Fəsil 19
Allahın məhəbbətində qalın
Allahı sevmək nə deməkdir?
Allahın məhəbbətində qalmaq necə mümkündür?
Yehova Onun məhəbbətində qalanları necə mükafatlandıracaq?
1, 2. Bu gün e’tibarlı sığınacağı harada tapa bilərik?
TUFANLI bir gündə yol getdiyinizi təsəvvür edin. Get-gedə göyün üzü qaralır, şimşək çaxır və göy guruldayır. Leysan başlayır. Siz tələsik ora-bura göz gəzdirir, yağışdan gizlənmək üçün yer axtarırsınız. Yaxınlıqda sığınacaq bir yer görüb, ora tələsirsiniz. Ora isti və rahatdır. Bu cür təhlükəsiz yer tapmanız necə də gözəldir!
2 Bu gün biz də narahat bir dövrdə yaşayırıq. Dünyada vəziyyət gündən-günə pisləşir. Lakin bizi daimi zərərdən qoruya biləcək e’tibarlı sığınacaq mövcuddur. Bu hansı sığınacaqdır? Müqəddəs Kitabda deyilir: «O mənim siğınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm» (Məzmur 91:2).
3. Yehovanın sığınacaq yerimiz olması üçün nə etməliyik?
3 Bir anlığa düşünün: Kainatın Yaradanı və Ali Hökmdarı Yehova bizim üçün e’tibarlı sığınacaq ola bilər! O bizi müdafiə etməyə qadirdir, çünki Onun qüdrəti ilə heç nə müqayisə oluna bilməz və heç kim Ona qarşı dura bilməz. Bizimlə bədbəxtlik üz versə belə, Yehova zərəri bütünlüklə aradan qaldırmağa qadirdir. Bəs Yehovanın sığınacaq yerimiz olması üçün nə etməliyik? Biz Ona güvənməliyik. Bundan əlavə, Allahın Kəlamı bizi təşviq edir: «Özünüzü Allahın məhəbbətində saxlayın» (Yəhuda 21). Bəli, səmavi Atamızla dostluq münasibətlərimizi möhkəmləndirərək, Allahın məhəbbətində qalmalıyıq. O zaman Allah bizim üçün əsl sığınacaq olacaq. Bəs Onunla bu cür möhkəm dostluğu necə inkişaf etdirmək olar?
ALLAHIN MƏHƏBBƏTİNİ QİYMƏTLƏNDİRİN
4, 5. Yehova bizə məhəbbətini necə göstərir?
4 Allahın məhəbbətində qalmaq üçün, Yehovanın bu xüsusiyyəti bizə necə təzahür etdirdiyini görməliyik. Bu kitabın köməyilə Müqəddəs Kitabdan öyrəndiyiniz tə’limlərin üzərində düşünün. Yaradanımız Yehova bizə gözəl ev — Yer kürəsini hədiyyə edib. O, Yer üzündə qida və su bolluğunun, təbii ehtiyatların olmasının qayğısına qalıb. Həmçinin heyranedici heyvanat aləmi və gözəl mənzərələr yaradıb. Allah Öz Kəlamı olan Müqəddəs Kitab vasitəsilə bizə adını və xüsusiyyətlərini açıqlayıb. Eyni zamanda Müqəddəs Kitabda Allahın sevimli Oğlu İsa Məsihi yer üzünə göndərdiyi və onun bizim uğrumuzda iztirab çəkib ölməsinə izin verdiyi barədə də danışılır (Yəhya 3:16). Bəs bu ən’am bizim üçün hansı mə’nanı daşıyır? O bizə xoşbəxt gələcəyə ümid verir.
5 Gözəl gələcəyə ümid etməyimizin digər səbəbi, Yehovanın göylər hökuməti — Xilaskar Padşahlıq qurmasıdır. Tezliklə bu Padşahlıq bütün əzablara son qoyacaq və yer üzündə Cənnəti bərpa edəcək. Təsəvvür edin: biz əbədiyyən sülh və xoşbəxtlik içində yaşaya biləcəyik! (Məzmur 37:29). Həyatımızı yaxşılığa doğru dəyişməyə kömək edən rəhbərliyi Allah bizə artıq indidən verir. O, bizə öz düşüncə və hisslərimizi Onunla açıqca bölüşə bilməyimiz üçün dua etmək ən’amını da vermişdir. Bunlar, Yehovanın bütün insanlara, o cümlədən hər birimizə məhəbbəti necə təzahür etdirdiyini göstərən nümunələrdən yalnız bir neçəsidir.
6. Siz Yehovanın məhəbbətinə necə cavab verə bilərsiniz?
6 İndi isə ciddi bir sualı müzakirə edək: Yehovanın məhəbbətinə necə cavab vermək olar? Çoxları deyə bilər: «Biz də Yehovanı sevməliyik». Siz də beləmi düşünürsünüz? İsa: «Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev» əmrinin ən böyük əmr olduğunu demişdir (Matta 22:37). Əlbəttə, Yehovanı bütün ürəyinizlə, bütün canınızla və bütün düşüncənizlə sevmək üçün çoxlu səbəbləriniz var. Bəs Allaha qarşı sadəcə məhəbbət hissinin olması kifayətdirmi?
7. Allaha məhəbbət sadəcə bir hissdirmi? İzah edin.
7 Müqəddəs Kitabdan göründüyü kimi, Allaha məhəbbət sadəcə bir hiss deyil. Baxmayaraq ki, məhəbbət hissinin olması çox vacibdir, ancaq bu, Yehovaya olan əsl məhəbbətin başlanğıcıdır. Alma tumundan bar gətirən alma ağacı bitir. Əgər siz alma yemək istəsəniz, sadəcə tumun olması sizi qane edərmi? Təbii ki, yox! Buna bənzər tərzdə, Yehova Allaha olan məhəbbət hissi sadəcə başlanğıcdır. Müqəddəs Kitab öyrədir ki, «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir» (1 Yəhya 5:3). Allaha olan əsl məhəbbət yaxşı bəhrə gətirməlidir. Məhəbbət əməllərlə göstərilməlidir (Matta 7:16-20).
8, 9. Allaha məhəbbətimizi və minnətdarlığımızı necə bildirə bilərik?
8 Biz Allaha məhəbbəti, Onun əmrlərinə riayət etməklə və Onun prinsiplərini həyata keçirməklə göstəririk. Bunu etmək çətin deyil. Çünki Yehovanın qanunları ağır deyil, onlar bizim xeyrimizə xidmət edir və xoşbəxtliyə nail olmağımıza kömək edir (Yeşaya 48:17, 18). Allahın nəsihətlərini qəbul etməklə, Onun bizim üçün etdiklərini qiymətləndirdiyimizi göstəririk. Təəssüflər olsun ki, bu gün Allaha minnətdarlıq bildirənlər çox azdır. Biz İsanın dövründə yaşayan nankor insanlar kimi olmaq istəmirik. İsa on nəfər cüzamlını sağaltdıqdan sonra, təşəkkür etmək üçün onlardan yalnız biri geri qayıtdı (Luka 17:12-17). Bəli, Allaha minnətdar olmaq çox vacibdir!
9 Biz Yehovanın hansı əmrlərinə riayət etməliyik? Bu kitabda onlardan bir çoxunu müzakirə etdik, ancaq gəlin onlardan bə’zilərini təkrarlayaq. Allahın əmrlərinə riayət etmək Allahın məhəbbətində qalmağımıza kömək edəcək.
YEHOVAYA YAXINLAŞIN
10. Yehova Allah haqqında bilik almağa davam etməyin nə üçün vacib olduğunu izah edin.
10 Yehovaya yaxınlaşmaq üçün Onun haqqında öyrənmək çox vacibdir. Bu, fasiləsiz prosesdir. Soyuq bir gecədə ocaq qırağında isinsəydiniz, onun zəifləyib sönməsinə yol verərdinizmi? Əlbəttə, yox! Ocağa odun atardınız ki, alışıb yansın və sizi isitsin. Çünki sizin həyatınız bundan asılı ola bilərdi! Odun ocağı alovlandırdığı kimi, Allah haqqında bilik almağımız da Yehovaya olan məhəbbətimizi möhkəmləndirir (Süleymanın məsəlləri 2:1-5).
11. İsanın sözləri onun şagirdlərinə necə tə’sir etdi?
11 İsa davamçılarının Yehovaya və Onun qiymətli Kəlamına olan məhəbbəti qoruyub saxlamalarını, bu məhəbbətin alışıb yanmasını və daha da güclü olmasını istəyirdi. Diriləndən sonra, İsa iki şagirdinə İbranicə Müqəddəs Yazılarda olan və öz üzərində yerinə yetən bə’zi peyğəmbərlikləri izah etdi. Bu, onun şagirdlərinə necə tə’sir etdi? Bir qədər sonra onlar dedilər: «O, yolda bizimlə danışarkən və Müqəddəs Yazıları bizə izah edərkən, bizim ürəklərimiz alışıb yanmırdımı?» (Luka 24:32).
12, 13. a) Bu gün insanların çoxu Allaha və Onun Kəlamına necə yanaşırlar? b) Yehovaya məhəbbətimizin soyumaması üçün nə edə bilərik?
12 Müqəddəs Kitabın əslində nə öyrətdiyini ilk dəfə öyrəndiyiniz zaman, sizin ürəyiniz də sevinc və Allaha məhəbbət hissi ilə alışıb yanmırdımı? Şübhəsiz ki, bu belə idi. Çoxları da buna bənzər hisslər keçirmişlər. Ancaq ən çətini, Allaha məhəbbəti qoruyub saxlamaq və onu inkişaf etdirməkdir. Biz bugünkü dünyaya uymaq istəmirik. İsa ‘bir çoxlarının sevgisinin soyuyacağını’ qabaqcadan xəbər vermişdi (Matta 24:12). Bəs siz Yehovaya və Müqəddəs Kitab həqiqətlərinə olan məhəbbətinizin soyumaması üçün nə edə bilərsiniz?
13 Yehova Allah və İsa Məsih haqqında bilik əldə etməyə davam edin (Yəhya 17:3). Allahın Kəlamından öyrəndiklərinizin üzərində düşünün. Müqəddəs Kitabı oxuyanda özünüzdən soruşun: «Oxuduğum bu parça Yehova haqqında mənə nə öyrədir? Müqəddəs Kitabın bu ayələri Allahı bütün ürəyimlə, düşüncəmlə və canımla daha çox sevməyə məni necə təşviq edir?» (1 Timoteyə 4:15). Bu cür dərindən düşünmək Yehovaya məhəbbətinizi daha da möhkəmləndirəcək.
14. Dua Yehovaya məhəbbəti qoruyub saxlamağa necə kömək edir?
14 Yehovaya məhəbbətimizin alışıb yanması üçün müntəzəm olaraq dua etmək də lazımdır (1 Salonikililərə 5:17). Bu kitabın 17-ci fəslindən öyrəndik ki, dua Allahın qiymətli hədiyyəsidir. Açıq ünsiyyət insanları yaxınlaşdırdığı kimi, müntəzəm olaraq dua etmək də Yehova ilə dostluğu möhkəmləndirir. Çox vacibdir ki, dualarımız mexaniki — ürəkdən gəlməyən və heç bir mə’na daşımayan sözlərin təkrarı olmasın. Bizim Yehovaya duamız, uşağın sevimli atası ilə etdiyi söhbət kimi olmalıdır. Əlbəttə, biz Allaha hörmətlə, eyni zamanda səmimi və ürəkdən müraciət etməliyik (Məzmur 62:8). Bəli, Müqəddəs Kitabın şəxsi öyrənilməsi və ürəkdən gələn dualar müqəddəs xidmətimizin ayrılmaz bir hissəsidir. Bütün bunlar Allahın məhəbbətində qalmağımıza kömək edir.
ALLAHA XİDMƏTDƏN SEVİNC DUYUN
15, 16. Təbliğ xidmətini nəyə görə şərəf və sərvət hesab etməliyik?
15 Müqəddəs Kitabı öyrənmək və dua etmək — Allahla şəxsi münasibətlərimizə aidiyyatı olan müqəddəs xidmətin bir hissəsidir. İndi isə gəlin, ibadətimizin hamı qarşısında icra etdiyimiz sahəsi haqqında danışaq. Bu, öz imanımızı başqaları ilə bölüşməkdir. Siz Müqəddəs Kitab həqiqətlərini başqaları ilə bölüşürsünüzmü? Bu, böyük şərəfdir (Luka 1:74, 75). Yehova haqqında öyrəndiklərimizi bölüşməklə, Allahın Padşahlığı haqda xoş xəbəri təbliğ etməyə dair bütün həqiqi məsihçilərə verilmiş vacib tapşırığı yerinə yetiririk (Matta 24:14; 28:19, 20).
16 Həvari Pavel Allaha xidməti yüksək qiymətləndirirdi və onu sərvət adlandırırdı (2 Korinflilərə 4:7). Yehova və Onun niyyətləri haqda başqalarına danışmaq, edə biləcəyiniz ən yaxşı işdir. Axı biz ən yaxşı Ağaya xidmət edirik, bu da öz növbəsində böyük xeyir-dualar gətirir. Biz xidmətdə iştirak etməklə, səmimi insanların səmavi Atamıza yaxınlaşmalarına və əbədi həyat yolunu tutmalarına kömək edirik. Məgər bundan vacib iş ola bilərmi? Yehova və Onun Kəlamı haqqında danışmaqla, imanınız möhkəmlənir və Allaha olan məhəbbətiniz artır. Yehova sizin sə’yinizi çox qiymətləndirir (İbranilərə 6:10). Xidmət etmək Allahın məhəbbətində qalmaqda sizə kömək edəcək (1 Korinflilərə 15:58).
17. Nəyə görə məsihçi xidməti tə’xirəsalınmaz işdir?
17 Yadda saxlamaq lazımdır ki, Padşahlığın təbliği tə’xirəsalınmaz işdir. Müqəddəs Kitab deyir: «Allahın kəlamını təbliğ et, vaxtlı ya vaxtsız hazır ol» (2 Timoteyə 4:2). Bunu etmək nəyə görə bu gün xüsusilə vacibdir? Allahın Kəlamı cavab verir: «Rəbbin möhtəşəm günü yaxınlaşır, yaxınlaşır, tez gələcək» (Sefanya 1:14). Bəli, Yehovanın bu pis sistemi məhv edəcəyi vaxt sür’ətlə yaxınlaşır. Bu haqda insanları xəbərdar etmək lazımdır! Onlar bilməlidirlər ki, indi Yehovanı Ali Hökmdar kimi qəbul etməyin vaxtıdır. Son «gecikməyəcək» (Habaqquq 2:3).
18. Nəyə görə Yehovanı həqiqi məsihçilərlə birlikdə açıq-aşkar izzətləndirməliyik?
18 Yehova istəyir ki, biz həqiqi məsihçilərə qoşulaq və onlarla birlikdə Ona açıq-aşkar izzət verək. Buna görə də Onun Kəlamında deyilir: «Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq. Bə’zilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək. Amma xüsusən, o Günün yaxınlaşdığını gördüyümüz nisbətdə bir-birimizi daha çox ürəkləndirək» (İbranilərə 10:24, 25). Məsihçi görüşləri bizə sevimli Allahımızı izzətləndirməyə və Ona ibadət etməyə gözəl imkan verir. Biz, həmçinin görüşlərdə həmimanlılarımızı ruhlandırır və ürəkləndiririk.
19. Məsihçi yığıncağında məhəbbət tellərini necə möhkəmləndirə bilərik?
19 Yehovanın digər xidmətçiləri ilə ünsiyyətdə olmaqla, yığıncaqda məhəbbət və dostluq tellərini möhkəmləndiririk. Yehovanın bizim yaxşı cəhətlərimizə diqqət yetirdiyi kimi, bizim də həmimanlılarımızın yaxşı cəhətlərini görməyimiz olduqca vacibdir. Başqalarından kamillik gözləməyin. Unutmayın ki, məsihçilər ruhani inkişafın müxtəlif mərhələsindədirlər və hamımız günah işlədirik (Koloslulara 3:13). Yehovanı ürəkdən sevənlərlə yaxın dostluq sizi ruhən inkişaf etməyə təşviq edəcək. Bəli, ruhani bacı-qardaşlarla birlikdə Yehovaya xidmət etmək Allahın məhəbbətində qalmağınıza kömək edəcək. Yehova, Ona sədaqətlə xidmət edənləri və Onun məhəbbətində qalanları necə mükafatlandıracaq?
«HƏQİQİ HƏYATA» CAN ATIN
20, 21. ‘Həqiqi həyat’ nədir və bu, nəyə görə gözəl ümiddir?
20 Yehova Öz sadiq xidmətçilərini həyatla mükafatlandıracaq. Məgər biz indi yaşamırıq? Çoxlarımızın cavabı müsbət olardı, çünki biz yeyir-içir və nəfəs alırıq. Aydındır ki, yaşayırıq. Hətta həyatımızın ən xoşbəxt anlarında belə deyirik: «Bax, bu əsl həyatdır!» Lakin Müqəddəs Kitab bunun həqiqi həyat olmadığını göstərir.
21 Müqəddəs Kitab bizi ‘həqiqi həyata nail olmağa’ təşviq edir (1 Timoteyə 6:19, İ–93). Bu sözlərdən göründüyü kimi, «həqiqi həyata» yalnız gələcəkdə nail ola bilərik. Bəli, biz kamil olduqdan sonra, Allahın başlanğıcda niyyət etdiyi kimi, sözün əsl mə’nasında yaşayacağıq. Cənnətdə gözəl sağlamlığımız, əsl sülh və xoşbəxtliyimiz olan zaman, nəhayət həqiqi, əbədi həyata nail olacağıq (1 Timoteyə 6:12). Məgər bu gözəl ümid deyilmi?
22. ‘Həqiqi həyata nail olmaq’ necə mümkündür?
22 ‘Həqiqi həyata nail olmaq’ necə mümkündür? Bu sözləri deməzdən əvvəl, Pavel məsihçiləri ‘xeyirxahlıq etməyə’ və ‘yaxşı işlərlə varlı olmağa’ çağırırdı (1 Timoteyə 6:18). Deməli, Müqəddəs Kitabdan aldığımız bilikləri necə tətbiq etməyimizdən çox şey asılıdır. Bəs Pavelin sözləri, xeyirxah işlərimizlə ‘həqiqi həyata’ layiq ola biləcəyimizimi göstərir? Xeyr, çünki belə gözəl ümidə yalnız Allahın «lütfü» sayəsində sahib ola bilərik (Romalılara 5:15). Yehova isə Ona sədaqətlə xidmət edənləri mükafatlandırmaqdan sevinc duyur. O, sizin «həqiqi həyata» nail olmanızı istəyir. Allahın məhəbbətində qalanların hamısını xoşbəxtlik və sülh içində əbədi həyat gözləyir.
23. Allahın məhəbbətində qalmaq nə üçün vacibdir?
23 Hər birimiz özümüzdən soruşmalıyıq: «Mən Allahı razı salmağa və Ona Müqəddəs Kitabın öyrətdiyi kimi xidmət etməyə çalışırammı?» Əgər hər gün bu suala müsbət cavab verə biliriksə, deməli, doğru yoldayıq. Əmin ola bilərik ki, Yehova bizim sığınacağımızdır. O Öz sadiq xidmətçilərini indiki narahat dövrün son günlərində qoruyacaq. Yehova, çox yaxın olan yeni dünyaya daxil olmağımıza kömək edəcək. Salehlik ömür sürən yeni dünyada bizi necə də gözəl həyat gözləyir! Vaxtında düzgün seçim etdiyimiz üçün əsl məmnunluq duyacağıq! Əgər bu gün siz sadiqliyinizi qorusanız və Allahın məhəbbətində qalsanız, «həqiqi həyata» nail olacaq və Yehova Allahın niyyət etdiyi kimi, əbədi yaşaya biləcəksiniz!