Yehovanın və İsanın səbrindən öyrən
«Rəbbin səbrini xilas üçün bir fürsət hesab edin» (2 PET. 3:15).
NECƏ CAVAB VERƏRDİN?
Yehova səbirli olduğunu necə göstərir?
Nəyə görə İsaya uzun müddət ərzində səbir təzahür etdirmək lazım idi?
Allah kimi səbir etmək qətiyyətimizi möhkəmləndirmək üçün hansı addımları ata bilərik?
1. Allahın bəzi sadiq xidmətçilərini hansı sual narahat edir?
BİR ÇOX çətinliklərə baxmayaraq, Yehovaya onilliklər ərzində sədaqətlə xidmət edən bir bacı təvazökarlıqla soruşmuşdu: «Görəsən, bu sistemin sonunu görmək mənə nəsib olacaq?» Bu sual Yehovaya uzun müddət xidmət edən başqa həmimanlılarımızı da narahat edir. Biz Allahın hər şeyi yeniləşdirəcəyi və hal-hazırda üzləşdiyimiz problemləri aradan qaldıracağı günü böyük həsrətlə gözləyirik (Vəhy 21:5). Şeytan dünyasının sonunun çox yaxın olduğuna inanmağımız üçün çoxlu səbəblərimiz olsa da, həmin günü səbirlə gözləmək çətin ola bilər.
2. Allaha məqbul səbirlə əlaqədar biz hansı sualları nəzərdən keçirəcəyik?
2 Buna baxmayaraq, Müqəddəs Kitab bizi səbirli olmağa səsləyir. Bizdən əvvəl yaşayan Allahın xidmətçiləri kimi, biz də güclü iman təzahür etdirsək və Allahın vədlərini yerinə yetirmək üçün təyin etdiyi vaxtı səbirlə gözləsək, Onun bizim üçün vəd etdiklərini ala biləcəyik. (İbranilərə 6:11, 12 ayələrini oxu.) Yehovanın Özü səbir təzahür etdirir. O, pisliyin kökünü istənilən vaxt kəsə bilərdi, ancaq münasib vaxtı gözləyir (Rom. 9:20—24). Yehovanın bu dərəcədə səbirli olmasının səbəbi nədir? İsa Atasının səbirlilik xüsusiyyətini necə təqlid edirdi və bizə bu sahədə hansı nümunəni qoyub? Əgər biz də Allah kimi səbirli olmağı öyrənsək, hansı xeyir-duaları alacağıq? Bu sualların cavabı — hətta Yehovanın gecikdiyini düşündükdə belə — bizə səbir və möhkəm iman inkişaf etdirməyə kömək edəcək.
YEHOVA NƏYƏ GÖRƏ SƏBİR EDİR?
3, 4. a) Yehova Yer kürəsinə dair niyyətini həyata keçirmək üçün nəyə görə səbir göstərir? b) Eden bağında üsyan qalxanda Yehova necə davrandı?
3 Yehovanın səbir etməsi üçün əsaslı səbəbləri var. Yehova bütün Kainatın Ali Hökmdarı olsa da, Eden bağında Onun bu mövqeyini sual altına qoyan bir məsələ ortaya çıxmışdı. Yehova səbirlə davrandı, çünki bilirdi ki, bu məsələnin mükəmməl şəkildə həll olunması üçün vaxt tələb olunur. Şübhəsiz, O, göydə və yerdə yaşayan varlıqların düşüncə və əməllərindən tam agah olduğundan onların rifahını düşünərək hərəkət edir (İbr. 4:13).
4 Yehovanın niyyəti o idi ki, Adəmlə Həvvanın nəsli yer üzünü doldursun. Həvvanı yoldan çıxardan Şeytan onun vasitəsilə Adəmi itaətsizliyə təhrik edəndə Allah Öz niyyətindən əl çəkmədi. Yaradan təşvişə düşmədi və tez-tələsik qərar çıxarmadı, yəni bəşər ailəsindən imtina edərək kəskin reaksiya göstərmədi. Əksinə, O, bəşəriyyət və Yer kürəsi ilə bağlı niyyətini tam həyata keçirmək üçün çıxış yolu tapdı (Yeşaya 55:11). Niyyətinin müəyyən cəhətlərini ən yaxşı şəkildə yerinə yetirmək və hökmranlığına bəraət qazandırmaq üçün Yehova minilliklər ərzində gözləməklə böyük səbir və təmkin təzahür etdirdi.
5. Yehovanın səbir etməsinin hansı faydası var?
5 Yehovanın səbir etməsinə başqa bir səbəb isə Onun daha çox insanın əbədi yaşamasını istəməsidir. Hal-hazırda O, böyük izdihamı xilas etmək üçün tədbir görür (Vəhy 7:9, 14; 14:6). Bunun üçün Yehova təbliğimiz vasitəsilə insanları Padşahlığı və saleh qanunları haqda öyrənməyə dəvət edir. Padşahlıq haqqında xəbər bəşəriyyətin eşidə biləcəyi ən yaxşı xəbərdir — bəli, bu, həqiqətən də, «xoş xəbər»dir (Mat. 24:14). Yehovanın Özünə cəlb etdiyi hər bir insan salehliyi sevən əsil dostlardan ibarət olan ümumdünya yığıncağın üzvü olur (Yəh. 6:44—47). Bizim məhəbbətli Allahımız belə insanlara Onun rəğbətini qazanmağa kömək edir. O həmçinin insanlar arasından səmavi hakimiyyətin üzvlərini seçib. Bu sadiq insanlar göylərdə öz vəzifələrini icra etməyə başlayanda itaətkar bəşəriyyətə kamilliyə yetişməyə və əbədi həyatı qazanmağa kömək edəcəklər. Deməli, Yehova səbirlə gözlədiyi müddətdə belə Öz vədini yerinə yetirmək üçün çalışır. Bütün bunları O, bizim rifahımız üçün edir.
6. a) Nuhun günlərində Allah hansı mənada səbir edirdi? b) Bizim günlərdə Yehovanın səbir etməsi nədən görünür?
6 Yehovanın Daşqından qabaq pislərlə necə rəftar etməsindən görürük ki, bu insanların təhqiramiz hərəkətlərinə baxmayaraq, O yenə də səbir edirdi. Yer üzündə əxlaqsızlığın və zorakılığın baş alıb getməsi və insanların pozğunlaşması Yehovanın ürəyini kədərləndirirdi (Yar. 6:2—8). Onun əbədi olaraq bu vəziyyətə dözmək fikri yox idi. Elə buna görə də itaətsiz bəşəriyyəti məhv etmək üçün daşqın göndərmək qərarına gəldi. «Nuhun günlərində» Yehova səbirlə gözlədiyi müddətdə Nuh və ailəsinin xilas olması üçün tədbir gördü (1 Pet. 3:20). Təyin etdiyi vaxtda Yehova Nuha qərarını bildirdi və ona gəmi tikməyi tapşırdı (Yar. 6:14—22). Üstəlik, Nuh «salehlik təbliğçisi» idi və qonşularını qarşıdan gələn məhv haqda xəbərdar edirdi (2 Pet. 2:5). İsa bizim günlərin Nuhun günləri ilə oxşar olduğunu demişdi. Yehova bu pis sistemə nə zaman son qoyacağını qərarlaşdırıb. Heç bir insan «o günü və o saatı» bilmir (Mat. 24:36). Allahdan aldığımız tapşırığa əsasən, qalan vaxt ərzində biz də insanları xəbərdar edir və qarşıdan gələn fəlakətdən necə xilas ola biləcəklərini onlara bildiririk.
7. Yehova Öz vədini yerinə yetirməkdə gecikirmi? İzah et.
7 Aydındır ki, Yehovanın səbir etməsi sadəcə olaraq həmin vaxtın gəlib keçməsini gözləməsi demək deyil. Onun səbrini etinasızlıq və ya laqeydliklə səhv salmamalıyıq! Lakin yaşa dolduqca və ya bu pis sistemdə əziyyətlərlə üzləşəndə ağlımızda asanlıqla belə fikirlər baş qaldıra bilər. Biz ruhdan düşə, yaxud da Allahın Öz vədini yerinə yetirməkdə gecikdiyini düşünə bilərik (İbr. 10:36). Heç vaxt unutma ki, Onun səbir etməsinin əsaslı səbəbləri var və O, bu vaxtdan sadiq xidmətçilərinin xeyri üçün istifadə edir (2 Pet. 2:3; 3:9). Gəlin indi də İsanın Allaha məqbul səbir göstərməkdə hansı nümunəni qoyduğuna baxaq.
İSA SƏBİR ETMƏKDƏ BİZƏ HANSI GÖZƏL NÜMUNƏNİ QOYUB?
8. Hansı vəziyyətlərdə İsa səbir göstərdi?
8 Hal-hazırda da Allahın iradəsini yerinə yetirən İsa milyon illər ərzində bunu ürəkdən edirdi. Şeytanın üsyan qaldırmasından sonra Yehova yeganə Oğlunun Məsih kimi yer üzünə gəlməsinə qərar verdi. Bir anlıq bunun İsa üçün nə demək olduğu üzərində düşün: o, minilliklər ərzində həmin vaxtın yetişəcəyi günü səbirlə gözləyirdi. (Qalatiyalılara 4:4 ayəsini oxu.) Bu müddət ərzində İsa əlini əlinin üstünə qoyub boş oturmurdu. O, Atasından aldığı tapşırıqları yerinə yetirməklə məşğul olurdu. Yer üzünə gələndə isə o, qabaqcadan peyğəmbərlikdə deyildiyi kimi, Şeytanın əli ilə öldürüləcəyini bilirdi (Yar. 3:15; Mat. 16:21). İsa səbirlə Allahın iradəsinə boyun əydi, baxmayaraq ki, bu, onun üçün şiddətli işgəncələrə dözmək demək idi. İsa sadiqliyin ən bariz nümunəsidir. O, diqqətini özünə və mövqeyinə yönəltmədi. Biz də onu təqlid edə bilərik (İbr. 5:8, 9).
9, 10. a) Yehovadan göstəriş alana qədər İsa nə edirdi? b) Yehovanın cədvəlinə baxışımız necə olmalıdır?
9 Dirildikdən sonra İsa göy və yer üzərində hakimiyyət aldı (Mat. 28:18). O, bu səlahiyyətdən Yehovanın iradəsini yerinə yetirmək üçün istifadə edir və Onun qoyduğu cədvələ riayət edir. İsa 1914-cü ilə qədər Allahın sağında oturub düşmənlərinin ayaqları altına atılacağı vaxtı səbirlə gözləyirdi (Məz. 110:1, 2; İbr. 10:12, 13). O, tezliklə Şeytanın sistemini məhv etmək üçün hərəkətə keçəcək. Bu arada İsa səbirlə insanlara kömək edir və onları «həyat suyu bulaqlarına» aparır (Vəhy 7:17).
10 İsanın nümunəsindən Yehovanın cədvəlinə dair baxışlarımızın necə olmalı olduğunu görürsənmi? Şübhəsiz, İsa Atasının hər bir xahişini ah-zar etmədən canla-başla yerinə yetirməyə hazır idi. Bununla belə, o, Allahın təyin etdiyi vaxtı gözləyirdi. Şeytan sisteminin sonunu gözlədiyimiz müddətdə hamımıza Allaha xas olan səbir lazımdır; biz nə Allahı qabaqlamalı, nə də ki məyus olanda təslim olmalıyıq. Bu cür səbirə necə sahib olmaq olar?
MƏN NECƏ SƏBİRLİ OLA BİLƏRƏM?
11. a) İmanla səbir arasında hansı bağlılıq var? b) Möhkəm imana sahib olmağımız üçün hansı səbəblərimiz var?
11 İsa yer üzünə gəlməzdən qabaq, hətta qeyri-kamil insanlar olan peyğəmbərlər və Allahın digər sadiq bəndələri belə təhəmmül və səbir göstərməkdə gözəl nümunə qoymuşdular. Onların imanı ilə səbirləri arasında sıx bağlılıq var idi. (Yaqub 5:10, 11 ayələrini oxu.) Əgər onlar Yehovanın vədlərinə inanmasaydılar, başqa sözlə, imanları olmasaydı, səncə, bu vədlərin yerinə yetməsini səbirlə gözləyərdilərmi? Xeyr! Onlar Allahın nə vaxtsa Öz vədlərini yerinə yetirəcəyinə iman gətirdiklərinə görə tez-tez üzləşdikləri olduqca çətin və qorxulu sınaqlara tab gətirdilər (İbr. 11:13, 35—40). Bizim möhkəm imana sahib olmağımız üçün daha çox səbəblərimiz var, çünki İsa hal-hazırda imanımızın kamilləşdiricisi kimi xidmət edir (İbr. 12:2). O, bir çox peyğəmbərlikləri yerinə yetirdi və imana sahib olmağımız üçün Allahın niyyətlərini bizə açdı.
12. İmanımızı möhkəmləndirmək üçün biz nə etməliyik?
12 İmanımızı möhkəmləndirmək və daha səbirli olmaq üçün hansı addımlar ata bilərik? Ən əsası Allahın göstərişlərinə əməl etməkdir. Məsələn, Padşahlığı həyatında birinci yerə qoymağın üçün hansı səbəblərin olduğu üzərində fikirləş. Matta 6:33 ayəsindəki məsləhəti tətbiq etmək üçün daha çox səy göstərə bilərsənmi? Ola bilsin, bunun üçün sənə xidmətə daha çox vaxt ayırmaq və ya həyat tərzində müəyyən dəyişikliklər etmək lazım gəldi. Yehovanın indiyədək sənin cəhdlərinə necə xeyir-dua verdiyini unutma. Ola bilsin, Allahın köməyi sayəsində sən yeni insana Müqəddəs Kitabı öyrətməyə başlamısan, yaxud da bütün insan fikirlərini üstələyən Onun verdiyi qəlb rahatlığına sahib olmusan. (Filipililərə 4:7 ayəsini oxu.) Əgər Yehovanın göstərişlərinə riayət etməyinin sənə gətirdiyi xeyir-dualar haqda fikirləşsən, onda Onun səbrini daha çox qiymətləndirəcəksən (Məz. 34:8).
13. İman və səbrin necə inkişaf etdiyini hansı nümunə əsasında göstərmək olar?
13 Gəlin bir nümunəyə nəzər salaq və görək imanımız bizə daha səbirli olmağa necə kömək edə bilər. Əkinçi əkir, becərir və biçir. O, hər dəfə bol məhsul götürəndə növbəti mövsüm üçün daha həvəslə əkir. Düzdür, o, məhsul yığımına qədər səbirlə gözləməli olacaq, ancaq bu, əkin işindən onun əlini soyutmayacaq və hətta, ola bilsin ki, o, ötən illə müqayisədə daha böyük əraziyə toxum səpəcək. O inanır ki, əkdiyini biçəcək. Eynilə, hər dəfə Yehovanın əmrlərini öyrənəndə, onlara əməl edəndə və bunun faydasını görəndə Allaha olan etibarımız artır. Onda imanımız möhkəmlənər və bizə alacağımız xeyir-duaları səbirlə gözləmək daha asan olar. (Yaqub 5:7, 8 ayələrini oxu.)
14, 15. İnsanların çəkdiyi əzablara münasibətimiz necə olmalıdır?
14 Səbir inkişaf etdirməyin digər üsulu isə dünyaya və şəxsi vəziyyətimizə olan münasibətimizi gözdən keçirməkdir. Hər şeyə Yehovanın gözü ilə baxmağa çalış. Misal üçün, Onun bəşəriyyətin əzablarına necə yanaşdığı üzərində düşün. O, insanların tarix boyu çəkdiyi iztirabları görəndə ürəyi ağrıyırdı. Bununla belə, bu, Onu yaxşılıq etməkdən çəkindirmirdi. Allah Öz yeganə Oğlunu «İblisin işlərini [dağıtmağa]» və Şeytanın insanlara vurduğu bütün zərəri aradan qaldırmağa göndərdi (1 Yəh. 3:8). İnsanların çəkdiyi iztirablar müvəqqəti, Allahın bizə verəcəyi iztirabsız həyat isə əbədidir. Şeytanın hökmranlığı ucbatından dünyada baş alıb gedən pisliklərə görə həddən artıq narahat və ya hövsələsiz olmaq əvəzinə, gəlin əbədiyyən davam edəcək gözlə görünməyən şeylərə iman gətirək. Yehova pisliklərə nə zaman son qoyacağına qəti qərar verib və bunu təyin etdiyi vaxtda edəcək (Yeşaya 46:13; Nah. 1:9).
15 Bu sistemin son dərəcə çətin axır günlərində imanımız xüsusi şəkildə sınağa çəkilə bilər. Biz zorakılığın qurbanı olanda və ya bizə əziz olan insan əzab çəkəndə qəzəblənmək əvəzinə, tamamilə Yehovaya güvənməyə qətiyyətli olmalıyıq. Qeyri-kamil olduğumuzdan bunu etmək asan deyil. Amma gəlin İsanın Matta 26:39 ayəsindəki dediyi sözləri yadımıza salaq. (Ayəni oxu.)
16. Sonun gəlişini gözlədiyimiz müddətdə nəyi etməkdən qaçınmalıyıq?
16 Bəzən Allah kimi səbir göstərməyə bizə gözləmə mövqeyi mane ola bilər. Bu, nə deməkdir? Sonun yaxın olduğuna şübhə edən insan hər ehtimala qarşı (yəni birdən hər şey Yehovanın dediyi kimi getməsə) ehtiyat tədbiri görməyə başlayır. Başqa sözlərlə desək, o fikirləşə bilər: «Bir az gözləyim və baxım görüm Yehova Öz vədinə sadiq çıxacaq, yoxsa yox». Həmin müddət ərzində o, bu dünyada özünə ad qazanmaq üçün çalışa, Padşahlığı birinci yerə qoymaq əvəzinə, maddi firavanlığa can ata və ya rahat həyat sürmək üçün ali təhsilə üstünlük verə bilər. Digər tərəfdən baxsaq, məgər bu, onun imansız olduğundan xəbər vermir? Yadına sal ki, Pavel bizi «iman və səbirlə» davranan insanların nümunəsini təqlid etməyə təşviq edir, çünki onlar Yehovanın vəd etdiyi xeyir-duaları alacaqlar (İbr. 6:12). Yehova yol verməyəcək ki, bu pis sistem niyyəti üçün lazım olandan çox çəksin (Hab. 2:3). Bu vaxt ərzində biz sadəcə bizdən tələb olunan minimumu etməməliyik. Əksinə, biz ayıq-sayıq qalmalı və xoş xəbərin təbliği işində canla-başla çalışmalıyıq. Bu, indidən bizə tayı-bərabəri olmayan sevinc gətirir (Luka 21:36).
SƏBİR HANSI XEYİR-DUALARI GƏTİRİR?
17, 18. a) Səbirlə gözləmək bizə hansı imkanı verir? b) Səbir etmək sayəsində hansı xeyir-duaları alacağıq?
17 Allaha bir neçə ay və ya onilliklər ərzində xidmət etməyimizdən asılı olmayaraq, istəyimiz Ona əbədiyyət boyu xidmət etməkdir. Bu sistemin sonuna hər nə qədər qalsa da, səbir bizə qurtuluşu qazanmağa kömək edir. Yehova indidən bizə imkan verir ki, Onun qərarlarına tamamilə güvəndiyimizi, eləcə də, əgər lazım gələrsə, əzablara qatlaşaraq Ona sadiq qalmağa əzmli olduğumuzu göstərək (1 Pet. 4:13, 14). Xilasa yetişmək üçün bizə səbir gərəkdir. Və Allahın verdiyi təlim də bizə bu səbirə yiyələnməyə kömək edir (1 Pet. 5:10).
18 İsa göydə və yerdə bütün hakimiyyətə sahibdir və sənin özündən başqa, heç kim və heç nə səni onun müdafiə və qayğısından məhrum etməyə qadir deyil (Yəh. 10:28, 29). Gələcəkdən və hətta ölümdən qorxmaq üçün heç bir səbəb yoxdur. Yalnız səbirlə sonu gözləyənlər xilas olacaqlar. Beləliklə, biz əlimizdən gələni etməliyik ki, bu dünya bizi azdırmasın və Yehovaya olan etibarımızı sarsıtmasın. Əksinə, qətiyyətlə imanımızı artırmalı və Allahın səbir etdiyi vaxtı müdrikliklə istifadə etməliyik (Mat. 24:13; 2 Peter 3:17, 18 ayələrini oxu).
[21–ci səhifədəki şəkillər]
Allaha məqbul olan səbir sənə Padşahlığın maraqlarını birinci yerə qoymağa və bol-bol xeyir-dualar biçməyə kömək edəcək!