Gənclər, Yehovaya xidməti seçin
«Bu gün kimə qulluq edəcəyinizi özünüz seçin» (YEŞUA 24:15).
1, 2. Xristian dinində hansı səhv vəftiz növləri geniş yayılıb?
«QOYUN uşaqlar Məsihi dərk etməyə qadir olanda məsihçi olsunlar». Bu sözlər eramızın ikinci əsrinin sonunda yaşamış ilahiyyatçı Tertulliana məxsusdur. Onun günlərində dönük xristianlıqda körpələrin vəftiz edilməsi kök salmağa başlayırdı. Tertullian buna qarşı e’tiraz edirdi. Kilsə atası Avqustin Tertullianın sözlərinə və Müqəddəs Kitaba zidd olan digər fikri irəli sürürdü. O iddia edirdi ki, vəftiz ilk günahın ləkəsini yuyur və əgər körpə vəftiz edilməmiş ölərsə, odlu cəhənnəmə məhkum edilir. Bu, körpələrin mümkün qədər tez vəftiz edilməsinə gətirib çıxartdı.
2 Xristian dininin əsas cərəyanlarında bu adətə indiyədək riayət edilir. Bundan əlavə, tarixdən mə’lumdur ki, özlərini Məsihin davamçıları adlandıran xalqların hökmdarları və dini rəhbərləri istila edilmiş «bütpərəst» xalqları məcburi şəkildə vəftiz edirdilər. Lakin nə körpələrin, nə də böyüklərin məcburi vəftizi Müqəddəs Kitaba əsaslanmamışdır.
Bu gün heç kim anadangəlmə Allaha həsr olunmur
3, 4. Məsihçi ailələrində böyüyən uşaqlara özlərini Allaha könüllü həsr etməyə nə kömək edə bilər?
3 Allahın Kəlamı göstərir ki, əgər valideynlərdən heç olmasa biri sadiq məsihçidirsə, Yehova onların uşaqlarını ‘müqəddəs’ hesab edir (1 Korinflilərə 7:14). Demək olarmı ki, belə uşaqlar Allahın həsr olunmuş xidmətçiləridir? Yox. Amma məsihçi ailələrində böyümüş uşaqlar, aldıqları tə’lim sayəsində özlərini gələcəkdə Yehovaya könüllü surətdə həsr edə bilərlər. Müdrik padşah Süleyman yazmışdı: «Oğlum, atanın əmrini yerinə yetir, ananın öyrətdiklərini atma ... Gəzəndə onlar sənə yol göstərər, yatanda səni hifz edər, oyananda sənə məsləhət verər. Bu əmr çıraqdır, bu tə’lim nurdur, tərbiyə üçün edilən məzəmmət həyat yoludur» (Süleymanın məsəlləri 6:20-23).
4 Əgər uşaqlar məsihçi valideynlərin rəhbərliyinə riayət etsələr, bu onları müdafiə edə bilər. Süleyman davam edir: «Hikmətli oğul atasını sevindirər, axmaq oğul anasına dərd gətirər». «Oğlum, dinlə, hikmətli ol, qəlbini düz yola bağla» (Süleymanın məsəlləri 10:1; 23:19). Bəli, valideynlərinizin tərbiyəsi sizə fayda gətirsin deyə, onların məsləhət və öyüd-nəsihətlərinə ürəkdən riayət etməlisiniz. Siz hikmətli doğulmamısınız, amma ‘hikmətli ola’ və ‘həyat yolu’ ilə könüllü yeriyə bilərsiniz.
‘Nəsihət’ nədir?
5. Pavel uşaqlara və atalara hansı məsləhəti verdi?
5 Həvari Pavel yazırdı: «Ey uşaqlar, Rəbb yolunda valideynlərinizə itaət edin, çünki bu ədalətlidir. “Atana və anana hörmət et ki, sənə səadət yar olsun və yer üzündə uzunömürlü olasan”. Bu, daxilində və’d olan ilk əmrdir. Ey atalar, siz də uşaqlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün» (Efeslilərə 6:1-4).
6, 7. Uşaqları ‘Rəbbin nəsihəti’ ilə böyütmək nə deməkdir və nə üçün bunu «beyinin doldurulması» adlandırmaq düzgün deyil?
6 Demək olarmı ki, məsihçi valideynlər övladlarını ‘Rəbbin tərbiyəsi və nəsihəti ilə böyüdürlərsə’, onlara pis tə’sir göstərirlər? Əsla, yox! Məgər valideynləri öz uşaqlarına düz və faydalı saydıqları şeyləri öyrətdiklərinə görə tənqid etmək düzgündürmü? Ateistlər uşaqlarına Allahın mövcud olmadığını öyrətdiklərinə görə tənqid edilmirlər. Katoliklər əqidələrini övladlarına aşılamağı özlərinə borc sayırlar və buna görə onları heç kim tənqid etmir. Yehovanın Şahidləri əsas həqiqətlər və əxlaq prinsiplərinə dair Allahın nöqteyi-nəzərini övladlarına aşılayanda, onları uşaqlarının beyinlərini doldurmaqda ittiham etmək düzgün deyil.
7 «Əhdi-Cədidin ilahiyyat lüğəti»nə əsasən, Efeslilərə 6:4 ayəsində ‘nəsihət’ kimi tərcümə olunan yunan sözü altında «düşüncə tərzinin islah edilməsinə, səhvin düzəlməsinə, ruhani əhval-ruhiyyənin yaxşılaşdırılmasına» yönəldilən proses nəzərdə tutulur. Yeniyetmə həmyaşıdların təzyiqi altında hamı kimi olmaq istədiyi üçün hərdən valideynlərin sözündən çıxırsa, bu halda kim pis tə’sir göstərməkdə ittiham edilməlidir — valideynlər, yoxsa yeniyetmənin həmyaşıdları? Həmyaşıdlar gənci narkotiklər qəbul etməyə, sərxoş olanadək içməyə və ya əxlaqsızlığa təhrik edəndə, valideynlər uşağına bu hərəkətlərin nəyə gətirib çıxarmasını izah edib düşüncə tərzini islah etməyə çalışanda, məgər onları tənqid atəşinə tutmaq düzdürmü?
8. Timotey aldığı tə’limin həqiqət olduğuna necə ‘əmin’ oldu?
8 Həvari Pavel gənc Timoteyə yazmışdı: «Öyrəndiyin və əmin olduğun şeylərə əməl etməkdə davam et, çünki bunları kimdən öyrəndiyini bilirsən. Müqəddəs Yazıları da uşaqlıqdan e’tibarən bilirsən. Bu Yazılar, Məsih İsaya iman vasitəsilə sənə xilas gətirən hikməti verməyə qadirdir» (2 Timoteyə 3:14, 15). Timoteyin anası və nənəsi Müqəddəs Yazılardan istifadə edərək ona erkən yaşından Allaha möhkəm iman aşılayırdılar (Həvarilərin işləri 16:1; 2 Timoteyə 1:5). Özləri məsihçi olandan sonra da, Timoteyi məsihçiliyi qəbul etməyə məcbur etmirdilər, əksinə, Müqəddəs Yazılardan əsaslı dəlillər gətirməklə və mülahizələr yürütməklə onu ‘əmin’ edirdilər.
Yehova sənə seçim təqdim edir
9. a) Şüurlu məxluqlarına Yehova nə bəxş etmişdir və nəyə görə? b) Allahın vahid Oğlu iradə azadlığından necə istifadə etdi?
9 Yehova Öz iradəsini yerinə yetirmək üçün insanları proqramlaşdırılmış robot kimi yarada bilərdi. Amma O, bizi iradə azadlığı ilə yaratdı. Allahımız Ona öz xoşumuzla xidmət etməyimizi istəyir. Yaşından asılı olmayaraq insanların Ona məhəbbətdən irəli gələrək xidmət etmələri Allahı çox sevindirir. Yehova, Onun iradəsinə könüllü tabe olmaqda mükəmməl nümunə qoyan vahid Oğlu barədə demişdir: «Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam» (Matta 3:17). İlkin Oğul Atasına dedi: «Ey Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir, qanunun qəlbimdədir» (Məzmur 40:8; İbranilərə 10:9, 10).
10. Yehova Ona məqbul şəkildə xidmət etmək istəyənlərdən nə gözləyir?
10 Yehova, Oğlunun rəhbərliyi altında Ona xidmət edənlərdən iradəsinə könüllü tabe olacaqlarını gözləyir. Məzmurçu belə bir peyğəmbərlik söyləmişdir: «Döyüş günü əsgərlərin könüllü olaraq döyüşə gedəcək, gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək» (Məzmur 110:3). Yehovanın bütün təşkilatı — həm göydəki, həm yerdəki hissəsi — Onun iradəsinə könüllü tabe olaraq fəaliyyət göstərir.
11. Məsihçi ailələrdə böyüyən gənclərin qarşısında hansı seçim durur?
11 Beləliklə, gənclər, bilin ki, nə valideynləriniz, nə də yığıncaq ağsaqqalları sizi vəftiz olmağa məcbur etməyəcəklər. Yehovaya xidmət etmək arzusu sizin ürəyinizdən gəlməlidir. Qədim zamanlarda yaşayan Yeşua israillilərə demişdi: «Səmimiyyətlə və sədaqətlə Ona [Yehovaya] qulluq edin... Bu gün kimə qulluq edəcəyinizi özünüz seçin» (Yeşua 24:14-22). Bu sizə də aiddir, Yehovaya həsr olunmaq və Onun iradəsini yerinə yetirmək qərarı sizin şəxsi qərarınız olmalıdır.
Üzərinə məs’uliyyət götürmək
12. a) Valideynlər uşaqlarını tərbiyə etmələrinə baxmayaraq, onların yerinə hansı qərarı verə bilməzlər? b) Gənclər qəbul etdikləri qərarlarına görə Allah qarşısında nə vaxt məs’uliyyət daşımağa başlayırlar?
12 Vaxt gələcək ki, valideynlərinizin sadiqliyi sizin üçün daha müdafiə olmayacaqdır (1 Korinflilərə 7:14). Şagird Yaqub yazmışdı: «Yaxşılıq etməyi bilən, amma etməyən günah işlədir» (Yaqub 4:17). Valideynlər övladlarının, övladlar isə valideynlərinin yerinə Allaha xidmət edə bilməzlər (Yezekel 18:20). Sənin Yehova və Onun niyyətləri haqqında biliyin varmı? Öyrəndiklərini başa düşmək və Allahla şəxsi münasibətlər yaratmaq üçün kifayət qədər böyümüsənmi? Deməli, Yehova səni Ona xidmət etmək üçün kifayət qədər yetkin hesab edir.
13. Vəftiz olunmamış gənclər özlərinə hansı sualı verməlidirlər?
13 Sən məsihçi ailəsində tərbiyə alan, yığıncaq görüşlərinə gələn və hətta Padşahlıq haqqında xoş xəbərin təbliğində iştirak edən vəftiz olunmamış yeniyetməsənmi? Belə isə, bu suala vicdanla cavab ver: «Mən bunları nə üçün edirəm — valideynlərimin tələbi olduğu üçün, yoxsa Yehovanı sevdiyim üçün?» ‘Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğuna’ özün əmin olmusanmı? (Romalılara 12:2).
Vəftiz olunmağını nə üçün tə’xirə salırsan?
14. Müqəddəs Kitabdakı hansı nümunələr göstərir ki, tutarlı səbəb olmadan vəftizi tə’xirə salmaq lazım deyil?
14 «Vəftiz olunmağıma nə əngəl var?» Həbəşistanlı, İsanın Məsih olduğunu öyrəndikdən sonra bu sualla müjdəçi Filipə müraciət etdi. O, Müqəddəs Yazıları kifayət qədər yaxşı bilirdi və başa düşürdü ki, məsihçi yığıncağının bir üzvü kimi Yehovaya xidmət etmək qərarını qəbul etdiyini hamının qarşısında bəyan etməyi tə’xirə salmamalıdır. Atdığı addım ona çox sevinc gətirdi (Həvarilərin işləri 8:26-39). Lidiya adlı bir qadın da ‘Pavelin söylədiklərinə diqqət yetirdikdən’ dərhal sonra ailəsilə birgə ‘vəftiz olundu’ (Həvarilərin işləri 16:14, 15). Filipi şəhərindəki zindan gözətçisi ‘ona Rəbbin kəlamını təbliğ edən’ Pavel və Silaya qulaq asdıqdan sonra «bütün evindəkilərlə bərabər dərhal vəftiz olundu» (Həvarilərin işləri 16:25-34). Əgər Yehova və Onun niyyəti haqqında əsas biliyin varsa, Onun iradəsini yerinə yetirmək istəyir, yığıncaqda yaxşı adla tanınır, məsihçi görüşlərinə müntəzəm gəlir və təbliğ işində fəal iştirak edirsənsə, onda vəftiz olunmağına əngəl olan nədir? (Matta 28:19, 20).
15, 16. a) Hansı yanlış fikir bir çox gəncləri vəftiz olunmaqdan çəkindirə bilər? b) Həsr və vəftiz olunma gəncləri necə müdafiə edə bilər?
15 Bəlkə sən gələcəkdə hansısa yanlış hərəkətə yol verəcəyini fikirləşirsən və Allah qarşısında məs’uliyyətdən qorxduğundan bu addımı atmağa tərəddüd edirsən? Gəl fikirləşək: məgər nə vaxtsa yol qəzasına düşməkdən qorxduğun üçün sürücülük vəsiqəsi almaqdan imtina edərdinmi? Əlbəttə ki, yox! Deməli, vəftiz üçün tələblərə müvafiqsənsə, bu addımı atmağa tərəddüd etməməlisən. Həyatını Yehovaya həsr etmək qərarın, səni yanlış hərəkətlərə yol verməmək üçün əlindən gələni etməyə təşviq edəcəkdir (Filipililərə 4:13). Yeniyetmələr, elə düşünməyin ki, vəftiz olunmağınızı tə’xirə salmaqla, məs’uliyyətdən boyun qaçıracaqsınız. Qərarlarınıza görə məs’uliyyət daşıyacağınız yaşa çatanda, vəftiz olub-olmadığınızdan asılı olmayaraq, hərəkətlərinizə görə Yehova qarşısında cavab verəcəksiniz (Romalılara 14:11, 12).
16 Dünyanın müxtəlif ölkələrində yaşayan bir çox məsihçilər, gənc yaşlarında vəftiz olduqlarının onlara çox kömək etdiyini deyir. Qərbi Avropa ölkələrinin birində yaşayan 23 yaşlı gəncin nümunəsinə diqqət yetirək. 13 yaşında vəftiz olunması ona ‘gənclik ehtiraslarına’ uymamağa kömək etdi (2 Timoteyə 2:22). Yeniyetmə yaşlarında o, qarşısına tammüddətli xidmətçi olmaq məqsədini qoydu. Bu gün o, Yehovanın Şahidlərinin filialların birində böyük sevinclə xidmət edir. Sən də daxil olmaqla, Yehovaya xidmət etməyi seçən bütün gəncləri bol-bol xeyir-dualar gözləyir.
17. Hansı sahələrdə ‘Rəbbin iradəsinin nə olduğunu qavramalıyıq’?
17 Həsr və vəftiz olunma yeni həyatın başlanğıcıdır, bundan sonra biz həyatımızın hər sahəsində Yehovanın iradəsini nəzərə alırıq. Həsr olunmağımıza müvafiq yaşamaq ‘hər fürsətdən istifadə etməyi’ nəzərdə tutur. Biz bunu necə edirik? Vaxtımızı boş məşğuliyyətlərə sərf etmək əvəzinə, bundan sonra Müqəddəs Kitabı dərindən tədqiq etməyə, məsihçi görüşlərinə və Allahın Padşahlığı haqqında xoş xəbərin fəal surətdə təbliğinə sərf etməklə (Efeslilərə 5:15, 16; Matta 24:14). Yehovaya həsr olunarkən verdiyimiz və’d və Onun iradəsini yerinə yetirmək arzusu həyatımızın bütün sahələrinə müsbət tə’sir göstərir. Məsələn, buraya necə istirahət etməyimiz, qidalanmağımız, həmçinin hansı musiqi növünə meyl salmağımız aiddir. Nəyə görə əbədiyyət boyu zövq alacağın əyləncələri seçməyəsən? Minlərlə xoşbəxt məsihçi təsdiq edə bilər ki, ‘Rəbbin iradəsinə’ zidd olmayan bir çox faydalı əyləncələr var (Efeslilərə 5:17-19).
«Qoy sizinlə gedək»
18. Gənclər özlərinə hansı sualı verməlidirlər?
18 B. e. ə. 1513-cü ildən eramızın 33-cü ilinin Pentikost gününədək Yehovanın yer üzündə Ona ibadət edən və Onun haqqında şəhadət edən təşkil olunmuş xalqı var idi (Yeşaya 43:12). Gənc israillilər anadangəlmə Allaha həsr olunmuş xalqın üzvü olurdular. Pentikost günündən e’tibarən isə yer üzündə Yehovanın «adı naminə» təşkil olunmuş yeni ‘xalq’, ruhani İsrail mövcuddur (1 Peter 2:9, 10; Həvarilərin işləri 15:14; Qalatiyalılara 6:16). Həvari Pavel yazmışdır ki, Məsih «Özünə xüsusi və yaxşı işlərə sə’yli bir xalq» təmizləyib (Titusa 2:14). Siz, gənclər, bu xalqı özünüz tapmalısınız. Bir düşünün, Müqəddəs Kitab prinsiplərinə müvafiq yaşayan, Yehovaya Onun sadiq Şahidləri kimi xidmət edən və Allahın Padşahlığının bəşəriyyətin yeganə ümidi olduğunu təbliğ edən «saleh millət» hansıdır? (Yeşaya 26:2-4). Xristian və digər dinlərin nümayəndələrinə nəzər yetirin və onların davranışını Müqəddəs Kitabda Allahın həqiqi xidmətçiləri üçün qoyulan tələblərlə müqayisə edin.
19. Bütün dünyada yaşayan milyonlarla insan nəyə əmin oldu?
19 Bir çox gənc daxil olmaqla, bütün dünyada milyonlarla insan əmin olmuşdur ki, Yehovanın Şahidlərinin məsh edilmiş qalığı məhz həmin ‘saleh millətdir’. Onlar bu ruhani israillilərə deyirlər: «Qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik» (Zəkəriyyə 8:23). Biz ümid və arzu edirik ki, siz, gənclər, Yehovanın xalqının üzvü olmağı qərara alacaq və Onun yeni dünyasında yaşamaq üçün ‘həyatı seçəcəksiniz’ (Qanunun təkrarı 30:15-20; 2 Peter 3:11-13).
Təkrar üçün suallar?
• ‘Nəsihət’ nədir?
• Yehova hansı xidməti qəbul edir?
• Məsihçi ailəsində böyüyən bütün gənclərin qarşısında hansı seçim durur?
• Tutarlı səbəb olmadan vəftizi tə’xirə salmaq nəyə görə lazım deyil?
[27-ci səhifədəki şəkillər]
Sən kimə qulaq asacaqsan?
[28-ci səhifədəki şəkil]
Həsr və vəftiz olunma səni hansı mə’nada müdafiə edə bilər?
[31-ci səhifədəki şəkil]
Səni vəftizdən nə çəkindirir?