‘Yadların səsindən’ qorunun
“Yad adamın ardınca... getməzlər, lakin ondan qaçarlar; çünki yadların səsini tanımazlar” (YƏHYA 10:5).
1, 2. a) İsanın Məryəmi adı ilə çağırması ona necə tə’sir etdi və bu hadisə ilə İsanın hansı sözləri təsdiq olunur? b) Biz nəyin sayəsində İsaya yaxın qala bilərik?
DİRİLMİŞ İsa boş məzarın yanında dayanmış qadına baxır. O, qadını yaxşı tanıyır. Bu, Məcdəlli Məryəmdir. İki il qabaq İsa ondan cinləri çıxararaq, ona şəfa vermişdir. Həmin vaxtdan e’tibarən qadın İsanı və onun həvarilərini müşayiət edərək onların gündəlik ehtiyaclarının qeydinə qalırdı (Luka 8:1-3). İndi, kədər içində olan Məryəm ağlayır, çünki İsa onun gözləri qarşısında ölmüşdü, hal-hazırda isə onun hətta cəsədi belə yox olmuşdu! İsa ondan soruşur: “Qadın, nə üçün ağlayırsan? [“Kimi axtarırsan?”, KM]”. Onu bağban sanıb Məryəm cavab verir: “Cənab, əgər Onu sən apardınsa, haraya qoyduğunu mənə söylə, mən də Onu götürüm”. O zaman İsa deyir: “Məryəm!” O dərhal tanış müraciəti tanıyır. “Müəllim!” — deyərək Məryəm sevinclə ucadan qışqırır və onu qucaqlayır (Yəhya 20:11-18).
2 Tə’sir bağışlayıcı bu hadisə, İsanın bir qədər əvvəl haqqında bəhs etdiyi şeyi təsdiq edir. O, özünü çobanla, davamçılarını isə qoyunlarla müqayisə edərək demişdir ki, çoban öz qoyunlarını adları ilə çağırır və onlar da onun səsini tanıyırlar (Yəhya 10:3, 4, 14, 27, 28). Bəli, qoyunlar öz çobanlarının səsini tanıyır, elə Məryəm də öz Çobanının, Məsihin səsini tanıdı. Bu fikir İsanın müasir davamçıları haqqında da doğrudur (Yəhya 10:16). İti eşitmə qabiliyyəti qoyunlara çobanın yaxınlığında qalmağa imkan verdiyi kimi, bizim ruhani anlayışımız da eynilə bizə Yaxşı Çobanımızın, İsa Məsihin izləri ilə yeriməyə imkan verir (Yəhya 13:15; 1 Yəhya 2:6; 5:20).
3. İsanın qoyun ağılı haqqındakı hekayəsi ilə əlaqədar hansı suallar yaranır?
3 Qeyd etmək lazımdır ki, İsanın sözlərinə əsasən, qoyunların insan səsini ayırd etmək qabiliyyətləri onlara yalnız dostu deyil, düşməni də tanımağa imkan verir. Hiyləgər düşmənlərimiz olduğu üçün, bu, çox vacibdir. Onlar kimlərdir? Necə fəaliyyət göstərirlər? Biz özümüzü onlardan necə qoruya bilərik? Bunu bilmək üçün, gəlin İsanın qoyun ağılındakı qoyunlar barəsində daha nələr söylədiyini nəzərdən keçirək.
Qapıdan girməyən
4. İsanın sözlərinə əsasən, qoyunlar kimin ardınca gedir, kimin ardınca isə getmirlər?
4 İsa deyir: “Qapıdan girən isə qoyunların çobanıdır. Keşikçi qapını ona açar və qoyunlar onun səsinə qulaq asarlar; o da öz qoyunlarını adları ilə çağırar və onları çıxarar. Bütün qoyunlarını çölə çıxardıqda, onların qabağında gedər; və qoyunlar onun ardınca gedərlər; ona görə ki, səsini tanıyırlar. Yad adamın ardınca isə getməzlər, lakin ondan qaçarlar; çünki yadların səsini tanımazlar” (Yəhya 10:2-5). İsa “səs” sözünü üç dəfə işlədir. O, iki dəfə çobanın səsindən danışır, üçüncü dəfə isə, “yadların səsini” xatırladır. “Yadlar” deyərkən İsa kimləri nəzərdə tuturdu?
5. Biz nəyə görə “Yəhya” kitabının 10-cu fəslində xatırlanan “yada” qonaqpərvərlik göstərmirik?
5 “Yadlar” sözü altında İsa qonaqpərvərlik göstərilməyə layiq olan qəribləri nəzərdə tutmurdu, axı Müqəddəs Kitabın orijinal dilində qonaqpərvərlik sözü hərfi mə’nada “qəriblərə məhəbbət göstərmək” deməkdir (İbranilərə 13:2). İsanın danışdığı hekayədəki “yad” də’vətsiz gəlir. O, ‘qoyun ağılına qapıdan girmir, başqa yerdən aşır’. O, “oğru və quldur”dur (Yəhya 10:1). Allahın Kəlamında ilk dəfə xatırlanan oğru və quldur kimdir? Şeytan İblis. Bunun təsdiqini “Təkvin” kitabında tapırıq.
‘Yadın səsi’ ilk dəfə nə zaman eşidilmişdir?
6, 7. Şeytanı nəyə görə ədalətli olaraq “yad” və “oğru” adlandırmaq olar?
6 Təkvin 3:1-5 ayələrində ‘yadın səsinin’ ilk dəfə yer üzündə eşidilməsi təsvir edilir. Orada biz, Şeytanın ilan vasitəsilə ilk qadın olan Həvva ilə danışması və onu aldatması barədə oxuyuruq. Doğrudur, Müqəddəs Kitabın bu yerində Şeytan “yad” adlanmır. Buna baxmayaraq, onun davranışları, “Yəhya” kitabının 10-cu fəslində təsvir olunan “yadın” davranışları ilə çox oxşardır. Onlardan bə’zilərini nəzərdən keçirək.
7 İsa dedi ki, “yad”, qoyun ağılında olan qurbanlarına düz yox, dolayı yolla yaxınlaşır. Buna bənzər tərzdə Şeytan da qurbanına açıq deyil, ilanın vasitəsilə yaxınlaşdı. Bundan görünür ki, Şeytan hiyləgər və kələkbazdır. Bundan əlavə, “yad” qoyun ağılına yaxınlaşır ki, qoyunları qanuni sahibindən oğurlasın. O, hətta oğrudan da betərdir, çünki onun məqsədi “öldürmək və tələf etmək”dir (Yəhya 10:10). Şeytanı da oğru adlandırmaq olar. Həvvanı aldadaraq, Şeytan onun Yehovaya məxsus olan sadiqliyini mənimsədi. Həmçinin Şeytan insanları ölümə düçar etdi. Buna görə də o, qatildir.
8. Şeytan Yehovanın sözlərini və niyyətlərini necə təhrif etdi?
8 Şeytanın vicdansızlığı, Yehovanın sözlərini və niyyətlərini təhrif etməsindən də görünür. O, Həvvadan soruşdu: “Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?” Şeytan özünü narahat olurmuş kimi qələmə verərək sanki deyirdi: “Allah bu cür düşüncəsiz tələbi necə verə bilərdi?” O davam etdi: “Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq”. Onun “Allah bilir” sözlərinə diqqət yetirək. Şeytan sanki deyirdi: “Mən, Allahın bildiyini bilirəm. Mən Onun niyyətlərinin pis olduğunu bilirəm” (Yaradılış 2:16, 17; 3:1, 5, MKŞ). Kədərli olsa da, Həvva ilə Adəm “yadın səsinə” qulaq asdılar. Bunu etməklə onlar həm özlərinin, həm də nəsillərinin üzərinə fəlakət gətirdilər (Romalılara 5:12, 14).
9. “Yadların səsi”nin bu gün də gəlməsi bizi nəyə görə təəccübləndirməli deyil?
9 Allahın xalqını aldatmaq üçün Şeytan bu gün də eyni üsullardan istifadə edir (Vəhy 12:9). O, “yalançıdır və yalanın atasıdır”, onu təqlid edərək Allahın xidmətçilərini aldatmağa çalışanlar isə onun övladlarıdır (Yəhya 8:44). Gəlin görək bizim günlərdə “yadların səsi” hansı mənbələrdən gəlir.
“Yadların səsi” bu gün haradan gəlir?
10. “Yadların səsi” hansı mənbədən gəlir?
10 Aldadıcı mülahizələr. Həvari Pavel öyüd verirdi: “Fərqli və yad tə’limlərə qapılmayın [“fərqli və yad tə’limlərin sizə sahib olmasına yol verməyin”, YD]” (İbranilərə 13:9). Burada hansı tə’limlərdən danışılır? Əgər onlar bizə “sahib olmağa” qadirdirlərsə, deməli, bu, bizim ruhani tarazlığımıza pis tə’sir edən tə’limlərdir. Bu yad tə’limlər kimdən gəlir? Bir dəfə məsihçi ağsaqqallara müraciət edərək Pavel xəbərdar etmişdir: “Şagirdləri ardlarınca çəkmək üçün yanlış sözlər danışan adamlar öz aranızdan çıxacaqlar” (Həvarilərin işləri 20:30). Pavelin günlərində olduğu kimi, bu gün də elə insanlar var ki, bir zamanlar məsihçi yığıncağının üzvləri idilər, lakin indi onlar “yanlış sözlər” danışaraq — yarıhəqiqət və yarıyalandan istifadə edərək şagirdləri aldatmağa çalışırlar. Həvari Peterin dediyi kimi, onlar “uydurma sözlər”dən, həqiqi kimi görünən, əslində isə tamamilə boş olan sözlərdən istifadə edirlər (2 Peter 2:3).
11. 2 Peter 2:1, 3 ayələrindən göründüyü kimi, dönüklərin hansı üsulları və məqsədləri var?
11 Peter dönüklərin “gizlincə yıxıcı bid’ətlər” saldıqlarını deyərək, onların istifadə etdiyi üsulları ifşa edir (2 Peter 2:1, 3). İsanın hekayəsindəki oğru ‘qoyun ağılına qapıdan deyil, başqa yerdən girdiyi’ kimi, dönüklər də bizə xəlvəti üsullarla tə’sir göstərməyə çalışırlar (Qalatiyalılara 2:4; Yəhuda 4). Onların məqsədi nədir? Peter əlavə edir: “Sizi... istismar edəcəklər”. Bəli, özlərinə bəraət qazandırmaq üçün dönüklər hər nə desələr də, onların əsl məqsədi, “oğurlamaq, öldürmək və tələf etmək”dir (Yəhya 10:10). Bu cür yadlardan qorun!
12. a) ‘Yadların səsini’ ünsiyyət etdiyimiz adamlardan necə eşidə bilərik? b) “Yadların” hərəkətləri ilə Şeytanın üsulları arasında bu gün oxşarlıq nədədir?
12 Zərərli dostluqlar. “Yadların səsi” ünsiyyət etdiyimiz kəslərdən necə gələ bilər? Pis dostluqların tə’sirinə xüsusilə də gənclər mə’ruz qalırlar (1 Korinflilərə 15:33). Xatırlayaq ki, Şeytan ilk iki insandan ən cavanını və təcrübəsizini — Həvvanı özünə hədəf seçdi. Şeytan onu inandırdı ki, Yehova onun azadlığına həddindən artıq məhdudiyyət qoyub, halbuki əslində hər şey əksinə idi. Yehova yaratdığı insanları sevir və onların firavanlığı üçün qayğı göstərirdi (İşaya 48:17). Bu gün də “yadlar” sizi — gəncləri inandırmağa çalışırlar ki, məsihçi valideynləriniz sizin azadlığınızı həddindən artıq məhdudlaşdırırlar. Bu cür “yadlar” sizə necə tə’sir göstərə bilərlər? Bir məsihçi qız e’tiraf edir: “Sinif yoldaşlarımın təzyiqi ucbatından mən hətta müəyyən müddətə imanda zəiflədim. Onlar həmişə deyirdilər ki, mənim dinimdə mə’nasız qadağalar çoxdur”. Əslində isə valideynlərin səni sevirlər. Buna görə də məktəbdəki uşaqlar sənin valideynlərinə olan e’tibarını sındırmağa çalışanda, Həvvanın etdiyi kimi yalana uyma.
13. Davud hansı müdrik mövqeyi tuturdu və biz onu necə təqlid edə bilərik?
13 Zərərli dostluqlar haqqında məzmurçu Davud yazırdı: “Yalançı adamlarla oturmadım; və ikiüzlülərlə bərabər getmərəm” (Məzmur 26:4). “Yadların” daha bir xüsusiyyətinə diqqət yetirdinmi? Onlar açıq-aşkar deyil, ilanın vasitəsilə hərəkət edən Şeytana bənzər tərzdə yalançı və ikiüzlüdürlər. Bu gün bə’zi əxlaqsız insanlar İnternet vasitəsilə özlərinin əsl simasını və niyyətlərini gizlədirlər. Bu əxlaqsızlar səni tələyə salmaq üçün “söhbət otaqlarında” hətta özlərini yeniyetmələr kimi qələmə verə bilərlər. Gənclər, sizdən xahiş edirik, olduqca ehtiyatlı olun ki, sizə ruhani cəhətdən zərər vurmasınlar (Məzmur 119:101; Süleymanın məsəlləri 22:3).
14. Kütləvi informasiya vasitələrindən “yadların səsi” bə’zən necə eşidilir?
14 Yalan ittihamlar. Yehovanın Şahidləri haqqında çıxan bə’zi xəbərlərdə doğru mə’lumatlar verilsə də, hərdən elə olur ki, “yadlar” öz mənfi səslərini vermək məqsədilə radio və mətbuatdan istifadə edirlər. Məsələn, bir ölkədə xəbərlər verilişində belə bir yalan söylənmişdir ki, guya Şahidlər İkinci Dünya müharibəsi zamanı Hitler rejimini dəstəkləyirdilər. Başqa bir ölkədə kilsələrə münasibətdə vandalizm aktı törətdiklərinə dair Şahidlərin ünvanına ittiham səslənmişdir. Bir sıra ölkələrdə kütləvi informasiya vasitələri Şahidləri öz uşaqlarını müalicə etməkdən imtina etməkdə və həmimanlılarının törətdikləri ciddi günahlara göz yummaqda günahlandırmışlar (Matta 10:22). Lakin bütün bunlara baxmayaraq, bizimlə şəxsən tanış olan səmimi insanlar başa düşürlər ki, bu cür ittihamlar yalandır.
15. Kütləvi informasiya vasitələrində verilən bütün mə’lumatlara inanmaq nəyə görə müdriklik olmazdı?
15 “Yadların səsi” ilə söylənən ittihamlarla qarşılaşdıqda nə etməliyik? Süleymanın məsəlləri 14:15 (MKŞ) ayəsindəki nəsihətə qulaq vermək yaxşı olar: “Cahil hər sözə inanar, uzaqgörən hər addımına nəzər salar”. Televiziya və radio vasitəsilə söylənən və ya mətbuatda yazılan hər bir şeyə inanmaq müdriklik olmazdı. Əlbət ki, dünyəvi mənbələrdə verilən bütün mə’lumatlara şübhə ilə yanaşmayacağıq, lakin yadda saxlamaq lazımdır ki, “bütün dünya... şəririn hakimiyyəti altındadır” (1 Yəhya 5:19).
Söylənmiş sözlərin Allahdan olub-olmadığını yoxlayın
16. a) Qoyunların hərəkəti İsanın Yəhya 10:4 ayəsindəki sözlərini necə təsdiq edir? b) Müqəddəs Kitab bizi nəyə təşviq edir?
16 Bəs dostun və ya düşmənin harada olduğunu necə müəyyən edə bilərik? Yada salaq ki, İsanın dediyi kimi, qoyunlar çobanın ardınca onun səsini tanıdıqları üçün gedirlər (Yəhya 10:4). Həlledici rolu çobanın xarici görünüşü yox, onun səsi oynayır. Müqəddəs Kitabda təsvir olunan ərazilər haqqındakı bir kitabda belə bir hadisə danışılır ki, bir nəfər qoyunların çobanı səsindən deyil, paltarından tanıdıqlarnı iddia etmişdir. Çoban isə cavabında demişdir ki, qoyunlar onu məhz səsindən tanıyırlar. Bunu sübut etmək üçün çoban paltarını həmin adamla dəyişmişdir. Çobanın paltarını geyən adam qoyunları çağırmağa başladı, lakin onlar onun yanına getmədilər. Qoyunlar onun səsini tanımırdılar. Lakin çoban öz paltarında olmasa da, qoyunları haylayanda onlar dərhal onun yanına gəldilər. Kim isə çoban kimi görünə bilər, lakin bu, qoyunların onu çoban sanmaları üçün əsas deyil. Qoyunlar, çağıranın səsini çobanın səsi ilə müqayisə edərək, demək olar ki, onu yoxlayırlar. Allahın Kəlamı bizə də bu cür davranmağı, söylənmiş sözlərin “Allahdan olub-olmadığını” sınaqdan keçirməyi tapşırır (1 Yəhya 4:1; 2 Timoteyə 1:13). Bunu etməkdə bizə nə kömək edər?
17. a) Biz Yehovanın səsi ilə necə tanış oluruq? b) Yehovanın səsini tanımağın sayəsində nə edə bilərik?
17 Aydındır ki, Yehovanın səsini nə qədər yaxşı tanısaq, “yadların səsini” bir o qədər yaxşı ayırd edə biləcəyik. Müqəddəs Kitab bunu etməyin üsulunu izah edir. Orada deyilir: “Qulaqların: Yol budur, bu yolda yeriyin, deyə arxandan bir səs eşidəcək” (İşaya 30:21). Arxamızdan eşidilən “səs” Allahın Kəlamından gəlir. Hər dəfə Allahın Kəlamını oxuyanda, biz sanki Dahi Çobanımız Yehovanın səsini eşidirik (Məzmur 23:1). Beləliklə, Müqəddəs Kitabı nə qədər çox öyrənsək, Allahın səsi ilə bir o qədər yaxşı tanış olacağıq. Bu cür əsaslı biliklər isə bizə “yadların səsini” dərhal tanımağa imkan yaradacaq (Qalatiyalılara 1:8).
18. a) Yehovanın səsini tanıdıqdan sonra daha nəyi etmək vacibdir? b) Matta 17:5 ayəsinə əsasən, İsanın səsinə itaət etmək nəyə görə vacibdir?
18 Yehovanın səsini tanımaq özünə daha nəyi daxil edir? Bura, səsi eşitməklə yanaşı, ona qulaq asmaq da daxildir. İşaya 30:21 ayəsinə qayıdaq. Allahın Kəlamı bəyan edir: “Yol budur”. Həqiqətən də Müqəddəs Kitabı öyrənməklə biz Yehovanın rəhbərliyini dinləmiş oluruq. Allah daha sonra deyir: “Bu yolda yeriyin”. Yehova istəyir ki, biz eşitdiklərimizə müvafiq davranaq. Beləliklə, bilikləri həyatımızda tətbiq etməklə, Yehovanı ancaq eşitdiyimizi deyil, Ona həm də qulaq asdığımızı göstəririk (Təsniyə 28:1). Yehovanın səsinə itaət etmək, İsanın səsinə itaət etmək mə’nasını da daşıyır, çünki bunu bizə Yehova Özü buyurmuşdur (Matta 17:5). Bəs Yaxşı Çoban olan İsanın özü bizə nə deyir? O bizə şagirdlər hazırlamağı, o cümlədən “sadiq və ağıllı qula” e’tibar etməyi öyrədir (Matta 24:45; 28:18-20). Onun səsinə itaət etmək əbədi həyat deməkdir (Həvarilərin işləri 3:23).
Onlar ‘ondan qaçacaqlar’
19. “Yadların səsini” eşidəndə biz nə etməliyik?
19 Biz “yadların səsinə” necə münasibət göstərməliyik? Qoyunların etdiyi kimi. İsa deyir: “Yad adamın ardınca isə getməzlər, lakin ondan qaçarlar” (Yəhya 10:5). Burada iki fikri qeyd etmək olar. Birincisi, biz heç vaxt yadların ‘ardınca getməyəcəyik’. Başqa sözlərlə, biz yadlara qulaq asmağı qətiyyətlə rədd edəcəyik. Maraqlıdır ki, bu ayədə, Müqəddəs Kitabın bu hissəsinin yazıldığı yunan dilində işlədilən ən güclü inkar forması istifadə edilmişdir (Matta 24:35; İbranilərə 13:5). İkincisi, biz ‘yaddan qaçacaq’ və ondan uzaq gəzəcəyik. Tə’limləri Yaxşı Çobanın səsinə zidd gedən kəslərlə yalnız və yalnız bu cür davranmaq lazımdır.
20. a) Yalançı dönüklərlə, b) zərərli dostluqlarla, c) kütləvi informasiya vasitələrində qabaqcadan əmələ gəlmiş mənfi mə’lumatlarla qarşılaşarkən biz necə davranacağıq?
20 Səsində dönüklərə məxsus fikirlər eşitdiyimiz kəslərlə qarşılaşarkən, biz Allahın Kəlamının verdiyi nəsihətə əsasən davranacağıq: “Öyrəndiyiniz tə’limə zidd olaraq ayrılıqları və yoldan çıxmağı təşviq edənlərdən özünüzü qoruyun və onlardan ehtiyat edin” (Romalılara 16:17; Titusa 3:10). Buna bənzər tərzdə, zərərli dostluqlarla təmasda olan gənclər də Pavelin Timoteyə verdiyi nəsihətə riayət edəcəklər: “Gənclik ehtiraslarından... qaç”. Kütləvi informasiya vasitələrində yalan ittihamları eşidəndə isə biz Pavelin Timoteyə dediyi başqa sözləri xatırlayacağıq. “Yadların səsinə” qulaq asanların “qulaqlarını həqiqətdən uzaqlaşdırıb, əfsanələrə meyl göstərəcəklərini” söyləyərək, həvari təşviq edirdi: “Amma sən hər vəziyyətdə ayıq dur” (2 Timoteyə 2:22; 4:3-5). “Yadların səsi” nə qədər yumşaq səslənsə də, biz imanımızı zəiflədə bilən hər şeydən qaçınırıq (Məzmur 26:5; Süleymanın məsəlləri 7:5, 21; Vəhy 18:2, 4).
21. “Yadların səsini” dinləməkdən imtina edənləri hansı mükafat gözləyir?
21 “Yadların səsini” dinləməkdən imtina edərək ruhla məsh edilmiş məsihçilər Yaxşı Çobanın Luka 12:32 ayəsində yazılmış sözlərinə hay verirlər. İsa orada deyir: “Qorxma, ey kiçik sürü! Çünki Atanız sizə Səltənəti [Padşahlığı] verməyi iltifat etdi”. “Başqa qoyunlar” da İsanın növbəti sözlərini eşitmək arzusu ilə alışırlar: “Ey sizlər, Atamın mübarəkləri, gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Səltənəti [Padşahlığı] miras alın” (Yəhya 10:16; Matta 25:34). “Yadların səsini” dinləməkdən imtina ediriksə, bizi necə də gözəl mükafat gözləyir!
Xatırlayırsınızmı?
• Nəyə görə Şeytan Məsihin qoyun ağılı barəsindəki hekayəsindən olan “yadın” təsvirinə uyğun gəlir?
• “Yadların səsi” bu gün haradan gəlir?
• “Yadların səsini” necə müəyyən edə bilərik?
• “Yadların səsinə” necə reaksiya göstərməliyik?
[31-ci səhifədəki şəkil]
Məryəm Məsihi tanıdı.
[32-ci səhifədəki şəkil]
Biz “yadların səsinə” necə reaksiya göstəririk?