Allah yaşlıların qeydinə qalır
YAŞLILARLA pis rəftar bu gün bütün dünyada geniş yayılıb və artıq heç kəsdə təəccüb doğurmur. Müqəddəs Kitabda çoxdan peyğəmbərlik edilmişdir ki, bu allahsız sistemin ‘axır günlərində insanlar xudbin, şəfqətsiz’ olacaqlar (2 Timoteyə 3:1-3). Dilimizə «şəfqət» kimi tərcümə olunan yunan sözü ailə üzvlərinin bir-birinə bəslədiyi məhəbbət mə’nasını verir. Bu gün Müqəddəs Kitab peyğəmbərliyinin həqiqətən də yerinə yetdiyini görmək olar, belə ki, ailələrdə bu cür məhəbbət, demək olar, yox dərəcəsindədir.
Yaşlılarla pis rəftar edənlərdən fərqli olaraq, Yehova Allah yaşlıların qayğısına qalır və onları yüksək qiymətləndirir. Gəlin Müqəddəs Kitabda buna aid nümunələrə baxaq.
‘Dul qadınların müdafiəçisi’
Yehova Allahın yaşlıların qeydinə qalmasını İbranicə Müqəddəs Yazılardan görmək olar. Məsələn, Məzmur 68:5 ayəsində Davud Yehova Allahı adətən ağbirçək olan, ‘dul qadınların müdafiəçisi’ adlandırıra. Bəli, Yehova dul qadınların qeydinə qalır. Müqəddəs Kitabda hətta deyilir ki, dul qadınlarla pis rəftar Allahda qəzəb doğurur (Çıxış 22:22-24). Allah və Onun xidmətçiləri dul qadınlarla yanaşı bütün sadiq yaşlıları yüksək qiymətləndirirlər. Süleymanın məsəlləri 16:31 ayəsində Yehovanın və Onun xalqının yaşlılara olan münasibəti belə təsvir edilir: «Ağaran saçlar şərəf tacıdır, salehlik yolunun qazancıdır».
Yaşlılara hörmət İsrailə verilmiş Qanunun ayrılmaz bir hissəsi idi. Onlara əmr edilmişdi: «Yaşlıların qarşısında ayağa durun, ağsaqqallara hörmət eləyin. Allahınızdan qorxun. Rəbb Mənəm» (Levililər 19:32). Gördüyümüz kimi, israillilərin yaşlılarla rəftarı Yehova Allahla münasibətləri ilə sıx bağlı idi. Allahı sevirəm deyib, yaşlıya hörmətsizlik göstərən adam Allahın qarşısında yalan söyləmiş olurdu.
Məsihçilər Musanın qanununa tabe deyillər. Onlar davranış tərzlərini istiqamətləndirən, onlarda valideynlərə və yaşlılara məhəbbət və qayğı kimi keyfiyyətlər formalaşdıran ‘Məsihin Qanununa’ tabedirlər (Qalatiyalılara 6:2; Efeslilərə 6:1-3; 1 Timoteyə 5:1-3). Məsihçiləri məhəbbət təzahür etdirməyə kiminsə əmri yox, ürəkləri təşviq edir. Həvari Peter yazırdı: «Bir-birinizi var qüvvə ilə səmimi qəlbdən sevin» (1 Peter 1:22).
Şagird Yaqub da bizi yaşlıların qeydinə qalmağa təşviq edir: «Ata Allahın yanında təmiz və ləkəsiz dindarlıq budur: yetimləri və dulları onların məşəqqətli anlarında ziyarət etmək və özünü dünyadan ləkəsiz saxlamaq» (Yaqub 1:27). Yaqub belə adamların Yehova Allah üçün nə qədər əziz olduqlarını gözəl vurğulayır.
Deməli, yaşlılarla pis davranmamaq işin yarısıdır. Yaşlılara səmimi maraq göstərmək, onlara əməldə kömək etmək lazımdır. (4-cü və 5-ci səhifələrdəki «Əməllə təzahür etdirilən məhəbbət» çərçivəsinə baxın.) Yaqub yazırdı: «İman ... əməllər olmadıqda ölüdür» (Yaqub 2:26).
«Məşəqqətli anlarında» təsəlli
Yaqub 1:27 ayəsinə bir də diqqət yetirək. Fikir verdinizsə, o, məsihçiləri dulların qeydinə onların «məşəqqətli anlarında» qalmağa çağırırdı. «Məşəqqət» sözünün yunan dilində dərd, xəstəlik, əzab-əziyyət kimi mə’naları var. Yaşlıların çoxunun həyatında bu cür şeylər daimi qonaqdır. Bə’ziləri tənhalıqdan əziyyət çəkir. Digərləri gənclik yaşlarındakı kimi gümrah olmadıqları üçün kədərlənirlər. Hətta təbliğ xidmətində fəal iştirak edənlər də arabir ruhdan düşürlər. Məsələn, 80 yaşlı Conunb nümunəsini nəzərdən keçirək. Bu sadiq qardaş 40 ildən artıqdır ki, Allahın Padşahlığını e’lan edir. Son otuz ili isə xüsusi tammüddətli xidmətdə keçirmişdir. O, hərdən ruhdan düşdüyünü e’tiraf edir: «Geri dönüb həyatıma baxanda buraxdığım səhvləri xatırlayıram. Səhvlərim çox olub. Elə hey fikirləşirəm ki, bu səhvləri etməyə də bilərdim».
Bu cür hisslər keçirən bacı-qardaşlarımız qoy unutmasınlar ki, Yehova kamil olsa da, heç kəsdən kamillik gözləmir. Düzdür, O bizim günahlarımızı bilir. Amma görün Müqəddəs Kitab Onun haqqında başqa nə deyir: «Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsaydın, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?» (Məzmur 130:3). Bəli, Yehova Allah səhvlərimizə baxmır, O, ürəyimizdə olana baxır. Bunu haradan bilirik?
Davud padşah səhvlərə yol verirdi. O da bizim kimi qeyri-kamil insan idi. Buna baxmayaraq, Allah onu Məzmur 139:1-3 ayələrindəki sözləri yazmağa ilhamlandırmışdı: «Ya Rəbb, məni yoxlayaraq tanıdın, oturuşumu-duruşumu Özün bilirsən, fikirlərimi uzaqdan duyursan. Getməyimə, yatmağıma nəzarət edirsən, nə yollardan keçdiyimi bilirsən». Ayədəki «nəzarət etmək» ifadəsinin ibranicə hərfi mə’nası «ələmək»dir. Əkinçi taxılı yelləməklə, dəni samandan ayırdığı kimi, Yehova da işlərimizi bir-birindən ayırır, yaddaşında yaxşı işlərimizi qoruyub saxlayır.
Nə qədər ki, biz mərhəmətli səmavi Atamıza sadiq qalırıq, O yaxşı işlərimizi yaddaşında qoruyub saxlayacaq. Müqəddəs Kitabda deyilir ki, bizim işimizi, Allahın adı naminə göstərdiyimiz məhəbbəti unutmaq Onun üçün haqsızlıq olardı (İbranilərə 6:10).
«Əvvəlki şeylər keçib getdi»
Müqəddəs Kitab göstərir ki, əzəldən Allah insanların qocalmasını istəmirdi. Ulu valideynlərimiz olan ilk kişi və qadın Yaradanımıza qarşı üsyan etdikdən sonra, qocalığın gətirdiyi çətinliklər hər bir insanın payına düşür (Yaradılış 3:17-19; Romalılara 5:12). Lakin bu vəziyyət əbədi davam etməyəcək.
Yuxarıda deyildiyi kimi, bu gün qarşılaşdığımız çətinliklərin çoxu, o cümlədən qocalarla pis rəftar, bu sistemin ‘axır günlərində’ yaşadığımızı göstərir (2 Timoteyə 3:1). Allahın niyyəti qocalığın gətirdiyi problemləri, ölümü, ümumiyyətlə günahın nəticələrini aradan qaldırmaqdır. Müqəddəs Kitabda deyilir: «Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).
Allahın yaratdığı yeni dünyada qocalığın ağrıları da, qocalarla pis rəftar da keçmişdə qalacaq (Mikeya 4:4). Hətta ölüb, amma Allahın yaddaşında qalanlar belə həyata qayıdacaqlar. Onların da Cənnətə çevrilmiş yer üzündə əbədi yaşamaq imkanı olacaq (Yəhya 5:28, 29). O zaman, Yehova Allahın nəinki yaşlıların, Ona sadiq qalan hər bir insanın qeydinə qaldığı hamıya bəlli olacaq.
[Haşiyələr]
a Şübhəsiz, Allah dul qalmış gənc qadınların da qeydinə qalır. Bunu Levililər 22:13 ayəsindən görmək olar.
b Ad dəyişdirilib.
[4 və 5-ci səhifələrdəki çərçivə/şəkillər]
Əməllə təzahür etdirilən məhəbbət
Yehovanın Şahidlərinin yığıncaqlarında yaşlıların qeydinə qalmaqda ağsaqqallar təşəbbüs göstərirlər. Onlar həvari Peterin sözlərinə ciddi yanaşırlar: «Allahın sizə həvalə olunan sürüsünü otarın» (1 Peter 5:2). Yaşlılara əməldə kömək etmək Allahın sürüsünü otarmaq tapşırığının bir hissəsidir. Belə köməyə nə daxil ola bilər?
İnsanın nəyə ehtiyac duyduğunu müəyyən etmək üçün səbir lazımdır. Həmin adama dəfələrlə baş çəkmək, onunla söhbət etmək tələb oluna bilər. Ola bilsin, yaşlı bacı və ya qardaşımıza bazarlıq etməkdə, ev işlərində, yığıncağa gəlməkdə, Müqəddəs Kitabı və jurnalları oxumaqda və başqa işlərdə kömək lazımdır. İmkan dairəsində e’tibarlı bir şəxsin yaşlıya baş çəkməsi və praktiki kömək göstərməsi təşkil edilməlidirc.
Bəs yaşlı həmimanlımız çıxılmaz bir vəziyyətdədirsə, məsələn maddi köməyə ehtiyac duyursa, onda necə? Birinci növbədə, yaxşı olardı ki, kömək edə biləcək uşaqları və yaxud digər qohumlarının olub-olmadığı müəyyən edilsin. Bu, 1 Timoteyə 5:4 ayəsindəki prinsipə müvafiqdir: «Əgər bir dul qadının uşaqları və ya nəvələri varsa, qoy onlar qabaqca öz şəxsi ailələrinə baxaraq, Allaha hörmət etməyi, böyüklərinə də haqqını verməyi öyrənsinlər; çünki bu, Allaha məqbuldur».
Ola bilər, yaşlı bacı və ya qardaşa dövlət tərəfindən təqdim olunan yardımın düşüb-düşmədiyini müəyyən etmək lazım gəlsin. Yığıncaqdan kimsə ona kömək edə bilərmi? Dövlətdən heç bir yardım ala bilmədiyi təqdirdə, ağsaqqallar bu yaşlı adamın yığıncaqdan kömək ala bilməsi üçün 1 Timoteyə 5:9, 10 ayələrindəki tələblərə nə dərəcədə müvafiq olduğunu müəyyən etməlidirlər. Həvari Pavel əməkdaşı Timoteyə yazırdı: «Ən azı altmış yaşına çatmış, bir kişinin arvadı olmuş, yaxşı işlər gördüyü barədə şəhadəti olan dul qadın, uşaqlar böyüdübsə, qonaq qəbul edibsə, müqəddəslərin ayaqlarını yuyubsa, sıxıntı çəkənlərə yardım göstəribsə, özünü hər cür xeyirli işə həsr edibsə, qeydə alınsın». Gördüyümüz kimi, birinci əsrdə də yığıncaqların bə’zilərində belə hallar istisna deyildi.
[Haşiyə]
c Daha ətraflı mə’lumat almaq üçün «Gözətçi Qülləsi»nin 1989-cu il, 15 oktyabr sayının, 21-23 səhifələrindəki (rus.) məqaləyə baxın.
[6-cı səhifədəki şəkil]
Tabita ehtiyac içində olan dul qadınların qeydinə qalırdı (Həvarilərin işləri 9:36-39).