Bütün ürəyinlə salehliyi sev
‘[Sən] salehliyi sevirsən’ (MƏZ. 45:7).
1. Bizə «salehlik yolları» ilə getməyə nə kömək edəcək?
YEHOVA Kəlamı və müqəddəs ruhu vasitəsilə xalqını «salehlik yolları ilə aparır» (Məz. 23:3). Lakin biz qeyri-kamil olduğumuzdan asanlıqla bu yoldan kənara çıxa bilərik. Yenidən bu yola qayıtmaq, yəni düzgün olanı etmək üçün qətiyyətli addımlar atmaq tələb olunur. Buna necə nail ola bilərik? İsa kimi, biz də salehlik yollarını sevməliyik. (Məzmur 45:7 ayəsini oxu.)
2. «Salehlik yolları» nədir?
2 «Salehlik yolları» deyildikdə nə başa düşülür? Bu «yollar» Yehovanın salehlik normaları ilə müəyyən edilir. İbrani və yunan dillərində «salehlik» sözü altında «doğru olan» nəzərdə tutulur; bu isə əxlaqi və mənəvi prinsiplərə dəqiq riayət etmək deməkdir. Müqəddəs Kitabda Yehova ‘doğruluq [və ya salehlik] yurdu’ adlanır, buna görə də Ona ibadət edənlər mənəvi baxımdan düzgün olan və getməli olduqları yolu müəyyən etmək üçün sevinclə Ona üz tuturlar (Yer. 50:7, «Kitabı Mukaddes»).
3. Allahın salehliyi haqda daha çox necə öyrənmək olar?
3 Yalnız Allahın salehlik normalarına bütün ürəkdən riayət etməyə çalışdığımız təqdirdə biz Onu tam razı salacağıq (Qanun. t. 32:4). Bunun üçün, ilk növbədə, Müqəddəs Kitabda Yehova Allah barədə yazılanları öyrənmək üçün bacardığımız qədər səy göstərməliyik. Yehova haqqında Onun Kəlamından nə qədər çox öyrənsək, Ona yaxınlaşacaq və salehliyini daha çox sevəcəyik (Yaq. 4:8). Üstəlik, həyatda vacib qərarlar qəbul edəndə Onun müqəddəs ruhunun təsiri altında yazılan Kəlamındakı rəhbərliyə riayət etməliyik.
Allahın salehliyini həyatında birinci yerə qoy
4. Allahın salehliyini həyatımızda birinci yerə qoymaq özünə nəyi daxil edir?
4 Matta 6:33 ayəsini oxu. Allahın salehliyini həyatımızda birinci yerə qoymaq sadəcə olaraq Padşahlıq haqda xoş xəbəri təbliğ etmək üçün vaxt ayırmaq demək deyil. Müqəddəs xidmətimiz Yehovaya məqbul olsun deyə gündəlik davranış tərzimiz Onun yüksək normalarına müvafiq olmalıdır. Yehovanın salehliyini həyatlarında birinci yerə qoyan insanlardan nə tələb olunur? Onlar ‘Allahın iradəsi ilə həqiqi salehlik və sədaqət içində yaradılmış yeni şəxsiyyətə bürünməlidirlər’ (Efes. 4:24).
5. Ruh düşkünlüyünün öhdəsindən gəlməyə bizə nə kömək edəcək?
5 Allahın salehlik normalarına uyğun yaşamağa çalışan bizlərdə bəzən nöqsanlarımız ucbatından ruh düşkünlüyü yarana bilər. Bu üzücü vəziyyətin öhdəsindən gəlməyə, eləcə də salehliyi sevib bu yolla getməyə bizə nə kömək edəcək? (Sül. məs. 24:10). Biz «sidqi-ürəkdən və imandan doğan tam qətiyyətlə» müntəzəm olaraq Yehovaya dua etməliyik (İbr. 10:19—22). Səmavi və ya yerüzü ümidimizin olmasından asılı olmayaraq, biz İsa Məsihin fidyə qurbanlığına və onun Baş Kahinimiz kimi icra etdiyi xidmətlərə iman gətiririk (Rom. 5:8; İbr. 4:14—16). İsanın tökülmüş qanının böyük gücə malik olduğu bu jurnalın ilk buraxılışında əyani nümunə əsasında göstərilmişdi (1 Yəh. 1:6, 7). Orada deyilirdi: «Danılmaz faktdır ki, al və tünd-qırmızı əşyalara qırmızı şüşə vasitəsilə işıqda baxanda onlar ağ görünür; buna görə də günahlarımız al və ya tünd-qırmızı rəngdə olsa da, Allahın bizim günahlarımıza Məsihin qanı vasitəsilə baxdığı yerə gələndə onlar ağ görünür» (1879-cu il iyul, səh. 6, ing.). Biz necə də xoşbəxtik ki, Yehova sevimli Oğlunun fidyə qurbanlığı vasitəsilə bizi satın alıb! (Yeşaya 1:18).
Ruhani yaraqlarını yoxla
6. Ruhani yaraqlarının vəziyyətinin nə yerdə olduğunu yoxlamaq nəyə görə zəruridir?
6 Biz heç vaxt «salehlik zirehini» döşümüzdən çıxarmamalıyıq. Çünki bu, Allahın bizə təqdim etdiyi ruhani yaraqların vacib bir hissəsidir (Efes. 6:11, 14). İstər özümüzü Yehovaya bu yaxınlarda həsr edək, istərsə də Ona uzun illər xidmət edək, biz ruhani yaraqlarımızın vəziyyətinin nə yerdə olduğunu hər gün yoxlamalıyıq. Nəyə görə? Çünki İblis və onun cin mələkləri Yer kürəsinə atılıblar (Vəhy 12:7—12). Vaxtının məhdud olduğunu bilən Şeytan çox acıqlıdır. Buna görə də o, Allahın xalqına daha şiddətli hücumlar edir. Biz ‘salehlik zirehini döşümüzə taxmağın’ vacibliyini dərk edirikmi?
7. Əgər biz ‘salehlik zirehinin’ vacibliyini dərk ediriksə, necə davranacağıq?
7 Əsgərin döşünə taxdığı zireh onun ürəyini qoruyurdu. Qeyri-kamil olduğumuz üçün məcazi ürəyimiz hiyləgərdir (Yer. 17:9). Ürəyimiz pisliyə meyillidir, buna görə də ona tərbiyə və düzəliş vermək çox vacibdir (Yar. 8:21). Əgər ‘salehlik zirehinə’ ehtiyac duyduğumuzu dərk ediriksə, Allahın nifrət etdiyi əyləncələri seçməklə bu zirehi döşümüzdən müvəqqəti də olsa, çıxartmayacağıq, yaxud da pis işlərlə məşğul olmaq barədə xəyallara dalmayacağıq. Həmçinin günümüzün çox hissəsini televizor qarşısında keçirərək qızıla bərabər vaxtımızı boş yerə sərf etməyəcəyik. Əksinə, Yehovanın bəyəndiyi işləri etmək naminə var gücümüzlə mübarizə aparmağa davam edəcəyik. Hətta pis cismani düşüncələrin ardınca düşərək bir anlığa büdrəsək belə, Yehovanın köməyi ilə yenidən ayağa qalxacağıq. (Süleymanın məsəlləri 24:16 ayəsini oxu.)
8. Böyük ‘iman qalxanına’ nəyə görə ehtiyacımız var?
8 Bizim ruhani yaraqlarımızın arasında böyük ‘iman qalxanı’ da var. Onun köməyilə biz ‘Şəririn bütün alovlu oxlarını söndürəcəyik’ (Efes. 6:16). Yehovaya olan imanımız və ürəkdən gələn məhəbbətimiz bizə düzgün davranmağa və əbədi həyata aparan yolda qalmağa kömək edəcək. Biz Yehovanı nə qədər çox sevsək, bir o qədər də Onun salehliyini qiymətləndirəcəyik. Bəs vicdan barədə nə demək olar? O, bizə salehliyi sevməkdə yardımçı ola bilərmi?
Təmiz vicdanını qoru
9. Nəyə görə vicdanımızı təmiz saxlamaq vacibdir?
9 Vəftiz zamanı biz Yehovadan ‘təmiz vicdan’ diləmişik (1 Pet. 3:21). Biz fidyə qurbanlığına iman etdiyimiz üçün İsanın qanı günahlarımızın üstünü örtür və bunun sayəsində biz Allah qarşısında təmiz ada malikik. Lakin bu adı itirməmək üçün vicdanımızı təmiz saxlamalıyıq. Vicdanımız vaxtaşırı bizi ittiham edirsə və ya xəbərdaredici siqnallar göndərirsə, onun düzgün işlədiyinə görə sevinməliyik. Çünki vicdanımız Yehovanın sadiq yollarına qarşı öz həssaslığını itirməyib (1 Tim. 4:2). Lakin salehliyi sevmək istəyənlər üçün vicdan daha böyük rol oynaya bilər.
10, 11. a) Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanımızın səsinə qulaq asmağın vacibliyini göstərən bir hadisə danış. b) Nəyə görə salehliyi sevmək bizə böyük məmnunluq gətirir?
10 Səhv bir iş tutanda vicdanımız bizi mühakimə edə və ya bizə əzab verə bilər. Bir gənc ‘salehlik yolundan’ azmışdı. O, pornoqrafiyaya aludə oldu və marixuana çəkməyə başladı. Yığıncaq görüşlərində iştirak edəndə vicdanı onu narahat edirdi, xidmətdə isə özünü ikiüzlü kimi hiss edirdi. Buna görə də o, həqiqətdən getdi. Qardaş deyir: «Mən tam başa düşmürdüm ki, vicdanım hərəkətlərimə görə məni məsuliyyətə cəlb edəcək. Dörd il mən bu axmaq yoldan əl çəkmədim». Sonra o, həqiqətə dönmək barədə fikirləşməyə başladı. Qardaş düşünürdü ki, Yehova onun dualarına qulaq asmayacaq, buna baxmayaraq, o dua edib Ondan üzr istədi. On dəqiqə keçmədi ki, anası ona baş çəkib yığıncağa gəlməyə təşviq etdi. O, Padşahlıq Zalına gəlib bir ağsaqqaldan onunla Müqəddəs Kitabı öyrənməyi xahiş etdi və bir müddətdən sonra vəftiz oldu. Həyatını xilas etdiyinə görə qardaş Yehovaya ürəkdən minnətdardır.
11 Məgər düzgün olanı etmək insana böyük məmnunluq gətirmir? Salehliyi sevməyi və bu cür davranmağı öyrəndikcə səmavi Atamıza məqbul olan işlər bizə daha böyük sevinc gətirəcək. Bir təsəvvürünə gətir, gün gələcək ki, vicdan bütün insanlara yalnız sevinc gətirəcək; o zaman biz Allahın keyfiyyətlərini mükəmməl surətdə əks etdirəcəyik. Buna görə də gəlin salehliyə olan məhəbbətimizi ürəyimizin dərinliklərinə həkk edək və Yehovanı sevindirək (Sül. məs. 23:15, 16).
12, 13. Vicdanımızı necə tərbiyə edə bilərik?
12 Vicdanımızı necə tərbiyə edə bilərik? Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri araşdıranda yadda saxlamalıyıq ki, «saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər» (Sül. məs. 15:28). Gəlin görək işlə bağlı məsələləri götür-qoy edərkən bu prinsip bizə necə kömək edə bilər. Əgər hər hansı bir iş Müqəddəs Kitabdakı tələblərə birbaşa zidd gedirsə, əksəriyyətimiz sadiq və ağıllı nökər sinfi vasitəsilə verilən rəhbərliyə dərhal cavab veririk. İşlə bağlı suala konkret cavab olmayanda isə biz müvafiq Müqəddəs Kitab prinsipləri tapmalı və dua edərək onların üzərində düşünməliyika. Qərarımız başqalarının vicdanına toxuna biləcəyi üçün bununla bağlı olan prinsipləri araşdırmaq lazımdır (1 Kor. 10:31—33). Yehova ilə münasibətlərimizə aid olan prinsiplərə xüsusi diqqət yetirməliyik. Əgər Yehova bizim üçün real Şəxsiyyətdirsə, biz, ilk növbədə, özümüzə bu sualı verəcəyik: «Mənim bu işi görməyim Yehovanın “xətrinə” dəyməyəcək ki?» (Məz. 78:40, 41).
13 «Gözətçi Qülləsi»nə və ya Yığıncağın Müqəddəs Kitab öyrənməsinə hazırlaşarkən oxuduqlarımızın üzərində düşünməyin vacibliyini unutmamalıyıq. Özündən soruş: «Məqaləyə hazırlaşarkən cavabın altından tez-tələsik xətt çəkib növbəti abzasa keçmək vərdişim varmı?» Əgər varsa, çətin ki, bizim salehliyə olan məhəbbətimiz artsın və ya vicdanımız həssas olsun. Ürəyimizdə salehliyə qarşı məhəbbətin kök salmasını istəyiriksə, Allahın Kəlamını çalışqanlıqla öyrənməli və üzərində düşünməliyik. Salehliyi sevməyi öyrənməyin asan yolu yoxdur!
«Salehlik üçün susayıb ona can atanlar»
14. Yehova Allah və İsa Məsih müqəddəs xidmətin bizə necə təsir göstərməsini istəyirlər?
14 Yehova Allah və İsa Məsih istəyirlər ki, müqəddəs xidmət bizə sevinc gətirsin. Lakin sevincimizə sevinc qatmaq üçün biz salehliyi də sevməliyik. Dağüstü təbliğində İsa demişdi: «Salehlik üçün susayıb ona can atanlar nə xoşbəxtdirlər, çünki onlar doyacaqlar» (Mat. 5:6). Salehliyi sevmək istəyənlər üçün bu sözlər nə dərəcədə vacibdir?
15, 16. Ruhani aclıq və susuzluq necə yatırılacaq?
15 Bizim yaşadığımız dünyanı Şərir idarə edir (1 Yəh. 5:19). Dünyanın istənilən ölkəsində əlimizə qəzet alanda misli görülməmiş dərəcədə azğınlığın və zorakılığın baş alıb getdiyi barədə məlumat tapa bilərik. İnsanların bir-birilərinə qarşı qəddarlığını görəndə saleh adamların ürəyi qan ağlayır (Vaiz 8:9). Yehovanı sevən bizlər bilirik ki, salehlik yollarını öyrənmək istəyənlərin ruhani aclığını və susuzluğunu yalnız O yatıra bilər. Allahsız insanlar tezliklə yer üzündən silinəcək; salehliyi sevənlər daha heç vaxt qanunsuz insanlar və onların pis əməlləri ucbatından əziyyət çəkməyəcəklər (2 Pet. 2:7, 8). O zaman rahat nəfəs almaq olacaq!
16 Yehovanın xidmətçiləri və İsa Məsihin davamçıları olan bizlər yaxşı bilirik ki, salehlik üçün susayıb ona can atanların hamısı «doyacaqlar». ‘Salehliyin hökm sürdüyü’ yeni göy və yeni yer haqda deyilənlər həyata keçəndə isə bu söz tam yerinə yetəcək (2 Pet. 3:13). Buna görə də gəlin zülm və zorakılığın Şeytan dünyasından salehliyi sıxışdırıb çıxardığına təəccüblənməyək və buna görə həddən artıq narahat olmayaq (Vaiz 5:8). Ucalarda olan Yehova Allah yer üzündə nələrin baş verdiyini gözəl bilir və tezliklə salehliyi sevənləri qurtaracaq.
Salehliyi sevməyin gətirdiyi xeyir-dualar
17. Salehliyi sevməyin gətirdiyi bəzi xeyir-dualar hansılardır?
17 Məzmur 146:8 ayəsində salehlik yolu ilə getməyin gətirdiyi misilsiz xeyir-duadan bəhs olunur. Məzmurçu oxuyurdu: «[Yehova] salehləri sevir». Təsəvvür edirsən, salehliyi sevdiyimiz üçün Kainatın Ali Hökmdarı bizi sevir! Buna görə də biz əminik ki, Padşahlıq işini birinci yerə qoyduğumuz təqdirdə O, bizi lazım olan hər şeylə təmin edəcək. (Məzmur 37:25; Süleymanın məsəlləri 10:3 ayələrini oxu.) Vaxt gələcək, bütün Yer kürəsi salehliyi sevənlərə məxsus olacaq (Sül. məs. 13:22). Salehlik yolu ilə getdikləri üçün Yehova əksər xidmətçilərini gözəl yerüzü Cənnətdə əbədi həyat və tükənməz sevinc hissilə xeyir-dualandıracaqdır. Allahın salehliyini sevənlər bu gün də mükafatsız qalmırlar: ürəklərindəki qəlb rahatlığı sayəsində doğmaları və həmimanlıları ilə sülhdə yaşayırlar (Filip. 4:6, 7).
18. Yehovanın gününü gözlədiyimiz müddətdə biz hansı xeyirli işlərlə məşğul olmalıyıq?
18 Yehovanın böyük gününü gözlədiyimiz müddətdə biz Onun salehliyini axtarmağa davam etməliyik (Sef. 2:2, 3). Buna görə də gəlin Yehova Allahın saleh yollarını səmimi-qəlbdən sevdiyimizi aydın göstərək. Buna bizim məcazi ürəyimizi qoruyan ‘salehlik zirehini döşümüzə taxıb’ onu heç vaxt çıxarmamaq daxildir. Üstəlik, biz vicdanımızı təmiz saxlamalıyıq. Bu, bizə məmnunluq, Allaha isə sevinc gətirəcək (Sül. məs. 27:11).
19. Biz nə etmək əzmindəyik və növbəti məqalədə nə müzakirə olunacaq?
19 Yehovanın «gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin» (2 Saln. 16:9). Bu təlatümlü dünyada qeyri-sabitliyin, zorakılığın və pisliyin artdığı bir vaxt düzgün olanı edən bizlərə bu sözlər əsil təsəlli verir! Bizim saleh yollarımız Allahdan uzaqlaşmış insanlara qəribə gəlsə də, biz başa düşürük ki, Yehovanın salehliyinə sarılmaq bizim öz xeyrimizədir (Yeşaya 48:17; 1 Pet. 4:4). Buna görə də gəlin bundan sonra da Allahın salehliyini bütün ürəyimizlə sevək və bu yolla getməkdən sevinc duyaq. Lakin «bütöv ürək» ifadəsi altında qanunsuzluğa nifrət etmək də nəzərdə tutulur. Növbəti məqalədə bunun nə demək olduğu ətraflı müzakirə olunacaq.
[Haşiyə]
a İşlə bağlı olan Müqəddəs Kitab prinsipləri «Gözətçi Qülləsi»nin 2006-cı il 1 aprel sayının 11-ci səhifəsinin 11—13-cü abzaslarında və 1999-cu il 15 aprel sayının 28—30-cu səhifələrində (rus.) müzakirə olunur.
Necə cavab verərdiniz?
• Salehliyi sevmək üçün nəyə görə fidyəni qiymətləndirməliyik?
• ‘Salehlik zirehini döşümüzə taxmaq’ nəyə görə vacibdir?
• Vicdanımızı necə tərbiyə edə bilərik?
[26-cı səhifədəki şəkil]
Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdan işlə bağlı məsələləri həll etməkdə bizə kömək edir