Allahın birləşdirdiyini ayırmayın
«Onlar artıq iki deyil, bir bədəndirlər. Beləliklə, Allahın birləşdirdiyini insan ayırmamalıdır» (MATTA 19:6).
1, 2. Nə üçün həm Müqəddəs Kitab, həm də həyat ailə quranların hərdən problemlərlə üzləşəcəyini göstərir?
TƏSƏVVÜR edin ki, maşınla uzaq səyahətə çıxmağa hazırlaşırsınız. Çətinliksiz ötüşəcəksiniz? Belə fikirləşmək sadəlövhlük olardı! Məsələn, birdən hava pisləşə bilər və sür’əti azaldıb, maşını ehtiyatla sürməli olarsınız. Arada isə maşın xarab ola bilər və sizin əlinizdən maşını yolun qırağında saxlayıb, kömək istəməkdən başqa heç nə gəlməz. Belə hallarda: «Gərək səyahətə çıxmazdım, yaxşısı budur, maşını qoyub gedim», — deyə düşünmək düz olardımı? Xeyr. Siz başa düşürsünüz ki, uzaq səyahət zamanı problemlər qaçılmazdır və onları həll etmək üçün yollar axtarardınız.
2 Nikahda da belədir. Problemlər qaçılmazdır. Ailə qurmağa hazırlaşanların həyatlarının qayğısız olacağını düşünmələri sadəlövhlük olardı. Müqəddəs Kitab 1 Korinflilərə 7:28 ayəsində açıq-aydın deyir ki, ərlərin və arvadların «əziyyəti olacaq». Səbəb nədədir? Qısaca desək, ər də, arvad da qeyri-kamildir, həm də biz ‘çətin anlarda’ yaşayırıq (2 Timoteyə 3:1; Romalılara 3:23). Hətta bir-birini yaxşı başa düşən, ruhani cəhətdən möhkəm olan ər-arvad da hərdən problemlərlə üzləşəcək.
3. a) İndiki zəmanədə insanların çoxu nikaha necə yanaşır? b) Məsihçilər nə üçün ailəni qorumağa çalışırlar?
3 İndiki zəmanədə bə’zi ər-arvadların problemlərlə üzləşən kimi ağıllarına ilk gələn nikaha son qoymaq olur. Bir çox ölkələrdə boşanmaların sayı durmadan artır. Lakin həqiqi məsihçilər problemdən qaçmır, əksinə onu həll edirlər. Niyə? Çünki onlar nikaha Yehovanın müqəddəs ən’amı kimi baxırlar. İsa nikahda olanlar haqqında demişdi: «Allahın birləşdirdiyini insan ayırmamalıdır» (Matta 19:6). Düzdür, bu prinsipə uyğun yaşamaq həmişə asan olmur. Məsələn, Müqəddəs Kitab prinsiplərini qəbul etməyən qohumlar, məsləhətçilər və başqaları çox vaxt Müqəddəs Kitab əsası olmadan ər-arvada ayrı yaşamağı və ya boşanmağı məsləhət görürləra. Lakin məsihçilər bilirlər ki, ailəni tələsik dağıtmaqdansa, problemləri həll edib onu qorumaq daha yaxşıdır. Doğrudan da, lap başlanğıcdan hər şeyi insanların deyil, Yehovanın məsləhətinə uyğun etmək çox vacibdir (Süleymanın məsəlləri 14:12).
Çətinlikləri aradan qaldırın
4, 5. a) Ailədə hansı çətinliklər olur? b) Allahın Kəlamındakı prinsiplər ailə problemlərini həll etməyə nə üçün kömək edir?
4 Hər ailədə baş qaldıran problemləri vaxtaşırı müzakirə etmək lazımdır. Əksər hallarda bu, kiçik narazılıqlar olur. Bə’zi ailələrdə elə ciddi çətinliklər ortaya çıxır ki, münasibətlərin təməli üçün təhlükə yaranır. Hərdən sizə təcrübəli ailəli məsihçi ağsaqqaldan məsləhət almaq lazım gələ bilər. Amma ailədəki vəziyyət nikahınızın uğursuz olduğuna əsla işarə etmir. Əksinə, bu onu göstərir ki, problemdən çıxış yolu axtaranda Müqəddəs Kitab prinsiplərinə daha çox riayət etmək vacibdir.
5 Yaradan və nikahın Banisi olaraq Yehova ailənin xoşbəxt olması üçün nə lazım olduğunu hamıdan yaxşı bilir. Əsas məsələ bizim Onun Kəlamındakı məsləhətlərə tabe olub-olmayacağımızdadır. Allahın sözündən çıxmasaq, mütləq xeyir tapacağıq. Yehova qədimdə Öz xalqına demişdi: «Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı, salehliyin dəniz dalğaları kimi olardı» (Yeşaya 48:18). Müqəddəs Kitabın rəhbərliyinə riayət etmək nikahı uğurlu edəcək. Gəlin əvvəlcə Müqəddəs Kitabın ərlərə verdiyi məsləhəti nəzərdən keçirək.
«Arvadlarınızı sevin»
6. Müqəddəs Yazılar ərlərə hansı məsləhəti verir?
6 Həvari Pavel efeslilərə yazdığı məktubunda ərlərə aydın rəhbərlik verir: «Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi. Beləcə ərlər də öz arvadlarını, öz bədənləri qədər sevməlidirlər. Öz arvadını sevən özünü sevir. Çünki heç kim heç zaman öz bədəninə nifrət etməmişdir, lakin Rəbb cəmiyyəti etdiyi kimi, onu yedirir və bəsləyir, sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin» (Efeslilərə 5:25, 28, 29, 33).
7. a) Məsihçi nikahının təməlinin ayrılmaz hissəsi nə olmalıdır? b) Ərin arvadını daima sevməsi nə deməkdir?
7 Pavel ərlə arvadın arasında yaranan hər problemi müzakirə etmir, əksinə, o, məhəbbəti — hər məsihçi ailəsinin təməlinin ayrılmaz hissəsini təşkil etməli olan məqamı — vurğulayaraq məsələnin kökünə toxunur. Yuxarıda gətirilən ayələrdə sevgi altı dəfə xatırlanır. Orijinal əlyazmalara əsasən, Pavel ərləri arvadlarını daima sevməyə çağırır. Şübhəsiz, Pavel başa düşürdü ki, vurulmaq məhəbbəti qorumaqdan daha asandır. Bu, çoxlarının «xudbin», «barışmaz» olduğu «axır günlərdə» özünü xüsusilə büruzə verir (2 Timoteyə 3:1-3). Bu kimi xoşagəlməz xüsusiyyətlər ailəni daxildən parçalayıb dağıdır. Ancaq sevən ər dünyanın səciyyəvi xüsusiyyəti olan xudbinliyin onun düşüncə tərzinə və davranışına tə’sir etməsinə yol verməyəcək (Romalılara 12:2).
Arvadın qayğısına qalmaq nə deməkdir?
8, 9. Məsihçi ər üçün arvadının qayğısına qalmaq nə deməkdir?
8 Əgər sən evli məsihçisənsə, xudbinliklə necə mübarizə aparar və arvadını həqiqətən sevdiyini necə göstərə bilərsən? Yuxarıda sitat gətirilən ayələrdə Pavel iki məqamı vurğulayır: arvadın qayğısına qalmaq və öz bədənini bəslədiyi kimi onu bəsləmək. Həyat yoldaşının qayğısına necə qala bilərsən? Məsələn, onun maddi, yə’ni fiziki ehtiyaclarını ödəməklə. Pavel Timoteyə yazırdı: «Kim öz yaxınlarının, xüsusən ailə üzvlərinin qeydinə qalmırsa, o, imanı inkar etmiş və imansızdan da betərdir» (1 Timoteyə 5:8).
9 Ancaq qida, paltar və başın üstündə dam olmaqla hər şey bitmir. Nə üçün? Çünki ola bilər ki, arvadın maddi ehtiyaclarını ödəməkdə ərə söz yoxdur, ancaq onun mə’nəvi və ruhani tələbatları ödənilməmiş qalır. Sadalanan bu iki tələbatın qayğısına qalmaq xüsusilə vacibdir. Düzdür, bir çox məsihçi kişilərin üzərinə yığıncaqda çoxlu məs’uliyyətlər düşür. Lakin bu o demək deyil ki, buna görə ər Allahın ailə başçısı kimi onun üzərinə qoyduğu öhdəçiliklərə biganə yanaşmalıdır (1 Timoteyə 3:5, 12). Bu məsələyə dair bir neçə il əvvəl bu jurnalda deyilirdi: «Müqəddəs Kitabın tələblərinə uyğun olaraq belə qənaətə gəlirik ki, “otarmaq evdən başlayır”. Əgər ağsaqqal ailəsinə biganə yanaşırsa, onun bundan sonra da ağsaqqal kimi xidmət etməsi sual altına düşür»b. Şübhəsiz, həyat yoldaşının maddi, mə’nəvi və ən əsası ruhani ehtiyaclarının qayğısına qalmaq son dərəcə vacibdir.
Arvadı bəsləmək nə deməkdir?
10. Ər arvadını necə bəsləyə bilər?
10 Arvadı bəsləmək onu sevdiyin üçün qayğısına qalmaq deməkdir. Bunu necə etmək olar? Birincisi, yoldaşınla kifayət qədər vaxt keçir. Əgər belə etməsən, onun sənə sevgisi getdikcə soyuyacaq. Unutma ki, arvadının vaxta və diqqətə olan ehtiyacı sənin düşündüyünlə eyni olmaya bilər. Arvadı sadəcə ‘bəsləyirəm’ demək kifayət deyil. O bunu hiss etməlidir. Pavel yazmışdır: «Hər kəs özünün mənfəətini deyil, başqasınınkını axtarsın» (1 Korinflilərə 10:24). Arvadını sevən ər onun əsl ehtiyaclarını başa düşməyə çalışır (Filipililərə 2:4).
11. Ərin arvadı ilə rəftarı onun Allahla münasibətinə və yığıncaqdakı mövqeyinə necə tə’sir edir?
11 Ər arvadını bəslədiyini həm sözlərindəki, həm də hərəkətlərindəki incə rəftarı ilə göstərə bilər (Süleymanın məsəlləri 12:18). Pavel koloslulara yazmışdır: «Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın» (Koloslulara 3:19). Bir kitaba əsasən, «sərt davranmayın» ifadəsini «onunla kəniz kimi rəftar etməyin» və ya «onu qul etməyin» kimi tərcümə etmək olar. İstər təklikdə, istərsə də adam içində arvadı ilə amansız rəftar edən ər, əlbəttə ki, onu bəslədiyini göstərmir. Arvadı ilə kobud rəftar etməklə o, Allahla münasibətlərini korlaya bilər. Həvari Peter ərlərə yazırdı: «Arvadlarınızla iltifatlı davranın. Onlar zəif cins və həyat ən’amının həmvarisləri olduqlarından onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin»c (1 Peter 3:7).
12. İsanın məsihçi yığıncağı ilə rəftarından məsihçi ər nə öyrənə bilər?
12 Heç vaxt fikirləşmə ki, arvadında sənə qarşı məhəbbət öz-özünə yaranır. Sevdiyinə onu həmişə əmin et. İsanın məsihçi yığıncağı ilə rəftarı ərlərə nümunədir. Davamçılarının pis xüsusiyyətləri dəfələrlə özünü büruzə verəndə belə, o öz mülayimliyində və xeyirxahlığında qalır, onları bağışlayırdı. Buna görə İsa demişdi: «Mənim yanıma gəlin... Çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız» (Matta 11:28, 29). İsadan nümunə götürən məsihçi ər arvadı ilə İsanın yığıncaqla rəftar etdiyi kimi davranır. Sözdə və əməldə həyat yoldaşını həqiqətən də bəslədiyini göstərən kişinin yanında arvadı özünü rahat hiss edəcək.
Müqəddəs Kitab prinsipləri ilə yaşayan qadınlar
13. Müqəddəs Kitabda qadınlar üçün hansı prinsiplər vardır?
13 Müqəddəs Kitabda qadınlar üçün də prinsiplər yazılıb: «Qadınlar! Rəbbə tabe olur kimi, ərlərinizə tabe olun. Çünki bədənin xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi, ər də arvadın başıdır. Amma cəmiyyət Məsihə tabe olduğu kimi, arvadlar da hər şeydə öz ərlərinə tabe olsunlar... Arvad isə ərinə ehtiram etsin» (Efeslilərə 5:22-24, 33).
14. Nə üçün Müqəddəs Yazıların tabeçilik prinsipi qadını alçaltmır?
14 Diqqət yetirin ki, Pavel tabeçiliyi və ehtiramı xüsusi olaraq vurğulayır. Qadına ərinə tabe olmağı xatırladır. Bu, Allahın quruluşuna uyğundur. Göydə və yerdə olan hər canlı məxluq kiməsə tabedir. Hətta İsa da Yehova Allaha tabedir (1 Korinflilərə 11:3). Əlbəttə, ər düzgün başçılıq edəndə arvad üçün də ona tabe olmaq asanlaşır.
15. Müqəddəs Kitab qadınlara hansı məsləhəti verir?
15 Pavel həm də deyir ki, qadın ‘ərinə ehtiram etməlidir’. Məsihçi qadın ərinin nüfuzunu şübhə altına almamalı və ya sərbəstliyə can atmamalıdır, əksinə, ‘həlim və sakit ruh’ təzahür etdirməlidir (1 Peter 3:4). Allahdan qorxan qadın ailəsinin rifahı üçün çalışacaq və evin başçısına şərəf gətirəcək (Titusa 2:4, 5). O, əri haqqında yaxşı danışacaq və onu başqalarının gözündə hörmətdən salmayacaq. Həmçinin ərinin qərarlarının həyata keçməsi üçün var gücü ilə çalışacaq (Süleymanın məsəlləri 14:1).
16. Məsihçi qadınlar Sara və Rivqanın nümunəsindən nə öyrənə bilərlər?
16 Həlim və sakit olmaq o demək deyil ki, məsihçi qadının öz fikri ola bilməz və ya onun nöqteyi-nəzəri heç bir əhəmiyyət daşımır. Qədimdə Sara və Rivqa kimi imanlı qadınlar hansısa məsələyə dair öz fikirlərini çəkinmədən söyləmişdilər və Müqəddəs Kitab göstərir ki, Yehova onların hərəkətlərini bəyənmişdi (Yaradılış 21:8-12; 27:46–28:4). Məsihçi qadınlar da öz fikirlərini ərləri ilə bölüşə bilərlər. Ancaq bunu alçaldıcı tonda deyil, nəzakətlə deməlidirlər. O zaman onlar görəcəklər ki, ünsiyyətləri daha yaxşı alınır.
Nikah öhdəçilikdir
17, 18. Ər-arvad Şeytanın tə’sirinə baxmayaraq, ailəni necə qoruya bilər?
17 Nikah ömürlük öhdəçilikdir. Buna görə də həm ər, həm də arvad nikahlarının uğurlu olmasını səmimi qəlbdən arzulamalıdırlar. Açıq ünsiyyət olmasa, narazılıqlar artacaq və problemlər dərinləşəcək. Çox vaxt problem böyüyüb inciklik yarananda, ər-arvad bir-biri ilə danışmır. Bə’ziləri, hətta evlilik həyatlarına son qoymaq istəyərək başqası ilə romantik münasibətlər yarada bilərlər. Ancaq İsa xəbərdarlıq etmişdi: «Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur» (Matta 5:28).
18 Həvari Pavel, ailəlilər də daxil olmaqla, bütün məsihçilərə məsləhət verirdi: «Qəzəblənəndə günah işləməyin; qoy siz qəzəblənirkən günəş batmasın, və iblisə yer verməyin» (Efeslilərə 4:26, 27). Bizim baş düşmənimiz Şeytan məsihçilər arasındakı narazılıqlardan öz xeyrinə istifadə etməyə çalışır. Ona istədiyinə nail olmağa imkan verməyin! Problemlər yarananda Müqəddəs Kitaba əsaslanan nəşrlərdən istifadə edərək Yehovanın bu məsələyə dair nöqteyi-nəzərini öyrənməyə çalışın. Problemi sakit və açıq müzakirə edin. Yehovanın normaları haqqında bildiklərinizə uyğun davranın (Yaqub 1:22-25). Qurduğunuz nikaha gəldikdə isə, bundan sonra da ailəvi olaraq Allahla yeriməyə əzmli olun. Heç nəyin və heç kimin Allahın birləşdirdiyini ayırmasına yol verməyin! (Mikeya 6:8).
[Haşiyələr]
a «Oyanın!» jurnalının 2002-ci il 8 fevral sayının 10-cu səhifəsindəki (rus.) «Boşanma və ayrı yaşama» adlı çərçivəyə baxın. Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir.
b «Gözətçi Qülləsi»nin 1989-cu il 15 oktyabr sayının 12-ci səhifəsinə (rus.) baxın.
c Məsihçi yığıncağında məs’uliyyətlər almaq üçün kişi «davakar» olmamalı, yə’ni başqalarını döyməməli, hədə-qorxu gəlməməlidir. «Gözətçi Qülləsi»nin 1990-cı il 1 sentyabr sayının 25-ci səhifəsində (rus.) yazılıb: «Evdə zülmkar olan, başqa yerdə isə özünü Allahdan qorxan göstərən kişi yığıncaqda məs’uliyyət almağa layiq deyil» (1 Timoteyə 3:2-5, 12).
Xatırlayırsınızmı?
• Nəyə görə hətta məsihçi ailəsində də problemlər yaranır?
• Ər arvadının qayğısına qaldığını və onu bəslədiyini necə göstərə bilər?
• Qadın ərinə ehtiramını necə göstərə bilər?
• Ərlə arvad öz nikahını necə möhkəmləndirə bilər?
[24-cü səhifədəki şəkil]
Ər arvadının yalnız maddi deyil, həmçinin ruhani tələbatlarının qeydinə qalmalıdır.
[25-ci səhifədəki şəkil]
Arvadını bəsləyən ərin yanında qadın özünü rahat hiss edir.
[27-ci səhifədəki şəkil]
Məsihçi qadınlar öz fikirlərini hörmətlə bildirirlər.