Gənclər, Allahı izzətləndirən məqsədlərə can atın
«Allah yolunda məşq et» (1 TİMOTEYƏ 4:7).
1, 2. a) Pavel Timoteyi nəyə görə tə’rifləyirdi? b) Bu gün gənclər Allah yolunda necə məşq edirlər?
«BARƏNİZDƏ... həqiqətən qayğı çəkən həmfikir başqa adamım yoxdur... O, uşaq atasına xidmət etdiyi kimi, Müjdəni yaymaq işində mənə xidmət etdi» (Filipililərə 2:20, 22). Qəlbi isindirən bu tə’rif sözləri həvari Pavelin Filipidə yaşayan məsihçilərə yazdığı məktubundandır. Pavel bu sözləri kimin haqqında deyirdi? Səyahətləri zamanı onu müşayiət edən cavan Timotey haqqında. Bir təsəvvür et, Pavelin öz məhəbbətini və e’tibarını belə ifadə etməsi Timoteyi necə də ruhlandırmışdı!
2 Timotey kimi ruhani baxışlı gənclər Yehovanın xalqı içində həmişə qiymətli xəzinə hesab olunub (Məzmur 110:3). Bu gün Allahın təşkilatında pioner, missioner, tikintidə və filiallarda könüllü xidmət edən gənclər var. Başqa məs’uliyyətləri daşımaqla yanaşı, yığıncağın işlərində sə’ylə iştirak edənlər də tə’rifə layiqdirlər. Bu gənclər səmavi Atamız Yehovanı izzətləndirən məqsədlərə can ataraq həqiqi məmnunluq əldə edirlər. Onlar həqiqətən də ‘Allah yolunda məşq edirlər’ (1 Timoteyə 4:7, 8).
3. Bu məqalədə hansı suallar müzakirə olunacaq?
3 Bəs sən bir gənc kimi, konkret ruhani məqsədlərə çatmaq üçün sə’y göstərirsənmi? Bu işdə sənə kim kömək edər və ruhlandıra bilər? Var-dövlətə həris dünyanın tə’sirinə necə müqavimət göstərə bilərsən? Allahı izzətləndirən məqsədlərə can atmaqla hansı xeyir-duaları biçəcəksən? Gəlin Timoteyin həyatını və xidmətini nəzərdən keçirərək bu suallara cavab tapaq.
Timoteyin əsli
4. Timoteyin həyatını qısaca danışın.
4 Timotey Romanın Qalatiya əyalətinin Listra adlı kiçik şəhərində böyümüşdü. Görünür, o, məsihçilik haqqında ilk dəfə yeniyetmə olanda, eramızın təxminən 47-ci ilində Pavel Listrada təbliğ edəndə eşitmişdi. Timotey çox tezliklə yerli iman qardaşları arasında yaxşı ad qazandı. İki ildən sonra Listraya qayıdan Pavel Timoteyin ruhani inkişafı barədə eşidəndə, onu özü ilə missioner səyahətlərinə apardı (Həvarilərin işləri 14:5-20; 16:1-3). Timotey yetkinləşdikcə, ona daha məs’uliyyətli işlər, o cümlədən, qardaşları möhkəmləndirmək kimi vacib tapşırıqlar həvalə olunurdu. Pavel təxminən 65-ci ildə Romadakı həbsxanadan Timoteyə məktub yazanda o, Efesdə ağsaqqal kimi xidmət edirdi.
5. 2 Timoteyə 3:14, 15 ayələrinə əsasən, Timoteyin ruhani məqsədlərə can atmasına hansı iki amil tə’sir etmişdir?
5 Aydındır ki, Timotey həyatda ruhani məqsədlərə üstünlük verirdi. Bəs onu buna nə təşviq etmişdi? Timoteyə yazdığı ikinci məktubunda Pavel iki həlledici məqama toxundu: «Öyrəndiyin və əmin olduğun şeylərə əməl etməkdə davam et, çünki bunları kimdən öyrəndiyini bilirsən. Müqəddəs Yazıları da uşaqlıqdan e’tibarən bilirsən» (2 Timoteyə 3:14, 15). Gəlin əvvəlcə Timoteyin seçim etməsində digər məsihçilərin oynadığı rolu araşdıraq.
Yaxşı əhatənin faydası
6. Timotey hansı tərbiyəni almışdı və bu ona necə tə’sir etmişdi?
6 Timoteyin tərbiyə aldığı ailədə hamı eyni dinə qulluq etmirdi. Onun atası yunan, anası Evniki və nənəsi Loida isə yəhudi idi (Həvarilərin işləri 16:1). Evniki və Loida Timoteyə körpəliyindən İbrani Yazılarını öyrədirdilər. Özləri məsihçiliyi qəbul etdikdən sonra onlar, şübhəsiz, bu tə’limlərin doğruluğuna Timoteyi də əmin etmişdilər. Bu gözəl tərbiyənin Timoteyə böyük faydası dəydi. Pavel qeyd etdi: «Səndə olan riyasız imanı yada salıram. Bu iman, qabaqca sənin nənən Loidada və anan Evnikidə yaşayırdı və mən əminəm ki, o səndə də yaşayır» (2 Timoteyə 1:5).
7. Bir çox gənclərə kimlər kömək edir və bunun onlara hansı faydası dəyə bilər?
7 Bu gün bir çox gənclərin Loida və Evniki kimi ruhani məqsədlərin vacibliyini dərk edən Allahdan qorxan valideynləri və nənə-babaları var. Məsələn, yeniyetmə olanda valideynlərinin onunla etdiyi uzun söhbətlər indiyədək Samirənin yadındadır. O deyir: «Ata-anam mənə Yehovanın nöqteyi-nəzərini aşılayır, təbliği birinci yerə qoymağı öyrədirdilər. Onlar həmişə məni tammüddətli xidmətə təşviq edirdilər». Samirə valideynlərinin sözlərinə qulaq asdı və indi o, xüsusi xidmət növündə iştirak edir: öz ölkəsində Bet-El ailəsinin üzvüdür. Əgər valideynlərin fikrini ruhani məqsədlərə yönəltməyə səni təşviq edirlərsə, onların məsləhətini qulaqardına vurma. Onlar sənin yaxşılığını istəyirlər (Süleymanın məsəlləri 1:5).
8. Ruhən möhkəm məsihçilərlə dostluğun Timoteyə hansı faydası dəydi?
8 Ruhən yetkin məsihçilərlə dostluq etmək də çox vacibdir. Timoteyi həm öz yığıncağının, həm də təxminən 30 km aralıda yerləşən Konyadakı yığıncağın ağsaqqalları yaxşı tanıyırdılar (Həvarilərin işləri 16:1, 2). O, fəal insan olan Pavellə yaxın dost olmuşdu (Filipililərə 3:14). Pavelin məktublarından görünür ki, Timotey məsləhətləri qəbul edir və iman nümunələrini yerindəcə təqlid edirdi (1 Korinflilərə 4:17; 1 Timoteyə 4:6, 12-16). Pavel yazırdı ki, Timotey onun ‘tə’lim, davranış, məqsəd, iman, səbir, məhəbbət, təhəmmülünün izi ilə getmişdi’ (2 Timoteyə 3:10, 11). Bəli, Timotey Pavelin nümunəsini çox yaxşı izləyirdi. Ruhən möhkəm məsihçilərlə yaxınlıq etsən, sağlam ruhani məqsədlərə can atmaq sənin üçün də asan olacaq (2 Timoteyə 2:20-22).
«Müqəddəs Yazıları» öyrənmək
9. Allah yolunda məşq etmək üçün düzgün dostlar seçməkdən savayı, daha nə etməlisən?
9 Ruhani məqsədlərə həvəs təkcə yaxşı dostlar seçməkləmi yaranır? Xeyr. Sən Timotey kimi «Müqəddəs Yazıları» diqqətlə araşdırmalısan. Bəlkə də yazıb-oxumaq sənin çox da xoşuna gəlmir, ancaq yadına sal ki, Timotey ‘Allah yolunda məşq etməli’ idi. İdmançılar məqsədlərinə çatmaq üçün aylarla usanmadan məşq edirlər. Ruhani məqsədlərə nail olmaq üçün də nəyisə qurban vermək və sə’y göstərmək lazımdır (1 Timoteyə 4:7, 8, 10). Ancaq səndə sual yarana bilər: «Müqəddəs Kitabı öyrənməyin məqsədlərimə çatmağa nə aidiyyəti var?» Gəlin onların arasındakı üç əlaqəni nəzərdən keçirək.
10, 11. Müqəddəs Yazılar ruhani məqsədlərə çatmağa səni necə təşviq edəcək? Nümunə çək.
10 Birincisi, Müqəddəs Yazılar səndə təmiz niyyət yaradacaq. Orada səmavi Atamızın gözəl şəxsiyyəti, məhəbbətdən irəli gələrək bizim üçün nə etdiyi və sadiq xidmətçiləri üçün hansı əbədi mükafatları hazırladığı açıqlanır (Amos 3:7; Yəhya 3:16; Romalılara 15:4). Yehovanı nə qədər yaxşı tanıyacaqsansa, Ona qarşı məhəbbətin və həyatını Ona həsr etmək arzun bir o qədər artacaq.
11 Bir çox gənc məsihçilər deyirlər ki, onların həqiqəti mənimsəməsində əsas rolu Müqəddəs Kitabı müntəzəm öyrənmək oynamışdı. Məsələn, Adel məsihçi ailəsində böyüsə də, heç vaxt qarşısına ruhani məqsədlər qoymurdu. O deyir: «Valideynlərim məni özləri ilə Padşahlıq Zalına aparırdılar, ancaq mən nə şəxsi öyrənmə keçirirdim, nə də görüşlərdə proqrama qulaq asırdım». Bacısı vəftiz olandan sonra Adelin həqiqətə münasibəti dəyişdi. «Mən Müqəddəs Kitabı başdan ayağa kimi oxumağı qərara aldım. Bir parça oxuyur, sonra oxuduqlarım haqqında dəftərdə qeydlər edirdim. Həminki qeydləri indiyədək saxlamışam. Bir ilə Müqəddəs Kitabı oxuyub qurtardım». Nəticədə Adel həyatını Yehovaya həsr etdi. Ciddi xəstəliyinə baxmayaraq, o, indi pioner, yə’ni tammüddətli xidmətçidir.
12, 13. a) Müqəddəs Kitabı öyrənmək gənclərə hansı dəyişiklikləri etməyə kömək edəcək və necə? b) Müqəddəs Kitabın müdrik məsləhətlərindən nümunə çək.
12 İkincisi, Müqəddəs Kitabın sayəsində şəxsiyyətində lazımi dəyişikliklər edəcəksən. Pavel Timoteyə demişdi ki, ‘Müqəddəs Yazılar’ «tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin» (2 Timoteyə 3:16, 17). Müntəzəm olaraq Allahın Kəlamından oxuduqlarının üzərində düşünmək və onun prinsiplərini həyata keçirməklə yol verəcəksən ki, Allahın müqəddəs ruhu şəxsiyyətini yaxşılığa doğru dəyişsin. Bunun sayəsində səndə həlimlik, mətanət, çalışqanlıq və həmimanlılarına qarşı təmiz məhəbbət yaranacaq (1 Timoteyə 4:15). Timoteydə bu xüsusiyyətlər var idi, buna görə də həm Pavel, həm də xidmət etdiyi yığıncaq onu çox qiymətləndirirdi (Filipililərə 2:20-22).
13 Üçüncüsü, Allahın Kəlamı müdriklik xəzinəsidir (Məzmur 1:1-3; 19:7; 2 Timoteyə 2:7; 3:15). O sənə müdrikliklə dostlar, faydalı əyləncə seçməyə və saysız-hesabsız başqa çətin məsələlərdə qərar verməyə kömək edəcək (Yaradılış 34:1, 2; Məzmur 119:37; 1 Korinflilərə 7:36). Ruhani məqsədlərə çatmağın üçün indi müdrik qərarlar qəbul etməyin vacibdir.
«Mübarizədə yaxşı çarpış»
14. Ruhani məqsədlərə can atmaq nə üçün asan deyil?
14 Yehovaya izzət gətirən məqsədlərə üstünlük vermək ən müdrik hərəkət olsa da, bu heç də asan deyil. Məsələn, iş seçiminə gəldikdə, qohumların, həmyaşıdların, həmçinin ali təhsil və gəlirli işin həqiqi uğur və xoşbəxtliyin açarı olduğunu düşünən müəllimlərin yaxşılığını istəyərək sənə güclü təzyiq göstərə bilərlər (Romalılara 12:2). Yehovanın sənə hazırladığı ‘əbədi həyatı bərk tutmaq’ üçün Timotey kimi, sənə də ‘iman uğrunda gedən mübarizədə yaxşı çarpışmaq’ lazım gələcək (1 Timoteyə 6:12; 2 Timoteyə 3:12).
15. Çox ehtimal ki, Timotey hansı çətinliklərlə qarşılaşmışdı?
15 İmanına şərik olmayan ailə üzvlərin sənin seçiminlə razılaşmayanda sınağın daha da çətinləşə bilər. Yəqin, Timotey də belə müqavimətlə mübarizə aparmalı olmuşdu. Bir kitabda deyilir ki, Timoteyin ailəsi çox güman «təhsilli və varlı sinfə» mənsub idi. Atası, ehtimal ki, onun ali təhsil alacağını və ailənin işini davam etdirəcəyini gözləyirdia. Timotey isə Pavellə birgə təhlükələrlə dolu və maddi cəhətdən çətinlik çəkəcəyi missioner səyahətini seçdi. Təsəvvürünə gətirirsən atası buna necə münasibət göstərdi?!
16. Bir gənc atasının müqavimətinə necə tab gətirdi?
16 Gənc məsihçilər də bu gün eyni çətinliklərlə üzləşirlər. Yehovanın Şahidlərinin filiallarının birində xidmət edən Metyu xatırlayır: «Mən pioner xidmətinə başlayanda, atam son dərəcə mə’yus olmuşdu. O düşünürdü ki, mən öz təhsilimi heç-puç etdim, çünki özümü tə’min etmək üçün süpürgəçi işinə düzəlmişdim. O, hər dəfə mənə tam iş günü işləsəydim, nə qədər pul qazanacağımı xatırladaraq istehza edirdi». Bəs Metyu bu sınağa necə tab gətirdi? «Mən hər gün Müqəddəs Kitabı oxuyurdum, daima, xüsusilə özümdən çıxacağımı hiss edəndə, dua edirdim». Metyunun qətiyyəti mükafatsız qalmadı. Vaxt keçdikcə onun atası ilə münasibəti yaxşılaşdı. Metyu həm də Yehovaya daha yaxın oldu. O deyir: «Mən gördüm ki, Yehova qayğıma qalır, ruhlandırır və səhv qərarlardan məni qoruyur. Əgər ruhani məqsədlərə can atmasaydım, bu xeyir-duaların heç birini almazdım».
Diqqətini ruhani məqsədlərə yönəlt
17. Bə’ziləri tammüddətli xidmətə can atanları necə ruhdan salırlar? (Matta 16:22).
17 Həmimanlıların özün də hiss etmədən qarşına ruhani məqsədlər qoymağına mane ola bilərlər. Ola bilsin, bə’ziləri deyir: «Pioner olmaq nəyə lazımdır? Sən normal həyat sürə-sürə də təbliğ edə bilərsən. Özünə yaxşı iş tap ki, pul sarıdan çətinlik çəkməyəsən». Bu yaxşı məsləhət kimi görünə bilər, ancaq ona qulaq assan, Allah yolunda məşq etmiş olacaqsanmı?
18, 19. a) Diqqətini ruhani məqsədlərə necə yönəldə bilərsən? b) Sən bir gənc kimi Padşahlıq naminə nələrdən imtina etmisən?
18 Timoteyin günlərində də bə’zi məsihçilər belə fikirləşirdilər (1 Timoteyə 6:17). Diqqətini ruhani məqsədlərə cəmləməyə kömək etmək üçün Pavel Timoteyə dedi: «Əsgərlik edən heç kəs özünü gündəlik həyatın işləri ilə bağlamır; onu orduya çağıran adamı razı salmaq istəyir» (2 Timoteyə 2:4). Hərbi xidmətdə olan əsgər fikrini kənar məqsədlərə yayındırmayacaq. Onun və başqalarının həyatı komandirin əmrlərini icra etmək hazırlığından asılıdır. Məsihin əsgəri olduğun üçün sənin fikrin bir şeyə yönəlməlidir. Lazımsız maddi məqsədlərə bağlanma ki, xilasedici xidmətdə tam surətdə iştirak etməkdən yayınmayasan (Matta 6:24; 1 Timoteyə 4:16; 2 Timoteyə 4:2, 5).
19 Rahat həyata can atmaqdansa, fədakar olmağa çalış. «Məsih İsanın əsgəri kimi, rahat həyatdan əl çəkməyə hazır ol» (2 Timoteyə 2:3, «The English Bible in Basic English»). Missioner səyahətində Paveli müşayiət edəndə Timotey hətta ən çətin şəraitlərdə belə məmnun qalmağın sirrini öyrənmişdi (Filipililərə 4:11, 12; 1 Timoteyə 6:6-8). Sən də belə edə bilərsən. Padşahlıq naminə nədənsə keçməyə hazırsanmı?
İndiki və gələcək xeyir-dualar
20, 21. a) Ruhani məqsədlərə can atmaq hansı xeyir-duaları gətirir? b) Sən nə etməyə qəti qərarlısan?
20 Timotey təxminən 15 il ərzində Pavel ilə çiyin-çiyinə xidmət etmişdi. Xoş xəbər Aralıq dənizinin demək olar ki, bütün şimal bölgəsinə yayıldıqca, Timotey yeni yığıncaqların yaranmasının canlı şahidi olurdu. O, rəngarəng və məmnunedici həyat sürmüşdü, ancaq «normal» yaşamağı seçsəydi, həyatı belə keçməzdi. Ruhani məqsədlərə can atsan, sən də misilsiz ruhani xeyir-dualar biçəcəksən. Sən Yehovaya yaxınlaşacaq, həmimanlılarının məhəbbətini və hörmətini qazanacaqsan. Var-dövlət dalınca qaçmağın gətirdiyi ağrı və mə’yusluğu yox, başqalarına təmənnasız xidmət etməyin gətirdiyi əsl xoşbəxtliyi dadacaqsan. Ən dəyərlisi isə odur ki, sən ‘həqiqi həyata’ — yer üzündə əbədi həyata nail olacaqsan (1 Timoteyə 6:9, 10, 17-19, İ–93; Həvarilərin işləri 20:35).
21 Əgər sən hələ bunu etməmisənsə, biz səni dərhal Allah yolunda məşq etməyə başlamağa təşviq edirik. Ruhani məqsədlərə çatmağa sənə kömək edə biləcək bacı-qardaşlarla sıx ünsiyyət et və onlardan məsləhət istə. Allahın Kəlamını müntəzəm öyrən. Dünyadakı pulpərəstlik ruhuna aludə olma. «Zövq almamız üçün bizə hər şeyi bolluqla verən» Allah və’d edir ki, Ona izzət gətirən məqsədləri seçsən, indi və gələcəkdə sənə bol-bol xeyir-dua verəcək. Bunu yadında möhkəm saxla! (1 Timoteyə 6:17).
[Haşiyə]
a Yunan cəmiyyətində təhsil çox yüksək qiymətləndirilirdi. Timoteyin müasiri olan Plutarx yazmışdır: «Yaxşı təhsil bütün yaxşılığın mənbəyi və köküdür... Mən deyərdim ki, məhz onun sayəsində mə’nəvi kamilliyə və xoşbəxtliyə nail olmaq olar... Bütün başqa yaxşı şeylər bəşəri, fani və əhəmiyyətsizdir» (Moralia, I, «The Education of Children»).
Xatırlayırsınızmı?
• Gənclər ruhani məqsədlərə can atmaqda haradan kömək əldə edə bilərlər?
• Müqəddəs Kitabı diqqətlə öyrənmək nə üçün vacibdir?
• Gənclər dünyadakı pulpərəstlik ruhundan özlərini necə qoruya bilərlər?
• Ruhani məqsədlər hansı xeyir-duaları gətirir?
[28-ci səhifədəki şəkil]
Timotey yaxşı məqsədlərə can atırdı.
[31-ci səhifədəki şəkillər]
Ruhani məqsədlərə can atırsanmı?
[32-ci səhifədəki şəkillər]
Yaxşı əhatə Timoteyə necə kömək etdi?