DƏRS 52
Təsirli nəsihət
MƏSİHÇİ ağsaqqallar ‘səhih təlimlə təşviq etməyi’ bacarmalıdırlar (Tit. 1:9). Hərdən bunu çox çətin vəziyyətdə etmək lazım gəlir. Məsləhətin Müqəddəs Yazılardakı rəhbərliyə uyğun olması vacibdir. Buna görə də ağsaqqallar ‘nəsihət verməklə məşğul ol’ məsləhətinə ciddi yanaşmalıdırlar (1 Tim. 4:13). Bu fəsildəki məsləhətlər əsas etibarilə ağsaqqallara və bu məsuliyyətə can atanlara ünvanlansa da, hərdən valideynlərə də uşaqlarına, yaxud Müqəddəs Kitab öyrənməsi keçirənlərə öyrətdikləri adamlara nəsihət vermək lazım gəlir. Belə hallarda, eyni prinsiplər onlara da aid olur.
Hansı hallarda nəsihət vermək tələb olunur? Gəl nə zaman nəsihət verməyin lazım gəldiyini müəyyən etmək üçün Müqəddəs Kitabda nəsihət verilən halları nəzərdən keçirək. Həvari Peter ağsaqqallara Allahın sürüsünün qayğısına qalmaq məsuliyyətinə ciddi yanaşmağı nəsihət edirdi (1 Pet. 5:1, 2). Pavel Titusa məsləhət gördü ki, gəncləri ‘təmkinli olmağa’ təşviq etsin (Tit. 2:6). Pavel həmimanlılarını ‘eyni düşüncədə olmağa’ və qardaşlar arasında parçalanma salanlardan özlərini qorumağa səsləyirdi (1 Kor. 1:10; Rom. 16:17; Filip. 4:2). Pavel Salonikdəki yığıncağın üzvlərini etdikləri yaxşı işlərə görə tərifləsə də, aldıqları məsləhətləri daha tamlıqla yerinə yetirməyi onlara nəsihət edirdi (1 Salon. 4:1, 10). Peter məsihçi qardaşlarına yalvarırdı ki, ‘cismani ehtiraslardan uzaqlaşsınlar’ (1 Pet. 2:11). Yəhuda pozğun davranışa təslim olan allahsız insanların göstərdiyi təsirdən xəbərdar olduğu üçün həmimanlılarını ‘iman üçün cəhd etməyə’ çağırırdı (Yəhuda 3, 4). Günahın hiyləsi ilə inadkar olmasınlar deyə, məsihçilər ümumilikdə bir-birinə nəsihət verməyə təşviq olunurdular (İbr. 3:13). Peter Məsihə hələ iman gətirməyən yəhudiləri səsləyirdi: «Bu, yolunu azmış nəsildən özünüzü qurtarın!» (Həv. iş. 2:40).
Bu cür vəziyyətlərdə ciddi nəsihət vermək üçün hansı keyfiyyətlər tələb olunur? Necə etmək olar ki, nəsihət ciddi səslənsin, eyni zamanda sərt və ya kəskin olmasın?
«Məhəbbətlə». Nəsihət məhəbbətlə verilməsə, sərt səslənə bilər (Filim. 9). Düzdür, dərhal tədbir görmək lazım gələndə natiqin çıxışından vəziyyətin ciddiliyi hiss olunmalıdır. Natiq yumşaq tərzdə danışsa, dinləyicilərdə elə təəssürat oyana bilər ki, o üzrxahlıq edir. Eyni zamanda, nəsihət ciddiyyət və şəfqətlə verilməlidir. Məhəbbətlə verilən məsləhətin dinləyiciləri hərəkətə təşviq edəcəyinə daha çox ehtimal var. Pavel özü və yoldaşları haqda Saloniklilərə demişdi ki, onlardan hər biri ilə ata öz övladları ilə davrandığı kimi davranır, onları ‘təşviq edirdilər’ (1 Salon. 2:11, KM). Həmin məsihçi ağsaqqallar qardaşlarına məhəbbətlə yalvarırdılar. Qoy sənin də sözlərin həmimanlılarına olan səmimi qayğıdan irəli gəlsin.
Nəzakətli ol. Elə etmə ki, hərəkətə təşviq etmək istədiyin adamlarda sənə qarşı mənfi hisslər yaransın. Eyni zamanda, dinləyicilərə «Allahın bütün iradəsini» söyləməkdən çəkinmə (Həv. iş. 20:27). Yaxşılığı qiymətləndirən insanlar onları mehribanlıqla düzgün hərəkət etməyə təşviq etdiyin üçün səndən nə inciyəcək, nə də sənə olan məhəbbətləri azalacaq (Məz. 141:5).
Çox vaxt nəsihət verməzdən əvvəl, konkret bir şeyə görə səmimi-qəlbdən tərifləmək faydalı olur. Həmimanlılarının Yehovanı razı salan keyfiyyətləri — əməllərində təzahür olunan iman, onları səylə çalışmağa təşviq edən məhəbbət, sınaqlar qarşısında göstərdikləri təhəmmül haqda düşün (1 Salon. 1:2-8; 2 Salon. 1:3-5). Bunun sayəsində, onlar hiss edəcəklər ki, onları qiymətləndirir və başa düşürlər, beləliklə də, tərifin ardınca gələn nəsihəti qəbul etməyə hazır olacaqlar.
«Səbirlə». Nəsihəti «səbirlə» vermək lazımdır (2 Tim. 4:2). Bu nə deməkdir? Səbir insanın ədalətsizliyə dözməsi və kimsə onu özündən çıxarmağa çalışanda təmkini qoruması deməkdir. Səbirli insan dinləyicilərin onun dediklərini tətbiq edəcəyinə ümidini itirmir. Bu cür əhval-ruhiyyə ilə nəsihət versən, dinləyicilər sənin onlar haqqında pis fikirdə olduğunu düşünməyəcəklər. Bacı-qardaşlar hiss edəndə ki, sən onların Yehovaya xidmətdə əllərindən gələni etmək istədiklərinə əminsən, onda düzgün davranmağa daha çox can atacaqlar (İbr. 6:9).
«Səhih təlimlə». Ağsaqqal «səhih təlimlə» necə təşviq edə bilər? ‘Təlimə uyğun və etimada layiq kəlama ciddi riayət etməklə’ (Tit. 1:9). Öz şəxsi fikrini ifadə etməkdənsə, qoy Allahın Kəlamı verdiyin nəsihəti gücləndirsin. Qoy Müqəddəs Kitab nə demək lazım gəldiyini anlamağa sənə kömək etsin. Haqqında danışılan mövzu ilə bağlı Müqəddəs Kitabda deyilənlərə əməl etməyin gətirdiyi faydaları sadala. Allahın Kəlamında deyilənlərə riayət etməməyin indi və gələcəkdə gətirəcəyi nəticələri yadında möhkəm saxla və dinləyiciləri münasib addımlar atmağın vacibliyinə əmin etmək üçün bunları sübut kimi gətir.
Dinləyicilərinə nəyi və necə etməli olduqlarını yaxşı izah etdiyinə əmin ol. Yürütdüyün mülahizənin tamamilə Müqəddəs Yazılara əsaslandığını aydın göstər. Əgər Müqəddəs Yazılar hansısa qərarla bağlı insana bir qədər sərbəstlik verirsə, həmin sərbəstliyin hüdudlarını göstər. Sonra, dinləyicilərinin hərəkətə keçmək qətiyyətini möhkəmləndirmək üçün sonuncu çağırışla nitqə yekun vur.
‘Cəsarətlə’. Təsirli nəsihət verə bilməsi üçün insanın ‘imanda cəsarəti’, yəni söz azadlığı olmalıdır (1 Tim. 3:13). İnsan nəyin sayəsində cəsarətlə danışa bilər? Onun qardaşlarına verdiyi nəsihət ‘yaxşı işlərinin nümunəsi’ ilə uzlaşmalıdır (Tit. 2:6, 7; 1 Pet. 5:3). Belə olduğu halda, hərəkətə təşviq edilən adamlar başa düşəcəklər ki, nəsihət verən onlardan gözlədiyi şeyi özü də edir. Onlar görəcəklər ki, o, Məsihi təqlid etməyə çalışdığı üçün onlar da onun imanını təqlid edə bilərlər (1 Kor. 11:1; Filip. 3:17).
Allahın Kəlamına əsaslanan və məhəbbətlə verilən nəsihət gözəl nəticələr gətirə bilər. Üzərlərinə nəsihət vermək məsuliyyəti düşən kəslər bunu yaxşı tərzdə etməyə çalışmalıdırlar (Rom. 12:8).