QAYDAN NÜMUNƏ GÖTÜRÜN
BİRİNCİ əsrin sonlarında Qay və digər məsihilər çətinliklərlə üzləşmişdilər. Saxta təlimlər yayan bəziləri yığıncağı zəiflətməyə və parçalamağa çalışırdı (1 Yəh. 2:18, 19; 2 Yəh. 7). Diotref adlı bir nəfər həvari Yəhya və digər qardaşlar haqda pis danışır, yığıncağa qonaq gələn qardaşlara qonaqpərvərlik göstərmirdi. Üstəlik, başqalarını da, özü kimi, davranmağa təhrik edirdi (3 Yəh. 9, 10). Yəhya Qaya məktub yazanda yığıncaq bu vəziyyətdə idi. Eramızın 98-ci ilində həvari Yəhyanın yazdığı bu məktub İncildə «Üçüncü Yəhya» adı ilə yer alıb.
Bu çətinliklərə baxmayaraq, Qay sonadək Yehovaya sədaqətlə xidmət etdi. Onun sədaqəti nədən görünürdü? Biz ondan nədə nümunə götürə bilərik? Yəhyanın məktubu bu işdə bizə necə kömək edə bilər?
ƏZİZ DOSTA MƏKTUB
«Üçüncü Yəhya» bölməsini yazan şəxs özü haqda «ağsaqqal» sözünü işlədib. Bu söz kifayət idi ki, Qay məktubu yazanın ona həqiqəti çatdıran həvari Yəhya olduğunu bilsin. Yəhya Qaya: «ürəkdən sevdiyim əziz qardaşım», — deyə müraciət etmişdi. Sonra ona can sağlığı və ruhani işlərdə möhkəm qalmağı arzulamışdı. Bu, çox təsirli və xoş dilək idi! (3 Yəh. 1, 2, 4).
Məktubda dəqiq deyilməsə də, ehtimal ki, Qay yığıncaqda nəzarətçi idi. O, hər kəsə, hətta tanımadığı qardaşlara belə, qonaqpərvərlik göstərirdi. Həvari Yəhya buna görə Qayı tərifləmiş və demişdi ki, bu, onun sədaqətindən xəbər verir. Çünki qonaqpərvərlik göstərmək Allahın xidmətçilərinin səciyyəvi xüsusiyyətidir (Yar. 18:1—8; 1 Tim. 3:2; 3 Yəh. 5).
Yəhyanın Qayın göstərdiyi qonaqpərvərlik haqda dediyi bu xoş sözlərdən görünür ki, qardaşlar müntəzəm olaraq Yəhyanın yanından yığıncaqlara baş çəkməyə gəlirdilər. Bu qardaşlar onlara göstərilən münasibət haqda Yəhyaya danışırdılar. Ola bilsin, Yəhya yığıncaqlardan məhz bu yolla xəbər tuturdu.
Şübhəsiz, qonaq gələn məsihilər öz dindaşlarının evində qalmaq istəyəcəkdilər, çünki həmin dövrdə mehmanxanalar pis ad çıxarmışdı. Orada xidmət səviyyəsi çox aşağı idi, həmçinin əxlaqsızlıq baş alıb gedirdi. Buna görə də uzaq yoldan gələn məsihilər dindaşlarının, digər insanlar isə öz dostlarının evində qalmağa çalışırdı.
«ONLAR ONUN ADI NAMİNƏ YOLA ÇIXIB»
Yəhya Qayı bundan sonra da qonaqpərvər olmağa səsləmişdi və ondan xahiş etmişdi ki, «onları [gələn qardaşları] Allahımıza layiq tərzdə» yola salsın. Bu isə o demək idi ki, qardaşlar oradan çıxıb başqa yerə çatana qədər yolda heç nədən korluq çəkməsinlər deyə lazım olan hər şeylə təmin edilməli idilər. Görünür, Qay əvvəlki qonaqlara da bu cür qayğı göstərmişdi, belə ki, onlar Yəhyaya onun imanından və məhəbbətindən bəhs etmişdilər (3 Yəh. 3, 6).
Qonaqlar, çox ehtimal ki, təbliğ səyahətində olanlar, Yəhyanın göndərdiyi və ya yığıncaqları ziyarət edən qardaşlar idi. Hər halda, bu qardaşlar xoş xəbəri dəstəkləmək naminə səyahət edirdilər. Yəhya demişdi: «Onlar Onun adı naminə yola çıxıb» (3 Yəh. 7). Bu ayədə Yəhya «Onun adı naminə» deməklə Yehovanın adına istinad edirdi (6-cı ayəyə baxın). Beləliklə, qardaşlar məsihi yığıncağının bir hissəsi olduqları üçün xoş qarşılanmağa layiq idilər. Necə ki Yəhya yazmışdı: «Belə qardaşları qonaqpərvərliklə qəbul etmək bizim borcumuzdur ki, həqiqət yolunda əməkdaş olaq» (3 Yəh. 8).
ÇƏTİN VƏZİYYƏTDƏ KÖMƏK
Yəhyanın Qaya məktub yazmaqda məqsədi təkcə ona minnətdarlıq bildirmək deyildi. O həmçinin ciddi problemin həllində də ona kömək etmək istəyirdi. Yığıncağın üzvlərindən biri olan Diotref yığıncağı ziyarət edən qardaşları hörmətlə qəbul etmirdi, bu azmış kimi, qonaqpərvərlik göstərmək istəyənlərə də mane olurdu (3 Yəh. 9, 10).
Şübhəsiz, heç bir sadiq məsihi Diotrefin evində qalmaq istəməzdi. O, yığıncaqda başçılıq etməyi sevir, Yəhyadan gələn göstərişləri hörmətlə qəbul etmir, həvari Yəhyanı və digər qardaşları pisləyirdi. Yəhya Diotrefi heç vaxt saxta müəllim adlandırmamışdı. Buna baxmayaq, Diotref həmişə ona qarşı çıxırdı. Diotref yüksək mövqeyə can atırdı. Bu, məsihiyə yaraşmayan hərəkət idi və onun sadiqliyini sual altına qoyurdu. Diotrefin nümunəsindən görünür ki, şöhrətpərəst və təkəbbürlü insanlar yığıncağa mənfi təsir göstərə bilər. Buna görə də Yəhya Qaya pis iş görənlərə bənzəməməyi tövsiyə etmişdi. Bu məsləhət bizə də aiddir (3 Yəh. 11).
YAXŞILIQ ETMƏK ÜÇÜN ƏN YAXŞI SƏBƏB
Diotrefdən fərqli olaraq, Yəhya Demetri adlı qardaş haqda müsbət danışırdı. Yəhya yazmışdı: «Demetri haqqında isə hamı yaxşı danışır... Biz də bu deyilənləri təsdiqləyirik və sən sözümüzün doğru olduğunu bilirsən» (3 Yəh. 12). Yəqin ki, Demetriyə Qayın köməyi lazım idi və həvari üçüncü məktubunda bununla bağlı məsləhətlər və göstərişlər vermişdi. Ola bilsin, məktubu Qaya çatdıran elə Demetri olmuşdu. Yəhyanın elçilərindən biri olan Demetri (ehtimal ki, həm də səyyar nəzarətçi idi) onun yazdığı məktubu təfsilatı ilə çatdırmışdı.
Qay qonaqpərvər olduğu halda nəyə görə Yəhya onu yenə də buna səsləyirdi? Bəlkə Yəhya düşünürdü ki, Qayı cəsarətləndirmək lazımdır? Yaxud Diotrefin hörmətsiz davranışının Qaya pis təsir edəcəyinə görə narahat idi? Hər necə olursa olsun, «yaxşılıq edən Allahdandır» deməklə Yəhya Qayı yaxşı əməlindən dönməməyə səsləyirdi (3 Yəh. 11). Yaxşılıq etmək üçün bundan gözəl səbəb ola bilməz!
Yəhyanın yazdığı məktub Qayı bundan sonra da qonaqpərvər olmağa təşviq etdimi? «Üçüncü Yəhya» bölməsinin Müqəddəs Kitabda yer alması və başqalarını «yaxşıdan nümunə götür»məyə təşviq etməsi göstərir ki, orada yazılanlar Qayı da ruhlandırmışdı.
«ÜÇÜNCÜ YƏHYA» BÖLMƏSİNDƏN NƏ ÖYRƏNƏ BİLƏRİK?
Qayın həyatının sonrakı illəri haqda məlumatımız olmasa da, onun həyatı ilə bağlı bu qısa məlumatdan çox şey öyrənə bilərik.
Birincisi, bizlərdən çoxu həqiqət haqda aldığımız biliyə görə müəyyən mənada xoş xəbərin digər ərazilərə yayılması üçün çalışan sadiq məsihilərə borcluyuq. Düzdür, bu gün yığıncaqdakı məsihilərin hər biri xoş xəbəri çatdırmaq üçün uzun məsafələr qət etmir. Bununla belə, biz Qaydan nümunə götürərək yığıncağımıza ziyarət edən rayon nəzarətçisini və onun həyat yoldaşını ruhlandıra bilərik. Yaxud təbliğçilərə ehtiyac olan əraziyə köçən bacı-qardaşlara lazımi köməyi göstərə bilərik. Beləliklə, gəlin qonaqpərvər olaq (Rom. 12:13; 1 Tim. 5:9, 10).
İkincisi, bu gün də yığıncaqda kimlərinsə səlahiyyətinə hörmətsizlik göstərilərsə, buna təəccüblənməməliyik. Həvari Yəhya kimi, Bulusun da səlahiyyətinə hörmətsizlik olunurdu (2 Kor. 10:7—12; 12:11—13). Bəs biz yığıncağımızda oxşar çətinliklə üzləşsək, buna necə yanaşmalıyıq? Həvari Bulus Timutiyə məsləhət vermişdi: «Rəbbin qulu çəkişmələrdən uzaq durmalı, hamıyla mülayim davranmalı, təlim verməyə yararlı olmalı, haqsızlıqla qarşılaşanda özünü ələ almalı, qarşı çıxanlara həlimliklə nəsihət verməlidir» (2 Tim. 2:24, 25). İttihamlara məruz qalanda belə, həlimliyimizi qorusaq, tənqid edən insanlar mənfi münasibətlərini dəyişə bilərlər. Yehova Allah da «onların tövbə etməsinə izin verər və onlar həqiqət barəsində dəqiq biliyə yiyələnərlər» (2 Tim. 2:24, 25).
Üçüncüsü, Yehovaya sədaqətlə xidmət edən hər bir məsihinin səlahiyyətinə hörmətlə yanaşmalı və sadiqliyinə görə onu tərifləməliyik. Həvari Yəhya Qayı ruhlandırırdı və doğru işlər gördüyünə əmin edirdi. Yəhyadan nümunə götürərək ağsaqqallar da bacı-qardaşları ruhlandırmalıdır ki, onlar taqətdən düşməsinlər (Əşy. 40:31; 1 Salon. 5:11).
Orijinal mətndə cəmi 219 sözdən ibarət olan Yəhyanın Qaya yazdığı bu məktub Müqəddəs Kitabın ən qısa bölməsidir. Bununla belə, orada yazılanlar hər birimiz üçün çox dəyərlidir.