«Allahın sizə əmanət etdiyi sürünü otarın»
«Allahın sizə əmanət etdiyi sürünü otarın və bunu zorla yox, könül xoşluğu ilə... edin» (1 PET. 5:2).
1. Peter ilk məktubunu yazanda məsihçilər hansı çətinliklərlə qarşılaşırdılar?
İMPERATOR Neron Romada məsihçiləri təqib etməyə başlamazdan bir qədər öncə həvari Peter o şəhərdəki həmimanlılarına ilk məktubunu yazmışdı. O, iman qardaşlarını möhkəmləndirmək istəyirdi, çünki İblis məsihçiləri udmaq üçün nərildəyən şir kimi gəzirdi. Ona qarşı möhkəm durmaq üçün məsihçilər «ayıq-sayıq» olmalı və «təvazökar olub qüdrətli Allaha» boyun əyməli idilər (1 Pet. 5:6, 8). Onlara həmçinin aralarındakı birliyi qorumaq lazım idi. Bunun üçün onlar bir-birləri ilə didişməli deyildilər, çünki bu, onları məhv edə bilərdi (Qalat. 5:15).
2, 3. Biz kimə qarşı mübarizə aparmalıyıq? Bu və növbəti məqalədə nə müzakirə olunacaq?
2 Demək olar ki, biz də eyni vəziyyətdəyik. İblis bizi udmaq üçün fürsət axtarır (Vəhy 12:12). Qarşıda bizi «elə bir böyük müsibət» gözləyir ki, «beləsi dünya yaranandan bəri olmamışdır» (Mat. 24:21). Birinci əsrdə yaşayan məsihçilər boş-boş şeylərdən ötrü mübahisə etməkdən özlərini gözləməli idilər. Bu, bizə də aiddir. Buna görə də bəzən təcrübəli ağsaqqalların köməyinə ehtiyacımız yaranır.
3 Gəlin ağsaqqalların Allahın onlara «əmanət etdiyi sürünü» otarmaq şərəfinə görə minnətdarlıqlarını necə artıra biləcəklərini nəzərdən keçirək (1 Pet. 5:2). Sonra biz onlara verilən bu tapşırığı düzgün şəkildə necə icra etməli olduqlarını müzakirə edəcəyik. Növbəti məqalədə isə yığıncaqda «zəhmət çəkən», ona «rəhbərlik edən» qardaşlara hörmət göstərməyin yollarından danışacağıq (1 Salon. 5:12). Bunları müzakirə etmək bizə baş düşmənimiz olan Şeytana qarşı möhkəm durmağa və əslində onunla mübarizə apardığımızı yadda saxlamağa kömək edəcək (Efes. 6:12).
Allahın sürüsünü otarın
4, 5. Ağsaqqallar sürüyə necə yanaşmalıdırlar? Nümunə əsasında izah et.
4 Peter birinci əsrdəki ağsaqqalları onlara əmanət olunan sürüyə Allahın gözü ilə baxmağa çağırırdı. (1 Peter 5:1, 2 ayələrini oxu.) Peter məsihçi yığıncağının sütunlarından biri sayılsa da, ağsaqqallarla danışarkən özünü onlardan üstün tutmurdu. Əksinə, Peter onlara bir həmkar kimi nəsihət verirdi (Qalat. 2:9). Onun kimi, Rəhbərlik Şurası da yığıncaq ağsaqqallarını təşviq edir ki, Allahın sürüsünü otarmaq məsuliyyətini, çətin də olsa, icra etməyə çalışsınlar.
5 Peter qeyd etmişdi ki, ağsaqqallar «Allahın» onlara əmanət etdiyi sürünü otarmalıdırlar. Bu sürünün Yehovaya və İsa Məsihə məxsus olduğunu həmişə yadda saxlamaq olduqca vacib idi. Axı onlar Allahın sürüsünə necə nəzarət etdikləri barədə Ona hesabat verəcəkdilər. Tutalım, bir yaxın dostun harasa gedir və uşaqlarını sənə tapşırır. Hər halda, sən onlara yaxşı baxacaqsan və yeməklərini vaxtlı-vaxtında verəcəksən. Biri xəstələnərsə, yəqin, ona lazımi tibbi yardım göstərilməsinin qayğısına qalacaqsan. Ağsaqqallar «Allahın Öz Oğlunun qanı bahasına aldığı yığıncağını» məhz belə otarmalıdırlar (Həv. iş. 20:28). Onlar yadda saxlayırlar ki, hər qoyun Məsihin qiymətli qanı bahasına alınıb. Ağsaqqallar Allah qarşısında məsuliyyət daşıdıqları üçün sürünü qidalandırmalı, müdafiə etməli və qayğısına qalmalıdırlar.
6. Qədimdə yaşayan çobanların vəzifəsinə nə daxil idi?
6 Müqəddəs Kitabın yazıldığı dövrdə çobanların vəzifəsinin nədən ibarət olduğuna nəzər salaq. Çobanlar qoyun otararkən gündüzün istisinə və gecənin soyuğuna qatlaşmalı olurdular (Yar. 31:40). Onlar hətta qoyunlarından ötrü həyatlarını təhlükəyə atırdılar. Gənc yaşlarında çobanlıq edən Davud qoyunlarını şir və ayı kimi vəhşi heyvanların pəncəsindən qurtarırdı. Davud bu haqda demişdi: «[Vəhşi heyvanın] boğazının tüklərindən tutaraq çırpıb öldürərdim» (1 Şam. 17:34, 35). O, olduqca cəsarətli idi, az qala heyvanın ağzının içinə girirdi! Lakin o, heç vaxt geri çəkilmirdi və qoyunlarını vəhşi heyvanların dişindən qurtarırdı.
7. Ağsaqqallar qoyunları Şeytanın ağzından necə çəkib çıxara bilərlər?
7 Bu gün də İblis Allahın xalqına şir kimi hücum edəndə ağsaqqallar onun hücumlarını dəf etməlidirlər. Necə? Məcazi dillə desək, ağsaqqallar qoyunu cəsarətlə onun ağzından çəkib çıxartmalıdırlar. Onlar, belə desək, vəhşi heyvanın boğazının tüklərindən tutaraq qoyunu xilas edə bilərlər. Ağsaqqallar Şeytanın tələsinin bir addımlığında olan ehtiyatsız qardaşlarla ətraflı söhbət etməli, onları başa salmalıdırlar. (Yəhuda 22, 23 ayələrini oxu.) Əlbəttə ki, ağsaqqallar Yehovanın köməyi olmadan bunu edə bilməzlər. Onlar yaralanmış qoyunlarla zərif davranırlar, yaralarını sarıyırlar və onlara kömək etmək üçün sakitləşdirici məlhəm olan Allahın Kəlamından istifadə edirlər.
8. Ağsaqqallar sürünü hara yönəldirlər və bunu necə edirlər?
8 Çobanlar həm də öz sürülərini yaşıl çəmənliklərə və bol su olan yerlərə aparırlar. Ağsaqqallar da bacı-qardaşları görüşlərdə müntəzəm iştirak etməyə təşviq etməklə onları ruhani qida ilə zəngin olan yığıncağa yönəldirlər. Burada onlar «vaxtlı-vaxtında yemək paylarını» ala bilərlər (Mat. 24:45). Bəzən ağsaqqallar çoxlu vaxt sərf edərək ruhani cəhətdən xəstə olanlara Allahın Kəlamından qidalanmağa kömək edirlər. Yolunu azmış qoyun sürüyə qayıtmaq istəyə bilər. Bu zaman ağsaqqallar öz həmimanlısını qorxutmaq əvəzinə, ona Müqəddəs Kitab prinsiplərini və bu prinsipləri həyatında necə tətbiq edə biləcəyini mülayimliklə izah edirlər.
9, 10. Ağsaqqallar ruhani cəhətdən xəstə olanlara necə kömək edə bilərlər?
9 Xəstələnəndə hansı həkimin səni müayinə etməsini istəyərdin? Növbəti xəstəni qəbul etmək üçün səni dinləmədən tez-tələsik dərman yazan, yoxsa əksinə, sənə diqqətlə qulaq asan, xəstəliyini izah edən və bir neçə müalicə üsulunu təklif edən həkimin?
10 Eynilə, ağsaqqallar ruhani cəhətdən xəstə olan bacı və ya qardaşa diqqətlə qulaq asmalı və aldıqları yaradan sağalmağa kömək etməlidirlər. Bununla onlar, sanki, «Yehovanın adı ilə onun başına yağ» sürtürlər. (Yaqub 5:14, 15 ayələrini oxu.) Gilead məlhəmi kimi, Allahın Kəlamı xəstəyə sakitləşdirici təsir göstərə bilər (Yer. 8:22; Yez. 34:16). Qətiyyətsiz insan Müqəddəs Kitab prinsiplərini tətbiq edəndə yenidən ruhani tarazlığı bərpa edə bilər. Bəli, xəstə narahatçılıqlarını bölüşəndə ağsaqqallar ona qulaq asmaqla və onunla birlikdə dua etməklə ona çox kömək etmiş olurlar.
«Zorla yox, könül xoşluğu ilə»
11. Ağsaqqalları Allahın sürüsünü könül xoşluğu ilə otarmağa nə təşviq edir?
11 Sonra Peter ağsaqqallara vəzifələrini necə icra edib-etməməli olduqlarını xatırlatdı. Ağsaqqallar Allahın sürüsünü «zorla yox, könül xoşluğu ilə» otarmalıdırlar. Ağsaqqalları bacı-qardaşlara «könül xoşluğu ilə» xidmət etməyə nə təşviq edir? Gəlin yadımıza salaq, Peteri İsanın quzularını otarmağa, onları bəsləməyə nə təşviq edirdi? Ağasına olan məhəbbət (Yəh. 21:15—17). Məhz məhəbbət ağsaqqalları «artıq özləri üçün deyil, onların uğrunda ölüb dirilmiş şəxs üçün» yaşamağa təşviq edir (2 Kor. 5:14, 15). İsaya, eləcə də Allaha və qardaşlarına olan məhəbbət ağsaqqalları öz güclərini, vəsaitlərini və vaxtlarını sərf edərək sürüyə xidmət etməyə təşviq edir (Mat. 22:37—39). Onlar bu fədakarlığı candərdi yox, könül xoşluğu ilə göstərirlər.
12. Pavel nə dərəcədə fədakar idi?
12 Ağsaqqallar sürünün qayğısına qalarkən nə dərəcədə fədakar olmalıdırlar? Pavel İsanı təqlid etdiyi kimi, onlar da onu təqlid etməlidirlər (1 Kor. 11:1). Salonikidəki qardaşları ürəkdən sevən Pavel və onun əməkdaşları onlara nəinki Allahın xoş xəbərini çatdırmağa şad idilər, hətta öz canlarını belə verməyə hazır idilər. Onlar, «körpəsini əmizdirib əzizləyən bir ana kimi», bunu nəvazişlə edirdilər (1 Salon. 2:7, 8). Pavel körpəsini əmizdirən ananın uşağına olan hisslərini çox gözəl başa düşürdü. O bilirdi ki, ana körpəsi üçün hər şey etməyə, hətta gecə durub ona yemək verməyə hazırdır.
13. Ağsaqqallar hansı sahədə tarazlığı qorumalıdırlar?
13 Ağsaqqallar yığıncaqdakı məsuliyyətləri ilə ailədəki vəzifələri arasında tarazlığı qoruyub saxlamalıdırlar (1 Tim. 5:8). Ağsaqqalların yığıncağa sərf etdikləri vaxt çox dəyərlidir, çünki onlar bu vaxtı ailələrinə sərf edə bilərdilər. Bu iki məsuliyyətin arasında tarazlığı qorumağın üsullarından biri vaxtaşırı olaraq başqalarını ailəvi ibadət axşamına dəvət etməkdir. Yaponiyada ağsaqqal kimi xidmət edən Masanao qardaş neçə illər idi ki, subayları və ataları həqiqətdə olmayan uşaqları anaları ilə birgə ailəvi ibadətə dəvət edirdi. Masanaonun kömək etdiyi insanların bəziləri bir müddətdən sonra ağsaqqal oldular və indi onun gözəl nümunəsini izləyirlər.
Haqsız qazancı rədd edin, sürünü canla-başla otarın
14, 15. Nəyə görə ağsaqqallar «haqsız qazanca sevgidən» özlərini gözləməlidirlər və onlar bu sahədə həvari Paveldən hansı nümunəni götürə bilərlər?
14 Peter həmçinin ağsaqqalları təşviq edirdi ki, sürünü «haqsız qazanca sevgidən yox, canla-başla» otarsınlar. Yığıncaq işləri ağsaqqallardan çoxlu vaxt tələb etsə də, onlar bunun müqabilində heç nə ummurlar. Peter həmkarları olan ağsaqqalları sürünü «haqsız qazanca sevgidən» irəli gələrək otarmaq təhlükəsi barədə xəbərdar etməyi lazım bilmişdi. Belə bir təhlükənin mövcud olduğunu «Böyük Babil»in din rəhbərlərinin sürdüyü həyat tərzindən görmək olar: bu gün bir çox insanlar güc-bəla ilə dolandığı halda, onlar cah-cəlal içində yaşayırlar (Vəhy 18:2, 3). Buna görə də məsihçi ağsaqqallar ehtiyatlı olmalıdırlar ki, ürəklərində belə bir meyil yaranmasın.
15 Pavel məsihçi ağsaqqallara gözəl nümunə qoyub. O, həvari idi və Salonikidəki məsihçilərə «ağır yük» ola bilərdi, amma o, «havayı yerə heç kəsin çörəyini» yeməmişdi. «Əksinə, gecə-gündüz tər töküb» zəhmət çəkirdi (2 Salon. 3:8). Bu gün də bir çox ağsaqqallar, eləcə də səyyar xidmətdə olan nəzarətçilər bu sahədə gözəl nümunə qoyurlar. Bu qardaşlar həmimanlılarının onlara göstərdiyi qonaqpərvərliyi qəbul etsələr də, heç kimi xərcə salmırlar (1 Salon. 2:9).
16. Sürünü «canla-başla» otarmaq nə deməkdir?
16 Ağsaqqallar sürünü «canla-başla» otarırlar. Bunu sürüyə kömək edərkən göstərdikləri fədakarlıq ruhundan görmək olar. Amma bu o demək deyil ki, qayğıkeş ağsaqqallar bacı-qardaşları Yehovaya xidmət etməyə məcbur edirlər, yaxud da aralarında rəqabət salırlar (Qalat. 5:26). Ağsaqqallar dərk edirlər ki, Allahın hər bir xidmətçisi təkrarolunmazdır. Onlar qardaşlara Yehovaya sevinclə xidmət etməyə kömək etmək istəyirlər.
«Üzərində ağalıq etməyin, əksinə, sürüyə nümunə olun»
17, 18. a) Nəyə görə bəzən həvarilərə İsanın təvazökarlıq haqqında dediklərini başa düşmək çətin idi? b) Bu, bizə necə aid ola bilər?
17 Artıq yuxarıda qeyd olunduğu kimi, ağsaqqallar sürünün onlara yox, Allaha məxsus olduğunu yadda saxlamalıdırlar. Buna görə də onlar ehtiyatlı olmalıdırlar ki, Allahın əmanəti üzərində ağalıq etməsinlər. (1 Peter 5:3 ayəsini oxu.) Hərdən İsanın həvariləri şöhrətə can atırdılar. Millətlər üzərində hökmranlıq edən insanlar kimi, onlar da böyük vəzifə sahibi olmaq istəyirdilər. (Mark 10:42—45 ayələrini oxu.)
18 Bu gün «nəzarətçi vəzifəsinə can atan» qardaşlar bunu hansı niyyətdən irəli gələrək etdiklərini yoxlamalıdırlar (1 Tim. 3:1). Artıq ağsaqqal olanlar isə vicdanla özlərindən soruşmalıdırlar: «Bəzi həvarilər kimi, məndə də hakimiyyət sahibi olmaq və ya yüksək mövqe tutmaq istəyi yoxdur ki?» Bu sahədə həvarilərin problemi olduğunu nəzərə alsaq, ola bilsin, ağsaqqal da özündə belə bir meyili aşkar etdi və onda o, dünyaya xas olan bu meyili ürəyindən silib atmalıdır.
19. Ağsaqqallar sürünü qorumaq üçün müəyyən tədbirlər görməli olanda nəyi yadda saxlamalıdırlar?
19 Amma bəzən, məsələn, sürünü «amansız canavarlar»dan qorumaq lazım gələndə ağsaqqallar öz səlahiyyətlərindən istifadə edərək kiməsə ciddi məsləhət verməli olurlar (Həv. iş. 20:28—30). Pavel Titusa yazmışdı: «Əlində olan tam ixtiyarla danış... və tənbeh et» (Tit. 2:15). Hətta kiməsə qarşı belə ciddi tədbir görmək lazım gələndə də ağsaqqallar onun ləyaqətinə hörmətlə yanaşmağa çalışırlar. Onlar başa düşürlər ki, insanı mülayimliklə başa salmaq onu kobudcasına tənqid etməkdən daha təsirlidir. Bununla onun ürəyinə yol tapmaq və düzgün yolu tutmasına kömək etmək olar.
20. Sürüyə yaxşı nümunə olmaqda ağsaqqallar İsanı necə təqlid edə bilərlər?
20 Məsihin qoyduğu gözəl nümunə ağsaqqalları sürünü sevməyə təşviq edir (Yəh. 13:12—15). Məgər İsanın öz şagirdlərinə təbliğ etməyi və şagird hazırlamağı necə öyrətdiyi barədə oxuyanda ürəyimiz riqqətə gəlmir? Onun təvazökarlıq nümunəsi şagirdlərinə böyük təsir göstərmiş və onları «təvazökar olub» başqalarını özlərindən üstün tutmağa təşviq etmişdi (Filip. 2:3). İsanın nümunəsini görən ağsaqqallar onu izləmək və sürüyə nümunə olmaq istəyirlər.
21. Ağsaqqallar hansı mükafatı alacaqlar?
21 Peter ağsaqqallara verdiyi nəsihətinə gələcəklə bağlı vəd haqqında danışaraq yekun vurur. (1 Peter 5:4 ayəsini oxu.) Məsh olunmuş ağsaqqallara Məsihlə birlikdə göydə «solmaz şöhrət çələngi veriləcək». Başqa qoyunlardan olan ağsaqqallar isə «Baş çoban»ın rəhbərliyi altında yer üzündə Allahın sürüsünü otarmaq şərəfinə layiq görüləcəklər (Yəh. 10:16). Növbəti məqalədə yığıncağın digər üzvlərinin təyin olunmuş nəzarətçilərlə necə əməkdaşlıq edə biləcəkləri barədə danışacağıq.
Təkrar üçün suallar
• Nəyə görə Peter ağsaqqallara sürünü otarmaq barədə nəsihət verdi?
• Ağsaqqallar ruhani cəhətdən xəstə olanların qayğısına necə qalmalıdırlar?
• Ağsaqqalları Allahın onlara əmanət etdiyi sürünü otarmağa nə təşviq edir?
[21 səhifədəki şəkil]
Qədimdəki çobanlar kimi, bu gün ağsaqqallar onlara əmanət edilən sürünü müdafiə etməlidirlər