Oxucuların sualları
Həvari Pavel «İbranilərə məktub»unda ‘əllər qoyuluşundan’ danışır. O, burada ağsaqqalların təyin edilməsindən, yoxsa başqa şeydən bəhs edir? (İbr. 6:2, İ-93).
Bunu birmənalı şəkildə iddia etmək üçün əsas olmasa da, ehtimal ki, Pavel ruhun ənamlarını ötürmək üçün əllərin qoyuluşundan danışırdı.
Müqəddəs Kitabda deyilir ki, bəzən əllərin qoyuluşu teokratik təyinatla bağlı idi. Musa Yeşuanı öz xələfi kimi təyin edəndə «onun üzərinə əllərini qoymuşdu» (Qanun. t. 34:9). Məsihçi yığıncağında bəzi yararlı kişilər əllərin qoyuluşu ilə təyin olunmuşdu (Həv. iş. 6:6; 1 Tim. 4:14). Pavel tələsərək əlləri adamın üzərinə qoymağı məsləhət görmürdü (1 Tim. 5:22).
Bununla belə, Pavel ibrani məsihçilərini ‘ibtidai təlimi buraxıb, kamilliyə doğru can atmağa’ təşviq edirdi. Sonra o, ‘ölüm gətirən işlərdən tövbəni və Allaha olan imanı, vəftizlər haqqındakı təlimi, əllər qoyuluşunu’ sadaladı (İbr. 6:1, 2, İ-93). Demək olarmı ki, ağsaqqalların təyin olunması ibtidai şeylərə daxildir və məsihçilər onu buraxıb yetkinliyə can atmalıdır? Yox. Yığıncağın ağsaqqalı kimi xidmət etmək yetkin qardaşların məqsədi olmalıdır və qiymətləndirilməlidir (1 Tim. 3:1).
Əllər başqa məqsədlə də qoyulurdu. Birinci əsrdə Yehova cismani İsraili Öz xalqı kimi inkar etdi və ruhani İsraili, yəni məsh olunmuş məsihçilərin yığıncağını qəbul etdi (Mat. 21:43; Həv. iş. 15:14; Qalat. 6:16). Müqəddəs ruhun başqa dillərdə danışmaq kimi möhtəşəm ənamları buna bir sübutdur (1 Kor. 12:4-11). Kornelius və onun ailəsi məsihçi olanda müqəddəs ruh aldılar və onların ‘yad dillərdə danışmaları’ buna işarə idi (Həv. iş. 10:44-46).
Bəzən möhtəşəm ənamlar əllərin qoyulması ilə də verilirdi. Filip xoş xəbəri Samariyada təbliğ edəndə bir çoxları vəftiz olundu. Rəhbərlik şurası həvariləri — Peteri və Yəhyanı oraya göndərdi. Hansı məqsədlə? Biz oxuyuruq: «O vaxt Peter və Yəhya onların [yeni vəftiz olunanların] üzərinə əllərini qoydular. Onlar da Müqəddəs Ruhu qəbul etdilər». Görünür, bunun sayəsində onlar müqəddəs ruhun ənamlarını, yəni gözlə görünən qabiliyyətlər alırdılar. Bu ondan bəllidir ki, əvvəllər sehirbazlıq edən Şimon ruhun bu cür fəaliyyət göstərməsini görüb, əllərin qoyulması ilə başqalarına belə ənamlar vermək qabiliyyətini almaq üçün tamahkarcasına pul təklif etməyə cəhd etdi (Həv. iş. 8:5-20). Bir qədər keçdikdən sonra Efesdə 12 nəfər vəftiz oldu. Biz oxuyuruq: «Pavel əllərini onların üstünə qoyduqda, Müqəddəs Ruh onların üzərinə nazil oldu və başqa-başqa dillərdə danışmağa və peyğəmbərlik etməyə başladılar» (Həv. iş. 19:1-7; müqayisə et: 1 Timoteyə 1:6).
Beləliklə, Pavel İbranilərə 6:2 ayəsində, ehtimal ki, yeni məsihçi olanlara ruhun ənamlarını vermək məqsədilə əllərin qoyuluşundan danışırdı.