Bu sıxıntılı vaxtlarda Allahla yeriyin
«Hanok [Xanok] Allah ilə yeriyirdi; və gözdən qeyb oldu; çünki onu Allah aldı» (YARADILIŞ 5:24, KM).
1. Zəmanəmizin hansı xüsusiyyətləri həyatımızı çətinləşdirir?
SIXINTILI vaxtlar! Bu sözlər Xilaskar Padşahlığın 1914-cü ildə bərqərar olduğu andan bəşəriyyətin düçar olduğu iğtişaş və zorakılıq dolu illərini necə də düzgün təsvir edir! O vaxtdan artıq «axır günlər» başlayıb. Aclıq, xəstəliklər, zəlzələlər və müharibələr kimi fəlakətlər əvvəllər görünmədiyi dərəcədə vüs’ət almışdır (2 Timoteyə 3:1; Vəhy 6:1-8). Bu cür hadisələr Yehovanın xidmətçilərindən də yan keçmir. Hamımız yaşadığımız bu dövrün çətinlikləri və qeyri-sabitliyi ilə müəyyən dərəcədə qarşılaşırıq. İqtisadi çətinliklər, siyasi iğtişaşlar, cinayətkarlıq, xəstəliklər və bir sıra problemlər həyatımızı çox ağırlaşdırır.
2. Yehovanın xidmətçiləri hansı çətinliklərlə qarşılaşırlar?
2 Bütün bunlara əlavə olaraq, Yehovanın xidmətçiləri Şeytanın daima törətdiyi şiddətli müqavimətlərlə üzləşirlər. Bundan görünür ki, Şeytan «Allahın əmrlərinə riayət edib, İsaya olan şəhadətlərinə bağlı qalan» insanlara qarşı müharibə aparır (Vəhy 12:17). Hər birimiz ayrılıqda müqavimətlərə mə’ruz qalmasaq da, bütün məsihçilər Şeytan İblisin bu dünyaya hopmuş ruhuna və onun özünə qarşı durmalı olurlar (Efeslilərə 2:2; 6:12). Şeytanın ruhu iş yerimizdə, məktəbdə və yaxud da təmiz ibadətlə maraqlanmayanların əhatəsində olduğumuz istənilən yerdə bizə tə’sir edə bilər. Bunun üçün bizdən daima ayıq olmaq tələb olunur.
Millətlərin yolu ilə deyil, Allahla yeriyin
3, 4. Məsihçilər bu dünyadan hansı mə’nada fərqlənirlər?
3 Birinci əsrdə yaşayan məsihçilər də, dünyanın ruhuna qarşı mətinliklə müqavimət göstərirdilər. Buna görə də onlar məsihçi yığıncağına aid olmayanlardan çox fərqlənirdilər. Bu fərq haqqında Pavel belə yazırdı: «Beləliklə, mən bunu deyir və Rəbb adına şəhadət edirəm ki, siz artıq bütpərəstlər kimi hərəkət etməyəsiniz. Onlar ağıllarının boş düşüncələrinə görə davranırlar; zehinləri qaranlıqlaşmış, içlərində olan cahilliyə və ürəklərinin duyğusuzluğuna görə Allahın həyatına yad olmuşdular. Onlar hər cür həssaslığı itirərək, hər növ murdarlığı acgözlüklə işləmək üçün, özlərini səfalətə təslim etdilər» (Efeslilərə 4:17-19).
4 Bu sözlər həm Pavelin, həm də bizim günlərimizdə mövcud olan ruhani və əxlaqi zülməti necə də dəqiqliklə təsvir edir! Erkən məsihçilər kimi, biz də bu dünyanın millətləri kimi ‘hərəkət etmirik’, əksinə, biz Allahla yeriməyi özümüzə şərəf sanırıq. Düzdür, bə’ziləri soruşa bilər: «Axı qeyri-kamil, əhəmiyyətsiz insanlar Yehova Allahla necə yeriyə bilərlər?» Amma Müqəddəs Kitab göstərir ki, bu mümkündür. Üstəlik, Yehova Özü, bunu insanlardan gözləyir. Eramızdan əvvəl səkkizinci əsrdə, Mikeya peyğəmbər aşağıdakı sözləri yazmışdır: «Ey insanlar, Allah... sizdən bundan başqa nə istəyir ki? Adil olun, məhəbbət göstərməyi sevin, Allahınızın önündə [«Allahınızla», YD] həlim ürəklə gəzin» (Mikeya 6:8).
Allahla necə və nə üçün yeriməliyik?
5. Qeyri-kamil bir insan Allahla necə yeriyə bilər?
5 Biz hər şeyə qadir və gözə görünməyən Allahla necə yeriyə bilərik? Aydındır ki, burada hərfi mə’nada «yerimək» nəzərdə tutulmur. Müqəddəs Kitabda «yerimək» sözü çox vaxt «müəyyən edilmiş yolla getmək» mə’nasını daşıyıra. Deməli, Allahla yerimək Onun göstərdiyi və Ona məqbul olan yolla getmək deməkdir. Bu cür həyat tərzi bizi insanların əksəriyyətindən fərqləndirsə də, bu, məsihçi üçün yeganə düzgün yoldur. Nə üçün belə demək olar? Gəlin bir neçə səbəbi araşdıraq.
6, 7. Allahla yerimək nə üçün ən yaxşı həyat yoludur?
6 Birincisi, Yehova Yaradanımız və həyatımızın Məmbəyidir. Həyatımızı qorumaq üçün O, bizi hər bir şeylə tə’min edir (Vəhy 4:11). Buna görə, hansı yolla yeriməyimizə dair göstəriş verməyə, yalnız Allahın haqqı var. Həmçinin, heç bir şey Allahla yerimək qədər bizə fayda gətirməyəcək. Yehova, Onunla yeriyənlərin günahlarının bağışlanması üçün qayğı göstərərək onlara əbədi həyata dair sarsılmaz bir ümid verib. Bizim sevgi dolu səmavi Atamız, həmçinin, onunla yeriyənləri müdrik məsləhətlərlə də tə’min edir. Qeyri-kamilliyimizə və Şeytanın hakimiyyəti altında olan dünyada yaşamağımıza baxmayaraq, bu məsləhətlərin sayəsində elə indidən həyatımızı uğurlu edə bilərik (Yəhya 3:16; 2 Timoteyə 3:15, 16; 1 Yəhya 1:8; 2:25; 5:19). İkincisi, Allahla yeriməyi ürəkdən arzulayırıqsa, bu, yığıncaqda sülhə və birliyə səbəb olacaq (Koloslulara 3:15, 16).
7 Nəhayət sonuncu və ən vacib səbəb budur: biz Allahla yeriyərkən, hələ Eden bağında hökmranlığa dair qaldırılmış mühüm mübahisəli sualda kimin tərəfini tutduğumuzu nümayiş etdiririk (Yaradılış 3:1-6). Öz həyat tərzimizlə bütövlüklə Yehovanın tərəfində dayandığımızı göstərir və insanlar üzərində hökmranlıq etməyə, yalnız Onun hüququ olduğunu cəsarətlə bəyan edirik (Məzmur 83:18). Bunu etməklə biz, nümunəvi duanın ‘adın müqəddəs tutulsun və iradən olsun’ sözlərinə uyğun hərəkət edirik (Matta 6:9, 10). Allahla yeriməyi qərara alanlar necə də müdrik bir addım atmışlar! Onlar əmin ola bilərlər ki, həyatda ən düzgün istiqamət alıblar, çünki ‘tək hikmətli’ Yehovadır və O, heç vaxt səhv etmir (Romalılara 14:26).
8. Xanokun və Nuhun günləri bizim günlərimizi nə ilə xatırladır?
8 Bəs insanların çoxunun Yehovaya xidmət etmək istəmədikləri bu sıxıntılı zəmanədə bir məsihçi kimi həyat sürmək mümkündürmü? Qədimdə yaşayan sadiq kişilərin nümunəsini nəzərdən keçirərkən bu suala cavab ala bilərik. Onlar çətin vaxtlarda yaşasalar da, nöqsansızlıqlarını qoruyub saxlaya bilmişdilər. Məsələn, onlardan biri Xanok, o biri isə Nuh idi. Onların ikisi də bizim günlərimizə bənzər zəmanədə yaşayırdılar. Pislik baş alıb gedirdi. Nuhun günlərində yer üzü zorakılıq və əxlaqsızlıqla dolmuşdu. Buna baxmayaraq, Xanok da, Nuh da dünyanın ruhuna müqavimət göstərir və Allahla yeriyirdilər. Onlar buna necə müvəffəq olurdular? Bu suala cavab vermək üçün bu məqalədə Xanokun, növbəti məqalədə isə Nuhun nümunəsini nəzərdən keçirəcəyik.
Xanok sıxıntılı vaxtlarda Allahla yeriyirdi
9. Xanok haqqında nə bilirik?
9 Müqəddəs Kitabda Allahla yeriyənlər sırasında Xanokun adı birinci çəkilir. Müqəddəs Yazılara əsasən, «Metuşelahın atası olduqdan sonra, Hanok [Xanok] üç yüz il Allah ilə yeridi» (Yaradılış 5:22, KM). Xanok 365 il ömür sürmüşdü. Onun həyatı bizimki ilə müqayisədə çox uzun olsa da, o dövr üçün qısa idi. Bundan sonra oxuyuruq: «Hanok [Xanok] Allah ilə yeridi; və gözdən qeyb oldu; çünki onu Allah aldı» (Yaradılış 5:24, KM). Çox güman, Yehova Xanoku alıb, onu ölülər diyarına köçürdü ki, düşmənləri ona zərər yetirməsin (İbranilərə 11:5, 13). Bu qısa ayələr istisna olmaqla, Müqəddəs Kitab Xanok haqqında ayrı heç bir mə’lumat vermir. Amma əlimizdə olan mə’lumata əsaslanaraq demək olar ki, Xanokun günləri sıxıntılı idi.
10, 11. a) Adəmlə Həvvanın qiyamından sonra mə’nəvi pozğunluq nə dərəcədə vüs’ət aldı? b) Xanok nəyi peyğəmbərlik edirdi və insanlar bu xəbərə necə münasibət bəsləyirdi?
10 Məsələn, gəlin, Adəmin günahından sonra insanlar arasında mə’nəvi pozğunluğun geniş yayılması haqqında düşünək. Müqəddəs Kitabda deyilir ki, Adəmin ilk oğlu Qabil, qardaşı Habili öldürməklə, bəşər tarixində ilk insan qatili oldu (Yaradılış 4:8-10). Habilin qətlindən sonra Adəmlə Həvvanın Şet adlı başqa bir oğlu oldu. Onun haqqında oxuyuruq: «Şetin də bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı» (Yaradılış 4:25, 26). Təəssüflər olsun ki, insanların «Rəbbin adını çağırmaları» dönüklüklə bağlı idib. Enoş doğulandan bir çox illər sonra Qabilin nəslindən olan Lemek iki arvadı üçün mahnı bəstələmişdi. Bu mahnıda Lemek, onu yaralayan bir gənc oğlanı öldürdüyü haqqında oxuyur və xəbərdarlıq edirdi: «Qabil üçün yeddi qat qisas alınacaqsa, Lemek üçün yetmiş yeddi qat alınacaq» (Yaradılış 4:10, 19, 23, 24).
11 Bu faktların hamısı göstərir ki, Şeytanın Eden bağında əsasını qoyduğu mə’nəvi pozğunluq Adəmin nəsli arasında çox tez yayılan zalımlığa səbəb oldu. Bu cür zalım dünyada Xanok Yehova Allahın peyğəmbərlik sözlərini e’lan edirdi. Bu ilhamlanmış sözlər hələ də öz aktuallığını itirməyib. Yəhuda Xanokun nə haqda peyğəmbərlik etdiyini yazırdı: «Budur, Rəbb [Yehova] on minlərcə müqəddəsləri ilə gəldi ki, bütün insanlara hökm etsin və aralarında allahsızların hamısını Allaha hörmət etmədən gördükləri bütün allahsız işlər və allahsız günahkarların Ona qarşı söylədikləri bütün sərt sözlər üçün ifşa etsin» (Yəhuda 14, 15). Bu sözlər sonuncu dəfə Har-Megidonda həyata keçəcək (Vəhy 16:14, 16). Şübhə yoxdur ki, Xanokun sözləri bir çox «allahsız günahkarları» əsəbiləşdirirdi. Yehova peyğəmbərinə məhəbbət göstərərək onu bu cür insanların əlindən qurtardı.
Allahla yerimək üçün Xanoka nə kömək edirdi?
12. Xanoku müasirlərindən nə fərqləndirən nə idi?
12 Adəmlə Həvva Eden bağında olarkən Şeytana qulaq asdılar və Adəm Yehovaya qarşı qiyam qaldırdı (Yaradılış 3:1-6). Onların oğlu Habil isə başqa yol seçdi və Yehova onun seçimindən razı qaldı (Yaradılış 4:3, 4). Əfsuslar olsun ki, Adəmin nəslindən olanların əksəriyyəti Habil kimi deyildi. Amma bir neçə yüz il sonra doğulan Xanok Habilə bənzəyirdi. Bəs Xanoku Adəmin nəslindən olan başqa adamlardan fərqləndirən nə idi? Bu suala həvari Pavel belə cavab verir: «Hanok [Xanok] iman vasitəsilə dünyadan köçürüldü ki, ölümü görməsin; və o tapıla bilmədi, çünki Allah onu dünyadan köçürmüşdü. Zira köçürülməzdən qabaq, o, Allaha məqbul olduğuna dair şəhadət aldı» (İbranilərə 11:5). Xanok imanlarıyla gözəl örnək olan, [İsadan əvvəl yaşamış] «böyük şahidlər buludunun» bir hissəsi idi (İbranilərə 12:1). Məhz iman, Xanoka kömək edirdi ki, bizim həyatımızdan üç qat uzun olan 365 illik ömrünü Allaha məqbul şəkildə yaşasın.
13. Xanok necə imana malik idi?
13 Xanokun və başqa şahidlərin imanını təsvir edən Pavel yazmışdı: «İman isə ümid edilən şeylərə e’timad, görünməyən həqiqətlərə inamdır» (İbranilərə 11:1). Bəli, iman ümid etdiyimiz şeylərin mütləq həyata keçməsinə əsaslanan möhkəm əminlik hissidir. Bu ümid o qədər güclüdür ki, qarşımızda qoyduğumuz həyati vacib məqsədlərə də öz tə’sirini göstərir. Başqaları belə etməsə də, bu cür iman Xanoku Allahla yeriməyə təşviq edirdi.
14. Xanokun imanı, ehtimala görə, hansı dəqiq biliklərə əsaslanırdı?
14 Həqiqi imanın bünövrəsi dəqiq bilikdir. Bəs, Xanok hansı biliyə malik idi? (Romalılara 10:14, 17; 1 Timoteyə 2:4). Şübhəsiz, o, Eden bağında baş verənlərdən xəbərdar idi. İnsanların oraya daxil olması qadağan edilsə də, güman ki, o vaxtlar hələ də mövcud olan Eden bağında həyatın necə olmasını da bilirdi (Yaradılış 3:23, 24). Xanok həmçinin Allahın insanlara dair niyyətini də bilirdi. Bu niyyət Adəmin övladlarının bütün yer üzərini doldurub onu əvvəlki Cənnət halına salmasından ibarətdir (Yaradılış 1:28). Bundan başqa, Xanok Yehovanın başqa bir və’dini də — Şeytanın başından vuracaq və onun yalanlarının pis nəticələrini aradan qaldıracaq Zürriyyətin gəlişi barəsindəki və’dini də unutmurdu (Yaradılış 3:15, KM). Yəhuda kitabında yazıldığı kimi, Xanok da Şeytanın zürriyyətinin məhv olunması haqqında peyğəmbərlik edirdi. Xanok Yehovaya inandığı üçün Allahın ‘Onu axtaranlara mükafat verdiyinə’ şübhə etmirdi (İbranilərə 11:6). Beləliklə, Xanok bizim qədər bilməsə də, möhkəm imanın bünövrəsini qoymaq üçün kifayət qədər biliyə malik idi. Bu cür imanla o, sıxıntılı vaxtlarda nöqsansızlığını qoruyub saxlaya bildi.
Xanokdan nümunə götürün
15, 16. Xanokdan necə nümunə götürə bilərik?
15 Biz də Xanok kimi, bu sıxıntılı vaxtlarda Yehovanı sevindirmək istədiyimiz üçün Xanokdan nümunə götürməliyik. Buna görə Yehova və Onun niyyətləri haqqında dəqiq biliklərə yiyələnməli və bu bilikləri həyatımız boyu qoruyub saxlamalıyıq. Amma bu kifayət deyil. Biz bu dəqiq bilikləri həyatımızda rəhbər tutmalıyıq (Məzmur 119:101; 2 Peter 1:19). Biz Allahın düşüncə tərzinə yiyələnməli və həmişə çalışmalıyıq ki, hər bir fikrimiz və hərəkətimiz Ona məqbul olsun.
16 Xanokun dövründə başqalarının da Yehovaya xidmət edib-etməmələri haqqında bizim heç bir mə’lumatımız yoxdur. Lakin aydındır ki, o ya Allaha tək xidmət edirdi, ya da bir azlığa aid idi. Biz də bu dünyada azlıq təşkil edirik, amma ruhdan düşmürük. Bizə qarşı kim çıxırsa-çıxsın, Yehova bizə mütləq kömək edəcək (Romalılara 8:31). Xanok allahsızların yaxınlaşmaqda olan məhvini cəsarətlə bəyan edirdi. Biz də «Padşahlıq haqqında olan bu Müjdə»ni istehzaya, tə’qib və müqavimətlərə baxmayaraq cəsarətlə təbliğ edirik (Matta 24:14, İ–93). Xanok müasirlərinin çoxu ilə müqayisədə uzun ömür sürmədi. Buna baxmayaraq, onun ümidi bu dünya ilə bağlı deyildi. O, diqqətini daha möhtəşəm şeylərə yönəltmişdi (İbranilərə 11:10, 35). Biz də diqqətimizi Yehovanın niyyətlərinin yerinə yetməsinə yönəldirik. Bu səbəbdən də bu dünyadan tam surətdə istifadə etmirik (1 Korinflilərə 7:31). Bunun əvəzinə gücümüzdən və əlimizdəki imkanlardan ilk növbədə Yehovanın işini yerinə yetirmək üçün istifadə edirik.
17. Xanokdan fərqli olaraq, biz hansı biliklərə sahibik və buna görə nə etməliyik?
17 Xanok inanırdı ki, və’d edilmiş Zürriyyət yer üzünə Yehovanın tə’yin etdiyi vaxtda gələcək. Bu Zürriyyətin, yə’ni İsa Məsihin yer üzərinə gəlməsindən və özünü fidiyə qurbanı kimi təqdim etməsindən artıq 2000 ilə yaxın vaxt keçib. Onun fidiyə qurbanlığı Xanok kimi keçmişin sadiq xidmətçilərinə və həmçinin bizlərə əbədi yaşamaq imkanı açır. İndi Allahın Padşahlığının Padşahı olan Zürriyyət, Şeytanı göydən yerə atıb. Bunun nəticəsi ətrafımızda baş alıb gedən bəlalar və fəlakətlərdir (Vəhy 12:12). Gördüyümüz kimi, biz Xanokdan daha çox biliyə malikik. Qoy, bizim də imanımız onun imanı kimi güclü olsun. Qoy, Allahın və’dlərinin yerinə yetəcəyinə olan əminliyimiz, etdiyimiz hər bir şeyə öz tə’sirini göstərsin. Gəlin, Xanok kimi, biz də sıxıntılı vaxtlarda yaşamağımıza baxmayaraq, Allahla yeriyək!
[Haşiyələr]
a Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyası, cild 1, səh. 220, abz. 6-ya baxın (ing.).
b Enoşun günlərindən əvvəl Yehova Adəmlə danışırdı. Həmçinin, O, Habilin təqdim etdiyi qurbanı da qəbul etmişdi. Qabil paxıllığı ucbatından qardaşını öldürməzdən əvvəl Yehova hətta onunla da söhbət etmişdi. Beləliklə, Enoşun dövründə yaşayan insanlar artıq Rəbbin adını başqa cür, təmiz ibadətə zidd tərzdə çağırırdılar.
Necə cavab verərdiniz?
• Allahla yerimək nə deməkdir?
• Allahla yerimək nə üçün ən yaxşı həyat yoludur?
• Sıxıntılı vaxtlarda yaşamasına baxmayaraq, Allahla yeriməyə Xanoka nə kömək edirdi?
• Biz Xanokdan necə nümunə götürə bilərik?
[25-ci səhifədəki şəkil]
Xanok iman vasitəsilə «Allahla yeriyirdi».
[27-ci səhifədəki şəkil]
Biz Yehovanın və’dlərinin yerinə yetəcəyinə tam əminik.
[İcazə ilə]
Woman, far right: FAO photo/B. Imevbore; collapsing building: San Hong R-C Picture Company