Allahın Kəlamını uca tutursunuz?
«Siz... Allahın sözünü... əslində, necə var elə, Allahın sözü kimi qəbul etdiniz» (1 SALON. 2:13).
1—3. Ehtimal ki, Evodiya ilə Sintixinin arasında hansı problem yaşanmışdı və bu kimi problemlərin qarşısını necə almaq olar? (Məqalənin əvvəlindəki şəklə baxın.)
YEHOVA ALLAHIN xidmətçiləri Onun Kitabını uca tuturlar. Qeyri-kamil olduğumuz üçün hər bir insanın məsləhətə ehtiyacı var. Bəs şəxsən sizə məsləhət veriləndə nə edəcəksiniz? Gəlin birinci əsrdə yaşamış Evodiya və Sintixi adlı məsihilərin hadisəsini nəzərdən keçirək. Bu iki məsh olunmuş qadın arasında ciddi problem yaranmışdı. Müqəddəs Kitabda problemin nədən ibarət olduğu konkret yazılmayıb. Amma gəlin təsəvvür edək ki, belə bir problem yaşanmışdı.
2 Bir gün Evodiya bir neçə bacı-qardaşı evinə qonaq çağırır, ancaq Sintixini dəvət etmir. Sintixi onların yaxşı vaxt keçirdiyindən xəbər tutur və öz-özünə fikirləşir: «Heç Evodiyadan gözləməzdim, evində qonaqlıq edib, məni çağırmayıb. Özü də adını dost qoyub». Sintixi Evodiyanın bu hərəkətini özünə qarşı xəyanət kimi qəbul edir və ona etibarı ölür. Sonra Evodiyanın acığına evində qonaqlıq təşkil edib eyni bacı-qardaşları çağırır, amma Evodiyanı dəvət etmir. Bu bacıların arasında yaranan problem bütün yığıncağın sülhünü poza bilərdi. Bu problemin necə həll olunduğu bizə məlum deyil, amma, yəqin ki, bu bacılar həvari Bulusun mülayim şəkildə verdiyi məsləhəti qəbul etmişdilər (Filip. 4:2, 3).
3 Bu gün də Yehovanın xalqının arasında oxşar problemlər yaranır. Lakin Müqəddəs Kitabın məsləhətinə əməl olunarsa, bu kimi problemləri həll etmək, hətta qarşısını almaq mümkündür. Yehovanın Kəlamını uca tutan məsihi oradakı göstərişlərə boyun əyməlidir (Zəb. 27:11).
ALLAHIN KƏLAMI VƏ İNSANİ HİSSLƏR
4, 5. Müqəddəs Kitabda hissləri cilovlamaqla bağlı hansı məsləhət verilir?
4 Kimsə bizə etinasız yanaşanda və ya haqsızlıqla üzləşəndə hissləri cilovlamaq elə də asan olmur. Milliyyətimizə, dərimizin rənginə və ya xarici görkəmimizdəki başqa cəhətlərə görə pis rəftar görmək bizə ağır yara vura bilər. Məsihilərdən bu cür münasibət görmək daha da ağırdır. Müqəddəs Kitabda bu cür vəziyyətlərdə kömək edən məsləhətlər verilir.
5 Yehova Allah insanlar yaranandan bəri onların arasındakı münasibətləri müşahidə edir. O bilir ki, hisslərimizi cilovlamayanda axırı nə ilə qurtarır. Mənfi fikirlərin və hisslərin təsiri altında insan sonradan peşman olacağı sözlərə və hərəkətlərə yol verə bilər. Buna görə də Yehova bizə Müqəddəs Kitab vasitəsilə hisslərimizi cilovlamağı və əvəz çıxmamağı məsləhət görür. (Məsəllər 16:32; Vaiz 7:9 ayələrini oxuyun.) Təbii ki, hər birimiz tez inciməməyi və ürəkdən bağışlamağı öyrənməliyik. Yehova Allah və İsa Məsih bağışlamaq məsələsinə çox ciddi yanaşır (Mət. 6:14, 15). Şəxsən sizin ürəkdən bağışlamağı və hissləri cilovlamağı öyrənməyə ehtiyacınız var?
6. Hisslərimizi cilovlamasaq, axırı nə ilə qurtara bilər?
6 Hisslərini cilovlamayan insan, adətən, qəzəbli insana çevrilir. Nəticədə, hamı ondan yan gəzməyə başlayır. Qəzəbli, kinli insan yığıncağa mənfi təsir edə bilər. O, qəzəbi, nifrəti gizlətməyə çalışsa da, içindəki mənfi fikirlər «Məsəllər» kitabında yazıldığı kimi «camaat içində faş olar» (Məs. 26:24—26). Ağsaqqallar bu insana başa sala bilərlər ki, qəzəbin, nifrətin və düşmənçiliyin Allahın təşkilatında yeri yoxdur. Müqəddəs Kitabda bu, açıq-aydın yazılıb (Lav. 19:17, 18; Rom. 3:11—18). Siz bu fikirlə razısınız?
YEHOVA BİZƏ YOL GÖSTƏRİR
7, 8. a) Yehova təşkilatının yer üzündəki hissəsini necə idarə edir? b) Müqəddəs Kitabda hansı göstərişlər var və nəyə görə onlara əməl etməliyik?
7 Yehova təşkilatının yer üzündəki hissəsini «sadiq və ağıllı nökər»in vasitəsilə idarə edir və bu vasitə ilə xalqına təlim verir. Sadiq nökər isə, öz növbəsində, «yığıncağın başı» olan İsa Məsihə tabedir (Mət. 24:45—47; Efes. 5:23). Birinci əsrdə fəaliyyət göstərən rəhbərlik şurası kimi, sadiq nökər də Müqəddəs Kitabı Allahın sözü kimi qəbul edir və onu uca tutur. (1 Salonikililərə 2:13 ayəsini oxuyun.) Bəs Müqəddəs Kitabda bizə fayda gətirən hansı məsləhətlər var?
8 Məsələn, Müqəddəs Kitabda bizə müntəzəm olaraq yığıncaq görüşlərində iştirak etmək buyrulur (İbr. 10:24, 25). O, bizi həmçinin təlimlərdə yekdil olmağa səsləyir (1 Kor. 1:10). Allahın Kəlamı bizi Padşahlığı hər şeydən üstün tutmağa təşviq edir (Mət. 6:33). Eləcə də, orada qeyd olunur ki, bizim öhdəmizə ev-ev, ictimai yerlərdə təbliğ etmək və qeyri-rəsmi şahidlik vermək məsuliyyəti düşür (Mət. 28:19, 20; Həv. 5:42; 17:17; 20:20). Allahın Kəlamında məsihi ağsaqqallara yığıncağın təmizliyini qorumaq tapşırılır (1 Kor. 5:1—5, 13; 1 Tim. 5:19—21). Yehova Allah təşkilatının hər bir üzvündən həm fiziki cəhətdən pak olmağı, həm də ibadətini təmiz saxlamağı tələb edir (2 Kor. 7:1).
9. Yalnız hansı yolla Müqəddəs Kitabı anlamaq mümkündür?
9 Bəzi insanlar düşünür ki, Müqəddəs Kitabı başa düşmək üçün kiminsə köməyinə ehtiyacları yoxdur. Amma bu gün ruhani biliyi yalnız İsa Məsihin təyin etdiyi sadiq nökərin köməyi ilə almaq mümkündür. 1919-cu ildən etibarən İsa Məsih bu nökərin vasitəsilə davamçılarına Müqəddəs Kitabı anlamağa və oradakı göstərişlərə əməl etməyə kömək edir. Kəlamdakı göstərişlərə boyun əyməklə biz yığıncaqdakı təmizliyi, sülhü və birliyi dəstəkləmiş oluruq. Odur ki, hər birimiz özümüzdən soruşmalıyıq: «Məsihin tabeliyində olan sadiq nökərə sədaqət göstərirəm?»
YEHOVANIN ARABASI SÜRƏTLƏ İRƏLİLƏYİR!
10. «Hizqiyal» kitabında Yehovanın təşkilatının səmavi hissəsi necə təsvir olunur?
10 Yehova Öz Kəlamı vasitəsilə bizi təşkilatının səmavi hissəsi ilə tanış edir. Məsələn, bir dəfə Hizqiyal peyğəmbər vəhydə araba görmüşdü. Bu araba Allahın təşkilatının səmavi hissəsini təmsil edirdi (Hizq. 1:4—28). Arabanı Yehova idarə edirdi və Onun ruhu hara yönəldirdisə, araba ora da gedirdi. Təşkilatın səmavi hissəsi yerdəki hissənin fəaliyyətinə təsir göstərir. Bu araba sürətlə irəliləyir! Buna sübut olaraq, son on il ərzində təşkilatda baş verən dəyişiklikləri yada salmaq olar. Unutmamalıyıq ki, bu inkişafa təkan verən Yehovadır. Bəli, Yehovanın arabası hərəkətdədir: tezliklə İsa Məsih və onun sadiq mələkləri bu şər dünyanı məhv edəcək, Yehova Allahın adını müqəddəs edəcək və Onun hökmranlığının adil olduğunu sübuta yetirəcək!
11, 12. Yehova Allahın təşkilatı hansı nailiyyətləri əldə edib?
11 Gəlin Yehovanın təşkilatının axırzamanda əldə etdiyi nailiyyətləri nəzərdən keçirək. Tikinti. Yehovanın Şahidlərinin Uorvikdəki (Nyu-York, ABŞ) yeni baş idarəsinin tikintisində yüzlərlə məsihi iştirak etmişdir. Ümumdünya layihə-inşaat şöbəsinin rəhbərliyi altında minlərlə könüllü ağır zəhmətə qatlaşaraq yeni ibadət evləri tikir və filialların ərazisini genişləndirirlər. Bu layihələri həyata keçirmək üçün yorulmadan çalışan hər bir könüllüyə ürəkdən minnətdarıq! Əmin olun ki, Yehova bu layihələri öz ianələri ilə dəstəkləyən təbliğçiləri mükafatsız qoymur (Luka 21:1—4).
12 Maarifləndirmə işi. İndi isə bizi ruhani cəhətdən maarifləndirən məktəblər barədə danışaq (Əşy. 2:2, 3). Məsələn, Öncül Məktəbi, Padşahlıq Müjdəçiləri Məktəbi, Gilad Məktəbi, Yeni Beytellilər üçün Məktəb, Rayon Nəzarətçiləri və Həyat Yoldaşları üçün Məktəb, Yığıncaq Ağsaqqalları üçün Məktəb, Məsul Qardaşlar üçün Məktəb, Filial Komitələrinin üzvləri və Həyat Yoldaşları üçün Məktəb. Bəli, göründüyü kimi Yehova Allah xalqının elmli, savadlı olmasını istəyir! Bu məktəblərdən savayı, biz yüzlərlə dildə nəşrlərin yerləşdiyi jw.org saytı vasitəsilə də təlim alırıq. Saytda uşaqlar və ər-arvadlar üçün nəzərdə tutulmuş bölmə, həmçinin xəbərlər bölməsi var. Siz bu saytdan xidmətdə və ailəvi ibadət zamanı istifadə edirsiniz?
YEHOVAYA SADİQ QALIN VƏ ONUN TƏŞKİLATINI DƏSTƏKLƏYİN
13. Yehovanın xidmətçisi olduğumuz üçün öhdəmizə hansı məsuliyyət düşür?
13 Yehovanın təşkilatının üzvü olmaq böyük şərəfdir! Allahın tələblərini və qayda-qanunlarını bilmək üzərimizə doğru işlər görmək və Allahın hakimiyyətini dəstəkləmək məsuliyyəti qoyur. Bu dünya şər, murdar işlərin içində batır, buna görə də biz Yehova kimi pisliyə nifrət etməliyik (Zəb. 97:10). Biz «pisə yaxşı, yaxşıya pis deyən» allahsız insanlar kimi olmamalıyıq (Əşy. 5:20). Allahı razı salmaq istəyiriksə, fiziki, mənəvi və ruhani cəhətdən təmiz olmalıyıq (1 Kor. 6:9—11). Biz Yehovanı sevirik və Ona güvənirik, buna görə də sədaqət göstərib Onun Kitabında verilən göstərişlərə əməl edirik. Əlimizdən gələni edirik ki, evdə, yığıncaqda, işdə, məktəbdə, bir sözlə, hər yerdə Allahın tələblərinə uyğun yaşayaq (Məs. 15:3). Gəlin Allaha sədaqət tələb edən başqa sahələri də nəzərdən keçirək.
14. Məsihi valideyn Allaha sadiq olduğunu necə göstərə bilər?
14 Uşaqlara tərbiyə vermək. Məsihi valideyn uşağını Allahın Kəlamına əsaslanaraq tərbiyə edəndə Yehova Allaha sədaqətli olduğunu göstərir. Allahı sevən valideyn uşağı adət-ənənənin təsiri altında tərbiyə etməməlidir. Məsihi ailəsində dünyanın ruhu olmamalıdır (Efes. 2:2). Məsihi ataya belə sözlər demək yaraşmaz: «Bizim cəmiyyətdə uşağı tərbiyə etmək qadının işidir». Müqəddəs Kitabda bununla bağlı aydın göstəriş var. Orada deyilir: «Atalar, uşaqlarınızı... Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə böyüdün» (Efes. 6:4). Yehova Allahı sevən valideyn istəyir ki, uşağı balaca İşmuil kimi Yehova ilə dost olsun (1 İşm. 3:19).
15. Vacib qərarlar verərkən Yehovaya sadiq olduğumuzu necə göstərə bilərik?
15 Qərar verəndə. Vacib qərar verəndə Yehovaya sadiq olduğumuzu sübut etmək üçün qərar verməzdən əvvəl Müqəddəs Kitabdan və Allahın təşkilatından məsləhət axtarmalıyıq. Bunun vacibliyini başa düşmək üçün gəlin bir çox valideynlər üçün həssas mövzu olan bir məsələ barədə danışaq. Məsələn, bəzi mühacirlər arasında belə bir hal geniş yayılıb: onlar yeni doğulan körpələrini vətənə qohumlarının yanına göndərirlər ki, rahat işləyib pul qazana bilsinlər. Düzdür, bu məsələdə hər kəs özü qərar verir, amma bir şeyi unutmamalıyıq ki, verdiyimiz hər qərara görə Allahın qarşısında cavab verəcəyik. (Romalılara 14:12 ayəsini oxuyun.) Ailə məsələləri ilə və dolanışıqla bağlı vacib qərarları Allahın Kəlamından məsləhət axtarmadan vermək nə dərəcədə ağıllı olardı?! Addımlarımızı yönəltmək ixtiyarımızda olmadığı üçün səmavi Atamızın köməyinə ehtiyacımız var (Ərm. 10:23).
16. Bir ana hansı qərarı verir və ona düzgün qərar verməyə nə kömək edir?
16 Başqa ölkəyə köçən bir qadın oğlu dünyaya gələndən sonra uşağı qayınanasıgilin yanına göndərmək istəyir. Elə həmin vaxtlar o, Müqəddəs Kitabı öyrənməyə başlayır. O, ruhani addımlar atır və anlayır ki, Allah valideynin üzərinə uşağı boya-başa çatdırmaq və Allahın yolunda tərbiyə etmək vəzifəsi qoyub (Zəb. 127:3; Məs. 22:6). Bu gənc qadın Müqəddəs Kitabda məsləhət görüldüyü kimi ürəyini Yehovaya boşaldır (Zəb. 62:7, 8). O, həmçinin vəziyyəti onunla dərs keçən bacıya və yığıncaqdakı digər bacı-qardaşlara danışır. Qohumları və dostları təkid edir ki, o, uşağı nənə-babasının yanına göndərsin. Amma o, onların sözünə qulaq asmır, çünki bunun düzgün olmadığını başa düşür. Onun həyat yoldaşı görəndə ki, yığıncaq üzvləri arvadına və uşağa necə qayğı göstərirlər Müqəddəs Kitabı öyrənməyə və ailəsi ilə birgə yığıncaq görüşlərinə getməyə başlayır. Bu qadın əmindir ki, Yehova onun səmimi duasına cavab verib. Bəs siz necə düşünürsünüz?
17. Təşkilat Müqəddəs Kitab dərsləri ilə bağlı hansı məsləhətləri verir?
17 Göstərişə əməl etmək. Yehovaya sadiq qalmalı olduğumuz vacib sahələrdən biri təşkilatdan gələn göstərişlərə əməl etməkdir. Misal kimi Müqəddəs Kitab dərsi keçməklə bağlı verilən məsləhətləri gətirmək olar. Məsləhət görülür ki, əsas dərs vəsaitindən dərsi keçəndən sonra bir neçə dəqiqə ərzində şagirdə təşkilatla bağlı məlumat verək. Bunun üçün «İbadət görüşlərimiz necə keçirilir?» adlı videodan və «Yehova Allahın müasir xalqı» broşüründən istifadə etmək olar. Hətta vəftiz olsa belə, ruhani addımlar atan şagirdlə əsas dərs vəsaitindən sonra «Allahın məhəbbətindən ayrılmayın» kitabını keçmək lazımdır. Təşkilatın bu göstərişi verməkdə məqsədi odur ki, yeni şagirdlər imanda sarsılmaz olsunlar (Kol. 2:7). Yehovanın təşkilatının verdiyi bu göstərişlərə boyun əyirsiniz?
18, 19. Yehovaya nələrə görə şükr etməliyik?
18 Biz Yehovaya daim şükr etməliyik, çünki O bizə saysız-hesabsız nemətlər bəxş edib! Həyatımızı Ona borcluyuq, Onsuz biz var olmazdıq (Həv. 17:27, 28). O, bizə çox dəyərli bir hədiyyə, Öz Kitabını bəxş edib. Salonikidəki məsihilər kimi, biz də bu Kitabın Allahın Kəlamı olduğunu qəbul edirik və onu dəyərləndiririk (1 Salon. 2:13).
19 Müqəddəs Kitabın köməyi ilə biz Allaha, Allah da bizə yaxınlaşır (Yaq. 4:8). Səmavi Atamız bizi Öz təşkilatının üzvü etməklə, bizə böyük şərəf nəsib edib. Bu yaxşılığına görə Ona ürəkdən minnətdarıq! Məzmurçu bu barədə gözəl yazmışdı: «Yehovaya şükür edin! O, kəramətlidir, məhəbbəti əbədidir» (Zəb. 136:1). 136-cı məzmurda «məhəbbəti əbədidir» ifadəsi 26 dəfə işlənir. Əgər Yehovaya sadiq qalsaq və təşkilatı vasitəsilə verdiyi göstərişlərə əməl etsək, bu sözlərin doğruluğunu əbədiyyən öz üzərimizdə hiss edəcəyik!