Yehovanın günü nəyi ifşa edəcək?
«Rəbbin Günü isə, gecə gələn oğru kimi gələcəkdir. Yer və orada olan bütün işlər tamamilə yandırılacaqdır [«ifşa olunacaq», YD]» (2 PET. 3:10).
1, 2. a) İndiki pis sistemə necə son qoyulacaq? b) Hansı sualları nəzərdən keçirəcəyik?
İNDİKİ pis sistem ilk yalanın — insanların Yehovadan asılı olmadan yer üzünü müvəffəqiyyətlə idarə edə biləcəkləri fikrinin üzərində qurulub (Məz. 2:2, 3). Yalan üzərində qurulan bir şey əbədi qala bilərmi? Əsla! Bununla belə, biz Şeytan dünyasının öz-özünə məhv olacağını gözləməməliyik. O, Allahın təyin etdiyi vaxtda və Onun müəyyən etdiyi üsulla məhv ediləcək. Allahın bu pis dünyaya qarşı çıxması Onun ədalət və məhəbbətini mükəmməl şəkildə əks etdirəcək (Məz. 92:7; Sül. məs. 2:21, 22).
2 Həvari Pavel yazırdı: «Rəbbin Günü isə, gecə gələn oğru kimi gələcəkdir. O Gündə göylər böyük gurultu ilə keçəcəklər, ünsürlər yanaraq əriyəcəklər, yer və orada olan bütün işlər tamamilə yandırılacaqdır [«ifşa olunacaq», YD]» (2 Pet. 3:10). Burada adı çəkilən «göylər» və «yer» nəyi təmsil edir? Yanaraq əriyəcək «ünsürlər», yəni tərkib hissələr nə deməkdir? Həmçinin Peter ‘yer və orada olan bütün işlərin ifşa olunacağını’ deməklə nəyi nəzərdə tuturdu? Bu suallara cavab tapmaq bizə yaxın gələcəkdə baş verəcək vahimə doğuran hadisələrə hazır olmağa kömək edəcək.
Göylər və yer keçib gedəcək
3. 2 Peter 3:10 ayəsində haqqında danışılan «göylər» nəyi təmsil edir və onlar necə keçib gedəcək?
3 Müqəddəs Kitabda «göylər» ifadəsi məcazi mənada işlənəndə çox vaxt təbəələri üzərində hökmranlıq edən hakimiyyət dairələrinə aid edilir (Yeşaya 14:13, 14; Vəhy 21:1, 2). Keçib gedəcək göylər Allahdan uzaqlaşan bəşər cəmiyyəti üzərində hökmranlıq edən insan hakimiyyətlərini təmsil edir. Onların «gurultu ilə» və ya başqa tərcüməyə əsasən, «nərilti ilə» keçib getməsi bu göylərin sürətlə məhv olunacağını göstərir.
4. «Yer» nədir və o, necə məhv ediləcək?
4 «Yer» Allahdan uzaqlaşmış bəşəriyyəti təmsil edir. Belə dünya Nuhun günlərində mövcud idi və Daşqın zamanı Allah tərəfindən məhv edildi. «İndiki göylər və yer isə oda verilmək üçün eyni kəlam ilə saxlanıb, allahsız adamların məhkəmə və həlak gününə qədər hifz olunurlar» (2 Pet. 3:7). Daşqın pis insanların hamısını eyni vaxtda məhv etsə də, bu dünya tədricən, ‘böyük məşəqqət’ zamanı məhv olunacaq (Vəhy 7:14). Məşəqqətin birinci mərhələsində Allah bu dünyanın siyasi rəhbərlərini ‘Böyük Babili’ məhv etməyə təşviq edəcək və bununla dini fahişəyə nifrət etdiyini göstərəcək (Vəhy 17:5, 16; 18:8). Sonra böyük məşəqqətin axırıncı mərhələsi olan Har-Megidon müharibəsində Yehova Özü Şeytanın dünyasının qalan hissəsini yer üzündən siləcək (Vəhy 16:14, 16; 19:19—21).
‘Ünsürlər əriyəcək’
5. Simvolik ünsürlərə nə daxildir?
5 Əriyəcək ünsürlər nədir? Müqəddəs Kitab lüğəti «ünsürlər»ə «başlanğıc prinsiplər» və ya «elementar biliklər» kimi tərif verir. Orada deyilir ki, bu söz «nitqin tərkib hissəsi olan hərflərə aid edilirdi». Beləliklə, Peterin işlətdiyi «ünsürlər» sözü bu dünyada mövcud olan və Allahın bəyənmədiyi xüsusiyyətlərə, məqsədlərə, düşüncə və həyat tərzinə səbəb olan əsas şeylərə şamil edilir. ‘Ünsürlərə’ «itaətsiz insanlarda fəal olan» ‘dünyanın ruhu’ daxildir. (1 Kor. 2:12; Efeslilərə 2:1—3 ayələrini oxu.) Həmin ruh, yəni ‘hava’ Şeytan dünyasını bürüyüb. Bu, insanları «havadakı hakimiyyətin» təkəbbürlü və itaətsiz ‘hökmranı’ olan Şeytanın düşüncə tərzini əks etdirərək onun kimi düşünməyə, arzulamağa, danışmağa və hərəkət etməyə vadar edir.
6. Dünyanın ruhu özünü necə büruzə verir?
6 Buna görə də dünyanın ruhuna yoluxanlar bilərəkdən və ya bilməyərəkdən Şeytanın onların düşüncə və ürəklərinə təsir etməsinə yol verirlər. Bununla da insanlar onun düşüncə tərzini və nöqteyi-nəzərini əks etdirirlər, nəticədə Allahın iradəsini nəzərə almayaraq istədikləri kimi hərəkət edirlər. Onlar hər şeyə təkəbbürlə və xudbinliklə yanaşır, hakimiyyətə qarşı üsyankar mövqe tutur, ‘cismani ehtirasın, gözlərin ehtirasının’ qulu olurlar. (1 Yəhya 2:15—17 ayələrini oxu.)a
7. ‘Ürəyimizi qorumaq’ nəyə görə vacibdir?
7 Buna görə də dost, ədəbiyyat və əyləncə seçimində, həmçinin internet səhifələrinə baxarkən Allahdan gələn müdrikliyi təzahür etdirərək ‘ürəyimizi qorumaq’ necə də vacibdir! (Sül. məs. 4:23). Həvari Pavel yazırdı: «Qardaşlar, diqqətli olun ki, Məsihə deyil, insan ənənəsinə, dünyanın ibtidai qüvvətlərinə əsaslanaraq, fəlsəfə və boş hiylə ilə kimsə sizi əsir almasın» (Kolos. 2:8). Yehovanın günü yaxınlaşdıqca bu əmrin əhəmiyyəti daha da artır, çünki o günün görünməmiş «istisi» Şeytan dünyasının Allahın qəzəbinin istisi qarşısında aciz olduğunu sübut edərək bütün ‘ünsürləri’ əridəcək. Bu, bizə Malaki 4:1 ayəsindəki: «Soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq» sözlərini xatırladır.
Yer və orada olan bütün işlər tamamilə ifşa olunacaq
8. Yer və oradakı işlər necə «ifşa olunacaq»?
8 Peter yer və orada olan bütün işlərin tamamilə ifşa olunacağını deyərkən nəyi nəzərdə tuturdu? «İfşa olunacaq» ifadəsini həmçinin «aşkara çıxarmaq» və ya «üzə çıxarmaq» kimi də tərcümə etmək olar. Bununla Peter demək istəyirdi ki, Yehova böyük məşəqqət zamanı Şeytan dünyasının Ona və Onun Padşahlığına qarşı durduğunu və məhvə layiq olduğunu göstərərək onu ifşa edəcək. Həmin dövrə aid Yeşaya 26:21 ayəsində yazılan peyğəmbərlikdə belə deyilir: «Rəbb yer üzünün sakinlərini qəbahətləri üzündən cəzalandırmaq üçün Öz məskənindən gəlir. Torpaq udduğu qanı üzə çıxaracaq, öldürülənləri artıq gizlətməyəcək».
9. a) Biz nəyi rədd etməliyik və nəyə görə? b) Nəyi inkişaf etdirməliyik və nə üçün?
9 Yehovanın günündə dünyanın və onun pis ruhunun təsiri altında formalaşmış insanlar əsil üzlərini göstərəcək, hətta bir-birini qana qəltan edəcəklər. Bu gün məşhur olan zorakı əyləncələrin bir çox növləri əksər insanların zehnini, ola bilsin, «bir-birinin üstünə hücum çəkəcəkləri» vaxt üçün formalaşdırır (Zək. 14:13). Buna görə də Allahın nifrət etdiyi təkəbbür və zorakılığa məhəbbət kimi xüsusiyyətlərin bizdə yaranmasına səbəb ola biləcək hər şeyi — filmləri, kitabları, videooyunları və sairəni rədd etməyimiz necə də vacibdir! (2 Şam. 22:28; Məz. 11:5) Əksinə, gəlin Yehovanın gününün simvolik «istisinə» qarşı durmağa kömək edəcək Allahın müqəddəs ruhunun səmərəsini inkişaf etdirək (Qalat. 5:22, 23).
«Yeni göylər və yeni yer»
10, 11. «Yeni göylər» və «yeni yer» nədir?
10 2 Peter 3:13 ayəsini oxu. «Yeni göylər» 1914-cü ildə «digər xalqların vaxtı» tamamlanan zaman təsis olunan Allahın səmavi Padşahlığıdır (Luka 21:24). Bu hökumət İsa Məsihdən və əksəriyyəti artıq səmavi mükafatını alan 144 000 nəfərdən təşkil olunub. Vəhy kitabında bu seçilmişlər ‘müqəddəs şəhər, yeni Yerusəlim, öz əri [«nişanlısı», YD] üçün hazırlanmış bəzəkli bir gəlin kimi göydən, Allahın yanından enən’ kimi təsvir olunur (Vəhy 21:1, 2, 22—24). Necə ki, qədim İsraildə hökumət Yerusəlimdə yerləşirdi, eləcə də Yeni Yerusəlim və onun Nişanlısı yeni sistemin hakimiyyətini təşkil edir. Bu səmavi şəhər ‘göydən enərək’ diqqətini yerə yönəldəcək.
11 «Yeni yer» Allahın Padşahlığına həvəslə tabe olduqlarını göstərən yeni insan cəmiyyətidir. Allahın xalqının artıq indidən zövq aldığı ruhani cənnət gözəl ‘gələcək dünyada’ öz layiqli yerini tutacaq (İbr. 2:5). Biz yeni sistemin hissəsi necə ola bilərik?
Yehovanın möhtəşəm gününə hazır ol
12. Nəyə görə Yehovanın günü dünyanı dəhşətə salacaq?
12 Həm Pavel, həm də Peter qabaqcadan demişdilər ki, Yehovanın günü ‘oğru kimi’ — xəlvət və gözlənilmədən gələcək. (1 Saloniklilərə 5:1, 2 ayələrini oxu.) Onun qəfil gəlişi bu günü intizarla gözləyən məsihçiləri belə heyrətə salacaq (Mat. 24:44). Dünya isə dəhşət içində olacaq. Pavel yazırdı: «İnsanlar [Yehovadan üz döndərənlər]: “Sülh və təhlükəsizlik”, — deyəndə qəflətən hamilə qadını doğuş ağrıları tutduğu kimi, onlar da həlaka uğrayacaq və qətiyyən xilas olmayacaqlar» (1 Salon. 5:3).
13. «Sülh və təhlükəsizlik» çağırışı bizi aldatmasın deyə nə edə bilərik?
13 Onların «sülh və təhlükəsizlik» çağırışı sadəcə olaraq cinlərin uydurduğu növbəti yalan olacaq, lakin Yehovanın xidmətçiləri buna aldanmayacaqlar. Pavel yazırdı: «Siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. Axı hamınız nur oğulları və gün oğullarısınız» (1 Salon. 5:4, 5). Beləliklə, gəlin işıqda qalaq, Şeytan dünyasının qaranlığından isə uzaq olaq. «Sevimlilər, bunları qabaqcadan bilərək ehtiyat edin ki, pozğun adamların xatası ilə yoldan azdırılmayasınız və sabit vəziyyətinizdən ayrılmayasınız», — deyə Peter yazırdı (2 Pet. 3:17).
14, 15. a) Yehova bizi şərəfə necə layiq görür? b) Allahdan ilham almış hansı sözlərin üzərində düşünməliyik?
14 Diqqət yetirin ki, Yehova sadəcə olaraq bizə «ehtiyat edin» deyib, sonra da qıraqda durmur. Əksinə, O, gələcəkdə baş verəcək hadisələrlə bağlı əsas şeyləri ‘qabaqcadan bildirərək’ bizi şərəfə layiq görür.
15 Təəssüflər olsun ki, bəziləri oyaq durmağın vacibliyi ilə əlaqədar deyilən xatırlatmalara laqeyd və hətta saymazyana yanaşırlar. Onlar: «Eyni şeyi neçə illərdir ki, eşidirik» deyə bilərlər. Lakin bu insanlar yadda saxlamalıdırlar ki, belə deməklə, əslində, təkcə sadiq və ağıllı qulun yox, Yehova və Onun Oğlunun dediklərini şübhə altına qoyurlar. Yehova deyib: «Gözləyin» (Hab. 2:3). İsa da buna bənzər sözlər demişdi: «Oyaq durun; çünki Rəbbinizin hansı gün gələcəyini bilməzsiniz» (Mat. 24:42). Bundan əlavə, Peter də yazırdı: «Siz necə insanlar olmalısınız? Allahın Gününün zühurunu gözləyib, onu sürətləndirərək müqəddəs və Allaha ixlaskar bir həyat yaşamalısınız» (2 Pet. 3:11, 12). Sadiq qul sinfi və onun Rəhbərlik Şurası bu ciddi sözlərə heç vaxt barmaqarası baxmayacaq!
16. Biz hansı düşüncə tərzindən uzaq olmalıyıq və nə üçün?
16 Bəli, Ağasının gecikdiyini düşünən qul «pis»dir (Mat. 24:48). Bu pis qul 2 Peter 3:3, 4 ayələrində təsvir olunan insanlara aiddir. Peter yazırdı: «Axır günlərdə öz ehtiraslarına görə hərəkət edən rişxəndçilər... gələcək». Onlar Yehovaya itaət edərək Onun gününü yaddaşında möhkəm saxlayanlara istehza edəcəklər. Bəli, diqqətlərini Padşahlığın maraqlarına cəmləmək əvəzinə, belə rişxəndçilərin fikri-zikri özlərində və xudbin arzularındadır. Gəlin heç vaxt bu cür itaətsiz olmayaq və təhlükəli düşüncə tərzinin baş qaldırmasına yol verməyək! Biz başa düşməliyik ki, baş verəcək hadisələrin vaxtını bilməyə yalnız Yehova Allahın haqqı çatır və bu səbəbdən vaxta görə həddən artıq narahat olmamalıyıq. Bunun əvəzinə, gəlin Padşahlığın təbliği və şagird hazırlamaq işi ilə məşğul olaraq ‘Rəbbimizin səbrini qurtuluş hesab edək’. (2 Pet. 3:15; Həvarilərin işləri 1:6, 7 ayələrini oxu.)
Qurtuluş Allahına güvən
17. İsanın Yerusəlimdən qaçmaq xəbərdarlığına sadiq məsihçilər necə hay verdilər və nəyə görə?
17 Eramızın 66-cı ilində Roma əsgərləri Yəhudeyanı işğal etdikdən sonra, sadiq məsihçilər imkan yaranan kimi, İsanın Yerusəlimdən qaçmaq xəbərdarlığına əsasən davrandılar (Luka 21:20—23). Nəyə görə onlar cəld və tərəddüd etmədən hərəkət etdilər? Şübhəsiz, onlar İsanın bu xəbərdarlığını qulaqlarında sırğa etmişdilər. Onlar belə qərar qəbul etdiklərinə görə, İsanın da qabaqcadan dediyi kimi, çətinliklərlə üzləşəcəklərini gözləyirdilər. Bununla yanaşı, onlar Yehovanın Öz sadiq xidmətçilərini heç vaxt tərk etmədiyini də bilirdilər (Məz. 55:22).
18. İsanın Luka 21:25—28 ayələrində yazılan sözləri yaxınlaşmaqda olan böyük məşəqqətə baxışına necə təsir edir?
18 Biz Yehovaya tamamilə güvənməliyik, çünki indiki dünya bəşəriyyətin tarixində ən böyük məşəqqəti yaşayanda bizi yalnız O xilas edə biləcək. Böyük məşəqqət başlayandan müəyyən vaxt sonra, eyni zamanda dünyanın qalan hissəsinə Yehovanın Öz hökmünü icra etməsindən əvvəl «insanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcəklər». Allahın düşmənləri qorxudan tir-tir əsdiyi halda, Yehovanın sadiq xidmətçiləri qorxmayacaqlar. Əksinə, tezliklə xilas olacaqlarını bilərək sevinəcəklər. (Luka 21:25—28 ayələrini oxu.)
19. Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
19 Bəli, dünyadan və onun ‘ünsürlərindən’ uzaq qalanları necə də möhtəşəm gələcək gözləyir! Növbəti məqalədə izah olunduğu kimi, həyatı qazanmaq üçün pis şeylərdən qaçmaq hələ azdır. Biz Yehovanın bəyəndiyi xüsusiyyətlərə yiyələnməli və Onu razı salan işləri görməliyik (2 Pet. 3:11).
[Haşiyə]
a Dünyanın ruhunun səbəb olduğu xüsusiyyətlər haqqında əlavə məlumatı «Müqəddəs Yazıların əsasında mülahizə» kitabının 135—139-cu səhifələrində (rus.) tapa bilərsiniz.
Necə cavab verərdiniz?
• İndiki ‘göylər və yer’
«ünsürlər»
«yeni göylər və yeni yer»
nəyi təmsil edir?
• Nəyə görə bütünlüklə Allaha güvənməliyik?
[5-ci səhifədəki şəkil]
Sən ürəyini necə qoruya və dünyadan uzaq qala bilərsən?
[6-cı səhifədəki şəkil]
‘Rəbbimizin səbrini qurtuluş hesab etdiyimizi’ necə göstərə bilərik?