İbrahim iman nümunəsidir
“[İbrahim] bütün iman edənlərin atası oldu” (ROMALILARA 4:11).
1, 2. a) İbrahim müasir məsihçilər arasında nə ilə tanınır? b) İbrahim nəyə görə “bütün iman edənlərin atası” adlanır?
BU ADAM böyük xalqın ulu atası, peyğəmbər, tacir və rəhbər idi. Müasir məsihçilər arasında isə sarsılmaz imana malik olan kəs kimi tanınır. Məhz bu keyfiyyətinə görə Yeqova Allah onu Özünə dost sandı (İşaya 41:8; Yaqub 2:23). Haqqında bəhs olunan şəxsin adı İbrahimdir və o, Müqəddəs Kitabda “bütün iman edənlərin atası” adlanır (Romalılara 4:11).
2 Məgər İbrahimdən əvvəl yaşayan insanlar, məsələn, Habil, Xənok və Nuh iman göstərmirdilərmi? Göstərirdilər. Amma yer üzünün bütün xalqlarının xeyir-dualanması barədə əhd məhz İbrahimlə bağlanmışdır (Təkvin 22:18). Bununla da o, və’d edilən Zürriyyətə iman edən insanların hamısının məcazi mə’nada atası oldu (Qalatiyalılara 3:8, 9). Müəyyən mə’nada, İbrahimi bizim də atamız adlandırmaq olar, axı onun imanı, təqlid edəcəyimiz nümunədir. İbrahimin həyəcan və sınaqlar içərisində keçən həyatını imanın təzahürü sanmaq olar. İmanının ən böyük tərzdə sınaqdan keçməsi ilə qarşılaşmazdan qabaq, yə’ni oğlu İshaqı qurban gətirmək göstərişini almazdan hələ çox əvvəllər, İbrahim öz imanını daha cüzi sınaqlarda təsdiq etmişdi (Təkvin 22:1, 2). Gəlin həmin cüzi sınaqlardan bə’ziləri üzərində düşünək və onların bizi nəyə öyrədə bildiyini gözdən keçirək.
Ur diyarını tərk etmək əmri
3. Əvramın mənşəyi barədə Müqəddəs Kitabda nə deyilir?
3 Müqəddəs Kitabda Əvram (sonralar İbrahim kimi tanındı) ilk dəfə “Yaradılış” kitabının 11:26-cı ayəsində xatırlanır. Həmin ayədə deyilir: “Terəx yetmiş yaşında olanda oğulları Əvram, Naxor və Haran doğuldu”. Əvram, Allah qorxusuna malik olan Samın nəslindən idi (Yaradılış 11:10—24, MKŞ). Yaradılış 11:31 ayəsində yazılanlara görə, Əvram, bir zamanlar Fərat çayından şərq tərəfdə yerləşən “Gildanlıların Ur” adlı zəngin şəhərində yaşayırdıa. Deməli o, çadırlarda yaşayan köçərilər kimi deyil, rahatlığa və cah-calala vərdiş etmiş şəhərli kimi böyümüşdür. Urun bazarlarında başqa ölkələrin malları satılırdı. Küçənin kənarlarında təxminən 14 otaqdan ibarət əhənglə ağardılmış, hətta su kəməri olan mənzillər də dururdu.
4. a) Həqiqi Allaha ibadət edənlərə Ur diyarında yaşamaq nə üçün çətin idi? b) Əvram nəyə görə Yeqovaya iman gətirdi?
4 Ur şəhərindəki həyat, insana maddi cəhətdən çox üstünlük versə də, həqiqi Allaha xidmət etmək istəyənlər üçün orada olduqca çətin idi. Şəhər bütpərəstliyə və mövhumatlara qərq olmuşdu. Şəhərdəki əsas bina, ay tanrısı Nannaya həsr edilmiş piramida şəkilli, pilləli yüksək qüllə idi. Şübhəsiz ki, Əvramı da bu iyrənc ibadətə cəlb etməyə çalışırdılar. Yəqin qohumları tərəfindən də təzyiq göstərilirdi. Yəhudilərin bə’zi rəvayətlərinə görə, hətta Əvramın atası Terəx də bütlər düzəldirdi (Yeşu 24:2, 14, 15). Hər necə olsa da, Əvram iyrənc olan yalan ibadətdə iştirak etmirdi. Həmin vaxt Əvramın əcdadı Sam hələ sağ idi və sözsüz ki, həqiqi Allah haqqında malik olduğu biliyi Əvramla bölüşürdü. Bunun nəticəsində, Əvram Nannaya deyil, Yeqovaya iman gətirdi (Qalatiyalılara 3:6).
İmanın sınağı
5. Hələ Ur diyarında ikən, Allah Əvrama nə tapşırdı və nəyi və’d etdi?
5 Əvramın imanı sınanmalı idi. Allah ona görünüb dedi: “Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və sən bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lə’nət edənləri lə’nətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaqlar” (Yaradılış 12:1—3, MKŞ; Həvarilərin işləri 7:2, 3).
6. Uru tərk etmək üçün Əvrama nəyə görə həqiqətən də möhkəm iman lazım idi?
6 Əvram qocalmışdı və övladsız idi. Bəs ondan “böyük bir millət” necə törənə bilərdi? Və onun gedəcəyi torpaq harada yerləşirdi? Allah həmin vaxt ona bu barədə heç nə demədi. Buna görə də, zəngin və abad Urdan çıxmaq üçün Əvram, doğrudan da möhkəm imana malik olmalı idi. “Ailə, məhəbbət və Müqəddəs Kitab” adlı bir kitabda, qədim dövrün yaşayış tərzi haqda deyilir: “Ailənin ciddi günah işlədən üzvünə verilən ən dəhşətli cəza, qovulmaq, onu ailənin ”üzvlüyündən” məhrum etmək idi. [...] Elə buna görə də, Allahın buyuruğuna riayət edərək, Əvram yalnız məmləkətindən deyil, həmçinin qohumlarından da uzaqlaşdı. Bu isə, Allaha tam itaət və e’tibarın valehedici təzahürü idi” (“Family, Love and the Bible”).
7. Müasir məsihçilər, Əvramın qarşılaşdığı sınaqlara bənzər sınaqlara necə mə’ruz qala bilərlər?
7 Bu cür sınaqlarla müasir məsihçilər də toqquşa bilərlər. Əvramın günlərində olduğu kimi, bizim zəmanədə də teokratik işləri ikinci yerə qoyub, hər şeydən əvvəl maddi mənafelər barədə düşünmək sınağına məğlub olmaq asandır (1 Yəhya 2:16). Ailəmizin imanımıza şərik olmayan üzvləri, o cümlədən yığıncaqda ünsiyyətdən məhrum olan qohumlarımız tərəfindən müqavimət hiss edə bilərik. Onlar bizi nalayiq söhbətlərə cəlb etməyə çalışa bilərlər (Matta 10:34—36; 1 Korinflilərə 5:11—13; 15:33). Əvram bizə gözəl nümunə verdi. O, Yeqova ilə dostluğu hər şeydən, hətta qohumluq münasibətlərindən də üstün tuturdu. O, Allahın və’dinin necə, nə zaman və harada yerinə yetəcəyini dəqiq bilmirdi. Buna baxmayaraq öz həyatını həmin və’dlər əsasında qurmağa hazır idi. Bu bizi, Padşahlığın mənafeyini həyatımızdakı qalan bütün işlərdən üstün qoymağa necə də ruhlandırır! (Matta 6:33).
8. Əvramın imanı onun yaxın qohumlarına necə tə’sir etdi və bundan məsihçilər nə öyrənə bilərlər?
8 Bəs Əvramın yaxın qohumları barədə nə demək olar? Ehtimal ki, Əvramın imanı və əminliyi onların ürəyinə tə’sir etmişdir, çünki həm onun arvadı Sarəy, həm də yetim qalmış qardaşı oğlu Lut, Allahın göstərişinə itaət edib, Uru tərk etdilər. Əvramın qardaşı Naxor və onun nəslindən bə’ziləri sonradan Ur diyarından çıxıb, Xaranda məskən saldılar və orada Yeqovaya ibadət etdilər (Təkvin 24:1—4, 10, 31; 27:43; 29:4, 5). Hətta Əvramın atası Terəx belə, oğlu ilə getməyə razı oldu! Buna görə də Müqəddəs Kitabda, Kən’ana köçmək qərarı ailənin başçısı Terəxin adına yazılır (Təkvin 11:31). Həqiqət haqqında qohumlarımıza nəzakətlə şahidlik edəriksə, bəlkə biz də onların qəlbinə tə’sir etməyə müvəffəq olarıq?
9. Yola düşmək üçün Əvram hansı hazırlıq işlərini görməli idi və bu nəyə görə ziyanla bağlı ola bilərdi?
9 Yola düşməzdən qabaq Əvram çox iş görməli idi. O, torpağını və əşyalarını satmalı, çadırlar, dəvələr, azuqə və lazım gələn ləvazimatı almalı idi. Hazırlıq işlərini tələsik etdiyindən, Əvram ehtimal ki, pul sarıdan ziyana düşdü. Buna baxmayaraq, Yeqovaya tabe olduğuna görə sevinirdi. Budur, bütün əziyyət başa çatdı və Əvramın karvanı Urun qala divarları arxasında yola düşməyə hazır vəziyyətdədir. Necə də əlamətdar gündür! Karvan Fərat çayı boyunca şimal-şərqə tərəf yola düşdü. Həftələrlə davam edən yoldan sonra, karvan təxminən 1 000 kilometrlik məsafəni qət edib, şimali Əram-Nəhərəyimə [Mesopotamiyaya] — çoxlu karvan yollarının kəsişdiyi Xaran şəhərinə gəldi.
10, 11. a) Ehtimal olunduğu kimi, Əvram nə üçün bir müddət Xaranda qaldı? b) Qocalmış valideynlərinin qeydinə qalan məsihçiləri nə ruhlandıra bilər?
10 Əvram, ehtimal ki, qocalmış atası Terəxə hörmət əlaməti olaraq Xaranda məskən saldı (Levililər 19:32). Bu gün bir çox məsihçilər də qocalmış və ya xəstə valideynlərinin qeydinə qalırlar. Bə’zən bunun üçün, həyatda müəyyən şeyləri dəyişmək də lazım gəlir. Bu cür tələbat yaranan zaman məsihçilər əmin ola bilərlər ki, məhəbbətlə təqdim etdikləri qurbanlar “Allaha məqbuldur” (1 Timoteyə 5:4).
11 Vaxt keçirdi. “Terəx iki yüz beş il ömür sürüb Xaranda öldü”. Əvram bu itkiyə kədərləndi, amma yas günü başa çatan kimi yoluna davam etdi. “Əvram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı vaxt Əvram yetmiş beş yaşında idi. Əvram arvadı Sarəyi, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kən’ an torpağına tərəf yola düşdü” (Yaradılış 11:32; 12:4, 5, MKŞ).
12. Əvram Xaranda yaşayarkən nə edirdi?
12 Maraqlıdır ki, Xaranda yaşadığı vaxt ərzində Əvram “əmlak” “əldə etmişdir”. Ur diyarından çıxarkən zərər çəkməsinə baxmayaraq, Əvram Xaranı zəngin adam kimi tərk etdi. Bu, şübhəsiz ki, Allahın xeyir-duası sayəsində mümkün oldu (Vaiz 5:19). Yeqova, bu gün öz xidmətçilərinə var-dövlət və’d etməsə də, Padşahlıq naminə “evini, qardaşlarını, bacılarını” tərk edən kəslərin ehtiyaclarına qayğı göstərəcəyi haqqında verdiyi və’dinə sadiqdir (Mark 10:29, 30). Əvramın çoxlu “nökərləri” də vardı. Yerusəlim və Gildani parafrazlarında (bir ifadə və ya sözün mə’nasının təsviri ifadəsindən ibarət olan tə’bir) deyilir ki, Əvram “insanları öz imanına döndərirdi” (Yaradılış 18:19, MKŞ). İmanınız sizi təşviq edirmi ki, onu qonşularınız, iş və sinif yoldaşlarınızla bölüşəsiniz? Əvram Xaranda məskən salıb, Allahın göstərişini unutmadı, əvəzində vaxtını səmərəli keçirirdi. Amma indi o getməli idi. “Əvram Rəbbin ona söylədiyi kimi oradan çıxdı” (Yaradılış 12:4, MKŞ).
Fərat çayını keçmək
13. Əvram Fərat çayını nə zaman keçdi və bu hansı mə’nanı kəsb edirdi?
13 Əvram yenidən yola düşməli idi. Xaranı tərk edərək, karvan qərbə doğru təxminən 90 kilometr yol getdi. Olsun ki, Əvram, Karkemişin qədim ticarət mərkəzinin əks tərəfində yerləşən Fərat çayının yaxınlığında dayandı. Həmin yerdə Fərat çayından çoxlu karvanlar keçirdib. Bəs Əvramın karvanı çayı nə zaman keçdi? Müqəddəs Kitabın göstərdiyi kimi, bu, eramızdan əvvəl 1513-cü il, nisanın 14-də yəhudilərin Misirdən çıxmasından 430 il qabaq baş vermişdi. Çıxış 12:41 ayəsində deyilir: “Elə oldu ki, dörd yüz otuz ilin sonunda, Rəbbin bütün orduları Misir diyarından eyni gündə çıxdılar”. Beləliklə, Əvramla kəsilən əhd, ehtimala görə, b. e. ə. 1943-cü il, nisanın 14-də, Əvram, Allahın göstərişinə qulaq asıb Fərat çayını keçərkən qüvvəyə mindi.
14. a) Əvram imanın gözləri ilə nəyi görə bildi? b) Allahın müasir xalqı hansı mə’nada Əvramdan çox xeyir-dua alıb?
14 Əvram zəngin şəhəri tərk etdi. Ancaq indi o, “möhkəm təməllərə malik şəhəri” — bəşəriyyət üzərində ədalətli hakimiyyəti təsəvvür edə bilərdi (İbranilərə 11:10). Bəli, Əvram çox az mə’lumata malik olaraq, Allahın bəşəriyyəti ölümdən xilas etməklə əlaqədar olan niyyətinin bə’zi əsas cəhətlərini qavramağa başlamışdı. Əvramla müqayisədə, bu gün biz Allahın niyyətinin daha artıq anlayışı ilə çoxlu xeyir-dua almışıq (Süleymanın məsəlləri 4:18). Əvramın gözlədiyi “şəhər”, daha doğrusu, Padşahlıq hakimiyyəti reallığa çevrildi — bu hakimiyyət 1914-cü ildən göylərdə mövcuddur. Məgər bu bizi, Yeqovaya olan imanımızı və e’tibarımızı təzahür etdirməyə ruhlandırmalı deyilmi?
Və’d edilən torpaqda müvəqqəti həyatın başlanğıcı
15, 16. a) Nə üçün Yeqovaya qurbangah düzəltməkdə Əvrama cəsarət lazım idi? b) Müasir məsihçilər, Əvram kimi, necə cəsarətli ola bilərlər?
15 Yaradılış 12:5, 6 ayələrində deyilir: “Onlar Kən’an torpağına gəldilər. Əvram oradan keçib, Şekem deyilən yerdəki More palıdının yanına çatdı” (MKŞ). Şekem, Yerusəlimdən 50 kilometr şimalda idi və “müqəddəs torpağın cənnəti” adlanan bərəkətli vadidə yerləşirdi. Lakin “o vaxt bu torpaqda Kən’anlılar yaşayırdılar”. Kən’an xalqı əxlaqca pozğun olduğundan, Əvram öz ailəsini onların pozucu tə’sirindən müdafiə etmək üçün tədbirlər görməli idi (Çıxış 34:11—16).
16 İkinci dəfə “Rəbb Əvrama görünüb dedi: ”Bu torpağı sənin nəslinə verəcəyəm””. Necə də həyəcanlandırıcı hadisədir! Əlbəttə ki, bu və’ddən yalnız onun nəslinin həzz alacağına sevinmək üçün, Əvrama iman lazım idi. Buna baxmayaraq, cavab olaraq “Əvram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi” (Yaradılış 12:7, MKŞ). Müqəddəs Kitab üzrə bir alimin fərziyyəsinə görə, “həmin diyarda qurbangah düzəltmək, iman göstərən şəxsə, faktiki olaraq o diyara sahib olmaq üçün verilən rəsmi şəhadət idi”. Bu cür qurbangah düzəltmək Əvramın cəsarətinə şəhadət edirdi. Şübhəsiz ki, həmin qurbangah sonralar Qanun əhdində təsvir olunduğu kimi, yonulmamış daşlardan düzəldilmişdi (Çıxış 20:24, 25). Bu qurbangah, kən’anlıların qurduqları qurbangahdan çox fərqlənirdi. Deməli Əvram, həqiqi Allah olan Yeqovaya ibadət edən adam kimi seçilməkdən qorxmurdu. Bununla da Əvram özünə qarşı düşməncəsinə münasibət qazandı, hətta ola bilər ki, həyatını belə təhlükə altına saldı. Bəs bizim haqqımızda nə demək olar? Bəlkə bizlərdən bə’ziləri — xüsusən də gənclər — Yeqovaya xidmət etdiklərini qonşularına, yaxud sinif yoldaşlarına deməyə qorxurlar? Qoy Əvramın göstərdiyi cəsarət nümunəsi, Yeqovanın xidmətçiləri olmaqdan fəxr hissi duymaqda hamımızı ruhlandırsın!
17. Əvram, Allahın adının təbliğçisi olduğunu necə göstərdi və bu, müasir məsihçilərə nəyi xatırladır?
17 Əvram getdiyi hər yerdə, Yeqovaya ibadətə həmişə üstünlük verirdi! “Oradan Beyt-elin şərqində olan dağa hərəkət etdi, qərbində Beyt-el və şərqində Ay [şəhəri] olaraq çadırını qurdu; və orada Rəbbə bir qurbangah qurdu və Rəbbin ismini çağırdı” (Təkvin 12:8). “İsmini çağırdı” ifadəsi qədim ibrani dilində həmçinin “ismini e’lan etdi (təbliğ etdi)” mə’nasını da verir. Şübhə yoxdur ki, Əvram ətrafındakı kən’anlılara Yeqovanın adını cəsarətlə e’lan edirdi (Təkvin 14:22—24). Bu bizə, Yeqovanın “adını ümumxalq qarşısında e’lan etmək” üçün var qüvvəmizlə çalışmaq məs’uliyyətimizi xatırladır (İbranilərə 13:15, YD; Romalılara 10:10).
18. Əvramın Kən’anlılarla münasibəti necə idi?
18 Əvram, dayandığı yerlərdə çox qalmırdı. Bundan sonra “Əvram tədricən cənuba doğru hərəkət edirdi”. O, Yəhudi dağlarının cənub tərəfində yerləşən və quraqlıq olan Negevə doğru getdi (Yaradılış 12:9, MKŞ). Əvram həmişə bir yerdən digər yerə köçür və hər yerdə də Yeqovanın xidmətçisi olduğunu açıq göstərirdi. Bununla da, Əvram və onun ailəsi aşkar surətdə “e’tiraf etdilər ki, onlar yer üzündə yad və qəribdirlər” (İbranilərə 11:13). Onlar, ətraflarında olan bütpərəstlərlə çox yaxın münasibətdə olmamağa çalışırdılar. Bu gün məsihçilər də buna bənzər tərzdə “dünyadan” olmamağa çalışmalıdırlar (Yəhya 17:16). Qonşularımıza, iş yoldaşlarımıza münasibətimizdə mülayim və nəzakətli olmağımıza baxmayaraq, diqqət yetiririk ki, Allahdan uzaqlaşmış dünyanın ruhunu əks etdirən əməllərə cəlb olunmayaq (Efeslilərə 2:2, 3).
19. a) Nəyə görə köçəri həyat tərzi Əvram və Sarəy üçün çətin idi? b) Əvram hansı sınaqlarla qarşılaşacaqdı?
19 Unutmayaq ki, köçəri həyatın çətinliklərinə uyğunlaşmaq nə Əvrama asan idi, nə də Sarəyə. Onlar, Urun bazarlarından ərzaq almaq əvəzinə, sürülərindən hasil etdikləri məhsul ilə qidalanırdılar. Hər şəraiti olan evdə yaşamaq əvəzinə, çadırlarda yaşayırdılar (İbranilərə 11:9). Əvram çox işləyirdi, axı onun böyük sürüləri və çoxsaylı nökərləri vardı. Sarəy, sözsüz ki, adətən öz xalqı arasında qadınların gördüyü işlərlə məşğul olurdu: xəmir yoğurur, çörək bişirir, yun əyirir, paltar tikirdi (Təkvin 18:6, 7; 2 Krallar 23:7; Süleymanın məsəlləri 31:19; Hezekiel 13:18). Lakin qarşıda yeni sınaqlar gözlənilirdi. Tezliklə Əvram və onun ev xalqı, həyatlarını təhlükə altına alacaq sınaqlarla qarşılaşmalı idilər! Əvramın imanı, bu sınaqların öhdəsindən gələcək qədər güclü olacaqmı?
[Haşiyələr]
a İndi Fərat çayı, Ur diyarının əvvəlki yerindən təxminən 16 kilometr şərqdə axsa da, faktlar göstərir ki, qədimdə çay şəhərin qərb sərhəddindən axırdı. Buna görə də, sonralar Əvram haqda “[Fərat] çayının o biri tərəfindən” gələn kəs kimi bəhs etmək olardı (Yeşu 24:3).
b Əsrlər sonra, Əşşur padşahı II Aşşurnasirpal Fərat çayını Karkemişin yanından bərələr üzərində keçmişdir. Müqəddəs Kitabda, Əvramın bərələrdən istifadə edib etməməsi və ya onun karvanının sadəcə çayın dayaz yerindən keçib keçməməsi barədə mə’lumat verilmir.
Diqqət yetirdinizmi?
• Nəyə görə Əvram “bütün iman edənlərin atası” adlanır?
• Gildanlıların Ur şəhərindən çıxmaq üçün nəyə görə Əvrama iman lazım idi?
• Yeqovaya ibadət etməyə üstünlük verdiyini Əvram necə göstərdi?
[9-cu səhifədəki şəkil]
Çadırlarda yaşamaqla, Əvram və onun ev xalqı aşkar surətdə “e’tiraf etdilər ki, onlar yer üzündə yad və qəribdirlər”.