‘Allahın Kəlamını doğruluqla öyrət’
“Çalış ki, özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim edəsən” (2 TİMOTEYƏ 2:15).
1, 2. a) İşçilərə alətlər nəyə görə lazımdır? b) Məsihçilər hansı işlə məşğuldurlar və onlar əvvəlcə Padşahlığı axtardıqlarını necə göstərirlər?
İŞLƏRİNİ yerinə yetirmək üçün işçilərə alətlər lazımdır. Lakin ələ keçən birinci aləti götürmək kifayət deyil. İşçiyə müvafiq alət gərəkdir və o, bu alətdən düzgün istifadə etməlidir. Əgər sən, misal üçün, anbar tikərkən iki lövhəni biri-birinə bərkitmək istəsəydin, sənə yalnız çəkic və mismar deyil, həm də mismar vurmaq qabiliyyəti gərək olardı ki, mismarlar əyilməsin. Çəkicdən istifadə etməyi bacarmadan mismar vurmaq çox çətindir, hətta heç nə alınmaya bilər. Lakin alətlərdən düzgün istifadə etsək, işi müvəffəqiyyətlə başa vurarıq.
2 İsanın davamçıları kimi, bizə tapşırıq verilmişdir. Bizə olduqca vacib iş tapşırılıb. İsa Məsih davamçılarını ‘əvvəlcə Padşahlığı axtarmağa’ təşviq edirdi (Matta 6:33, İ–93). Bunu biz necə edə bilərik? Üsulun birincisi — Padşahlıq haqqındakı təbliğ işində və şagirdlərin hazırlanmasında sə’yli olmaqdır. Xidmətimizi möhkəm surətdə Allahın Kəlamına əsaslandırmaq — ikinci üsuldur. Üçüncü üsul isə — nümunəvi davranışdır (Matta 24:14; 28:19, 20; Həvarilərin işləri 8:25; 1 Peter 2:12). Bu məsihçi tapşırığını müvəffəqiyyətlə və sevinclə yerinə yetirmək üçün bizə münasib “alətlər” və onlardan düzgün istifadə etmək bacarığı lazımdır. Bu sahədə həvari Pavel məsihçi zəhmətkeşi kimi gözəl bir nümunədir və o özü həmimanlılarını onu təqlid etməyə çağırırdı (1 Korinflilərə 11:1; 15:10). Biz, əməkdaşımız olan Paveldən nə öyrənirik?
Pavel — Padşahlığın çalışqan təbliğçisi
3. Nəyə görə demək olar ki, həvari Pavel Padşahlıq işində çalışqan işçi olmuşdur?
3 Pavel necə işçi olmuşdur? Şübhəsiz ki, çalışqan. Pavel qüvvəsini əsirgəmədən xoş xəbəri Aralıq dənizini əhatə edən geniş ərazilərdə yayırdı. Yorulmaq bilməyən bu həvari, Padşahlığı bu cür sə’ylə təbliğ etməsinin səbəbini bu cür izah edir: “Əgər Müjdəni təbliğ edirəmsə, iftixar etməyə haqqım yoxdur; çünki bu, mənim zəruri vəzifəmdir və əgər təbliğ etmirəmsə, vay halıma!” (1 Korinflilərə 9:16). Pavel yalnız öz həyatınımı xilas etməyə çalışırdı? Xeyr. O, xudbin insan deyildi. Pavel arzu edirdi ki, xoş xəbərin vasitəsilə başqa insanlar da xilas olsunlar. O yazırdı: “Hər kəs üçün hər şey oldum ki, hər necə olursa-olsun bə’zilərini xilas edim” (1 Korinflilərə 9:22).
4. Məsihçi işçilər Padşahlıq işində daha çox hansı “aləti” qiymətləndirirlər?
4 Həvari Pavel təvazökar işçi idi və yalnız öz şəxsi qabiliyyətinə arxalana bilməyəcəyini başa düşürdü. Dülgərə çəkic lazım olduğu kimi, Pavelə də, Allahın həqiqətini öz dinləyicilərinə aşılamaq üçün müvafiq “alət” lazım idi. Bəs onun əsas “aləti” nə idi? Allahın Kəlamı olan Müqəddəs Yazılar. Biz bütöv Müqəddəs Kitaba malikik və şagirdlər hazırlamaq işində o bizim başlıca “alətimizdir”.
5. Yaxşı müəllimlər olmaq üçün Müqəddəs Kitab ayələrini sitat gətirməkdən əlavə biz nə etməliyik?
5 Pavel bilirdi ki, Allahın Kəlamını doğruluqla öyrətmək, ondan sadəcə olaraq sitat gətirməkdən daha böyük mə’na daşıyır. O, öz dinləyicilərini “inandırmağa çalışırdı” (Həvarilərin işləri 28:23, İ–93). O, bunu necə edirdi? Pavel bir çox insanlara Padşahlıq haqqındakı həqiqəti qəbul etməkdə kömək edərkən Allahın yazılı Kəlamını müvəffəqiyyətlə istifadə edirdi. O, onlarla mülahizə yürüdürdü. Pavel Efesdəki sinaqoqda üç ay ərzində “çəkinmədən Allahın Padşahlığı haqqında mübahisə edir, insanları iqna eyləyirdi”. Bə’ziləri ‘inadcıl olub inanmaq istəməsələr də’, başqaları qulaq asırdılar. Pavelin Efesdəki xidməti sayəsində “Rəbbin kəlamı qüdrətlə yayılıb nüfuz qazanırdı” (Həvarilərin işləri 19:8, İ–93; 9, 20).
6, 7. Pavel xidmətini necə izzətləndirirdi və bunu biz necə edə bilərik?
6 Padşahlığın çalışqan təbliğçisi kimi Pavel xidmətini izzətləndirirdi (Romalılara 11:13). O, bunu necə edirdi? O, yüksəlməyə can atmırdı və hər yerdə Allahın əməkdaşı kimi tanınmaqdan da utanmırdı. Əksinə, xidmətini yerinə yetirməyi yüksək şərəf sayırdı. Pavel Allahın Kəlamını ustalıqla və effektlə öyrədirdi. Onun məhsuldar fəaliyyəti başqaları üçün də stimul idi və onları xidmətlərini tam surətdə yerinə yetirməyə təşviq edirdi. Onun xidməti bununla da izzətlənirdi.
7 Pavel kimi biz də Allahın Kəlamını tez-tez və effektlə istifadə edərək xidmətimizi izzətləndirə bilərik. Bizim məqsədimiz təbliğ xidmətinin müxtəlif sahələrində Müqəddəs Yazılardakı fikirləri daha çox insanlarla bölüşmək olmalıdır. Bəs bu zaman onları necə inandırmaq olar? Üç vacib üsulu müzakirə edək: 1) İnsanın diqqətini Allahın Kəlamına elə yönəlt ki, ona hörmətlə yanaşsın. 2) Oxuduğunu nəzakətlə izah et və onun söhbətə necə aid olduğunu göstər. 3) Müqəddəs Yazıların köməyi ilə inandırıcı tərzdə mülahizə yürüt.
8. Təbliğ işi üçün bu gün hansı “alətlər” var və siz onlardan necə istifadə edirsiniz?
8 Padşahlığın müasir təbliğçiləri Pavelin malik olmadığı “alətlərə” — vəsaitlərə malikdirlər. Bunların arasında kitablar, jurnallar, broşüralar, mə’lumat vərəqələri, traktatlar, audio-video yazılar mövcuddur. Ötən yüzillikdə biz həm də şahidlik üçün vərəqələrdən, fonoqraflardan, radiodan və üzərində səsucaldan qurğular qurulmuş maşınlardan istifadə edirdik. Şübhəsiz ki, ən yaxşı “alətimiz” Müqəddəs Kitabdır və əvəzi olmayan bu “alətdən” fəal surətdə və düzgün istifadə etməliyik.
Xidmətimiz möhkəm surətdə Allahın Kəlamına əsaslanmalıdır
9, 10. Pavelin Timoteyə verdiyi nəsihətdən Allahın Kəlamını istifadə etməyə dair nə öyrənirik?
9 Necə edək ki, Allahın Kəlamı əlimizdə yaxşı “alətə” çevrilsin? Bunun üçün Pavelin öz əməkdaşı Timoteyə dediyi sözlərə diqqət yetirmək lazımdır: “Çalış ki, özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim edəsən” (2 Timoteyə 2:15). “Həqiqət sözünü doğruluqla öyrədən” nə deməkdir?
10 “Doğruluqla öyrətmək” kimi tərcümə olunan yunan sözü, hərfi mə’nada “düz kəsmək” və ya “düz xətt üzrə yol salmaq” deməkdir. Yunanca Müqəddəs Yazılarda bu sözü yalnız Pavelin Timoteyə ünvanladığı nəsihətdə tapmaq olar. Bu sözlə tarlada düz açılan şırımı təsvir etmək olar. Əgər təcrübəli cütçünün açdığı şırım əyri olsaydı, əlbəttə ki, o utanardı. Timotey “utanmağa əsası olmayan... işçi” olsun deyə, Pavel ona xatırladırdı ki, Allahın Kəlamının həqiqi tə’limlərindən uzaqlaşmaq yolverilməzdir. Timotey çalışmalı idi ki, onun nöqteyi-nəzərləri öyrətdiyi tə’limlərə tə’sir etməsin. O, təbliğ etdiyi və öyrətdiyi hər şeyi tamamilə Müqəddəs Yazılara əsaslandırmalı idi (2 Timoteyə 4:2-4). Belə olan halda səmimi insanlar ağıllarını dünyəvi fəlsəfələrlə doldurmaz, Yehovanın nöqteyi-nəzərini qəbul edə bilərdilər (Koloslulara 2:4, 8). Vəziyyət bu gün də eyni cürdür.
Davranışımız nümunəvi olmalıdır
11, 12. Davranışımız Allahın Kəlamını doğruluqla öyrətmək qabiliyyətimizə necə tə’sir edir?
11 Biz Allahın Kəlamını doğruluqla öyrətməkdən daha artıq iş görməliyik. Bizim davranışımız öyrətdiklərimizə müvafiq olmalıdır. ‘Biz Allahın əməkdaşları’ olduğumuz üçün ikiüzlü işçilər olmalı deyilik (1 Korinflilərə 3:9). Allahın Kəlamında deyilir: “Bəs nə üçün sən başqalarını öyrədərək, özünü öyrətmirsən? Oğurlamamağı və’z edib, oğurlayırsanmı? “Zina etmə”, — deyərək, zina edirsənmi? Bütlərə nifrət edib, mə’bədləri soyursanmı?” (Romalılara 2:21, 22). Buna görə də Allahın müasir işçiləri olan bizlərə Allahın Kəlamını doğruluqla öyrətmək, növbəti nəsihətə riayət etmək deməkdir: “Bütün ürəyinlə Rəbbə güvən və öz anlayışına arxalanma; bütün yollarında onu tanı, o da sənin yollarını doğruldar” (Süleymanın məsəlləri 3:5, 6).
12 Allahın Kəlamını doğruluqla öyrədiriksə, hansı nəticəni gözləyə bilərik? Allahın yazılı Kəlamının qüvvəsinin səmimi insanların həyatına necə tə’sir göstərməyə qadir olduğunu nəzərdən keçirək.
Allahın Kəlamı həyatı kökündən dəyişməyə qadirdir
13. Allahın Kəlamını tətbiq etmək insana necə tə’sir edir?
13 İnsan Allahın Kəlamına e’tibar edirsə, bu Kəlam ona güclü tə’sir göstərir və həyatında təəccüblü dəyişikliklər etməyə kömək edir. Pavel Allahın kəlamının tə’sirini görmüş və qədim Salonikdə məsihçi olanlara onun müsbət tə’sirinə şəhadət etmişdir. Pavel onlara demişdir: “Biz Allaha daim şükür edirik ki, siz Allahın bizdən eşitdiyiniz kəlamını qəbul etdikdə, onu bəşəri söz olaraq deyil, əslində olduğu kimi, Allahın kəlamı olaraq qəbul etdiniz; siz imanlılara tə’sir edən də həmin kəlamdır” (1 Saloniklilərə 2:13). Həmin məsihçilər üçün — ümumiyyətlə, Məsihin bütün həqiqi davamçıları üçün — insan məntiqi, hər şeydən üstün olan Allahın müdrikliyi ilə müqayisəyəgəlməzdir (İşaya 55:9). Saloniklilər ‘böyük sıxıntı içində Müqəddəs Ruh sevinci ilə təbliği qəbul etdilər’ və başqa imanlılar üçün nümunə oldular (1 Saloniklilərə 1:5-7).
14, 15. Allahın Kəlamındakı xəbər nə qədər tə’sirlidir və nəyə görə?
14 Allahın Kəlamı, onun Mənbəyi olan Yehovanın Özü kimi böyük qüvvəyə malikdir. O, “yaşayan Allahdan” gəlir. “Göylər Rəbbin sözü ilə” yaradılmışdır. Həm də bu söz etməsi üçün göndərildiyi işi hər zaman bacaracaq (İbranilərə 3:12; Məzmur 33:6; İşaya 55:11). Bir Müqəddəs Kitab alimi qeyd etmişdir: “Allah Özünü Kəlamından ayırmır. O, Kəlamından yad bir şey kimi boyun qaçırmır. [...] Buna görə də Kəlam heç vaxt ölmür, onunla baş verənlərə qarşı hissini itirmir; o yaşayan Allahla qırılmaz tellərlə bağlıdır”.
15 Allahın Kəlamındakı xəbər nə qədər tə’sirlidir? O böyük qüvvəyə malikdir. Pavel bu barədə yazırdı: “Allahın kəlamı canlı və tə’sirli, hər cür ikiağızlı qılıncdan itidir; o, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıracaq qədər dəlib keçir və ürəyin düşüncə və niyyətlərini ayırd edir” (İbranilərə 4:12).
16. Allahın Kəlamı insanı nə dərəcədə dəyişməyə qadirdir?
16 Allahın yazılı Kəlamındakı xəbər “hər cür ikiağızlı qılıncdan itidir”. Bu xəbər o qədər kəskin qüvvəyə malikdir ki, insanlar tərəfindən yaradılan heç bir silah, heç bir alət onunla müqayisə edilə bilməz. Allahın Kəlamı ürəyin ən gizli guşələrini dəlib keçir və insanın düşüncə tərzinə, həmçinin meyllərinə tə’sir göstərərək mə’nəviyyatını dəyişir və onu Allaha məqbul olan işçiyə çevirir. Necə də güclü alətdir!
17. İzah edin: Allahın Kəlamı insanı necə dəyişə bilər?
17 İnsan özü barədə nə düşünsə də və özünü ətrafdakılara necə tanıtsa da, Allahın Kəlamı insanın daxili varlığını üzə çıxarır (1 Samuel 16:7). Hətta pis insan belə bə’zən özünün daxili mənliyini xeyirxahlıq və ya dindarlıq örtüyü altında gizlədə bilər. Bu cür ziyankar insanlar özlərinin pis məqsədlərini güdərək xeyirxah insan cildinə girirlər. Məğrur insanlar başqalarının onlarla fəxr etmələrini istəyərək, özlərini təvazökar insan kimi qələmə verirlər. Ürəyin əsl vəziyyətini ifşa edərək, Allahın Kəlamı təvazökar insanlara özlərindən köhnə mənliyi çıxarıb, “Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə yaradılmış yeni mənliyi” geyinmək üçün güclü stimul verə bilər (Efeslilərə 4:22-24). Allahın Kəlamının tə’limləri həm də cəsarətsiz insanlara dəyişilməkdə və Yehovanın cəsarətli Şahidləri, həmçinin Padşahlığın çalışqan təbliğçiləri olmaqda kömək etməyə qadirdir (Yeremya 1:6-9).
18, 19. Bu abzasların və ya sizin xidmətinizdə baş verən hadisənin əsasında, Müqəddəs Kitab həqiqətinin insanın baxışlarını necə dəyişdiyini söyləyin.
18 Harada yaşamalarından asılı olmayaraq, Allahın Kəlamı insanlara müsbət tə’sir göstərir. Məsələn, Padşahlığın Pnompendən (Kamboca) olan təbliğçiləri Kamponqsaom vilayətində ayda iki dəfə təbliğ edirdilər. Bir pastor qadın, kilsənin digər üzvlərinin Yehovanın Şahidlərinin əleyhinə danışdıqlarını eşidib, gələn dəfə Şahidlər vilayətdə təbliğ edəndə onlarla söhbət etmək qərarına gəldi. Görüş zamanı qadın onlara bayramlara dair çoxlu suallar verir və onların Müqəddəs Yazılara əsaslanan cavablarını diqqətlə dinləyirdi. Sonra o, ucadan dedi: “İndi mən bilirəm ki, yoldaşlarım sizin barənizdə düz danışmayıblar! Onlar iddia edirdilər ki, siz Müqəddəs Kitabdan istifadə etmirsiniz, amma siz bu gün ancaq ondan istifadə etdiniz!”
19 Bu qadın, onu pastor vəzifəsindən azad etmək hədələrinə baxmayaraq, Şahidlərlə Müqəddəs Kitab əsasında müzakirələri davam etdirdi. O, bu müzakirələr barəsində rəfiqəsinə danışdı və nəticədə o da Müqəddəs Kitabı Şahidlərlə öyrənməyə başladı. Əldə etdiyi biliklər qadının rəfiqəsinə elə tə’sir bağışladı ki, bir dəfə kilsə xidməti zamanı o, ucadan qışqırdı: “Gedin Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənin!” Bundan tezliklə sonra, qadın kilsənin üzvlüyündən çıxdı. Keçmiş pastor, onun rəfiqəsi və başqaları Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənməyə başladılar.
20. Qanadan olan qadının nümunəsi əsasında Allahın Kəlamının gücü necə görünür?
20 Allahın Kəlamının gücünü həm də Qanada yaşayan Paulina adlı qadının nümunəsindən görmək olar. Padşahlığın tammüddətli xidmətçisi onunla “Əbədi həyata aparan bilik” kitabının əsasında Müqəddəs Kitab öyrənməsi keçirirdia. Paulinanın əri çoxarvadlı kişi idi və Paulina başa düşürdü ki, həyatında dəyişiklik etməlidir. Lakin əri və qohumları ona güclü müqavimət göstərirdilər. Onun babası — yüksək vəzifəli hakim və kilsənin keşişi — Matta 19:4-6 ayələrini yanlış surətdə izah edərək, onu fikrindən daşındırmağa çalışdı. Onun sözləri nüfuzlu səslənirdi, lakin Paulina dərhal başa düşdü ki, Şeytan İsa Məsihi sınağa çəkərkən Yazıları təhrif etdiyi kimi, babası da eyni cür davranır (Matta 4:5-7). Qadın İsanın nikah haqqında aydın söylədiyi — Allah insanları kişi və qadınlar deyil, kişi və qadın yaratmışdır və üçü yox ikisi bir bədən olacaqlar — sözlərini yadına saldı. O, öz qərarının üzərində möhkəm dayandı və nəhayətdə yerli adətlərə müvafiq olan boşanmaya nail olub, poliqamik nikahdan azad oldu. Tezliklə, Padşahlığın vəftiz olunmuş sevincli təbliğçisi oldu.
Allahın Kəlamını düzgün öyrətməyə davam et
21, 22. a) Padşahlığın təbliğçiləri kimi nə etmək istəyirik? b) Növbəti məqalədə nəyi nəzərdən keçirəcəyik?
21 Allahın yazılı Kəlamı, başqalarının Yehovaya yaxınlaşa bilmələri üçün həyatlarında dəyişiklik etmələrinə kömək edərkən, istifadə edə biləcəyimiz həqiqətən də güclü alətdir (Yaqub 4:8). Alətlərin köməyi ilə yaxşı nəticələr hasil edən bacarıqlı işçilər kimi, gəlin bütün qüvvəmizi sərf edərək Allahın Kəlamı olan Müqəddəs Kitabı, Allahın həvalə etdiyi Padşahlığı bəyan etmək işində məharətlə istifadə edək.
22 Şagirdlərin hazırlanması işində Müqəddəs Yazıları daha necə müvəffəqiyyətlə istifadə etmək olar? Üsullardan biri, müəllimlər üçün zəruri olan inandırmaq qabiliyyətini inkişaf etdirməkdir. Gəlin növbəti məqaləni diqqətlə nəzərdən keçirək: həmin məqalə bizə insanları öyrətməyin və onlara Padşahlıq haqqındakı xəbəri qəbul etməkdə kömək etməyin üsulunu göstərəcək.
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən dərc olunur.
Xatırlayırsınızmı?
• Padşahlığın təbliğçiləri hansı “alətlərə” malikdirlər?
• Pavel hansı sahələrdə Padşahlıq işçisi kimi yaxşı nümunə vermişdir?
• Allahın Kəlamını doğruluqla öyrətmək nə deməkdir?
• Allahın yazılı Kəlamı nə qədər güclü tə’sirə malikdir?
[8-ci səhifədəki şəkillər]
Padşahlığı bəyan etmək işində məsihçilərin istifadə etdikləri “alətlərdən” bə’ziləri.