Yehovanın Kəlamı canlıdır
Yəhyanın və Yəhudanın məktublarından diqqətəlayiq fikirlər
ERAMIZIN 98-ci ilində Efes şəhərində yazıldığı ehtimal edilən həvari Yəhyanın üç məktubu ilhamlanmış Müqəddəs Yazıların son kitablarına daxildir. İlk iki məktub məsihçiləri daima nurda yeriməyə və dönüklüyə uymamağa səsləyir. Üçüncü məktubda isə Yəhya həqiqətə görə hərəkət etməkdən danışmaqla yanaşı, məsihçiləri bir-biri ilə əməkdaşlıq etməyə təşviq edir.
Eramızın təxminən 65-ci ilində İsanın anabir qardaşı Yəhuda Fələstindən yazdığı məktubunda məsihçiləri yığıncağa daxil olan pis insanlara qarşı xəbərdar edir və zərərli təsirlərə necə müqavimət göstərməyə dair məsləhətlər verir. Yəhyanın və Yəhudanın məktublarındakı məsləhətlərə əməl etsək, bu bizə, çətinliklərə baxmayaraq, imanda möhkəm qalmağa kömək edəcək (İbr. 4:12).
DAİMA NURDA, MƏHƏBBƏTDƏ VƏ İMANDA YERİ
Yəhya Məsihlə bir olanların hamısına ünvanladığı ilk məktubunda məsihçilərə dönüklüyə uymamağa, həqiqətdə sabit durmağa, salehliyə bağlı qalmağa kömək etmək üçün faydalı məsləhətlər verir. O, daima nurda, məhəbbətdə və imanda yeriməyin vacibliyini vurğulayır.
Yəhya yazır: «Əgər O [Allah], nurda olduğu kimi, biz də nurda gəziriksə, onda bir-birimizlə ünsiyyətimiz vardır». Allah məhəbbət Mənbəyi olduğu üçün həvari deyir: «Bir-birimizi sevək». Yehova Allaha məhəbbət bizi Onun ‘əmrlərinə riayət etməyə’ təşviq etdiyi halda, Ona, Kəlamına və Oğluna «imanımız» sayəsində isə dünyaya qalib gəlirik (1 Yəh. 1:7; 4:7; 5:3, 4).
Müqəddəs Kitab suallarına cavablar:
2:7, 8 — Yəhyanın «yeni» və «qədim» adlandırdığı əmr hansı əmrdir? Yəhya fədakar qardaş məhəbbətinə dair verilən əmri nəzərdə tuturdu (Yəh. 13:34). O bu əmri ona görə «qədim» adlandırır ki, İsa onu, Yəhya ilk məktubunu qələmə almazdan 60 il öncə vermişdi. Beləliklə, imanlılar bu əmrə öz məsihçi həyatlarının ‘başlanğıcından’ malikdirlər. Bununla belə, bu əmr «yeni»dir, çünki «qonşunu özün kimi sev» əmrindən üstündür və fədakar məhəbbət təzahür etdirməyə təşviq edir (Lev. 19:18; Yəh. 15:12, 13).
3:2 (İ-93) — Məsh olunmuş məsihçilərə ‘hələ izhar olunmayan’ nədir və «Onu olduğu kimi görəcəyik» dedikdə Yəhya kimi nəzərdə tuturdu? Onlara izhar olunmayan, yəni məlum olmayan odur ki, onlar ruhani bədəndə göylər həyatına diriləndə necə olacaqlarını bilmirlər (Filip. 3:20, 21). Ancaq onlar ‘bilirlər ki, [Allah] zühur edəndə, Ona bənzəyəcəklər, çünki Onu olduğu kimi’, yəni ‘Ruh’ şəklində görəcəklər (2 Kor. 3:17, 18).
5:5-8 — Su, qan və ruh «İsanın Allahın Oğlu olduğuna» necə şahidlik etdi? Su o mənada şahidlik etdi ki, İsa suda vəftiz olunanda Yehova Oğlundan məmnun olduğunu bildirdi (Mat. 3:17). ‘Hamı üçün fidiyə verilən’ İsanın qanı, yəni həyatı İsanın Allahın Oğlu olduğunu göstərdi (1 Tim. 2:5, 6). İsa vəftiz olunan zaman üzərinə enən müqəddəs ruh isə ona ölkəni dolaşaraq ‘yaxşılıq etməyə, iblisin istibdadı [zülmü] altında olanların hamısına şəfa verməyə’ qüvvət verməklə onun Allahın Oğlu olduğuna şahidlik etdi (Yəh. 1:29-34; Həv. iş. 10:38).
Bizim üçün ibrət dərsləri:
2:9-11; 3:15. Əgər məsihçi nəyəsə və ya kiməsə qardaşlara olan məhəbbətini puç etməyə yol verirsə, ruhani zülmətdə yeriyir və hara getdiyini bilmir.
‘HƏQİQƏTƏ GÖRƏ HƏRƏKƏT ETMƏYƏ’ DAVAM ET
Yəhya ikinci məktubuna belə başlayır: «Seçilmiş xanıma və onun övladlarına». O, həmin xanımın ‘uşaqları arasında həqiqətə görə hərəkət edənlərin’ olduğuna sevindiyini yazır (2 Yəh. 1, 4).
Məhəbbət inkişaf etdirməyə təşviq etdikdən sonra Yəhya deyir: «Məhəbbət... bundan ibarətdir ki, biz Onun əmrlərinə görə hərəkət edək». Yəhya həmçinin ‘saxtakar [adama] və Məsihin əleyhdarına’ dair xəbərdarlıq verir (2 Yəh. 5-7).
Müqəddəs Kitab suallarına cavablar:
1, 13 — ‘Seçilmiş xanım’ kimdir? Ola bilsin, Yəhya Kiriya (yunanca «xanım») deyə müraciət edərkən konkret insanı nəzərdə tuturdu. Və ya ehtimal ki, Yəhya təqibçiləri azdırmaq məqsədilə məcazi dildən istifadə edərək müəyyən bir məsihçi yığıncağına müraciət edirdi. Belə olduqda, onda qadının uşaqları həmin yığıncağın üzvləri, sonuncu ayədə xatırlanan onun ‘bacısının uşaqları’ isə başqa yığıncağın üzvləri ola bilərdi.
7 — Yəhya İsanın hansı ‘gəlişindən’ danışır və hiyləgərlər onun gəlişini hansı mənada ‘iqrar etmirlər’? Burada İsanın gələcəkdə gözlə görünməyən tərzdə gəlməsindən yox, onun «bədəndə» gəlməsindən və Məsih kimi məsh olunmasından bəhs edilir (1 Yəh. 4:2). Hiyləgərlər onun bədəndə gəldiyini qəbul etmirlər. Ola bilsin, onlar İsanın nə vaxtsa yer üzündə yaşadığını və ya onun müqəddəs ruhla məsh olunduğunu inkar edirlər.
Bizim üçün ibrət dərsləri:
2, 4. «Həqiqət»i, yəni Müqəddəs Kitabın bütün təlimlərini öyrənmək və onlara uyğun yaşamaq xilas olunmağımız üçün vacibdir (3 Yəh. 3, 4).
8-11. Əgər biz ‘Ata Allahdan və İsa Məsihdən gələn lütfü, mərhəməti və sülhü’, həmçinin həmimanlılarımızla ünsiyyəti itirmək istəmiriksə, Məsihin təlimlərinə bağlı qalıb-qalmadığımıza ‘diqqət verməli’ və ‘Məsihin təliminə bağlı qalmayanları’ rədd etməliyik (2 Yəh. 3).
«HƏQİQƏT UĞRUNDA HƏMKAR OLAQ»
Yəhya üçüncü məktubunu yaxın dostu Qaya ünvanlayıb. O yazır: «Övladlarımın həqiqətə görə hərəkət etdiyini eşitməkdən daha böyük sevincim yoxdur» (3 Yəh. 4).
Yəhya onlara baş çəkən qardaşlara kömək edərək ‘sadiq iş gördüyünə’ görə Qayı tərifləyir. Həvari deyir: «Biz onlar kimilərə kömək etməliyik ki, həqiqət uğrunda həmkar olaq» (3 Yəh. 5-8).
Müqəddəs Kitab suallarına cavablar:
11 — Nəyə görə bəziləri pislik etməyə başlayırlar? Həqiqətə bağlı qalmayan bəzilərinin məcazi gözləri Allahı görmür. Bu insanlar Allahı fiziki gözlə görə bilmədikləri üçün özlərini elə aparırlar ki, sanki Allah da onları görmür (Yez. 9:9).
14 — ‘Dostlar’ kimlərdir? Burada təkcə insanlar arasında yaxın dostluq nəzərdə tutulmur. Yəhya ümumilikdə bütün həmimanlılardan danışır.
Bizim üçün ibrət dərsləri:
4. Ruhani cəhətdən yetkin məsihçilər yığıncaqdakı gənclərin «həqiqətə görə hərəkət etdiyini» görəndə sevinirlər. Valideynlər uşaqlarına ruhani insan olmağa kömək edəndə necə də böyük sevinc duyurlar!
5-8. Yehovaya və qardaşlarına məhəbbətdən irəli gələrək həmimanlıları üçün çalışanların arasında səyyar nəzarətçilər, missionerlər, Bet-El xidmətçiləri və pionerlər var. Bu həmimanlılarımız bizim onlara məhəbbətlə dəstək olmağımıza və imanlarını təqlid etməyimizə layiqdirlər.
9-12. Biz, qardaşları haqqında pis sözlər yayan böhtançı Diotrefin nümunəsini yox, sadiq Dimitrinin nümunəsini təqlid etməliyik.
«ÖZÜNÜZÜ ALLAHIN MƏHƏBBƏTİNDƏ SAXLAYIN»
Yəhuda yığıncağa gizlicə daxil olan allahsızları ‘deyinən və öz talelərindən şikayət edənlər’, həmçinin ‘öz ehtiraslarına görə hərəkət edənlər’ kimi təsvir edir. Onların «ağzından lovğa sözlər çıxır və onlar... insanlara yaltaqlanırlar» (Yəhuda 4, 16).
Məsihçilər pis təsirlərə qarşı necə dura bilərlər? «Sevimlilərim, — deyə Yəhuda müraciət edir, — qabaqca Rəbbimiz İsa Məsihin həvarilərinin dedikləri... sözləri yada salın». O əlavə edir: «Özünüzü Allahın məhəbbətində saxlayın» (Yəhuda 17-21).
Müqəddəs Kitab suallarına cavablar:
3, 4 — Nəyə görə Yəhuda məsihçiləri ‘iman üçün cəhd etməyə’, yəni inadla mübarizə aparmağa təşviq edirdi? Çünki yığıncağa ‘allahsızlar gizlincə daxil olmuşdular’. Bu insanlar ‘Allahın lütfünü səfahət bəhanəsinə çevirmişdilər’.
20, 21 — ‘Özümüzü Allahın məhəbbətində saxlamaq’ necə mümkündür? 1) Allahın Kəlamını çalışqanlıqla araşdırmağın və xoş xəbəri səylə təbliğ etməyin sayəsində ‘özümüzü son dərəcə müqəddəs olan imanımızın təməli üzərində inkişaf etdirməklə’; 2) «Müqəddəs Ruhla», yəni onun təsiri altında ‘dua etməklə’; 3) əbədi həyata yol açan İsa Məsihin fidiyə qurbanlığına iman gətirməklə (Yəh. 3:16, 36).
Bizim üçün ibrət dərsləri:
5-7. Pislər Yehovanın hökmündən qaça bilərlərmi? Yəhudanın gətirdiyi xəbərdaredici üç nümunəyə əsasən, bu mümkün deyil.
8-10. Biz baş mələk Mikayılın nümunəsini izləməli və Yehova tərəfindən səlahiyyət verilmiş şəxslərə hörmətlə yanaşmalıyıq.
12. Necə ki ‘sualtı qayalar’ (YD) gəmilərə və üzgüçülərə təhlükə yaradır, eləcə də özlərini sevən insan kimi qələmə verən dönüklər bizim üçün təhlükəlidir. Yalançı müəllimlər səxavətli görünə bilərlər, lakin onlar yağmursuz buludlar kimidir, yəni ruhən boşdurlar. Belə insanlar payız ağacları tək səmərəsizdir. Onlar da, kökündən qoparılmış ağaclar kimi, məhv olacaqlar. Dönüklərdən qaçmaq müdriklikdir.
22, 23. Həqiqi məsihçilər pisliyə nifrət edirlər. Yığıncağın ruhən yetkin üzvləri, xüsusilə də təyin olunmuş nəzarətçilər ‘tərəddüd edənlərin bəzilərini’ əbədi həlak odundan qurtarmaqla onlara ruhən köməklik göstərmiş olurlar.
[28-ci səhifədəki şəkil]
Su, ruh və qan «İsanın Allahın Oğlu olduğuna» şəhadət etdi