Nikahınızda ‘üçqat ipi’ qoruyun
«Üçqat ip tez qırılmaz» (VAİZ 4:12).
1. İlk insan cütünü nikahda kim birləşdirdi?
BİTKİ və heyvanat aləmini yaratdıqdan sonra Yehova Allah ilk insan olan Adəmi yaratdı. Bir qədər sonra Allah Adəmi dərin yuxuya verdi və qabırğasından birini götürüb ona kamil bir köməkçi yaratdı. Adəm onu görüb dedi: «Bax, nəhayət, bunun sümüyü mənim sümüyümdən, bədəni mənim bədənimdəndir» (Yar. 1:27; 2:18, 21-23). Yehova ilk insan cütünü nikahda birləşdirməklə və onlara xeyir-dua verməklə ilk qadının yaranmasının niyyətinə uyğun olduğunu göstərdi (Yar. 1:28; 2:24).
2. Şeytan Adəmlə Həvvanın arasını necə vurdu?
2 Əfsuslar olsun ki, çox keçməmiş Allahın yaratdığı nikah quruluşu hücuma məruz qaldı. Bu necə oldu? Şeytan adlanan pis ruhani varlıq Həvvanı aldadaraq onları qadağan olunmuş ağacın meyvəsindən yeməyə təhrik etdi. Sonra Adəm Allahın qanuni hökmranlığına və düzgün rəhbərliyinə qarşı üsyan qaldıran arvadına qoşuldu (Yar. 3:1-7). Yehova onları etdikləri işə görə cavab verməyə çağıranda artıq ilk ər-arvadın münasibətinin pozulduğu aydın görünürdü. Adəm arvadını təqsirləndirərək dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim» (Yar. 3:11-13).
3. Bəzi yəhudilərin hansı səhv baxışları var idi?
3 Şeytan ərlə arvadın arasını vurmaq üçün əsrlər boyu müxtəlif hiylələrə əl atıb. Misal üçün, bəzən o, din rəhbərlərindən istifadə edərək nikaha dair Müqəddəs Yazılara zidd baxışları yayırdı. Bəzi yəhudi rəhbərləri ərlərə cüzi şeylərə görə, məsələn, yeməyi duzlu etdiyinə görə öz arvadlarını boşamağa icazə verməklə Allahın normalarını dəyərdən salırdılar. Amma görün İsa nə dedi: «Kim cinsi əxlaqsızlıqdan başqa səbəblə arvadını boşayıb başqası ilə evlənərsə, zina edər; boşanmış qadınla evlənən də zina edər» (Mat. 19:9).
4. Bu gün nikah quruluşu hansı hücuma məruz qalır?
4 Şeytan bu gün də nikah tellərini pozmaq üçün dəridən-qabıqdan çıxır. Eynicinsli insanlar arasında nikah, nikahda olmayan iki nəfərin birgə yaşaması və boşanmanın asanlaşması göstərir ki, Şeytan nikahın dağıdılmasında böyük nailiyyətlər əldə edib. (İbranilərə 13:4 ayəsini oxu.) Biz məsihçilər nikaha dair geniş yayılmış yanlış nöqteyi-nəzərin təsirinə düşməkdən özümüzü necə qoruya bilərik? Gəlin xoşbəxt və uğurlu nikahın bəzi cəhətlərini nəzərdən keçirək.
Nikahda Yehovanın yeri
5. «Üçqat ip» ifadəsi nikaha aid edildikdə hansı mənanı daşıyır?
5 Nikahın uğurlu olması üçün ərlə arvadın həyatında Yehovanın yeri olmalıdır. Onun Kəlamında deyilir: «Üçqat ip tez qırılmaz» (Vaiz 4:12). «Üçqat ip» ifadəsi məcazi məna daşıyır. Bu ifadə nikaha aid ediləndə o deməkdir ki, ipin ikisi ərlə arvaddır və onlar Yehova Allahı təmsil edən bir əsas iplə birləşiblər. Bunun sayəsində ərlə arvad çətinliklərin öhdəsindən gəlmək üçün ruhani güc-qüvvə əldə edir və ailə həyatında xoşbəxt olur.
6, 7. a) Allahın onların nikahında olmaları üçün ərlə arvaddan nə tələb olunur? b) Bir bacı öz ərində ən çox nəyi qiymətləndirir?
6 Bəs nikahlarının «üçqat ip» kimi olması üçün ərlə arvaddan nə tələb olunur? Məzmurçu Davud oxuyurdu: «Ey Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir, qanunun qəlbimdədir» (Məz. 40:8). Allaha məhəbbətimiz bizi Ona səmimi-qəlbdən xidmət etməyə təşviq edir. Beləliklə, həm ər, həm də arvad Yehova ilə sıx münasibət qurmalı və Onun iradəsini yerinə yetirməkdən sevinc duymalı, həmçinin həyat yoldaşının Allaha məhəbbətini möhkəmləndirməyə çalışmalıdır (Sül. məs. 27:17).
7 Allahın qanunları həqiqətən də məsihçinin qəlbindədirsə, o, iman, ümid və məhəbbət kimi xüsusiyyətlər təzahür etdirəcək, bu xüsusiyyətlər isə nikah tellərini möhkəmləndirməyə kömək edəcək (1 Kor. 13:13). 50 ilidir ki, ərdə olan Sandra adlı bir məsihçi deyir: «Ərimdə ən çox qiymətləndirdiyim, onun Müqəddəs Kitab əsasında rəhbərlik və məsləhətlər verməsi və Yehovanı məndən çox sevməsidir». Ərlər, eyni sözləri sizin haqqınızda da demək olarmı?
8. Nikahda «yaxşı muzd» almaq üçün nə lazımdır?
8 Siz bir ailə kimi ruhani işləri və Padşahlığın maraqlarını həyatınızda birinci yerə qoyursunuzmu? Bundan əlavə, həqiqətənmi Yehovaya xidmətdə həyat yoldaşınıza əməkdaş kimi baxırsınız? (Yar. 2:24). Müdrik padşah Süleyman yazmışdı: «İki adam bir adamdan yaxşıdır, çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar» (Vaiz 4:9). «Yaxşı muzd» almaq üçün, yəni Allahın xeyir-duasına səbəb olan Onunla möhkəm və sevgi dolu münasibət inkişaf etdirmək üçün ərlə arvad çox çalışmalıdır.
9. a) Ərlərin vəzifəsi nədən ibarətdir? b) Koloslulara 3:19 ayəsinə əsasən, ərlər öz arvadları ilə necə davranmalıdırlar?
9 Allahın ailə həyatında olub-olmasının göstəricisi ərlə arvadın Onun tələblərinə müvafiq olmaq üçün səy göstərib-göstərməməsidir. Ərlərin ailənin fiziki və ruhani tələbatlarının qeydinə qalmaq kimi əsas vəzifəsi var (1 Tim. 5:8). Üstəlik, onlar arvadlarının emosional tələbatlarına qarşı diqqətli olmağa təşviq olunurlar. Koloslulara 3:19 ayəsində oxuyuruq: «Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın». Müqəddəs Kitabı tədqiq edən bir alim izah etmişdir ki, burada istifadə olunan «sərt davranmaq» ifadəsi «onlara acı sözlər deməyi, vurmağı, həmçinin məhəbbət, qayğı, təminat, müdafiə və köməkdən məhrum etməyi» özünə daxil edir. Aydındır ki, bu cür şeylərə məsihçi ailəsində yer yoxdur. Ər məhəbbətlə başçılıq etsə, həyat yoldaşı ona daha böyük məmnuniyyətlə tabe olacaq.
10. Məsihçi arvad nikahdakı mövqeyinə necə münasibət göstərməlidir?
10 Yehovanın onların nikahında olmasını istəyən məsihçi arvadlar da Allahın tələblərinə müvafiq olmalıdırlar. Həvari Pavel yazırdı: «Qadınlar! Rəbbə tabe olur kimi, ərlərinizə tabe olun. Çünki... Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi, ər də arvadın başıdır» (Efes. 5:22, 23). Şeytan Həvvaya Allahdan müstəqil olmağın daimi xoşbəxtlik gətirəcəyini deyərək yalan söylədi. Bu gün belə ruh özünü bir çox nikahlarda büruzə verir. Amma nikaha Allahın gözü ilə baxan qadın üçün başçılığını məhəbbətlə icra edən ərinə tabe olmaq xoşagəlməz deyil. Onlar unutmurlar ki, Yehova Həvvanı ərinə «münasib» köməkçi kimi yaratmışdı. Şübhəsiz ki, Yehova bu vəzifəni şərəfli hesab edir (Yar. 2:18). Allahın ailədə qadına verdiyi yeri qiymətləndirən məsihçi arvad həqiqətən də ərinin «tacıdır» (Sül. məs. 12:4).
11. Bir qardaş ailəsində xoşbəxtliyə necə nail olmuşdur?
11 Allahın nikahda olması üçün ər-arvad həm də Onun Kəlamını birgə araşdırmalıdır. 55 ildir ki, xoşbəxt ailə həyatı sürən Cerald deyir: «Nikahın xoşbəxt olması üçün ən vacibi Müqəddəs Kitabı birgə oxuyub-araşdırmaqdır». O əlavə edir: «Birlikdə iş görmək, xüsusilə də Allaha ibadət etmək ərlə arvadı bir-birinə və Yehovaya yaxınlaşdırır». Müqəddəs Kitabı bir yerdə öyrənmək ailələrə Yehovanın normalarını unutmamağa, Onunla münasibətlərini möhkəmləndirməyə və daima tərəqqi etməyə kömək edir.
12, 13. a) Nəyə görə birgə dua etmək ər-arvad üçün çox vacibdir? b) Daha hansı ruhani işlər nikah tellərini möhkəmləndirir?
12 Xoşbəxt ər-arvad həm də birgə dua edir. Ər Yehovaya duada ‘qəlbini açıb boşaldanda’ və çətinlikləri barədə konkret dua edəndə, əlbəttə ki, bu onların nikah tellərini möhkəmləndirməyə bilməz (Məz. 62:8). Məsələn, Külli-İxtiyar Allahdan duada rəhbərlik dilədikdən sonra ərlə arvada istənilən fikir ayrılığının öhdəsindən gəlmək necə də asan olacaq! (Mat. 6:14, 15). Dualarına müvafiq davranaraq bir-birlərinə kömək, ‘təhəmmül etməyə və bir-birlərini bağışlamağa’ hər ikisinin də qəti qərarlı olması necə də yaxşı olardı! (Kolos. 3:13). Unutmayın ki, sizin dua etməyiniz Allaha bel bağladığınızı göstərir. Padşah Davud demişdi: «Hamının gözü [«ümidlə», YD] Sənə baxır» (Məz. 145:15). Yehovaya ümidlə dua edəndə Onun ‘qayğımıza qaldığını’ bilərək az narahatçılıq keçiririk (1 Pet. 5:7).
13 Bundan savayı, Yehovanın nikahınızda olması üçün yığıncaq görüşlərinə getmək və birlikdə təbliğ etmək lazımdır. Bu görüşlərdə ailəli insanlar Şeytanın ailələri dağıtmaq üçün istifadə etdiyi ‘hiylələrə’ necə qarşı durmağı öyrənirlər (Efes. 6:11). Tez-tez birgə xidmət edən ər-arvad «möhkəm [və] sarsılmaz» olmağı öyrənir (1 Kor. 15:58).
Çətinliklər yarananda
14. Nikahda gərginliyin yaranmasına nələr səbəb ola bilər?
14 Əlbəttə, yuxarıda gətirilən məsləhətlər heç də yeni və ya qeyri-adi deyil, bəs nəyə görə onları həyat yoldaşınla açıqca müzakirə etməyəsən? Bəlkə, hansısa sahələrə daha çox diqqət yetirməyiniz lazımdır. Müqəddəs Kitabda deyilir ki, hətta nikahlarında Allah olan ər-arvadın da «həyatda əziyyəti olacaq» (1 Kor. 7:28). Qeyri-kamillik, qanunsuzluq hökm sürən dünyanın pis təsiri və Şeytanın fitnələri ucbatından hətta Allahın sadiq xidmətçilərinin də nikahında böyük gərginlik yarana bilər (2 Kor. 2:11). Lakin Yehova belə gərginliyin öhdəsindən gəlməkdə bizə kömək edir və bu mümkündür. Sadiq Əyyub mal-qarasını, qulluqçularını və uşaqlarını itirsə də, Müqəddəs Kitabın dediyinə görə, «bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazanmadı və Allahı təqsirləndirmədi» (Əyy. 1:13-22).
15. İnsanlar gərgin anlarda özlərini necə aparırlar və belə vəziyyətdə ər, yaxud arvad necə davransa daha yaxşı olar?
15 Əyyubun arvadı isə ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!» (Əyy. 2:9). Bəli, faciə baş verəndə, yaxud çətin vəziyyət yarananda güclü emosiyalar insanı düşünülməmiş hərəkətlərə sövq edə bilər. Hikmətli bir insan demişdi: «Gerçək qəsbkarlıq hikmətli adamı dəli edər» (Vaiz 7:7, KM). Əgər çətin vəziyyət yarananda həyat yoldaşın acı sözlər deyirsə, sakit qalmağa çalış. Həyat yoldaşına cavab qaytarsan, nəticədə birinizin, yaxud hər ikinizin də ağzından vəziyyəti daha da pisləşdirəcək söz çıxa bilər. (Məzmur 37:8 ayəsini oxu.) Buna görə də, həyat yoldaşının məyusluq və dilxorluqdan irəli gələrək dediyi «düşünülməmiş sözlər»inə fikir vermə (Məz. 106:33).
16. a) İsanın Matta 7:1-5 ayələrində dediyi sözləri nikaha necə tətbiq etmək olar? b) Nikahda tarazlı olmaq nə üçün çox vacibdir?
16 Ər-arvad bir-birindən çox şey tələb etməli deyil. Ər və ya arvad həyat yoldaşının müəyyən bir xüsusiyyətini görüb fikirləşə bilər: «Mən onu dəyişə bilərəm». Sən həyat yoldaşına tədricən irəliləyişlər etməyə məhəbbət və səbirlə kömək edə bilərsən. Lakin unutma ki, İsa başqasında xırda səhv axtaran insanı qardaşının gözündə «tükü» görən, öz gözündə isə «tiri» görməyənlə müqayisə etdi. İsa bizi təşviq edir: «Mühakimə etməyin ki, mühakimə olunmayasınız». (Matta 7:1-5 ayələrini oxu.) Bu sözlər ciddi nöqsanlara göz yummaq mənasını vermir. Təxminən 40 il evli olan Robert deyir: «Bir-biri ilə açıq və səmimi olmaq və əsaslı məzəmməti qəbul etməyə hazır olmaq üçün ərlə arvaddan konkret dəyişikliklər etmək tələb oluna bilər». Buna görə tarazlı ol. Həyat yoldaşında görmək istədiyin xüsusiyyətlər olmadığına görə məyus olmaqdansa, onun indi malik olduğu müsbət xüsusiyyətləri qiymətləndirməyi və sevməyi öyrən (Vaiz 9:9).
17, 18. Problemlər dəfedilməz kimi görünəndə köməyi kimdən ala bilərik?
17 Həyatda vəziyyətin dəyişməsi sınağa çevrilə bilər. Uşaqları olan ər-arvad çətinliklərlə qarşılaşa bilər. Ər-arvaddan biri, yaxud uşaq ciddi xəstələnə, yaşlı valideynlərə xüsusi qayğı tələb oluna və ya böyüyən uşaq evi tərk edə bilər. Digər dəyişikliklər teokratik təyinatlarla bağlı ola bilər. Bütün bunlar münasibətlərdə gərginliyə və narahatçılığa səbəb ola bilər.
18 Əgər nikahda yaranan gərginliyin son həddə çatdığını hiss edirsənsə, nə etmək olar? (Sül. məs. 24:10). Təslim olma! Şeytanı Yehovanın xidmətçilərindən birinin həqiqi ibadətdən dönməsi qədər sevindirən başqa bir şey yoxdur. Ərlə arvad belə edərsə, o daha çox sevinər. Buna görə, nikahınızın «üçqat ip» qalması üçün əlinizdən gələni edin. Müqəddəs Kitabda, şiddətli sınaqlara baxmayaraq, Allaha sadiq qalan bir çox insanların nümunəsi yazılıb. Məsələn, bir dəfə Davud ürəyini Yehovaya boşaldaraq demişdi: «Rəhm et mənə, ey Allah, insanlar... məni sıxışdırırlar» (Məz. 56:1). Nə vaxtsa insanlar səni də sıxışdırıbmı? Gərginliyinə yad və ya yaxın adamın səbəb olmasından asılı olmayaraq, yadda saxla ki, Davud dözümlü olmaq üçün qüvvə aldı, sən də ala bilərsən. O demişdi: «Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi» (Məz. 34:4).
Əldə edəcəyimiz xeyir-dualar
19. Biz Şeytanın hücumlarını necə dəf edə bilərik?
19 Yaşadığımız son günlərdə ərlə arvad ‘bir-birinə təskinlik verməli və bir-birini inkişaf etdirməlidir’ (1 Salon. 5:11). Unutma: Şeytan iddia edir ki, biz öz mənfəətimizi güddüyümüz üçün Yehovaya sadiq qalırıq. O, Allah qarşısında nöqsansızlığımızı sarsıtmaq üçün, nikahın dağılması da daxil olmaqla, hər bir üsula əl atacaq. Şeytanın hücumlarını dəf etmək üçün biz bütün ürəkdən Yehovaya güvənməliyik (Sül. məs. 3:5, 6). Pavel yazırdı: «Məni möhkəmləndirən... vasitəsilə hər şeyi etməyə qadirəm» (Filip. 4:13).
20. Allahın nikahda yeri olması hansı xeyir-duaları gətirir?
20 Allahın nikahda yeri olması bir çox xeyir-dualar gətirir. Bunu 51 il evli olan Coel və onun arvadı haqqında demək olar. O deyir: «Mən arvadıma və gözəl münasibətlərimizə görə Yehovaya daima təşəkkür edirəm. O, mənim əsl köməkçimdir». Bunun sirri nədədir? «Biz həmişə bir-birimizə xeyirxahlıq, səbir və məhəbbət göstərməyə çalışırıq». Heç kim bunu mükəmməl surətdə edə bilməz. Buna baxmayaraq, Müqəddəs Kitab prinsiplərini tətbiq etmək və Yehovanın nikahınızda yeri olması üçün əlinizdən gələni edin. Belə davransanız, nikahınız ‘tez qırılmayan üçqat ip’ kimi olacaq (Vaiz 4:12).
Yadınızdadırmı?
• Nikahda Yehovanın yeri olması nə deməkdir?
• Çətinliklər yarananda ərlə arvad nə etməlidir?
• Nikahınızda Yehovanın yeri olub-olmadığını necə öyrənə bilərsiniz?
[18-ci səhifədəki şəkillər]
Birgə dua etmək ərlə arvada çətinliklərin öhdəsindən gəlməyə kömək edir