TƏLİM MƏQALƏSİ 45
Müqəddəs ruh bizə necə kömək edir?
«Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (FİLİP. 4:13).
NƏĞMƏ 104 Müqəddəs ruh Allahdan ənamdır
İCMALa
1, 2. a) Nəyin sayəsində hər günün çətinliyinə dözə bilirik? İzah edin. b) Bu məqalədə nəyi araşdıracağıq?
«ÜZLƏŞDİYİM sınaqlar haqda düşünəndə başa düşürəm ki, öz gücümə onlara tab gətirə bilməzdim». Nə vaxtsa siz də bu sözləri demisiniz? Bu hiss çoxlarına tanışdır. Ola bilsin, bu sözləri ciddi xəstəlik, yaxud əzizinizin ölümünə tab gətirməli olandan sonra demisiniz. Geri boylananda başa düşürsünüz ki, yalnız müqəddəs ruhun bəxş etdiyi «insan gücündən üstün olan güc» sayəsində günbəgün dözə bilmisiniz (2 Kor. 4:7—9).
2 Şər dünyanın təsirinə qarşı durmaq üçün də müqəddəs ruhun köməyinə ehtiyacımız var (1 Yəh. 5:19). Üstəlik, biz «şər ruhi qüvvələrə» qarşı mübarizə aparmalı oluruq (Efes. 6:12). Bu məqalədə müqəddəs ruhun hansı iki yolla bütün bu problemlərə dözməyə kömək etdiyini araşdıracağıq. Həmçinin müqəddəs ruhdan tam faydalanmaq üçün nə etməli olduğumuzdan danışacağıq.
MÜQƏDDƏS RUH BİZƏ GÜC VERİR
3. Yehova çətinliklərə dözməyimizə necə kömək edir?
3 Müqəddəs ruh çətinliklərə baxmayaraq, məsuliyyətlərimizi yerinə yetirməyə güc verir. Həvari Bulus anlayırdı ki, sınaqlar qarşısında Yehovaya xidməti «Məsihin gücü»nə güvənməsi sayəsində davam etdirə bilmişdi (2 Kor. 12:9). İkinci təbliğ səyahəti zamanı Bulus xidmətə çox vaxt ayırmaqla yanaşı, özünü dolandırmaq üçün işləyirdi. Korinfdə olanda o, Akvilasla Priskillanın evində yaşayırdı. Onlar çadır tikirdilər. Bulus eyni peşənin sahibi olduğu üçün bəzi günlər onlarla birgə işləyirdi (Həv. 18:1—4). Müqəddəs ruh Bulusa həm işini görməyə, həm də xidmətini icra etməyə güc verirdi.
4. 2 Korinflilərə 12:7b—9 ayələrinə əsasən, Bulusun hansı çətinliyi var idi?
4 2 Korinflilərə 12:7b—9 ayələrini oxuyun. Bu ayələrdə Bulus «cismimə bir tikan batırılıb» deyəndə nəyi nəzərdə tuturdu? Bir yerimizə tikan batanda yeri göynədir. Bulus da çətinliyinin ona bu cür ağrı verdiyini deyirdi. O, bu çətinliyi ona əzab verən «Şeytanın elçisi» adlandırmışdı. Ola bilsin, Bulusun tikana bənzər çətinliklərinin səbəbkarı birbaşa Şeytan, yaxud da onun cinləri deyildi. Lakin Bulusun cismindəki tikanı görən şər qüvvələr, sanki bu tikanı daha dərinə basıb onun ağrısını daha da artırırdılar. Bəs Bulus nə edirdi?
5. Yehova Bulusun duasına necə cavab verdi?
5 Əvvəl-əvvəl həvari Bulus bu tikandan qurtulmaq istəyirdi. O deyir: «Bununla bağlı Rəbbə [Yehovaya] düz üç dəfə yalvardım ki, canımı bu bəladan qurtarsın». Dualarına rəğmən, Bulus cismindəki tikandan qurtula bilməmişdi. Bu, o demək idi ki, Yehova Bulusun duasına cavab vermədi? Qətiyyən! Yehova onun duasını cavabsız qoymamışdı. O, Bulusun problemini aradan qaldırmasa da, ona dözməyə güc vermişdi. Yehova demişdi: «Sən zəif olanda Mənim gücüm özünü bütünlüklə göstərir» (2 Kor. 12:8, 9). Bulus Yehovanın köməyi sayəsində sevincini və qəlb rahatlığını qoruya bilmişdi! (Filip. 4:4—7).
6. a) Yehova dualarımıza necə cavab verə bilər? b) Abzasda gətirilən ayələrdəki hansı vəd sizi möhkəmləndirir?
6 Siz də Bulus kimi, əzabdan qurtulmaq üçün nə vaxtsa Yehovaya yalvarmısınız? Yalvarışlarınıza rəğmən probleminiz həll olunmayanda, yaxud daha da ağırlaşanda Yehovanın sizdən narazı olduğunu düşünürsünüz? Əgər belədirsə, Bulusun nümunəsini xatırlayın. Yehova onun dualarına cavab verdiyi kimi, mütləq sizin dualarınıza da cavab verəcək! Ola bilsin, Yehova probleminizi aradan qaldırmasın. Amma müqəddəs ruhu vasitəsilə sizə çətinliyə dözməyə güc verəcək (Zəb. 61:3, 4). Problemlər sizi, sanki vurub yerə sərsə də, bilin ki, tək deyilsiniz, Yehova sizinlədir (2 Kor. 4:8, 9; Filip. 4:13).
MÜQƏDDƏS RUH BİZİ İRƏLİ APARIR
7, 8. a) Müqəddəs ruh hansı mənada küləyə bənzəyir? b) Butrus müqəddəs ruhun fəaliyyətini necə təsvir etmişdi?
7 Müqəddəs ruh bizə daha hansı yolla kömək edir? Müqəddəs ruhu küləyə bənzətmək olar. Dənizin tufanlı olmasına baxmayaraq, küləyin sayəsində gəmi mənzilbaşına çata bilər. Eynilə müqəddəs ruhun sayəsində tufana bənzər çətinliklərdən keçib Allahın vəd etdiyi yeni dünyaya doğru irəliləyə bilərik.
8 Həvari Butrus bir balıqçı kimi dəniz səfərlərinə öyrəşmişdi. Görünür, buna görə o, müqəddəs ruhun fəaliyyətini təsvir etmək üçün dənizçiliklə əlaqəli olan termindən istifadə etmişdi. O demişdi: «Peyğəmbərlik heç vaxt insan istəyi ilə meydana gəlməyib, insanlar müqəddəs ruh tərəfindən yönəldilərək Allahdan gələn sözləri danışıblar». Burada «yönəldilərək» kimi tərcümə olunan yunan sözü hərfən «aparmaq» mənasını verir (2 But. 1:21).
9. Həvari Butrus «aparmaq» sözünü istifadə edərək hansı təsviri yaratmışdı?
9 Həvari Butrus «aparmaq» sözü ilə hansı təsviri yaratmışdı? Həmin yunan sözün oxşar formasını «Həvarilərin işləri» kitabını yazan Luka istifadə etmişdi. O yazmışdı ki, külək gəmini «aparırdı» (Həv. 27:15). Odur ki, Butrus Kəlamın müqəddəs ruhla «yönəldilərək» yazıldığını deyərkən, bir alimin təbirincə desək, «dənizçiliyə dair gözəl metafora» istifadə etmişdi. Külək gəmini aparıb mənzil başına çatdırdığı kimi, müqəddəs ruh da Müqəddəs Kitab yazarlarını və peyğəmbərləri yönəldirdi ki, onlar gördükləri işi başa vursunlar. Həmin alim demişdi: «Peyğəmbərlər, məcazi dillə desək, yelkənləri qaldırırdı». Yehova Öz üzərinə düşən işi görürdü: «külək», yəni müqəddəs ruh verirdi. Müqəddəs Kitab yazarları isə öz öhdələrinə düşən işi icra edirdi: onlar ruhun göstərdiyi istiqamətə gedirdi.
10, 11. Müqəddəs ruhun bizi irəli aparması üçün hansı iki addımı atmalıyıq? Nümunə çəkin.
10 Əlbəttə, Yehovanın müqəddəs ruh vasitəsilə Kəlamını yazdırdığı dövr artıq keçmişdə qalıb. Lakin O, hələ də müqəddəs ruh vasitəsilə xalqına güc verir. Yehova indi də Öz üzərinə düşən işi görür. Bəs müqəddəs ruhun bizi yönəltməsi üçün nə edə bilərik? Biz öz üzərimizə düşən işi icra etməliyik. Bura nə daxildir?
11 Gəlin bir nümunəyə baxaq. Küləkdən səmərəli istifadə etmək istəyən dənizçiyə iki şey gərəkdir. İlk növbədə, o, qayığın küləkli yerdə olmasına diqqət yetirməlidir. Axı qayıq limanda, küləyin əsdiyi yerdən uzaqda dursa, necə hərəkət edə bilər? İkincisi, o, yelkənləri mümkün qədər yuxarı qaldırmalı və tam açmalıdır. Təbii ki, qayığın irəli getməsi üçün küləyin əsməsi kifayət deyil, yelkənlər küləyi tutmalıdır. Eynilə də, yalnız müqəddəs ruhun köməyi sayəsində Yehovaya xidməti davam etdirə bilərik. Müqəddəs ruhdan yararlanmaq üçün isə iki addım atmalıyıq. Birincisi, biz Allahın ruhunun birbaşa təsir etdiyi yerdə olmalıyıq, yəni müqəddəs ruhun təsirinin olduğu işlərdə iştirak etməliyik. İkincisi, yelkənlərimizi mümkün qədər yuxarı qaldırmalıyıq, yəni bu işləri bacardığımız qədər yaxşı görməyə çalışmalıyıq (Zəb. 119:32). Bunları edəndə müqəddəs ruh müqavimət və sınaq dalğalarını aşmağa və yeni dünyaya doğru tutduğumuz istiqamətdə sədaqətlə irəli getməyə kömək edəcək.
12. İndi nəyi araşdıracağıq?
12 Buraya qədər müqəddəs ruhun bizə kömək etdiyi iki yolu araşdırdıq. Müqəddəs ruh bizə güc verir və sınaqlar qarşısında sədaqətimizi qorumağa kömək edir. Həmçinin irəli getməyə və əbədi həyata aparan yolda yeriməyə kömək edir. İndi isə araşdıracağıq ki, müqəddəs ruhdan faydalanmaq üçün hansı dörd addımı atmalıyıq.
MÜQƏDDƏS RUHDAN TAM FAYDALANIN
13. 2 Timutiyə 3:16, 17 ayələrinə əsasən, Kəlam bizə necə təsir edə bilər və bunun üçün nə etməliyik?
13 Birincisi, Allahın Kəlamını mütaliə edin. (2 Timutiyə 3:16, 17 ayələrini oxuyun.) «Allahdandır» kimi tərcümə olunmuş yunan sözü hərfən «Allah üfürüb» deməkdir. Allah Öz ruhu vasitəsilə sözlərini Müqəddəs Kitab yazarlarının fikrinə «üfürürdü». Müqəddəs Kitabı oxuyanda və üzərində düşünəndə Onun buyruqları ağlımıza və ürəyimizə nüfuz edir. Allahın sözü həyatımızda Onun iradəsinə uyğun dəyişikliklər etməyə təşviq edir (İbr. 4:12). Lakin müqəddəs ruhdan tam faydalanmaq üçün Allahın Kəlamını müntəzəm mütaliə etməyə və oxuduqlarımızın üzərində dərindən düşünməyə vaxt ayırmalıyıq. Onda Allahın Kəlamı bütün sözlərimizə və əməllərimizə təsir edəcək.
14. a) Nəyə görə deyə bilərik ki, müqəddəs ruh yığıncaqlarımızda fəaliyyət göstərir? b) Yığıncaqlara «açıq yelkənlə» qatılmaq üçün nə etməliyik?
14 İkincisi, Allaha dindaşlarınızla birgə ibadət edin (Zəb. 22:22). Müəyyən mənada yığıncaqlarımızı «külək əsən» yer adlandırmaq olar. Yehovanın ruhu yığıncaqlarımızda fəaliyyət göstərir (Vəhy 2:29). Bunu nəyin əsasında deyə bilərik? Çünki dindaşlarımızla birgə ibadət etmək üçün yığışanda dua edib Allahdan müqəddəs ruh istəyirik, Allahın Kəlamına əsaslanan həmd nəğmələri oxuyuruq, həmçinin müqəddəs ruhla təyin olunan qardaşların Müqəddəs Kitaba əsaslanan göstərişlərini dinləyirik. Müqəddəs ruh həmçinin bacılara da öz bəndlərini hazırlamağa kömək edir. Müqəddəs ruhdan tam faydalanmaq üçün yığıncaqlara öncədən hazırlaşmalı və şərh verməliyik. Beləcə, yığıncağa «açıq yelkənlə» qatılmış olacağıq.
15. Müqəddəs ruh təbliğ işimizə necə kömək edir?
15 Üçüncüsü, təbliğ işində iştirak edin. Təbliğ və təlim işində Allahın Kəlamından istifadə etməklə müqəddəs ruhun bizə kömək etməsinə yol veririk (Rom. 15:18, 19). Amma Allahın müqəddəs ruhundan tam faydalanmaq üçün təbliğdə müntəzəm olaraq iştirak etməli və mümkün olan hər fürsətdə Müqəddəs Kitaba müraciət etməliyik. Təbliğdə daha səriştəli olmaq üçün «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndəki söhbət planlarından istifadə edə bilərik.
16. Müqəddəs ruhu almağın birbaşa yolu hansıdır?
16 Dördüncüsü, Yehovaya dua edin (Mət. 7:7—11; Luka 11:13). Müqəddəs ruhu almağın birbaşa yolu onu Yehovadan diləməkdir. Dualarımızın Yehovaya çatmasına və ya Yehovanın bizə müqəddəs ruh bəxşişini verməsinə heç bir şey, nə həbsxana divarları, nə də Şeytan mane ola bilməz (Yaq. 1:17). Müqəddəs ruhdan tam fayda əldə etmək üçün necə dua etməliyik? Dua haqda daha dərindən öyrənmək üçün gəlin Lukanın Müjdəsində təsvir olunan nümunəni nəzərdən keçirəkb.
DURMADAN DİLƏYİN
17. Luka 11:5—9, 13 ayələrində yazılmış məsəldən dua haqda nə öyrənirik?
17 Luka 11:5—9, 13 ayələrini oxuyun. İsanın çəkdiyi məsəl müqəddəs ruhu necə diləməli olduğumuzu göstərir. Məsəldə kişi istədiyi şeyi «israr etdiyi üçün» əldə edir. O, gecəyarısı olmasına baxmayaraq, dostundan kömək istəməyə çəkinmirc. İsa Məsih bu nümunəni dua mövzusu ilə necə əlaqələndirmişdi? O demişdi: «Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar». Bundan nə öyrənirik? Müqəddəs ruhun bizə kömək etməsini istəyiriksə, onu durmadan diləməliyik.
18. İsanın çəkdiyi məsələ əsasən, Yehovanın bizə müqəddəs ruh verəcəyinə nə üçün əmin ola bilərik?
18 İsanın çəkdiyi məsəl həmçinin Yehovanın müqəddəs ruhu nə üçün verdiyini anlamağa da kömək edir. Məsəldəki kişi gecəyarısı gələn qonağını yaxşı qarşılamaq istəyirdi. O, başa düşürdü ki, qonağın qabağına yemək qoymalıdır, lakin heç nəyi yox idi. İsa demişdi ki, kişi israr etdiyi üçün qonşusu ona çörək verir. İsa nəyi vurğulamaq istəyirdi? Əgər qeyri-kamil insan israr edən qonşusuna kömək etməyə hazırdırsa, görün səxavətli Allahımız Ondan israrla müqəddəs ruh diləyənlərə kömək etməyə nə qədər istəklidir! Buna görə də Yehovadan müqəddəs ruh diləyərkən Onun dualarımıza cavab verəcəyinə arxayın ola bilərik (Zəb. 10:17; 66:19).
19. Qalib çıxacağımıza nə üçün əmin ola bilərik?
19 Əmin ola bilərik ki, Şeytan bizi məğlub etmək üçün nə qədər cəhd etsə də, biz qalib çıxacağıq. Çünki müqəddəs ruh bizə iki yolla kömək edir. Birincisi, çətinliklərə dözməyə güc verir. İkincisi, müqəddəs ruh, sanki yelkənlərimizi hava ilə dolduraraq yeni dünyaya çatana qədər Yehovaya xidmətdə irəliləməyimizə kömək edir. Gəlin müqəddəs ruhun köməyindən tam faydalanmağa qəti qərarlı olaq!
NƏĞMƏ 41 Ey Allahım, eşit duamı
a Bu məqalədə Allahın müqəddəs ruhunun çətinliklərə dözməyə necə kömək etdiyindən bəhs olunur. Həmçinin müqəddəs ruhdan tam faydalanmaq üçün nə etməli olduğumuz vurğulanır.
d ŞƏKİLLƏRİN İZAHI. 1-Cİ ADDIM: Bir ər-arvad ibadət evinə gəlir. Dindaşları ilə birgə toplaşmaqla onlar Yehovanın ruhunun fəaliyyət göstərdiyi mərasimdə iştirak edir. 2-Cİ ADDIM: Onlar yığıncaqda şərh vermək üçün əvvəlcədən hazırlaşıb. Bu iki addım məqalədə müzakirə olunan digər işlərə də aiddir: Allahın Kəlamını öyrənmək, təbliğ işində iştirak etmək və Yehovaya dua etmək.