Özümüzü Padşahlığın vətəndaşları kimi aparaq
«Xoş xəbərə layiq yaşayın» (FİLİP. 1:27).
NECƏ CAVAB VERƏRDİN?
Padşahlığın vətəndaşları kimlər ola bilər?
Padşahlığın dilini, tarixini və qanunlarını öyrənmək nə deməkdir?
Padşahlığın vətəndaşları Allahın qanunlarını sevdiklərini necə göstərirlər?
1, 2. Nəyə görə Pavelin məsləhəti Filipi yığıncağı üçün xüsusi məna kəsb edirdi?
HƏVARİ PAVEL Filipi yığıncağını xoş xəbərə layiq tərzdə yaşamağa təşviq edirdi. (Filipililərə 1:27 ayəsini oxu.) Burada «layiq yaşayın» kimi tərcümə olunan yunan ifadəsini «özünüzü vətəndaşlar kimi aparın» kimi də tərcümə etmək olar. Bu ifadə Filipi yığıncağı üçün xüsusi məna kəsb edirdi. Nəyə görə? Çünki Filipi şəhəri sakinlərinə Roma vətəndaşlığının müəyyən növünün verildiyi seçilmiş şəhərlər qrupuna daxil idi. Filipidə, eləcə də bütün Roma imperiyasında yaşayan Roma vətəndaşları öz mövqeləri ilə fəxr edirdilər və Roma qanunları altında xüsusi şəkildə mühafizə olunurdular.
2 Ancaq Filipi yığıncağının üzvlərinin fəxr etmək üçün daha böyük səbəbi var idi. Pavel onlara xatırlatmışdı ki, məsh olunmuş məsihçilər kimi, onların vətəndaşlığı göylərdədir (Filip. 3:20). Onlar adi insan imperiyasının yox, Allahın Padşahlığının vətəndaşları idilər və buna görə də tayı-bərabəri olmayan müdafiə və üstünlüklərə sahib idilər (Efes. 2:19—22).
3. a) Kimlərin Allahın Padşahlığının vətəndaşları olmaq imkanı var? b) Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?
3 Pavelin «özünüzü vətəndaşlar kimi aparın» nəsihəti, əsas etibarilə, Məsihlə birgə göydə hökmranlıq edəcək məsihçilərə aiddir (Filip. 3:20). Daha geniş mənada isə bunu Allahın Padşahlığının yerdə yaşayacaq təbəələrinə aid etmək olar. Nəyə görə? Çünki bütün həsr olunmuş məsihçilər eyni Padşaha — Yehova Allaha ibadət edirlər və Onun bütün xidmətçilərinə olan tələbləri eynidir (Efes. 4:4—6). Bu gün bəziləri inkişaf etmiş ölkənin vətəndaşlığını almaq üçün çox səy göstərirlər. Görün onda biz Allahın Padşahlığının vətəndaşı olmaq imkanımızı nə qədər qiymətləndirməliyik! Bu şərəfi daha çox qiymətləndirək deyə gəlin insan hökumətinin vətəndaşı olmaq üçün tələblərlə Allahın Padşahlığının vətəndaşı olmaq üçün tələblər arasındakı bəzi oxşarlıqları nəzərdən keçirək. Sonra isə Allahın Padşahlığının vətəndaşı olmaq şərəfindən məhrum olmamaq üçün etməli olduğumuz üç şeyi nəzərdən keçirəcəyik.
VƏTƏNDAŞLIQ ALMAQ ÜÇÜN TƏLƏBLƏR
4. Pak dil nədir və biz bu dildə necə danışırıq?
4 Dili öyrən. Bəzi hökumətlər vətəndaşlıq almaq üçün ərizə verənlərdən dövlətin dilini öyrənməyi tələb edirlər. Hətta vətəndaşlıq aldıqdan sonra da onlar yeni dildə səlis danışana qədər, ola bilsin, bir neçə il keçsin. Onlar qrammatik qaydaları tez mənimsəyə bilərlər, lakin sözləri düzgün tələffüz etməyi öyrənmək üçün vaxt lazımdır. Eynilə, Allahın Padşahlığı öz vətəndaşlarından Müqəddəs Kitabda «pak dil» adlanan dili öyrənməyi tələb edir. (Sefanya 3:9 ayəsini oxu.) Pak dil nədir? Bu, Müqəddəs Kitabın Allah və Onun niyyətləri haqda öyrətdiyi həqiqətdir. Biz Allahın qanun və prinsiplərinə uyğun davrananda bu dildə «danışırıq». Allahın Padşahlığının vətəndaşları Müqəddəs Kitabın əsas təlimlərini tez bir zamanda öyrənə və vəftiz oluna bilərlər. Bununla belə, vəftizdən sonra onlar pak dildə daha yaxşı «danışmaq» üçün püxtələşməlidirlər. Necə? Hər birimiz Müqəddəs Kitabdan öyrəndiyimiz prinsiplərlə onları tətbiq etmək arasındakı boşluqları doldurmalıyıq.
5. Nəyə görə biz Yehovanın təşkilatının tarixi barədə mümkün qədər çox öyrənməliyik?
5 Tarixi öyrən. Vətəndaşlıq almaq istəyən şəxsdən ölkənin tarixini öyrənmək tələb oluna bilər. Buna bənzər şəkildə, Allahın Padşahlığının vətəndaşı olmaq istəyənlər onun barəsində mümkün qədər çox məlumat əldə etməyə çalışmalıdırlar. Gəlin qədim İsraildə xidmət edən Qorahın oğullarının nümunəsinə nəzər salaq. Onlar Yerusəlimi, oradakı ibadət yerini çox sevirdilər və şəhərin tarixi barədə danışmağı xoşlayırdılar. Onlara ən çox təsir bağışlayan şəhərin və ibadət yerinin gözəlliyi yox, Yerusəlimin «böyük Padşahın [yəni Yehovanın] şəhəri» olması idi. Çünki bu şəhər təmiz ibadətin mərkəzi sayılırdı. Məhz burada Yehovanın Qanunu öyrədilirdi. Yerusəlimin Padşahı Yehova İsrail xalqını idarə edirdi və Öz sevgi dolu xeyirxahlığını onlara göstərirdi. (Məzmur 48:1, 2, 9, 12, 13 ayələrini oxu.) Onlar kimi, səndə də Yehovanın təşkilatının yerüzü hissəsinin tarixi haqda öyrənmək və danışmaq istəyi varmı? Yehovanın təşkilatı və Onun Öz xalqına necə dəstək olduğu barədə daha çox öyrəndikcə Allahın Padşahlığı sənin üçün bir o qədər real olacaq. Onda Padşahlıq haqda xoş xəbəri təbliğ etmək istəyin təbii şəkildə artacaq (Yer. 9:24; Luka 4:43).
6. Nəyə görə Yehovanın bizdən Padşahlığın qanun və prinsiplərini öyrənməyimizi gözləməsi məntiqəuyğundur?
6 Qanunları öyrən. İnsan hökumətləri öz təbəələrindən ölkənin qanunlarını öyrənməyi və onlara tabe olmağı tələb edir. Bəs onda Yehovanın bizdən Padşahlığın bütün vətəndaşları üçün təsis etdiyi qanun və prinsiplərini öyrənməyimizi, eləcə də onlara tabe olmağımızı gözləməsi nə qədər yəqindir? (Yeşaya 2:3; Yəh. 15:10; 1 Yəh. 5:3). İnsan qanunlarında çox vaxt çatışmazlıqlar olur, üstəlik, onlar ədalətsiz ola bilər. Onlardan fərqli olaraq, Yehovanın «qanunu kamildir» (Məz. 19:7). Biz Allahın qanunlarından zövq alırıqmı? Onun Kəlamını hər gün oxuyuruqmu? (Məz. 1:1, 2). Allahın qanunlarını öyrənməyin yeganə yolu şəxsən özümüzün onu araşdırmağımızdır. Heç kəs bunu bizim yerimizə edə bilməz.
PADŞAHLIĞIN VƏTƏNDAŞLARI ALLAHIN QANUNLARINI SEVİRLƏR
7. Padşahlığın vətəndaşları hansı yüksək normaya əsasən yaşayırlar?
7 Padşahlığın vətəndaşları olaraq qalmaq üçün bizdən yalnız Allahın normalarını bilmək yox, həmçinin onları sevmək də tələb olunur. Bir çox insanlar yalnız dildə öz ölkələrinin qanunlarını qəbul etdiklərini və onları sevdiklərini deyirlər. Bununla belə, hansısa qanun onlara sərf etməyəndə və onları heç kəs görməyəndə onu asanlıqla pozurlar. Çox vaxt belələri başqalarının rəğbətini qazanmaq xatirinə sadəcə gözdən pərdə asırlar (Kolos. 3:22). Padşahlığın vətəndaşları isə daha yüksək normaya əsasən yaşayırlar. Hətta heç kəs bizi kənardan görməyəndə belə biz Allahın qanunlarına canla-başla tabe oluruq. Nəyə görə? Çünki biz həmin qanunları təsis edən Yehova Allahı sevirik (Yeşaya 33:22; Luka 10:27 ayəsini oxu).
8, 9. Allahın qanunlarını ürəkdən sevdiyini necə müəyyən edə bilərsən?
8 Bəs sən Allahın qanunlarını ürəkdən sevdiyini necə müəyyən edə bilərsən? Bunun üçün sənə, ola bilsin, hər kəsin şəxsi işi kimi görünən geyim və xarici görünüş kimi məsələlərlə əlaqədar məsləhət verilərkən necə reaksiya göstərdiyini təhlil et. Ola bilsin, Padşahlığın vətəndaşı olmazdan əvvəl sən açıq-saçıq və ya necə gəldi geyinirdin. Ancaq Allaha məhəbbətin artdıqca Ona şərəf gətirən tərzdə geyinməyi öyrəndin (1 Tim. 2:9, 10; 1 Pet. 3:3, 4). İndi isə, tutalım, sən fikirləşirsən ki, geyim tərzin ədəblidir. Bəs əgər ağsaqqal sənə yaxınlaşıb desə ki, geyim tərzin yığıncaqda bir çox təbliğçiləri büdrədir, onda necə davranacaqsan? Özünü müdafiə etməyə, hiddətlənməyə, yaxud da inadkarlıq göstərməyə başlayacaqsanmı? Padşahlığın ən vacib qanunlarından biri odur ki, onun bütün vətəndaşları Məsihi təqlid etməlidirlər (1 Pet. 2:21). İsanın nümunəsi barədə həvari Pavel yazmışdı: «Gəlin hər birimiz yaxınımızın xeyri və qüvvətlənməsi üçün çalışaq. Axı Məsih də öz xeyrini düşünmürdü» (Rom. 15:2, 3). Yetkin məsihçi yığıncaqda sülhü qorumaq xatirinə hiddətlənmədən başqalarının vicdanını nəzərə almağa hazırdır (Rom. 14:19—21).
9 İndi isə gəlin daha iki vacib sahəyə — cinsi əlaqə və nikaha dair nöqteyi-nəzərimizə diqqət yetirək. Hələ ki Allahın Padşahlığının vətəndaşı olmayanlar homoseksualizmə normal baxa, pornoqrafiyanı zərərsiz əyləncə hesab edə, xəyanətə və boşanmaya isə hər kəsin şəxsi işi kimi yanaşa bilərlər. Padşahlığın vətəndaşları belə dardüşüncəlikdən və xudbin münasibətdən azad olublar. Baxmayaraq ki bir çox məsihçilər əvvəllər əxlaqsız həyat tərzi sürürdülər, ancaq indi onlar cinsi əlaqəyə və nikaha Allahdan olan ənam kimi baxırlar. Onlar Yehovanın yüksək normalarını qiymətləndirir və tamamilə razıdırlar ki, cinsi əxlaqsızlıqla məşğul olmağa davam edən insanlar Padşahlığın vətəndaşları olmaq şərəfinə layiq deyillər (1 Kor. 6:9—11). Lakin eyni zamanda onlar başa düşürlər ki, ürək hiyləgərdir (Yer. 17:9). Bu səbəbdən onlar yüksək əxlaq normalarına riayət etməkdə onlara kömək edən xəbərdarlıqları qiymətləndirirlər.
PADŞAHLIĞIN VƏTƏNDAŞLARI XƏBƏRDARLIQLARI QİYMƏTLƏNDİRİRLƏR
10, 11. Allahın Padşahlığı vaxtlı-vaxtında nə barədə xəbərdarlıq edir və bu kimi xəbərdarlıqlar haqda sən nə düşünürsən?
10 İnsan hökumətləri bəzən sakinlərini ərzaq və dərmanların sağlamlığa vura biləcəyi ziyan barədə xəbərdar edirlər. Sözsüz ki, ərzaqların və dərman preparatlarının hamısı zərərli deyil. Lakin əgər hansısa məhsul təhlükə mənbəyidirsə, hökumət vətəndaşlarını qorumaq üçün xəbərdarlıq edə bilər. Əgər hökumət bunu etməzsə, işinə səhlənkar yanaşmaqda ittiham olunacaq. Eynilə, Allahın Padşahlığı əxlaqi və ruhani sağlamlığımıza təhlükə yarada biləcək məsələlər barədə vaxtlı-vaxtında xəbərdarlıq edir. Məsələn, İnternet ünsiyyət etmək, təhsil almaq və əylənmək üçün faydalı bir vasitədir. Allahın təşkilatı İnternetdən istifadə edir və onun köməyilə çoxlu xeyirli işlər həyata keçirir. Bununla belə, bir çox İnternet saytları əxlaqi və ruhani cəhətdən təhlükə mənbəyidir. Pornoqrafik veb-saytlar Padşahlığın vətəndaşlarının ruhani sağlamlığı üçün xüsusilə təhlükəlidir. Artıq neçə illərdir ki, sadiq nökər sinfi belə saytların nə qədər təhlükəli olduğu ilə bağlı xəbərdarlıqlar edir. Bizə ruhən sağlam qalmağa kömək edən bu xəbərdarlıqları çox qiymətləndiririk!
11 Son illərdə sosial şəbəkə kimi tanınan İnternet saytları çox məşhurlaşıb. Onlardan ehtiyatla istifadə etdiyimiz təqdirdə, faydasını görə bilərik. Ancaq bu saytlar zərərli də ola bilər. Sosial şəbəkədə ünsiyyət edən insanlar pis dostların təsirinə məruz qala bilərlər (1 Kor. 15:33). Məhz elə bu səbəbə görə Allahın təşkilatı belə saytların istifadəsi ilə bağlı ölçülüb-biçilmiş xəbərdarlıqlar edir. Sən sadiq nökərin sosial şəbəkələrlə bağlı dərc etdiyi son məqalələrin hamısını oxumusanmı? Onları oxumadan belə saytlardan istifadə etmək necə də ağılsızlıq olardı!a Bu, güclü dərmanın əks göstərişləri ilə tanış olmadan onu qəbul etməyə bənzəyir.
12. Nəyə görə xəbərdarlıqlara məhəl qoymamaq ağılsızlıqdır?
12 Sadiq nökər tərəfindən verilən xəbərdarlıqlara məhəl qoymayanlar qaçılmaz olaraq həm özlərinə, həm də onları sevən insanlara zərər vururlar. Pornoqrafiyaya aludə olanlar və əxlaqsızlıq edənlərin bəziləri özlərini inandırıblar ki, Yehova onların əməllərini görmür. Əməllərimizi Yehovadan gizlətməyin mümkün olduğunu düşünmək necə də ağılsızlıqdır! (Sül. məs. 15:3; İbranilərə 4:13 ayəsini oxu). Allah belə insanlara kömək etmək istədiyi üçün onların yanına Öz təmsilçilərini göndərir (Qalat. 6:1). Lakin hökumət müəyyən hərəkətlərə görə insanları vətəndaşlıqdan məhrum etdiyi kimi, Yehova da Onun qanunlarını pozan və tövbə etməyən insanları Padşahlığın vətəndaşlığından məhrum edəcəkb (1 Kor. 5:11—13). Ancaq Yehova mərhəmətli Allahdır. Tövbə edib pis əməllərindən əl çəkən insanlar yenidən Yehova qarşısında yaxşı ad qazana və Padşahlığın vətəndaşları olaraq qala bilərlər (2 Kor. 2:5—8). Bu cür məhəbbətli Padşaha xidmət etmək necə də böyük şərəfdir!
PADŞAHLIĞIN VƏTƏNDAŞLARI TƏHSİLİ QİYMƏTLƏNDİRİRLƏR
13. Padşahlığın vətəndaşları təhsilə dəyər verdiklərini necə göstərirlər?
13 Bir çox hökumətlər vətəndaşlarının təhsil almaları üçün çox zəhmət çəkirlər. Onlar insanların yazıb-oxuya bilmələri, sənətə yiyələnmələri üçün məktəblər tikirlər. Padşahlığın vətəndaşları yaşadıqları ölkənin hökumətinin bu kimi səylərini qiymətləndirirlər və çalışqanlıqla yazıb-oxumağı, o cümlədən özlərini maddi cəhətdən təmin etməyi öyrənirlər. Amma Allahın Padşahlığının vətəndaşları kimi aldıqları təhsil onlar üçün daha qiymətlidir. Məsihçi yığıncağı vasitəsilə Yehova insanlara savad verir. Valideynlər balaca uşaqları ilə birgə oxumağa təşviq olunurlar. Hər ay sadiq nökər Müqəddəs Kitaba əsaslanan «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları qismində material çap edir. Əgər sən ay ərzində hər gün bir neçə səhifə oxusan, onda Padşahlığın verdiyi təhsillə ayaqlaşacaqsan.
14. a) Biz hansı təlimi alırıq? b) Ailəvi ibadət axşamı ilə bağlı verilən hansı məsləhətləri tətbiq etmisən?
14 Hər həftə Padşahlığın vətəndaşları yığıncaq görüşlərində təlim alırlar. Misal üçün, Teokratik Xidmət Məktəbi altmış ildən çoxdur ki, bu məktəbə yazılanlara Allahın Kəlamını məharətlə öyrətməyə kömək edir. Sən bu məktəbə yazılmısanmı? Son illərdə sadiq nökər xüsusi şəkildə ailələri hər həftə ailəvi ibadət axşamı keçirməyə təşviq edir. Bu, ailədə birliyi möhkəmləndirir. Sən nəşrlərimizdəki bu məsləhətləri tətbiq etmisənmi?c
15. Bizim layiq görüldüyümüz ən böyük şərəflərdən biri hansıdır?
15 İnsanlar istəyirlər ki, üzv olduqları partiyanı daha çox insan dəstəkləsin, hətta bunun üçün evdən-evə gedirlər. Padşahlığın vətəndaşları həm küçələrdə, həm də evdən-evə səylə təbliğ edərək Allahın Padşahlığını daha böyük miqyasda dəstəkləyirlər. Keçən görüşdə araşdırılan məqalədə qeyd olunduğu kimi, Yehovanın Padşahlığını bəyan edən «Gözətçi qülləsi» jurnalı bütün dünyada ən geniş yayılan jurnaldır! Allahın Padşahlığı haqda başqalarına danışmaq bizim layiq görüldüyümüz ən böyük şərəflərdən biridir. Bəs sən təbliğ işində səylə iştirak edirsənmi? (Mat. 28:19, 20).
16. Sən Allahın Padşahlığının layiqli vətəndaşı olduğunu necə göstərə bilərsən?
16 Tezliklə Allahın Padşahlığı yer üzünü idarə edən yeganə hökumət olacaq. O yalnız bizim ruhaniliyimizə yox, həmçinin gündəlik həyatımızın hər bir sahəsinə nəzarət edəcək. Onda sən yaxşı vətəndaş olacaqsanmı? Yaşadığımız dövr bunu sübut etmək üçün münasib vaxtdır. Qoy sənin gün ərzində verdiyin qərarlar Yehovanı izzətləndirsin və Allahın Padşahlığının layiqli vətəndaşı olduğunu göstərsin (1 Kor. 10:31).
[Haşiyələr]
a Məsələn, «Gözətçi qülləsi»nin 2011-ci il oktyabr—dekabr sayının 16-dan 19-dək səhifələrinə; 2012-ci il yanvar—mart sayının 12-dən 15-dək səhifələrinə, eləcə də «Oyanın!» jurnalının 2012-ci il fevral sayının 3-dən 9-dək səhifələrinə (rus.) bax.
b «Gözətçi qülləsi»nin 2012-ci il 15 mart sayının 30 və 31-ci səhifələrinə bax.
c «Gözətçi qülləsi»nin 2011-ci il 15 avqust sayının 6 və 7-ci səhifələrinə və «Bizim Padşahlıq Xidmətimiz» vərəqəsinin 2011-ci ilin yanvar ayının 3-dən 6-dək səhifələrinə bax.
[14–cü səhifədəki yazı]
Sən İnternetlə bağlı Müqəddəs Kitab əsasında verilən xəbərdarlıqlara diqqət yetirirsənmi?
[12–ci səhifədəki şəkil]
Qorahın oğulları kimi, sən də təmiz ibadəti və onun tarixini sevirsənmi?
[15–ci səhifədəki şəkil]
Ailəvi ibadət axşamı sənə, eləcə də ailə üzvlərinə Padşahlığın yaxşı vətəndaşları olmağa kömək edə bilər