Cinlərə necə müqavimət göstərə bilərik?
«Öz ləyaqətlərini hifz etməyib, məskənlərini tərk edən mələkləri də [Allah] əsla açılmaz qandallarla bağlayıb, qaranlıqda böyük günün məhkəməsi üçün həbsdə saxlamışdır» (YƏHUDA 6).
1, 2. Şeytan İblis və cinlərlə əlaqədar hansı suallar ortaya çıxır?
«AYIQ durun, sayıq olun. Çünki düşməniniz olan şeytan, nə’rə çəkən və aşırmaq üçün kimisə axtaran aslan kimi gəzir», deyə həvari Peter xəbərdarlıq edir (1 Peter 5:8). Cinlər haqqında isə həvari Pavel belə sözlər söyləyir: «Mən istəmirəm ki, siz cinlərə şərik olasınız. Siz həm Rəbbin kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin süfrəsinə ortaq ola bilməzsiniz» (1 Korinflilərə 10:20, 21).
2 Bəs Şeytan İblis və cinlər kimdir? Onlar necə və nə zaman peyda olmuşlar? Allahmı onları yaradıb? Onların insanlar üzərində tə’siri nə dərəcədə güclüdür? Özümüzü onlardan necə müdafiə edə bilərik?
Şeytan və cinlər haradan peyda oldular?
3. Necə oldu ki, Allahın bir mələyi Şeytan İblisə çevrildi?
3 Bəşər tarixinin əvvəllərində, Allah insanları Eden bağında yerləşdirəndə bir mələk üsyan qaldırdı. Nə üçün? Çünki Yehovanın səmavi təşkilatında ona ayrılan yer onu qane etmirdi. Adəmlə Həvva yarananda bu mələk üçün fürsət yarandı ki, onları həqiqi Allahdan döndərib özünə ibadət etdirsin. Allaha qarşı üsyan qaldıraraq və ilk insanları günaha sürükləyərək bu mələk Şeytan İblis oldu. Bir qədər vaxtdan sonra başqa mələklər də onun üsyanına qoşuldular. Bu necə baş verdi? (Yaradılış 3:1-6; Romalılara 5:12; Vəhy 12:9).
4. Nuhun günlərində baş verən Daşqından qabaq bə’zi üsyankar mələklər nə etmişdilər?
4 Allahdan ilham almış Müqəddəs Yazılarda deyilir ki, Nuhun günlərində baş verən böyük Daşqından əvvəl bə’zi mələklər yer üzündə yaşayan qadınlara qeyri-təbii maraq göstərməyə başladılar. «Allah oğulları gördülər ki, insan qızları çox gözəldir və bəyəndikləri hər qızı özlərinə arvad etdilər», deyə Müqəddəs Kitab nəql edir. Mələklərlə insanların qeyri-təbii əlaqələri nəticəsində nəhəng adamlar dünyaya gəldi (Yaradılış 6:2-4). Beləliklə Allahın itaətindən çıxan bu ruhani varlıqlar Şeytanın Yehovaya qarşı qaldırdığı üsyana qoşuldular.
5. Yehova böyük Daşqınla bəşəriyyəti məhv edəndə üsyankar mələklərlə nə baş verdi?
5 Yehova yer üzünə Daşqın gətirəndə nəhənglər anaları ilə birgə məhv oldular. Üsyankarlar ruhani varlıqlara çevrilib, ruhani aləmə geri dönməyə məcbur oldular. Ancaq onlar Allah qarşısında malik olduqları ‘ləyaqətlərini’ geri ala bilmədilər və ruhani ‘qaranlığa’ məhkum olundular (Yəhuda 6; 2 Peter 2:4).
6. Cinlər insanları necə aldadırlar?
6 Pis mələklər «öz ləyaqətlərini» itirəndən Şeytanın cin yoldaşlarına çevrilib, onun çirkin məqsədlərinə xidmət edirlər. O vaxtdan bəri cinlər artıq insana çevrilə bilmirlər. Ancaq onlar kişi və qadınları müxtəlif qeyri-təbii cinsi pozğunluqlara təhrik edə bilirlər. Cinlər, həmçinin spiritizmin müxtəlif növləri ilə, məsələn, ovsun, cadu və cindarlıqla bəşəriyyəti azdırır (Qanunun təkrarı 18:10-13; 2 Salnamələr 33:6). Pis mələkləri Şeytanla eyni aqibət — əbədi məhv gözləyir (Matta 25:41; Vəhy 20:10). Ancaq eyni zamanda, bizdən də möhkəm durmaq və onlara müqavimət göstərmək tələb olunur. Yaxşı olardı ki, indi biz Şeytanın nə qədər güclü olduğunu, həmçinin ona və cinlərə necə müqavimət göstərə biləcəyimizi araşdıraq.
Şeytan nə qədər güclüdür?
7. Şeytan dünya üzərində hansı tə’sirə malikdir?
7 Şeytan bütün tarix boyunca Yehovanın adına qara yaxmışdır (Süleymanın məsəlləri 27:11). O, həm də insanların çoxunu öz tə’siri altına salmışdır. 1 Yəhya 5:19 ayəsində deyilir: «Bütün dünya... şəririn hakimiyyəti altındadır». Buna görə də İblis İsanı imtahana çəkərək «dünyanın bütün ölkələrinin» hakimiyyətini və şan-şöhrətini ona təklif etmişdi (Luka 4:5-7). Şeytan haqqında həvari Pavel deyir: «Əgər Müjdəmiz örtülüdürsə də, həlak olanlar üçün örtülüdür. Onlara gəlincə, bu əsrin tanrısı imansızların zehinlərini kor etmişdir ki, görünməz Allahın surəti olan Məsihin izzəti haqqındakı Müjdənin nuru onları aydınlatmasın» (2 Korinflilərə 4:3, 4). Şeytan «yalançıdır və yalanın atasıdır», ancaq özünü «nur mələyi» kimi göstərir (Yəhya 8:44; 2 Korinflilərə 11:14). Dünyanın rəhbərlərinin və onların təbəələrinin zehnini kor etməyə Şeytanın kifayət qədər gücü vardır və bunun üçün o, müxtəlif üsullara əl atır. Yanlış mə’lumat, o cümlədən, dini yalan və əfsanələrlə o, bəşəriyyəti aldadır.
8. Müqəddəs Kitab Şeytanın tə’siri haqqında nəyi açıqlayır?
8 Şeytanın gücü və tə’siri bizim eradan təxminən beş əsr əvvəl Daniel peyğəmbərin günlərində açıq-aydın göründü. Yehova Danieli ruhlandırmaq üçün mələklə xəbər göndərəndə, «Fars ölkəsinin hamisi olan mələk» həmin mələyə müqavimət göstərdi. «Baş mələklərdən biri olan Mikael» köməyə gələnədək o, 21 gün bu sadiq mələyi yolundan saxladı. Həmin hissədə həm də «Yunan hamisi olan [cin] mələk» haqqında da danışılır (Daniel 10:12, 13, 20). Vəhy 13:1, 2 ayələrində Şeytan siyasi canavara «öz qüvvətini, taxtını və böyük səlahiyyət» verən «əjdaha» kimi təsvir olunur.
9. Məsihçilər kimlərlə mübarizə aparırlar?
9 Təəccüblü deyil ki, həvari Pavel yazmışdı: «Mübarizəmiz qan və ətə qarşı deyildir, ancaq rəyasətlərə, hakimiyyətlərə, bu qaranlıq dünyanın hökmranlarına, yə’ni səmavi aləmdə olan pis ruhi qüvvələrə qarşıdır» (Efeslilərə 6:12). Hətta bu gün cinlər Şeytan İblisin nəzarəti altında, ümumilikdə götürdükdə insan rəhbərlərini və bəşəriyyəti gözə görünmədən özlərinin tə’siri altına salaraq, onları ağlasığmaz soyqırımları, terror aktları törətməyə və canilik etməyə sövq edirlər. Gəlin indi bu güclü ruhani varlıqlara müqavimət göstərməyin üsullarını araşdıraq.
Cinlərdən necə müdafiə oluna bilərik?
10, 11. Biz Şeytana və onun pis mələklərinə necə müqavimət göstərə bilərik?
10 Biz Şeytana və onun pis mələklərinə öz ağlımızla və gücümüzlə müqavimət göstərə bilmərik. Pavel bizə məsləhət verir: «Rəbbdə və Onun üstün qüdrətində qüvvətlənin». Pis ruhani qüvvələrdən müdafiə olunmaq üçün biz Allaha üz tutmalıyıq. Pavel davam edir: «İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın bütün zirehlərini geyinin... Allahın bütün zirehlərini götürün ki, siz pis gündə müqavimət göstərib, əlinizdən gələn hər şeyi etdikdən sonra yerinizdə dura biləsiniz» (Efeslilərə 6:10, 11, 13).
11 Pavel həmimanlılarını iki dəfə «Allahın bütün zirehlərini» geyinməyə çağırır. «Bütün» sözü göstərir ki, bu işə barmaqarası baxmaqla cinlərin hücumlarına müqavimət göstərə bilmərik. Bəs belə isə, cinlərə müqavimət göstərmək üçün məsihçilərin mütləq geyinməli olduqları vacib ruhani zirehlər hansılardır?
«Yerinizdə durun» — bunu necə etmək olar?
12. Məsihçilər həqiqət qurşağını bellərinə necə bağlayırlar?
12 Pavel izah edir: «Beləliklə, belinizə həqiqət qurşağını bağlamış, döşünüzə salehlik zirehini taxmış... olaraq yerinizdə durun» (Efeslilərə 6:14, 15). Burada iki zirehin — qurşaq və ya kəmərin və döşə taxılan zirehin adı çəkilir. Əsgər belini (budları, qasığı və qarnın aşağı hissəsi) qorumaq və qılıncının ağırlığına dözmək üçün kəmərini sıx bağlamalı idi. Həqiqət də bizi elə sıx əhatə etməlidir ki, ona müvafiq həyat sürək. Müqəddəs Kitabı hər gün oxuyuruqmu? Bunu bütün ailə ilə birlikdə edirikmi? Ailəvi olaraq gündəlik ayəni hər gün müzakirə edirikmi? ‘Sadiq və ağıllı qulun’ nəşrlərini öyrənirikmi? (Matta 24:45). Əgər belədirsə, deməli biz Pavelin məsləhətinə əməl etməyə çalışırıq. Bundan başqa, bizdə Müqəddəs Kitabın rəhbərliyini təqdim edən videokassetlər və DVD-disklər vardır. Həqiqətə sıx bağlı qalaraq biz müdrik qərarlar qəbul edəcək və səhv addımlar atmayacağıq.
13. Simvolik ürəyimizi necə qoruya bilərik?
13 Döşə taxılan zireh əsgərin sinəsini, ürəyini və başqa vacib orqanlarını qoruyur. Məsihçi Allahın salehliyini sevməklə və Onun ədalətli normalarına müvafiq yaşamaqla öz simvolik ürəyini, yə’ni daxili varlığını qoruya bilər. Döşə taxılan simvolik zireh kömək edəcək ki, biz Allahın Kəlamını dəyərdən salmayaq. ‘Pisliyə nifrət edib, yaxşılığı sevdikcə’, biz ayağımızı ‘hər pis yoldan kənar qoyacağıq’ (Amos 5:15; Məzmur 119:101).
14. ‘Sülh Müjdəsini təbliğ etmək hazırlığını geymək’ nə deməkdir?
14 İmperiyada yüz kilometrlərlə uzanan yolları qət etmək üçün, Roma əsgərləri yaxşı ayaqqabı geyinirdilər. Bəs ‘sülh Müjdəsini təbliğ etmək hazırlığını geymək’ məsihçi üçün hansı mə’nanı daşıyır? (Efeslilərə 6:15). Bu o deməkdir ki, biz həmişə fəaliyyətə hazırıq və fürsət düşən kimi Allahın Padşahlığı haqqında xoş xəbəri başqaları ilə bölüşürük (Romalılara 10:13-15). Fəal surətdə xidmətdə iştirak etmək bizi Şeytanın ‘hiylələrindən’ müdafiə edir (Efeslilərə 6:11).
15. a) İman qalxanının vacibliyini nə göstərir? b) İmanımıza zərər yetirə biləcək ‘qızmar oxlar’ nə ola bilər?
15 Pavel davam edir: «Bütün bunlardan savayı, iman qalxanını ələ alın; bununla şeytanın bütün qızmar oxlarını söndürməyə qadir olacaqsınız» (Efeslilərə 6:16). Pavel bu məsləhətə «bütün bunlardan savayı» ifadəsi ilə başlamaqla göstərir ki, bu zireh çox vacibdir. Bizim imanımız möhkəm olmalıdır. O bizi böyük qalxan kimi Şeytanın ‘qızmar oxlarından’ qoruyur. Şeytanın qızmar oxları nə ola bilər? Bu, düşmənlərin, yaxud dönüklərin imanımızı zəiflətmək üçün yaydığı acı yalanlar, yarımhəqiqətlər və ya təhqiramiz sözlər, həmçinin bizdə gündə bir şey almağa həvəs yaradan və hətta bizi mal-mülkü ilə lovğalanan insanlarla rəqabət aparmağa təhrik edən var-dövlətə hərislik ola bilər. Bəlkə də belə insanların daha böyük evləri və maşınları var və ya onlar öz bahalı daş-qaşları və ən son dəbdə olan paltarlarını nümayiş etdirirlər. Ancaq başqaları nə edirlər-etsinlər, biz bu ‘qızmar oxları’ dəf etmək üçün kifayət qədər möhkəm imana sahib olmalıyıq. Bəs möhkəm imana sahib olaraq onu necə qoruya bilərik? (1 Peter 3:3-5; 1 Yəhya 2:15-17).
16. İmanımızı möhkəmlətməyə bizə nə kömək edər?
16 Biz müntəzəm olaraq Müqəddəs Kitabı öyrənməklə və ürəkdən dualar etməklə Allaha yaxınlaşa bilərik. Yehovadan imanımızı möhkəmlətməsini xahiş etməli, sonra isə lazımi addımlar ataraq duamıza müvafiq davranmalıyıq. Məsələn, «Gözətçi Qülləsi»nin həftəlik öyrənmə məqalələrinin müzakirə olunmasında iştirak etmək məqsədilə onlara hazırlaşırıqmı? Əgər Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri öyrənsək, imanımız möhkəm olacaq (İbranilərə 10:38, 39; 11:6).
17. ‘Xilas dəbilqəsini necə götürə’ bilərik?
17 Pavel ruhani zireh haqqında söhbətinə belə məsləhətlə yekun vurur: «Xilas dəbilqəsini və Ruhun qılıncını, yə’ni Allahın sözünü götürün» (Efeslilərə 6:17). Dəbilqə əsgərin zehni fəaliyyətinin mərkəzi olan başını və beynini qoruyurdu. Eynilə, bizim malik olduğumuz ümid də zehnimizi qoruyur (1 Saloniklilərə 5:8). Beynimizi dünyəvi məqsədlər və maddi xülyalarla doldurmaq əvəzinə, İsadan nümunə götürərək, fikrimizi Allahın verdiyi ümidə cəmləməliyik (İbranilərə 12:2).
18. Müqəddəs Kitabı müntəzəm oxumağa nə üçün barmaqarası baxmamalıyıq?
18 Şeytan və onun cinlərinin tə’sirindən bizi müdafiə edən sonuncu zireh Allahın Kəlamı, yə’ni Müqəddəs Kitabda yazılan xəbərdir. Bu da bir səbəbdir ki, Müqəddəs Kitabı müntəzəm oxumağa barmaqarası baxmayaq. Allahın Kəlamını dəqiq bilmək bizi Şeytanın yalanlarından, cinlərin təbliğatından, o cümlədən, dönüklərin acı sözlərindən qoruyur.
‘Hər vaxt dua edin’
19, 20. a) Şeytanı və onun cinlərini nə gözləyir? b) Bizi ruhani cəhətdən nə möhkəmləndirə bilər?
19 Şeytanın, onun cinlərinin və bu pis dünyanın sonu yaxındır. Şeytan vaxtının az olduğunu bilir. O, qəzəblidir və «Allahın əmrlərinə riayət edib, İsaya olan şəhadətlərinə bağlı qalanlarla» müharibə aparır (Vəhy 12:12, 17). Şeytana və onun cinlərinə müqavimət göstərmək son dərəcə vacibdir.
20 Allahın bütün zirehləri geyinmək nəsihətinə görə biz necə də minnətdarıq! Pavel ruhani zirehlər haqqında söhbətinə belə yekun vurur: «Hər cür dua və niyazla, hər vaxt Ruhun idarəsi ilə dua edin. Bunun üçün tam mətanət göstərərək və bütün müqəddəslər üçün dua edərək ayıq olun» (Efeslilərə 6:18). Dua ruhaniliyimizi möhkəmləndirə və ayıq qalmağımıza kömək edə bilər. Gəlin Pavelin sözlərinə ciddi yanaşaq və hər vaxt dua edək, çünki bunun sayəsində Şeytana və onun cinlərinə müqavimət göstərə biləcəyik.
Siz nə öyrəndiniz?
• Şeytan və onun cinləri haradan peyda oldular?
• İblis nə qədər güclüdür?
• Özümüzü Şeytan və onun cinlərindən necə müdafiə edə bilərik?
• Allahın verdiyi bütün zirehləri necə geyinə bilərik?
[18-ci səhifədəki şəkillər]
Allah oğulları insan qızlarına diqqət yetirməyə başladılar.
[20-ci səhifədəki şəkil]
Altı ruhani zirehi sadalayıb izah edə bilərsinizmi?
[21-ci səhifədəki şəkillər]
Bütün bunlar bizi Şeytan və onun cinlərindən necə qoruyur?