Məsihçilər bir-birlərinə lazımdırlar
“Biz bir-birimizin üzvləriyik” (EFESLİLƏRƏ 4:25, İ–93).
1. Bir ensiklopediyada insan bədəni haqqında nə deyilir?
İNSAN bədəni həqiqətən də mö’cüzədir! “Uorld buk” ensiklopediyasında deyilir: “İnsanlar hərdən insan bədənini bir zaman yaradılmış mexanizmlərdən ən valehedicisi adlandırırlar. Əlbəttə ki, insan bədəni mexanizm deyil. Lakin çox şeydə mexanizmlə müqayisə oluna bilər. Məsələn, həm bədən, həm də mexanizm çoxlu hissələrdən ibarətdir və hissələrin hər biri müəyyən funksiyanı yerinə yetirir. Lakin bütün hissələr birlikdə fəaliyyət göstərir, bu isə həm bədənin, həm də mexanizmin işinin həmahəng olmasına səbəb olur”.
2. İnsan bədəni və məsihçi yığıncağı nədə bənzərdir?
2 Bəli, insan bədəni bir çox hissələrdən, yə’ni üzvlərdən ibarətdir və onlardan hər biri hansısa faydalı işi görür. Heç bir dənə də lazımsız vena, əzələ, yaxud bədənin başqa bir üzvü yoxdur. Bunu məsihçi yığıncağı haqqında da demək olar, yığıncağın hər bir üzvü onun ruhani sağlamlığı və gözəlliyi üçün müəyyən bir işi görə bilər (1 Korinflilərə 12:14-26). Əlbəttə, məsihçilərin heç biri özünün başqalarından yaxşı olduğunu düşünməməli, digər tərəfdən isə, heç kim özünü lazımsız hesab etməli deyil (Romalılara 12:3).
3. Efeslilərə 4:25 ayəsində məsihçilərin bir-birlərinə lazım olduğu necə göstərilir?
3 İnsan bədəninin bir-birindən asılı olan üzvləri kimi, məsihçilər də bir-birlərinə lazımdırlar. Həvari Pavel ruhla məsh edilmiş həmimanlılarına yazırdı: “Yalanı atın, hər biriniz öz qonşusuna həqiqəti söyləsin; çünki biz bir-birimizin üzvləriyik” (Efeslilərə 4:25, İ–93). Ruhani İsrailin nümayəndələri bir-birlərinin, yə’ni “Məsihin bədəninin” üzvləri olduqlarına görə, bir-birlərinə həqiqəti söyləyirlər və onların davranışları tamamilə həmahəngdir. Bəli, onların hər biri digərinə məxsusdur (Efeslilərə 4:11-13). Yer üzündə yaşamaq ümidinə malik olan və əməkdaşlıq etməyə hazır olan salehlər böyük məmnuniyyətlə onlara qoşulublar.
4. Həqiqəti yeni öyrənənlərə necə kömək etmək olar?
4 Hər il, yer üzündə cənnətdə yaşamaq ümidinə malik olan minlərlə insanlar vəftiz olunur. Yığıncağın üzvləri onlara ‘kamilliyə doğru tərəqqi etməkdə’ kömək göstərməyə hazırdırlar (İbranilərə 6:1-3). Bu cür köməyə, onların Müqəddəs Kitaba dair suallarına cavab vermək və ya xidmət zamanı praktiki yardım göstərmək də daxil ola bilər. Yeni gələnlərə, məsihçi yığıncaqlarında müntəzəm iştirakımızla gözəl nümunə verərək kömək etmiş oluruq. Hər hansı fəlakət baş verdikdə, onları ruhlandıra və ya onlara təsəlli verə bilərik (1 Saloniklilərə 5:14, 15). Başqalarına ‘həqiqətdə yeriməyə’ kömək etmək üçün imkanlar axtarmalıyıq (3 Yəhya 4, İ–93). Gənc, yaxud yetkin olmamızdan, həqiqətdə yeni və ya artıq uzun illər yeriməyimizdən asılı olmayaraq, hər birimiz həmimanlılarımızın ruhani rifahına kömək edə bilərik. Biz onlara lazımıq.
Onlar həmimanlılarına yardım edirdilər
5. Akila və Priskila Pavelə necə kömək etmişdilər?
5 Məsihçi ər-arvadları da həmimanlılarına yardım etməkdən məmnunluq duyurlar. Misal üçün, Akila və onun arvadı Priskila (Priska) Pavelə kömək etmişdilər. Onlar Paveli evlərinə qəbul etmiş, onunla bərabər çadırların hazırlanmasında çalışmış və Korinf şəhərində yaranmış yeni yığıncağı inkişaf etdirməkdə ona kömək göstərmişdilər (Həvarilərin işləri 18:1-4). Hadisənin necə baş verdiyi bizə mə’lum olmasa da, onlar Pavelə görə hətta həyatlarını təhlükə altına atmışdılar. Pavel romalı məsihçilərə məktub yazanda Akila və Priskila Romada yaşayırdılar: “Məsih İsa yolunda mənim əməkdaşlarım olan Priskila və Akilaya salam söyləyin. Onlar mənim canım uğrunda özlərini təhlükəyə saldılar; onlara, yalnız mən deyil, qeyri-yəhudilərin bütün cəmiyyətləri də təşəkkür edirlər” (Romalılara 16:3, 4). Akila və Priskila kimi, bu günkü məsihçilər də yığıncaqları inkişaf etdirir və müxtəlif yollarla həmimanlılarına kömək edirlər. Bu cür məsihçilər, Allahın digər xidmətçiləri tə’qibçilər tərəfindən qəddarlığa və ya ölüm təhlükəsinə mə’ruz qalanda, onların uğrunda, hətta öz canlarından belə keçməyə hazırdırlar.
6. Apollos hansı köməyi aldı?
6 Akila və Priskila, Efes şəhərinin sakinlərini İsa Məsih haqqında öyrədən və natiqlik qabiliyyəti ilə seçilən Apollosa da kömək etmişdilər. O zaman Apollos yalnız Qanun əhdinə qarşı edilən günahlardan tövbəyə işarə edən və Yəhya tərəfindən keçirilən vəftizdən xəbərdar idi. Apollosa bir qədər kömək lazım olduğunu anlayaraq, Akila və Priskila “Rəbb yolunu ona daha dəqiq izah etdilər”. Çox ehtimal ki, onlar vəftizin suya batırılmaqla və müqəddəs ruhun tökülməsi ilə bağlı olduğunu anlamaqda ona kömək etdilər. Apollos öyrəndiklərini tətbiq etdi. Daha sonra Axayada “Allahın lütfü ilə iman etmiş olanlara çox yardım göstərdi. Çünki İsanın Məsih olduğunu Müqəddəs Yazılarla sübut edərək, yəhudilərin fikirlərini ümumxalq qarşısında var gücü ilə təkzib edirdi” (Həvarilərin işləri 18:24-28). Məsihçi qardaşlarımızın şərhləri Allahın Kəlamına dair bizim də anlayışımızı genişləndirə bilər. Biz bu cəhətdən də bir-birimizə lazımıq.
Maddi yardım
7. Həmimanlıları maddi yardıma ehtiyac duyduqda filipililər necə hay verdilər?
7 Filipi şəhərindəki məsihçi yığıncağının üzvləri Paveli çox sevirdilər və o, Salonik şəhərində olanda ona maddi yardım göndərmişdilər (Filipililərə 4:15, 16). Yerusəlimdəki qardaşlar ehtiyac içində olanda filipililər köməyə hazır olduqlarını göstərmiş və hətta imkanlarından artıq ianə etmişdilər. Filipi şəhərindəki bacı-qardaşların gözəl əhval-ruhiyyəsi Pavelə o qədər güclü təəssürat bağışlamışdı ki, onları başqa həmimanlılarına nümunə gətirirdi (2 Korinflilərə 8:1-6).
8. Epafrodit necə ruh təzahür etdirirdi?
8 Pavel zindanda olanda filipililər ona nəinki hədiyyələr göndərmiş, hətta kömək üçün Epafroditi də oraya yollamışdılar. Pavel yazırdı: “O, [Epafrodit] Məsihin işi uğrunda canını təhlükə qarşısında qoyaraq, ölümə yaxın idi ki, sizin mənə xidmətinizin əskikliyini doldursun” (Filipililərə 2:25-30; 4:18). Biz Epafroditin ağsaqqal, yaxud xidməti köməkçi olub-olmadığını bilmirik. Bununla belə, o, fədakar, qayğıkeş bir məsihçi idi və Pavelə olduqca lazım idi. Sizin yığıncaqda da Epafrodit kimi məsihçilər varmı?
Onlar “dayaq” idilər
9. Aristarxdan hansı sahədə nümunə götürə bilərik?
9 Akila, Priskila və Epafrodit kimi sevən bacı-qardaşlar hər bir yığıncaqda yüksək qiymətləndirilirlər. Həmimanlılarımızdan bə’ziləri, birinci əsrdə yaşamış məsihçi Aristarx kimi də ola bilərlər. O və başqaları Pavel üçün “dayaq” [YD], yə’ni, ehtimal ki, adi, gündəlik işlərdə ona təsəlli və kömək mənbəyi idilər (Koloslulara 4:10, 11). Pavelə kömək etməklə Aristarx sübut etdi ki, o, həmişə köməyə gəlməyə hazır olan əsl dostdur. O, Süleymanın məsəlləri 17:17 ayəsində xatırlanan şəxs kimi idi: “Dost hər vaxt sevər; və sıxıntı üçün qardaş doğulmuşdur”. Məgər biz həmimanlılarımız üçün “dayaq” olmağa can atmalı deyilikmi? Biz xüsusilə də ağır vəziyyətdə olan bacı-qardaşlarımıza kömək etməliyik.
10. Peter məsihçi ağsaqqallarına hansı nümunəni verdi?
10 Xüsusilə məsihçi ağsaqqalları öz ruhani bacı-qardaşları üçün dayaq olmalıdırlar. İsa həvari Peterə dedi: “Qardaşlarına qüvvət ver” (Luka 22:32). Peter bu işin öhdəsindən gələ bilərdi, çünki o, xüsusilə də İsanın dirilməsindən sonra, mətanəti və qətiyyəti ilə seçilirdi. Ağsaqqallar, başqalarını ürəkdən və məhəbbətlə möhkəmləndirməyə çalışın, çünki həmimanlılarımız sizin diqqətinizə ehtiyac duyurlar (Həvarilərin işləri 20:28-30; 1 Peter 5:2, 3).
11. Timoteyin əhval-ruhiyyəsi üzərində düşünmək nəyə görə faydalıdır?
11 Pavelin əməkdaşı və ağsaqqal olan Timotey həmimanlıları üçün çox narahat olurdu. Sağlamlığı ilə bağlı bə’zi çətinliklər çəkməsinə baxmayaraq, Timotey sarsılmaz iman göstərir və Pavellə birlikdə ‘Müjdəni yaymaq işində xidmət edirdi’. Buna görə də həvari Pavel filipililərə deyə bilmişdi: “Barənizdə Timotey qədər həqiqətən qayğı çəkən həmfikir başqa adamım yoxdur” (Filipililərə 2:20, 22; 1 Timoteyə 5:23; 2 Timoteyə 1:5). Əgər Timoteyin əhval-ruhiyyəsi kimi əhval-ruhiyyə təzahür etdiririksə, biz də həmimanlılarımız üçün xeyir-dua ola bilərik. Əlbəttə ki, biz öz zəifliklərimizlə mübarizə aparmalı və müxtəlif sınaqlara tab gətirməli oluruq, lakin biz həmçinin möhkəm iman təzahür etdirə və ruhani bacı-qardaşlarımıza məhəbbətlə qayğı göstərə bilərik. Bu, bizim borcumuzdur. Həmişə yadda saxlamalıyıq ki, biz onlara lazımıq.
Başqalarının qeydinə qalan qadınlar
12. Tabitanın nümunəsindən nə öyrənirik?
12 Başqalarının qeydinə qalan və Allah qorxusuna malik olan qadınlardan biri Tabita idi. O öləndə şagirdlər Peterin dalınca adam göndərdilər və onu yuxarı otağa apardılar. Orada “bütün dullar [Peterin] yanında durub, Tabitanın onlarla birgə ikən tikdiyi köynəkləri və paltarları göstərərək ağlayırdılar”. Peter Tabitanı həyata qaytardı və şübhəsiz ki, o, yenə də xeyirli işlər görməyə və səxavətlə sədəqələr verməyə davam edirdi. Müasir məsihçi yığıncaqlarında da Tabita kimi qadınlar var və onlar, ehtimal ki, ehtiyac içində olan həmimanlıları üçün paltar tikir, yaxud başqa xeyirxah işlər görürlər. Əlbəttə ki, onların xeyirli işləri başlıca olaraq Padşahlığın mənafeyi və şagirdlər hazırlamaq işi ilə bağlıdır (Həvarilərin işləri 9:36-42; Matta 6:33; 28:19, 20).
13. Lidiya həmimanlılarının qeydinə necə qalırdı?
13 Allah qorxusuna malik olan Lidiya adlı qadın da başqalarının qeydinə qalırdı. Tiyatira sakini olan bu qadın, eramızın təxminən 50-ci illərində Pavelin təbliğ etdiyi Filipi şəhərində yaşayırdı. Ehtimal ki, Lidiya yəhudiliyi qəbul etmiş prozelit idi. Lakin, göründüyü kimi, Filipidə yəhudilər az idi və ola bilsin, orada sinaqoq yox idi. Bu səbəbdən də Lidiya və Allah qorxusuna malik olan başqa qadınlar çayın sahilinə toplaşırdılar. Həvari Pavel xoş xəbəri onlara məhz orada bəyan etmişdi. Müqəddəs Kitabda deyilir: “Rəbb onun [Lidiyanın] ürəyini açdı ki, Pavelin söylədiklərinə diqqət yetirsin. Ailəsi ilə bərabər vəftiz olunduqdan sonra, Lidiya yalvarıb dedi: “Əgər məni Rəbbə sadiq saydınızsa, evimə gəlin və orada qalın”. Və bizim razılığımızı aldı” (Həvarilərin işləri 16:12-15). Lidiya başqalarına xeyirxahlıq etmək arzusunda olduğuna görə, Paveli və onun həmkarlarını evində qonaq qalmağa razı sala bildi. Bu gün də xeyirxah və qayğıkeş məsihçilərin bu cür qonaqpərvərlik göstərmələri necə də xoşdur! (Romalılara 12:13; 1 Peter 4:9).
Uşaqlar, siz də bizə lazımsınız
14. İsa uşaqlarla necə davranırdı?
14 Məsihçi yığıncağı öz başlanğıcını, Allahın xeyirxah və həssas Oğlu İsa Məsihdən götürmüşdür. İnsanlar onun yanında özlərini rahat hiss edirdilər, çünki o, qayğıkeş və şəfqətli idi. Bir dəfə camaat İsanın yanına körpə uşaqlarını gətirdikdə, şagirdlər buna müqavimət göstərməyə çalışdılar. Lakin İsa dedi: “Buraxın uşaqları Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki, Allahın Padşahlığı bunlar kimilərindir. Doğrusun sizə deyirəm: Kim Allahın Padşahlığını körpə bir uşaq kimi qəbul etməzsə, oraya əsla girə bilməz” (Mark 10:13-15, İ–93). Padşahlığın xeyir-dualarını almaq üçün gərək biz də balaca uşaqlar kimi təvazökar və öyrənməyə hazır olaq. İsa uşaqları qucaqlayıb, onlara xeyir-dua verərək öz məhəbbətini ifadə edirdi (Mark 10:16). Bəs bugünkü uşaqlar haqqında nə demək olar? Uşaqlar, əmin olun ki, siz yığıncaqda sevilirsiniz və bizə lazımsınız.
15. Luka 2:40-52 ayələrində İsanın həyatında baş verən hansı hadisələr nəql olunur və İsa uşaqlara hansı gözəl nümunəni verdi?
15 İsa uşaqlıqdan Allaha və Müqəddəs Yazılara dərin hörmət bəsləyirdi. O, 12 yaşında ikən valideynləri Yusif və Məryəm ilə doğma şəhəri Nazaretdən Yerusəlimə Pasxa bayramına yola düşdü. Qayıdarkən İsanın valideynləri onu yol yoldaşlarının arasında görmədilər. Nəhayətdə İsanı mə’bəddə tapdılar. O, yəhudi müəllimlərinin arasında oturub onları dinləyir və suallar verirdi. İsa, Yusiflə Məryəmin onu harada axtarmaq lazım gəldiyini bilmədiklərinə görə təəccüblənərək soruşdu: “Bilmirdinizmi ki, Mən Atamın evində olmalıyam?” Sonra İsa valideynləri ilə birlikdə evə qayıtdı. O, onlara tabe olur, hikmətdə və boy-buxunda tərəqqi edirdi (Luka 2:40-52). İsa uşaqlara necə də gözəl nümunə verdi! Onlar da valideynlərinə tabe olmalı və ruhani şeylərlə maraqlanmalıdırlar (Təsniyə 5:16; Efeslilərə 6:1-3).
16. a) İsa mə’bəddə şahidlik edərkən uşaqlar nə nida edirdilər? b) Gənc məsihçilərin bu gün hansı imkanları var?
16 Siz gənc məsihçilər, ola bilsin ki, məktəbdə Yehova haqqında şahidlik edir və valideynlərinizlə birlikdə evdən-evə təbliğ edirsiniz (İşaya 43:10-12; Həvarilərin işləri 20:20, 21). İsa ölümündən bir az qabaq mə’bəddə şahidlik edən və xəstələri sağaldan zaman uşaqlar nida edirdilər: “Davud Oğluna hosanna!” Bundan qəzəblənən baş kahinlər və din alimləri soruşdular: “Bunların nə söylədiyini eşidirsənmi?” İsa dedi: “Bəli: “Kiçik uşaqların və əmzikli olanların ağzından kamil həmd aldın” sözünü heç oxumamısınızmı?” (Matta 21:15-17). Həmin uşaqlar kimi, yığıncağın gənc üzvləri olan sizlərin də, Allaha və Onun Oğluna həmd etmək kimi gözəl imkanınız var. Siz bizə lazımsınız və istəyirik ki, siz bizimlə bərabər Padşahlığın təbliğçiləri kimi xidmət edəsiniz.
Fəlakətlər zamanı
17, 18. a) Nəyə görə Pavel Yəhudeyada yaşayan məsihçilər üçün ianə yığımını təşkil etdi? b) Yəhudeyadakı həmimanlılar üçün yığılan könüllü ianələr həm yəhudi, həm də qeyri-yəhudi olan məsihçilərə necə təəssürat bağışladı?
17 Məhəbbət bizi təşviq edir ki, şəraitimizdən asılı olmayaraq, ehtiyacı olan həmimanlılarımıza kömək edək (Yəhya 13:34, 35; Yaqub 2:14-17). Məsələn, Yəhudeyada yaşayan bacı-qardaşlara olan məhəbbəti Paveli təşviq etdi ki, Axaya, Qalatiya, Makedoniya yığıncaqlarında və Asiya vilayətində ianə yığımını təşkil etsin. Yerusəlimdəki şagirdlərin tə’qiblərə, cəmiyyətdəki qarışıqlıqlara və aclıqlara mə’ruz qalmalarının səbəbi, Pavelin yazdığı kimi, ehtimal ki, onların ‘sitəm, əzab çəkmələri və mülklərinin talan edilməsi’ ilə əlaqədar idi (İbranilərə 10:32-34; Həvarilərin işləri 11:27-12:1). Buna görə də həvari Pavel Yəhudeyada yaşayan kasıb məsihçilər üçün ianə yığımını təşkil etdi (1 Korinflilərə 16:1-3; 2 Korinflilərə 8:1-4, 13-15; 9:1, 2, 7).
18 Yəhudeyadakı müqəddəslər üçün yığılan könüllü ianələr, yəhudi və qeyri-yəhudi olan məsihçilər arasında qardaşlıq bağlarının olduğuna sübut idi. İanələrin yığılması həmçinin qeyri-yəhudi olan məsihçilərə imkan verirdi ki, Yəhudeyada yaşayan həmimanlılarından aldıqları ruhani sərvət üçün onlara öz minnətdarlıqlarını bildirsinlər. Beləliklə, məsihçilər həm maddi, həm də ruhani cəhətdən bölüşürdülər (Romalılara 15:26, 27). Ehtiyacı olan bacı-qardaşlar üçün yığılan ianələr bu gün də könüllü surətdə və məhəbbətlə edilir (Mark 12:28-31). Biz bu cəhətdən də bir-birimizə lazımıq. Düzgün paylanmanın sayəsində, “az yığanın... əskiyi” olmur (2 Korinflilərə 8:15)
19, 20. Təbii fəlakətlər zamanı zərər çəkmiş insanlara Yehovanın xalqının necə kömək göstərdiyinə dair nümunə gətirin.
19 Məsihçilərin bir-birlərinə lazım olduqlarını anlayaraq, iman bacı-qardaşlarımızın köməyinə gəlməyə məmnuniyyətlə hazırıq. Məsələn, 2001-ci ilin əvvəlində El Salvadorda dağıdıcı zəlzələ və yer sürüşməsi zamanı baş verən hadisəyə nəzər salaq. Oradan verilən mə’lumatda deyilirdi: “Qardaşlar tərəfindən El Salvadorun hər bir hissəsinə yardım tədbiri görüldü. Qvatemaladan, Birləşmiş Ştatlardan və Kanadadan qardaşlardan ibarət qruplar köməyimizə gəldilər. [...] Tezliklə 500-dən çox ev və 3 gözəl Padşahlıq Zalı bina edildi. Bu fədakar qardaşların ağır zəhməti və əməkdaşlıq ruhu gözəl şahidlik oldu”.
20 Cənubi Afrika Respublikasından belə bir mə’lumat alındı: “Mozambikin çox hissəsini viran edən dəhşətli daşqın məsihçi qardaşlarımızın çoxuna öz tə’sirini göstərmişdi. Mozambikdəki filial onların əsas tələbatlarının qeydinə qalmışdı. Bizdən isə ehtiyac içində olan qardaşlar üçün geyməyə yararlı paltarlar göndərməyi xahiş etdilər. Həmin qardaşlarımız üçün o qədər paltar yığdıq ki, paltarla dolu 12 metrlik konteyner göndərə bildik”. Bu sahədə də biz bir-birimizə lazımıq.
21. Növbəti məqalədə nə müzakirə olunacaqdır?
21 Yuxarıda qeyd edildiyi kimi, insan bədəninin bütün hissələri vacibdir. Bu, sözsüz ki, məsihçi yığıncağına da aiddir. Onun bütün üzvləri bir-birlərinə lazımdır. Onlar həmçinin birlikdə, çiyin-çiyinə Allaha xidmət etməlidirlər. Növbəti məqalədə bunun necə mümkün olduğuna dair bə’zi amillər müzakirə olunacaqdır.
Siz necə cavab verərdiniz?
• İnsan bədəni ilə məsihçi yığıncağı arasında hansı bənzərlik var?
• Həmimanlıları köməyə ehtiyac duyanda, ilk məsihçilər buna necə hay verdilər?
• Müqəddəs Kitabdakı hansı nümunələr təsdiq edir ki, məsihçilər bir-birlərinə lazımdırlar və onlar bir-birlərinə qarşılıqlı kömək edirlər?
[10-cu səhifədəki şəkil]
Akila və Priskila başqalarının qeydinə qalırdılar.
[12-ci səhifədəki şəkillər]
Yehovanın xidmətçiləri fəlakət zamanı bir-birlərinə və başqa insanlara yardım edirlər.