«Elə qaçın ki, mükafatı alasınız»
«Elə qaçın ki, mükafatı alasınız» (1 KOR. 9:24).
1, 2. a) Pavel ibrani məsihçiləri ruhlandırmaq üçün nə etdi? b) Pavelin sözlərinə əsasən, Allahın xidmətçiləri nə etməlidirlər?
HƏVARİ PAVEL ibranilərdən olan həmimanlılarını ruhlandırmaq üçün onlara ünvanladığı məktubunda təsirli bir nümunə çəkdi. O, bu məsihçilərə xatırlatdı ki, həyat uğrunda gedən qaçışda onlar tək deyillər — onların əhatəsində yarışı uğurla başa vuran «böyük şahidlər buludu» var. Qədim zamanlarda yarışda iştirak edən Allahın sadiq xidmətçilərinin əməllərini və onların göstərdikləri səyi möhkəm yadda saxlamaq bu məsihçilərə var gücləri ilə qaçmaq və təslim olmamaq üçün stimul verəcəkdi.
2 Bundan əvvəlki məqalədə biz «şahidlər buludu»na daxil olan bəzi sadiq xidmətçilərin sürdüyü həyat tərzini araşdırdıq. Onların hamısı göstərdi ki, yarışı uğurla başa vurmaq üçün insan gərək sarsılmaz imana malik olsun və Allaha sadiq qalsın. Biz onların nümunəsindən özümüz üçün ibrət dərsi götürə bilərik. Həmin məqalədə qeyd olunduğu kimi, Pavel, biz də daxil olmaqla, öz həmimanlılarına belə bir nəsihət verdi: «Gəlin bizə ağırlıq edən hər şeyi və ayaqlarımıza dolaşan günahı əynimizdən çıxaraq və dözümlə qaçaraq qarşımızdakı məsafəni qət edək» (İbr. 12:1).
3. Pavelin yunan idman yarışlarından nümunə gətirərək verdiyi məsləhətin məğzi nə idi?
3 O vaxtlar məşhur olan qaçış üzrə yarışlar barədə bir kitabda qeyd olunur ki, «yunanlar çılpaq şəkildə həm məşq edirdilər, həm də qaçırdılar»a («Backgrounds of Early Christianity»). Yəni yarışda iştirak edən idmançılar sürətlərini azalda biləcək artıq şeyləri əyinlərindən çıxarıb atırdılar. Bu, ədəb-ərkan qaydalarına zidd olsa da, onlar bunu yarışda qalib gəlib mükafatı qazanmaq məqsədilə edirdilər. Pavelin sözlərinin məğzi ondan ibarət idi ki, həyat uğrunda gedən qaçışda mükafatı qazanmaq üçün məsihçilər müxtəlif növ maneələri kənar etməlidirlər. Bu məsləhət o vaxtlar yaşayan məsihçilər üçün aktual olduğu kimi, bizim üçün də aktualdır. Həyat uğrunda gedən yarışda mükafat almağımıza nə mane ola bilər?
«Ağırlıq edən hər şeyi... çıxaraq»
4. Nuhun günlərindəki insanların başı nəyə qarışmışdı?
4 Pavel «ağırlıq edən hər şeyi» çıxarmağı məsləhət görmüşdü. Bu ifadə altında o, diqqətimizi tam cəmləməyimizə, eləcə də var gücümüzlə qaçmağımıza mane olan hər şeyi nəzərdə tuturdu. Bu, nə ola bilər? İsanın sözləri bizə bunu başa düşməyə kömək edir. O, Pavelin imana sahib olan insanlar sırasında adını çəkdiyi Nuhun günlərindən danışaraq demişdi: «Nuhun günlərində olduğu kimi, insan Oğlunun günlərində də elə olacaq» (Luka 17:26). İsa, əsas etibarilə, bəşər tarixində hələ heç vaxt olmamış üzümüzə gələn məhvi yox, insanların həyat tərzini nəzərdə tuturdu. (Matta 24:37—39 ayələrini oxu.) Nuhun dövründə insanların əksəriyyəti, Allahı razı salmaq bir kənara dursun, Onunla heç maraqlanmırdılar da. Onları yayındıran şeylər heç də qeyri-adi deyildi. Məsələn, bu, yeyib-içmək, ailə qurmaq, bir sözlə, həyatın adi qayğıları idi. İsanın dediyi kimi, problemin kökü bu insanların «heç nəyi [fikirləşməmələrində]» idi.
5. Yarışı uğurla başa vurmaqda bizə nə kömək edəcək?
5 Nuh və ailəsi kimi, bizim də gündəlik işlərimiz az deyil. Biz işləyib pul qazanmalı, eləcə də özümüzün və ailə üzvlərimizin qayğısına qalmalıyıq. Bu, vaxtımızın, gücümüzün və vəsaitlərimizin böyük hissəsini ala bilər. Xüsusilə də maliyyə problemləri ilə üzləşdikdə biz çox asanlıqla tələbatlarımıza görə narahatçılıq keçirə bilərik. Allaha həsr olunmuş məsihçilər kimi, hamımızın vacib teokratik məsuliyyətləri var. Biz təbliğ etməli, yığıncaq görüşlərinə hazırlaşmalı, onlarda iştirak etməli, ruhani cəhətdən möhkəm qalmaq üçün şəxsi öyrənmə və ailəvi ibadət keçirməliyik. Nuhun da Allaha xidmətlə bağlı işləri çox idi, lakin o, hər şeyi Allah necə əmr etmişdisə, «eləcə yerinə yetirdi» (Yar. 6:22). Bəli, yarışı uğurla başa vurmaq üçün biz yükümüzü minimuma endirməli, eləcə də heç bir lazımsız yükü üzərimizə götürməməliyik.
6, 7. Biz İsanın hansı məsləhətlərini yadda saxlamalıyıq?
6 Pavel «ağırlıq edən hər şeyi» əynimizdən çıxarmağı deyəndə nəyi nəzərdə tuturdu? Əlbəttə ki, bütün məsuliyyətlərimizi üzərimizdən atmaq qeyri-mümkündür. Bununla əlaqədar İsanın dediyi sözləri yadımıza salaq: «“Nə yeyəcəyik?”, “nə içəcəyik?” və ya “nə geyəcəyik?” — deyə heç vaxt narahat olmayın. Çünki bütün bunların dalınca başqa millətlər qaçır. Sizin səmavi Atanız isə bütün bunlara ehtiyac duyduğunuzu bilir» (Mat. 6:31, 32). İsa demək istəyirdi ki, qida və paltar kimi zəruri olan şeylər belə həyatımızda əsas yeri tutsa, bizə ağırlıq edə və ya büdrədə bilər.
7 İsanın bu sözlərinə diqqət yetirək: «Sizin səmavi Atanız... bütün bunlara ehtiyac duyduğunuzu bilir». Bu sözlər göstərir ki, səmavi Atamız Yehova ehtiyaclarımızı ödəmək üçün Onun üzərinə düşən işi görəcək. Lakin «bütün bunlar» deyildikdə, Yehovanın xoşladığımız və ya ürəyimizin istədiyi hər şeylə bizi təmin edəcəyi nəzərdə tutulmur. Bununla belə, İsa deyir ki, biz başqa millətlərin arxasınca qaçdığı şeylərə görə narahat olmamalıyıq. Nəyə görə? İsa demişdi: «Özünüzə fikir verin, ürəyinizi qarınqululuq, sərxoşluq və həyatın qayğıları ilə yükləməyin ki, o gün üstünüzə tor kimi qəflətən, bir an içində gəlməsin» (Luka 21:34, 35).
8. Nəyə görə indi «ağırlıq edən hər şeyi» əynimizdən çıxarmağın əsil vaxtıdır?
8 Artıq «finiş xətti» görünür. Sona bu qədər yaxın olduğumuz bir vaxtda lazımsız olaraq üzərimizə əlavə yük götürərək sürətimizi azaltmaq necə də böyük səhv olardı! Bununla əlaqədar Pavelin verdiyi məsləhət necə də yerinə düşür: «Nəyi varsa, onunla qane olmağı bacaran insan üçün Allaha sədaqət, doğrudan da, böyük qazanc mənbəyidir» (1 Tim. 6:6). Əgər Pavelin sözlərinə ciddi yanaşsaq, mükafatı almaq şansımız birə-beş artacaq.
«Ayaqlarımıza dolaşan günahı»
9, 10. a) «Ayaqlarımıza dolaşan günah» ifadəsi hansı mənanı verir? b) Günah bizim ayaqlarımıza necə dolaşa bilər?
9 «Bizə ağırlıq edən» hər şeylə yanaşı, Pavel «ayaqlarımıza dolaşan günahı» da əynimizdən çıxarmağı məsləhət görür. Bu, nə ola bilər? Yunan dilindən «ayağımıza dolaşan» kimi tərcümə edilən ifadə Müqəddəs Kitabda yalnız bir dəfə bu ayədə rast gəlinir. Alim Albert Barnz qeyd edir: «Qaçış üzrə yarışlarda iştirak edən idmançı ayaqlarına dolaşan və qaçmağa əngəl törədən pal-paltarı əynindən çıxartdığı kimi, məsihçi də qaçmağına mane olan buna bənzər şeyləri kənara qoymalıdır». Yəni məsihçi yol verməməlidir ki, nə isə onun imanını zəiflətsin. Bəs bu, necə baş verə bilər?
10 Məsihçi imanını birdən-birə itirmir. Bu, tədricən və nəzərə çarpmadan baş verə bilər. «İbranilərə məktub»un əvvəlində Pavel «başqa səmtə» aparılmaq və «Allahdan uzaqlaşaraq korlanıb imansız» olmaq təhlükəsinin mövcud olduğu barədə xəbərdarlıq etmişdi (İbr. 2:1; 3:12). Paltar qaçışda iştirak edən idmançının ayağına dolaşarsa, o yıxıla bilər. Əgər idmançı müəyyən geyimləri geyinməmək xəbərdarlıqlarına məhəl qoymursa, bu təhlükə daha da artır. İdmançını təhlükəyə xor baxmağa nə vadar edə bilər? Bu, etinasızlıq ya da arxayınlıq ola bilər, yaxud da nə isə onun fikrini yayındıra bilər. Pavelin məsləhətindən hansı ibrət dərsi götürə bilərik?
11. İmanımızı itirməyimizə nələr səbəb ola bilər?
11 Biz yadda saxlamalıyıq ki, əgər məsihçi imanını itiribsə, buna səbəb imanını itirməzdən əvvəl etdiyi şeylər olub. Digər bir alim yazır ki, «ayaqlarımıza dolaşan günah» deyildikdə «düşdüyümüz vəziyyət, quruluşumuz və əhatə dairəmiz ucbatından bizə qarşı ən böyük təsir qüvvəsinə malik olan günah» nəzərdə tutulur. Başqa sözlə desək, mühit, zəif cəhətlərimiz və ünsiyyətdə olduğumuz adamlar bizə böyük təsir göstərə bilər. Bu isə imanımızın zəifləməsinə və ya onu büsbütün itirməyimizə gətirib çıxara bilər (Mat. 13:3—9).
12. İmanımızı itirməmək üçün biz hansı xəbərdarlıqlara diqqət yetirməliyik?
12 Artıq neçə illərdir ki, sadiq və ağıllı nökər bizə xatırladır ki, nəyə baxdığımıza və qulaq asdığımıza fikir verməliyik, çünki ürəyimizə və zehnimizə daxil olanlar düşüncə və arzularımıza təsir göstərir. Biz daha çox pul qazanmaq və daha çox əşyalara sahib olmaq istəyinin nə qədər təhlükəli olduğu barədə də xəbərdarlıqlar almışıq. Şou-biznes aləminin gözqamaşdıran parıltısı və ya ardı-arası kəsilməyən texniki yeniliklər bizi yayındıra bilər. Sadiq və ağıllı nökərin verdiyi məsləhətlərin həddindən artıq sərt olduğunu, onların bizə yox, başqalarına aid olduğunu və ya bizim bütün təhlükələrdən sığortalandığımızı düşünməyimiz böyük səhv olardı. Şeytan bu dünyanın düşüncə tərzindən və arzularından istifadə edərək əlindən gələni edir ki, bu xəbərdarlıqlara laqeyd yanaşaq. Etinasızlıq, özünəarxayınlıq hissi və müxtəlif yayındırıcı şeylər artıq bəzilərinin axırına çıxıb və bu kimi şeylər bizim də həyat mükafatını almağımıza maneçilik törədə bilər (1 Yəh. 2:15—17).
13. Biz özümüzü zərərli təsirlərdən necə qoruya bilərik?
13 Biz hər gün bu dünyanın məqsədlərini, mənəvi dəyərlərini və düşüncə tərzini əks etdirən insanların təsirinə məruz qalırıq. (Efeslilərə 2:1, 2 ayələrini oxu.) Lakin onların bizə nə dərəcə təsir etməsi, əsas etibarilə, özümüzdən — bizim bu təsirlərə necə münasibət göstərməyimizdən asılıdır. Pavelin haqqında danışdığı «hava» zəhərlidir. Biz daima ayıq-sayıq olmalıyıq ki, bu hava bizi boğmasın, əks halda, qarşımızdakı məsafəni başa vura bilməyəcəyik. Yolumuza davam etməyə bizə nə kömək edə bilər? İsa Məsihin nümunəsi. O, sonadək qaçmaqda bizə ən mükəmməl nümunə qoyub (İbr. 12:2). Pavelin nümunəsi də bizim üçün faydalıdır, çünki o, özünü həyat uğrunda gedən qaçışın iştirakçısı adlandırmışdı və həmimanlılarını ondan nümunə götürməyə təşviq etmişdi (1 Kor. 11:1; Filip. 3:14).
«Mükafatı» necə ala bilərik?
14. Pavel üçün yarışı başa vurmaq nə dərəcədə vacib idi?
14 Pavel üçün yarışı başa vurmaq nə dərəcədə vacib idi? Onun efesli ağsaqqallara dediyi yekun sözlərinə fikir verək: «Mən qətiyyən özümü düşünmürəm, təki Ağamız İsanın mənə həvalə etdiyi xidməti yerinə yetirim,.. yolumu başa çatdırım» (Həv. iş. 20:24). Pavel yolunu başa vurmaq üçün hər şeyindən, hətta həyatından belə keçməyə hazır idi. O başa düşürdü ki, nə isə onu yolundan azdırsa, xoş xəbərlə əlaqədar gördüyü bütün işləri hədər gedəcək. Buna görə də onda özünəarxayınlıq hissi yox idi. Yolun ortasında o artıq mükafatını aldığını düşünmürdü. (Filipililərə 3:12, 13 ayələrini oxu.) Yalnız həyatının sonuna az qalmış o, müəyyən bir əminliklə növbəti sözləri dedi: «Mən cəsarətlə vuruşdum, qarşımdakı məsafəni axıradək qaçdım və iman yolundan kənara çıxmadım» (2 Tim. 4:7).
15. Pavel onunla birgə qaçanları necə ruhlandırırdı?
15 Üstəlik, Pavel ürəkdən istəyirdi ki, həmimanlıları da yarışı uğurla başa vursunlar. Məsələn, o, Filipidəki məsihçiləri xilas olmaq üçün səylə çalışmağa təşviq edirdi. Onlar «həyat sözündən ikiəlli» yapışmalı idilər. Sonra Pavel növbəti sözləri dedi: «O zaman bu yolda əbəs yerə qaçmadığım və hədər yerə əlləşmədiyim bəlli olacaq, Məsihin günündə sevincim aşıb-daşacaq» (Filip. 2:16). Korinfdəki məsihçiləri də o təşviq edirdi: «Siz də elə qaçın ki, mükafatı alasınız» (1 Kor. 9:24).
16. Nəyə görə diqqətimizi məqsədimizə, yəni mükafatımıza cəmləməliyik?
16 Marafon kimi uzun məsafəyə qaçışda finiş xətti ilk əvvəl görünmür. Bununla belə, bütün yol boyu yarış iştirakçılarının diqqəti finiş xəttində olur. Onlar məqsədlərinə yaxın olduqlarını biləndə daha əzmli olurlar. Bizim iştirak etdiyimiz yarış da belədir. Məqsəd, yəni mükafat bizim üçün gerçək olmalıdır. Bu, bizə mükafatı almağa kömək edəcək.
17. İman bizə gözümüzü mükafatda saxlamağa necə kömək edir?
17 Pavel yazmışdı: «İman ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə olan əminlik, gözlə görünməyən şeylərin əslində mövcud olduğunun sübutudur» (İbr. 11:1). İbrahimlə Sara rahat şəraitlərini geridə qoyub Allahın dediyi yerdə «qərib və müvəqqəti sakin» kimi yaşamağa hazır idilər. Onlara bunu etməyə nə kömək etdi? İbrahimlə Sara Allahın niyyətlərinin yerinə yetməsini «uzaqdan gördülər». Musa «Misirin bütün xəzinələrindən» və «günahdan müvəqqəti həzz [almaqdan]» imtina etdi. Bunu etmək üçün onda olan iman və güc haradan idi? Müqəddəs Kitab cavab verir: «[O,] gözünü alacağı mükafatdan çəkmirdi» (İbr. 11:8—13, 24—26). Buna görə də təəccüblü deyil ki, Pavel onların hər biri haqqında danışarkən söhbətinə «iman sayəsində» sözü ilə başlamışdı. İman sayəsində onlar diqqətlərini həmin an üzləşdiyi sınaq və çətinliklərə yox, Allahın onlar üçün etdiklərinə və gələcəkdə edəcək şeylərə yönəltmişdilər.
18. «Ayaqlarımıza dolaşan günahı» çıxarıb atmaq üçün biz hansı addımları atmalıyıq?
18 Əgər «İbranilərə məktub»un 11-ci fəslində adları çəkilən böyük iman sahibi olan kişi və qadınların nümunəsi üzərində düşünsək, iman inkişaf etdirə və «ayaqlarımıza dolaşan günahı» çıxarıb ata bilərik (İbr. 12:1). Bundan əlavə, biz ürəklərində eyni iman yetişdirən insanlarla bir arada olmaqla «bir-birimizi məhəbbətə və xeyirxah işlərə» təşviq edə bilərik (İbr. 10:24).
19. Nəyə görə qaçmağa davam etmək vacibdir?
19 Biz yolun sonuna yaxınlaşırıq. Finiş xətti artıq aydın görünür. İmanımız və Yehovanın köməyi sayəsində «bizə ağırlıq edən hər şeyi və ayaqlarımıza dolaşan günahı əynimizdən» çıxara bilərik. Bəli, yolumuzu davam etdirərək sonda mükafatı, yəni Atamız Yehova Allahın vəd etdiyi xeyir-duaları almaq mümkündür.
[Haşiyə]
a Qədim yəhudilər bunu təhqir hesab edirdilər. Apokrifik kitab olan «2 Makkaveylər» kitabına əsasən, dönük baş kahin Yason yunan mədəniyyətini yaymaq məqsədilə Yerusəlimdə gimnaziya tikməyi təklif edəndə bu, böyük mübahisəyə səbəb olmuşdu (2 Makk. 4:7—17).
Yadınızdadırmı?
• Bizə ağırlıq edən «hər şeyi» əynimizdən çıxarmaq nə deməkdir?
• Məsihçinin imanını itirməsinə nə səbəb ola bilər?
• Nəyə görə diqqətimizi mükafata cəmləməliyik?
[23-cü səhifədəki şəkil]
«Ayaqlarımıza dolaşan» günah nədir və o, bizim ayaqlarımıza necə dolaşa bilər?