdur (Mark 12:28—31).
11 Pavel təkcə nəyi etməməli olduğumuzu yox, həm də nəyi etməli olduğumuzu deyir. Əgər biz müqəddəs ruha görə hərəkət edir və yaşayırıqsa, ailəmizin tələbatlarını ödəmək üçün, üstəlik, ‘ehtiyacı olanlarla bölüşməyə bir şeyimiz olsun’ deyə səylə işləyəcəyik (1 Tim. 5:8). İsa və onun həvariləri kasıblara kömək etmək üçün həmişə qırağa pul qoyurdular, lakin İsanı ələ verən Yəhuda İskaryot həmin pullardan oğurlayırdı (Yəh. 12:4—6). Aydındır ki, o, ruha görə hərəkət etmirdi. Allahın ruhuna görə hərəkət edən bizlər, Pavel kimi, «hər cəhətcə özümüzü yaxşı aparmağa can atırıq» (İbr. 13:18). Belə etməklə biz Yehovanın müqəddəs ruhunu kədərləndirməyəcəyik.
Ruhu kədərləndirməmək üçün daha nə etmək lazımdır?
12, 13. a) Efeslilərə 4:29 ayəsinin göstərdiyi kimi, biz hansı danışığa yol verməməliyik? b) Danışığımız necə olmalıdır?
12 Danışığımıza fikir verməliyik. Pavel deyir: «Ağzınızdan heç bir çürük söz çıxmasın, ancaq ehtiyaca görə, ruhi inkişaf üçün yaxşı söz söyləyin ki, sizi dinləyənlərə nemət versin» (Efes. 4:29). Yenə də həvari Pavel bizə yalnız nəyi etməməli olduğumuzu yox, həmçinin nəyi etməli olduğumuzu da deyir. Allahın ruhunun təsiri altında biz ‘ruhi inkişaf üçün yaxşı söz söyləyəcəyik ki, bizi dinləyənlərə nemət versin’. Üstəlik, ağzımızdan heç bir «çürük söz» çıxmamalıdır. «Çürük» kimi tərcümə olunan yunan sözü çürük meyvəyə, iylənmiş balığa və ya ətə aid edilir. Bu cür yeməklərdən diksindiyimiz kimi, eynilə, Yehovanın nalayiq hesab etdiyi danışığa da nifrət edirik.
13 Danışığımız ədəbli, mülayim və «duz qatılmış» olmalıdır (Kolos. 3:8—10; 4:6). Bizi eşidənlər başqa insanlardan fərqləndiyimizi görməlidirlər. Buna görə də gəlin həmişə ‘ruhi inkişaf üçün yaxşı söz söyləyək’ və məzmurçunun sözlərinə şərik olaq. O oxuyurdu: «Ağzımdan çıxan sözlər, qəlbimdəki düşüncələr hüzurunda qəbul olunsun. Ya Rəbb, mənim Qayam və Satınalanımsan!» (Məz. 19:14).
14. Efeslilərə 4:30, 31 ayələrinə əsasən, biz nədən uzaq olmalıyıq?
14 Kin, qəzəb, təhqiramiz danışıq və hər növ pisliyi özümüzdən kəsib atmalıyıq. Allahın ruhunu kədərləndirməməyə dair xəbərdarlıq söylədikdən sonra Pavel yazır: «Qoy hər cür kin, hiddət, qəzəb, çığırtı, küfr, hər növ pis niyyətlə bərabər sizdən uzaq olsun» (Efes. 4:30, 31). Qeyri-kamil olduğumuzdan hər birimiz fikir və hərəkətlərimizə nəzarət etmək üçün səylə çalışmalıyıq. Əgər biz kin, hiddət və qəzəbə yol versək, Allahın ruhunu kədərləndirmiş olardıq. Bizə qarşı edilən pisliklərin hesabını aparanda, həmişə küsəndə və xətrimizə dəyən insanla barışmaq istəməyəndə də Allahın ruhunu kədərləndiririk. Əgər Müqəddəs Kitab məsləhətlərini qulaqardına vurmağa başlayırıqsa, bizdə müqəddəs ruha qarşı günah işlətməyə gətirib çıxaran xüsusiyyətlərin yaranma ehtimalı var, bunun nəticəsi isə çox acınacaqlı ola bilər.
15. Əgər kimsə xətrimizə dəyibsə, biz nə etməliyik?
15 Lütfkar və şəfqətli olmağı, eləcə də bağışlamağı bacarmalıyıq. Pavel yazır: «Bir-birinizə qarşı lütfkar, şəfqətli olun və Allah Məsihdə sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın» (Efes. 4:32). Əgər kimsə bərk xətrimizə dəyibsə, gəlin Allahı təqlid edərək onu bağışlayaq (Luka 11:4). Tutalım, həmimanlımız haqqımızda xoşagəlməz şeylər danışıb. Məsələyə aydınlıq gətirmək üçün biz ona yaxınlaşırıq. O, səmimi olaraq səhvini etiraf edir və üzr istəyir, biz də onu bağışlayırıq. Lakin Levililər 19:18 ayəsinə əsasən, bizdən daha bir şey tələb olunur: «Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm».
Ayıq-sayıq olun
16. Yehovanın ruhunu kədərləndirməmək üçün bəzən özümüzdə dəyişikliklər etməli olduğumuza dair nümunə gətirin.
16 Təklikdə olanda belə şirnikdirici vəziyyət yarana bilər və biz Allaha məqbul olmayan iş görə bilərik. Tutalım, qardaş məsihçiyə münasib olmayan musiqiyə qulaq asır. «Sadiq və ağıllı qul»un nəşrləri vasitəsilə verilən Müqəddəs Kitab məsləhətlərinə məhəl qoymadığı üçün vicdanı onu narahat etməyə başlayır (Mat. 24:45). Ola bilsin, o, bu problem barədə dua edir və Pavelin Efeslilərə 4:30 ayəsindəki sözlər yadına düşür. Allahın ruhunu kədərləndirəcək heç bir şey etməmək əzmində olan qardaş daha belə musiqiyə qulaq asmamaq qərarına gəlir. Əlbəttə, Yehova onun qərarına xeyir-dua verəcək. Buna görə də gəlin Allahın ruhunu kədərləndirməkdən həmişə özümüzü gözləyək.
17. Əgər sayıqlığımızı itirsək və dua etməsək, nə baş verə bilər?
17 Əgər sayıqlığımızı itirsək və dua etməsək, Allahın ruhunu kədərləndirən natəmiz və ya pis şeylərin təsiri altına düşə bilərik. Müqəddəs ruh Yehovanın iradəsini yerinə yetirdiyi üçün onu kədərləndirmək Yehovanı kədərləndirməyə bərabərdir. Əlbəttə, biz bunu etmək istəməzdik (Efes. 4:30). Birinci əsrin yəhudi din xadimləri İsanın möcüzələrini Şeytana aid etməklə günaha batırdılar. (Mark 3:22—30 ayələrini oxu.) Məsihə düşmən kəsilən bu adamlar ‘Müqəddəs Ruha küfr edirdilər’ və onların bu hərəkəti bağışlanmaz günah idi. Qoy bizim aqibətimiz heç vaxt onların aqibəti kimi olmasın!
18. Bağışlanmaz günah etmədiyimizi necə müəyyən edə bilərik?
18 Əgər biz bağışlanmaz günaha doğru bir addım belə atmaq istəmiriksə, Pavelin ruhu kədərləndirməmək barədə dediklərini yadda saxlamalıyıq. Amma əgər ciddi günah işlətmişiksə, onda necə? Tövbə edib ağsaqqallardan kömək almışıqsa, Allahın bizi bağışladığı və müqəddəs ruha qarşı heç bir günah etmədiyimiz qənaətinə gələ bilərik. Allahın köməyi ilə biz Onun ruhunu bir daha kədərləndirməkdən qaçına bilərik.
19, 20. a) Qaçınmalı olduğumuz bəzi şeylər hansılardır? b) Biz nəyi etməyə qəti qərarlı olmalıyıq?
19 Allah müqəddəs ruhunun köməyi ilə Öz xalqı arasında məhəbbət, sevinc və birlik hasil edir (Məz. 133:1—3). Buna görə də biz dedi-qodulara baş qoşmamalı və ruhla təyin olunmuş nəzarətçiləri hörmətdən salan şeylər danışmamalıyıq ki, Allahın ruhunu kədərləndirməyək (Həv. iş. 20:28; Yəhuda 8). Əksinə, biz yığıncaqda hökm sürən birliyə öz töhfəmizi verməli və bir-birimizə hörmətlə yanaşmalıyıq. Yığıncaqda qruplaşmaların yaranmasında iştirak etməməliyik. Pavel yazır: «İsa Məsihin adı ilə, ey qardaşlarım, sizə yalvarıram ki, hamınız eyni düşüncədə olun və aranızda ayrılıq olmasın və siz bir fikirdə və eyni rəydə birləşəsiniz» (1 Kor. 1:10).
20 Yehova Onun ruhunu kədərləndirməyimizi istəmir və bunun üçün bizə kömək edir. Gəlin həmişə Allahdan müqəddəs ruh diləyək və onu kədərləndirməməyə qəti qərarlı olaq. Gəlin indi və əbədiyyən müqəddəs ruhun rəhbərliyini səylə axtararaq ‘ruh üçün əkməyə’ davam edək!
Necə cavab verərdiniz?
• Allahın ruhunu kədərləndirmək nə deməkdir?
• Necə ola bilər ki, Yehovaya həsr olunmuş insan Onun ruhunu kədərləndirsin?
• Müqəddəs ruhu kədərləndirməkdən necə qaçınmaq olar?
[30-cu səhifədəki şəkil]
Mübahisələri tez həll edin
[31-ci səhifədəki şəkil]
Sənin danışığın daha çox hansı meyvəyə bənzəyir?