Yeni şəxsiyyəti geyinək
«Yeni şəxsiyyəti geyinin» (KOL. 3:10).
1, 2. a) Nəyin əsasında deyə bilərik ki, yeni şəxsiyyəti geyinmək mümkündür? b) Koloslulara 3:10—14 ayələrində yeni şəxsiyyətə daxil olan hansı xüsusiyyətlər sadalanır?
«YENİ şəxsiyyət». Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ndə bu ifadəyə iki dəfə rast gəlinir (Efes. 4:24; Kol. 3:10). Yeni şəxsiyyət «Allahın iradəsinə əsasən» yaradılıb. Onu hər kəs özündə yetişdirə bilər. Çünki Yehova Allah insanları Öz bənzərində yaradıb. Bu da o deməkdir ki, biz Onun gözəl xüsusiyyətlərini təzahür etdirə bilərik (Yar. 1:26, 27; Efes. 5:1).
2 Adəmlə Həvvadan qeyri-kamilliyi miras aldığımız üçün ürəyimizdə düzgün olmayan istəklər yarana bilər. Bundan əlavə, yaşadığımız dünya da bizə mənfi təsir edir. Amma mərhəmətli Allahımızın köməyi ilə biz Onun bəyəndiyi insan ola bilərik. Bu məqsədə çatmaq üçün yeni şəxsiyyətin bəzi xüsusiyyətlərini nəzərdən keçirəcəyik. (Koloslulara 3:10—14 ayələrini oxuyun.) Həmçinin təbliğ xidməti zamanı da bu xüsusiyyətləri necə göstərə biləcəyimiz haqda danışacağıq.
HAMIMIZ BİRİK
3. Yeni şəxsiyyətin cəhətlərindən biri hansıdır?
3 Bulus yeni şəxsiyyəti geyinməyi tövsiyə edəndən sonra onun bir vacib tərəfi, ayrı-seçkilik etməmək haqda danışmağa başlayır. O deyir: «Burada yunan və ya yəhudi, sünnətli və ya sünnətsiz, əcnəbi, skifa, qul, azad yoxdur». Nə üçün yığıncaqda irqi, milli və sosial ayrı-seçkilik olmamalıdır? Hamımız Məsih İsanın davamçıları kimi bir olduğumuz üçün (Kol. 3:11; Qal. 3:28).
4. a) Yehovanın xidmətçiləri başqaları ilə necə rəftar etməlidir? b) Hansı vəziyyətlər məsihi birliyini poza bilər?
4 Yeni şəxsiyyəti geyinən şəxs sosial vəziyyətindən və irqindən asılı olmayaraq öz dindaşları və digər insanlarla hörmətlə davranır (Rom. 2:11). Dünyanın bəzi ölkələrində bu, problemli məsələdir. Misal üçün, keçmişdə Cənubi Afrikada ərazilər irqlərə görə bölünmüşdü. Məsihilər də daxil olmaqla, əksər insanlar hələ də onlar üçün ayrılmış ərazilərdə yaşayırlar. 2013-cü ilin oktyabr ayında Rəhbərlik Şurası bu ərazilərdə yaşayan bacı-qardaşların bir-birini yaxından tanıması üçün tədbir planı hazırladı (2 Kor. 6:13). Tədbirin planına nə daxil idi?
5, 6. a) Cənubi Afrikada Allahın xalqı arasında birliyi möhkəmləndirmək üçün hansı tədbir görülmüşdü? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Bu tədbir hansı xoş nəticələr verdi?
5 Fərqli dillərdə danışan və ya fərqli irqlərdən olan iki yığıncaq bəzi həftəsonları bir-birilə əməkdaşlıq etməli idi. Hər iki yığıncaqdan olan bacı-qardaşlar birlikdə təbliğ etməli, ibadətlərə birgə qatılmalı və bir-birilərini qonaq çağırmalı idilər. Bu tədbirdə yüzlərlə yığıncaq iştirak edib. Tədbirin gətirdiyi xoş bəhrələrlə bağlı filiala çoxlu məktublar gəlib. Hətta Yehovanın Şahidi olmayan insanlar da xoş təəssüratlarını bölüşüblər. Məsələn, bir din xadimi deyib: «Mən Yehovanın Şahidi deyiləm. Amma deyə bilərəm ki, sizin təbliğ fəaliyyətiniz çox yüksək səviyyədə təşkil olunub və aranızda irqi ayrı-seçkilik yoxdur». Bəs bu tədbirin məsihilərə gətirdiyi fayda haqda nə demək olar?
6 Kosa dilində danışan Noma adlı bir bacı deyir ki, evi şəraitsiz olduğundan ingilisdilli yığıncaqdan ağdərili bacı-qardaşları evinə dəvət etməyə əvvəl-əvvəl tərəddüd edirdi. Amma ağdərili bacı-qardaşlarla xidmətə çıxdıqdan və onların evində qonaq olduqdan sonra bacı dedi: «Onlar da bizim kimi adi insanlar imiş!» Odur ki, qonaqpərvərlik göstərmək növbəsi onun yığıncağına çatanda o, yemək bişirir və bir neçə ağdərili bacı-qardaşı evinə dəvət edir. Qonaqların arasında bir ağsaqqal da var idi. Noma bölüşür: «O hətta yeşiyin üstündə oturmağa da hazır idi. Onun bu davranışı mənim üçün gözlənilməz oldu». Bu günə kimi davam edən bu tədbirin sayəsində bacı-qardaşlar yeni-yeni dostlar qazanıblar və bundan sonra da məhəbbət tellərini möhkəmləndirmək əzmindədirlər.
ŞƏFQƏTİ VƏ XEYİRXAHLIĞI GEYİNƏK
7. Nə üçün şəfqət göstərməyə həmişə ehtiyac var?
7 Hələ ki Şeytanın dünyası məhv olmayıb, biz sınaqlarla üzləşəcəyik. Bu gün işsizlik, ciddi xəstəliklər, təqiblər, təbii fəlakətlər, oğurluq və sairə problemlər bizi üzür. Bu çətin və sıxıntılı vaxtlarda bir-birimizə dayaq olmaq üçün bizə şəfqətli olmaq lazımdır. Şəfqət bizi başqalarına xeyirxahlıq etməyə təşviq edəcək (Efes. 4:32). Yeni şəxsiyyətə daxil olan bu iki xüsusiyyət sayəsində Allaha bənzəyəcək və insanlar üçün təsəlli mənbəyi olacağıq (2 Kor. 1:3, 4).
8. Yığıncaqda hamıya şəfqət və xeyirxahlıq göstərmək hansı bəhrələri verə bilər? Hansı hadisəni misal çəkmək olar?
8 Yığıncağımızdakı əcnəbilərə və imkansızlara necə qayğı göstərə bilərik? Biz onlarla dost olmalı və yığıncağın dəyərli üzvləri olduqlarını hiss etdirməliyik (1 Kor. 12:22, 25). Gəlin Filippindən Yaponiyaya köçən Danikarlın hadisəsinə baxaq. Əcnəbi olduğu üçün işdə ona qarşı ayrı-seçkilik edirdilər. Bir dəfə o, ibadət görüşümüzə gəlir. Danikarl deyir: «Yığıncaqdakıların hamısı yaponlar olsa da, onlar məni mehriban qarşıladılar, sanki onların keçmiş tanışı idim». Bacı-qardaşların xeyirxahlığı ona Yehova Allahla dost olmağa kömək elədi. Danikarl vəftiz oldu və hal-hazırda ağsaqqal kimi xidmət edir. Yığıncağın digər ağsaqqalları Danikarl və onun həyat yoldaşını yığıncaq üçün əsl hədiyyə hesab edirlər. Ağsaqqallar deyir: «Onlar sadə həyat sürərək öncül kimi xidmət edirlər, bununla da Padşahlığı birinci yerə qoymaqda digərlərinə gözəl nümunədirlər» (Luka 12:31).
9, 10. Təbliğdə şəfqət göstərmək hansı bəhrələri gətirir? Hansı hadisəni misal çəkmək olar?
9 İnsanlarla xoş xəbər haqda danışanda onlara yaxşılıq etmək imkanımız olur (Qal. 6:10). Miqrantlara olan şəfqət hissindən irəli gələrək bir çox bacı-qardaş yeni dil öyrənir (1 Kor. 9:23). Bu, çoxlu bəhrələr gətirir. Misal üçün, Avstraliyada yaşayan Tifani adlı öncül bacı Brisben şəhərindəki suahili dilində danışan yığıncağa kömək etmək üçün bu dili öyrənmişdi. Suahili dilini öyrənmək çox zəhmət tələb etsə də, bunun mükafatı böyük idi. O bölüşür: «Əgər maraqlı və dolğun xidmət istəyirsinizsə, əcnəbidilli yığıncaqda xidmət etmək əsl sizlikdir. Bu, yaşadığın ölkəni tərk etmədən səyahət etməyə bənzəyir. Sizin beynəlxalq qardaşlıqdan faydalanmaq imkanınız olur və onun möcüzəli birlik olduğunu öz gözlərinizlə görürsünüz».
10 İndi isə Yaponiyada yaşayan Sakiko bacımızın ailəsinin nümunəsinə baxaq. Bacı deyir: «Ev-ev təbliğ edən zaman braziliyalı miqrantlarla tez-tez rastlaşırdıq. Onlara portuqalca Müqəddəs Kitabdan Vəhy 21:3, 4 və Zəbur 37:10, 11, 29 ayələrini göstərəndə onlar maraqla qulaq asırdılar və bəzən gözlərindən yaş süzülürdü». Şəfqət hissi Sakiko bacının ailəsini miqrantlara daha çox kömək etməyə təşviq etdi. O deyir: «Onların ruhani susuzluğunu görəndə ailəlikcə portuqal dilini öyrənməyi qarşımıza məqsəd qoyduq». Sonralar bu ailənin zəhməti sayəsində portuqaldilli yığıncaq yarandı. İllər ərzində ailə bir çox miqranta Yehovanın xidmətçisi olmağa kömək etmişdi. Sakiko deyir: «Portuqal dilini öyrənmək xeyli əziyyət tələb edir. Amma çəkdiyimiz zəhmət biçdiyimiz bəhrələrin yanında heç də böyük görünmür. Şükürlər olsun Yehovaya!» (Həvarilərin işləri 10:34, 35 ayələrini oxuyun.)
TƏVAZÖKARLIĞI GEYİNƏK
11, 12. a) Nəyə görə yeni şəxsiyyəti geyinmək düzgün niyyətdən irəli gəlməlidir? b) Həmişə təvazökar qalmağa bizə nə kömək edəcək?
11 Yeni şəxsiyyəti geyinməkdə məqsədimiz özümüzə alqış qazandırmaq yox, Yehovaya şərəf gətirmək olmalıdır. Unutmayaq ki, hətta Allahın mələyi özü haqda yüksək fikirdə olub günaha batmışdı. Əgər kamil varlıq belə, özündənrazılıq tələsinə düşübsə, onda görün biz qeyri-kamil insanlar bu xüsusiyyətdən uzaq durmaq üçün nə qədər səy göstərməliyik! (Hizqiyal 28:17 ayəsi ilə müqayisə edin.) Bununla belə, təvazökarlığı geyinmək mümkündür. Bu sahədə bizə nə kömək edə bilər?
12 Həmişə təvazökar qalmaq üçün Allahın Kəlamını hər gün mütaliə etmək lazımdır (Qan. 17:18—20). İsa Məsihin təlimləri və təvazökarlıqla etdiyi xidmətdən özümüzə nəticə çıxarmağın bizə bu sahədə xüsusi faydası dəyəcək (Mət. 20:28). Məsələn, Məsihin öz şagirdlərinin ayaqlarını yuması kimi hadisələrdən çox şey öyrənmək olar (Yəh. 13:12—17). Bundan əlavə, biz özümüzü başqalarından üstün hesab etmək hissi ilə mübarizə aparmaq üçün duada Yehovadan müqəddəs ruh diləməliyik (Qal. 6:3, 4; Filip. 2:3).
13. Təvazökar olmağın mükafatı nədir?
13 Məsəllər 22:4 ayəsini oxuyun. Təvazökarlıq seçim məsələsi deyil. Allah hər bir xidmətçisindən təvazökar olmağı tələb edir. Bununla yanaşı təvazökar olmağın mükafatı da var. Əgər təvazökar olsaq, yığıncaqda sülhü və birliyi qoruyacağıq. Bundan başqa, təvazökarlıq insana Allahın lütfünü qazandırır. Həvari Butrus demişdi: «Hamınız bir-birinizlə münasibətdə təvazökar olun, çünki Allah məğrurlara qarşı çıxır, təvazökarlara isə lütf göstərir» (1 But. 5:5).
MÜLAYİMLİYİ VƏ SƏBRİ GEYİNƏK
14. Mülayim və səbirli olmaqda ən gözəl nümunəni kim qoyub?
14 Bu gün dünyada mülayim və səbirli insana zəif insan kimi baxırlar. Ancaq bu cür düşüncə həqiqətdən çox uzaqdır. Çünki bu gözəl xüsusiyyətlər sonsuz güc Sahibindən qaynaqlanır. Yehova Allah mülayimlik və səbir göstərməkdə ən gözəl nümunədir (2 But. 3:9). İbrahim peyğəmbərin və Lutun verdiyi suallara Yehovanın mələkləri vasitəsilə necə səbirlə cavab verdiyini yadınıza salın (Yar. 18:22—33; 19:18—21). Həmçinin Yehovanın Ona asi çıxan İsrail xalqı ilə 1500 ildən çox necə səbirlə davrandığını xatırlayın (Hizq. 33:11).
15. Mülayim və səbirli olmaqda İsa Məsih bizə hansı nümunəni qoyub?
15 İsa Məsih həlim insan idi (Mət. 11:29). O, şagirdlərinin zəifliklərinə qarşı böyük səbir göstərirdi. Məsih xidməti boyu din rəhbərlərinin haqsız ittihamlarına məruz qalmışdı, bununla belə o, son nəfəsinə qədər mülayimlik və səbir nümayiş etdirmişdi. Hətta işgəncə dirəyində əzab çəkərkən belə, onu edam edənlər üçün dua edirdi: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər» (Luka 23:34). Dəhşətli ağrılar və çətin vəziyyətlər qarşısında belə, İsa Məsihin mülayim və səbirli olması adamı heyrətə gətirir. (1 Butrus 2:21—23 ayələrini oxuyun.)
16. Mülayim və səbirli olduğumuzu əməldə necə göstərə bilərik?
16 Mülayim və səbirli olmaq üçün nə edə bilərik? Bulus bunun bir üsulunu vurğulamışdı: «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın. Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız» (Kol. 3:13). Bu əmrə əməl etmək üçün bizdə mülayimlik və səbir xüsusiyyətləri olmalıdır. Başqalarını bağışlayanda isə biz yığıncaqda birliyi qoruyub saxlamış oluruq.
17. Mülayim və səbirli olmaq nə üçün vacibdir?
17 Mülayimliyi və səbri geyinmək istəyə bağlı bir məsələ deyil. Bu, bizim xilas olmağımız üçün şərtdir (Mət. 5:5; Yaq. 1:21). Ən əsası isə biz bu iki xüsusiyyətin sayəsində Allahı şərəfləndirir, həmçinin insanların Müqəddəs Kitabdakı məsləhətlərə qulaq asmasına səbəb oluruq (Qal. 6:1; 2 Tim. 2:24, 25).
MƏHƏBBƏTƏ BÜRÜNƏK
18. Məhəbbət və ayrı-seçkilik etməmək bir-biri ilə necə bağlıdır?
18 Müzakirə etdiyimiz bütün xüsusiyyətlər məhəbbət xüsusiyyəti ilə sıx bağlıdır. Məsələn, Məsihin davamçısı Yaqub varlıları kasıblardan üstün tutan məsihilərə düzəliş vermişdi. O göstərmişdi ki, ayrı-seçkilik qanunların şahı olan «başqasını özünü sevdiyin kimi sev» qanununu birbaşa pozur. Yaqub onları xəbərdar edərək demişdi: «Əgər ayrı-seçkilik edirsinizsə, günah işləyirsiniz» (Yaq. 2:8, 9). Bəli, əgər bizdə məhəbbət varsa, biz insanlar arasında təhsilinə, irqinə və sosial təbəqəsinə görə fərq qoymayacağıq. Bizim hərəkətlərimizdə, düşüncəmizdə ayrı-seçkilikdən əsər-əlamət olmamalıdır.
19. Məhəbbətə bürünmək nə üçün vacibdir?
19 Müqəddəs Kitabda yazılıb ki, məhəbbət «səbirli və xeyirxahdır,.. qürrələnmir» (1 Kor. 13:4). Padşahlıq haqda xoş müjdəni yaymağa bundan sonra da davam etmək üçün həqiqətən də bizə səbir, xeyirxahlıq və təvazökarlıq xüsusiyyətləri çox vacibdir (Mət. 28:19). Əgər bu xüsusiyyətlər bizdə varsa, yığıncaqdakı bütün bacı-qardaşlarla yola getmək bizə daha asan olacaq. Məhəbbətə bürünməyin mükafatı nədir? Hər birimiz məhəbbət göstərsək, yığıncağımızda birlik hökm sürəcək və Yehovanın adı ucalacaq. Başqaları da bu birliyi görəndə onlarda həqiqətə qarşı maraq oyanacaq. Müqəddəs Kitabda yeni şəxsiyyətin təsvirinin sonunda belə bir təsirli sözlər yazılıb: «Bütün bunlardan ziyadə, məhəbbətə bürünün, çünki məhəbbət insanlar arasında kamil birlik yaradır» (Kol. 3:14).
DAİMA YENİLƏNƏK
20. a) Özümüzə hansı sualları verməliyik? Nə üçün bu sualların üzərində düşünməyə dəyər? b) Qarşıda bizi hansı gözəl gələcək gözləyir?
20 Hər bir insan özündən soruşmalıdır: «Köhnə şəxsiyyəti əynimdən çıxarıb atmaq üçün daha nə edə bilərəm?» Allahdan kömək diləyib Padşahlığa girməyimizə mane ola biləcək xasiyyət və hərəkətlərdən azad olmaqdan ötrü var gücümüzlə çalışmalıyıq (Qal. 5:19—21). Biz həmçinin özümüzdən soruşmalıyıq: «Daima düşüncə tərzimi yeniləşdirirəm?» (Efes. 4:23, 24). Yeni şəxsiyyəti geyinib onu əynimizdən çıxarmamaq üçün daima çalışmaq lazımdır, ta ki kamilliyə yetişənəcən. O zaman bütün dost-tanışlarımız yeni şəxsiyyəti mükəmməl dərəcədə əks etdirəcəklər. Görün onda həyat necə gözəl olacaq!
a Müqəddəs Kitabın yazıldığı dövrlərdə skiflərə geridə qalmış, mədəniyyətdən uzaq bir insan kimi baxırdılar.