TƏLİM MƏQALƏSİ 30
Həqiqət yolunda yeriyin
«Mənim üçün uşaqlarımın həqiqət yolunda yeridiklərini bilməkdən böyük xoşbəxtlik ola bilməz» (3 YƏH. 4).
NƏĞMƏ 54 «Yol budur»
İCMALa
1. 3 Yəhya 3, 4 ayələrinə əsasən, bizi sevindirən nədir?
HƏVARİ YƏHYA çoxlarına həqiqəti öyrənməyə kömək etmişdi. Təsəvvür etmək olar, onların hələ də Yehovaya sədaqətlə xidmət etdiyini eşidəndə o nə qədər sevinmişdi. Amma onlar çoxlu problemlərlə üzləşirdilər. Buna görə də Yəhya övladı kimi yanaşdığı bu sadiq məsihilərin imanını möhkəmləndirmək üçün əlindən gələni edirdi. Biz də doğma övladımızın, yaxud həqiqəti öyrətdiyimiz insanın Yehovaya həsr olunduğunu və Ona xidməti davam etdirdiyini görəndə sevinirik. (3 Yəhya 3, 4 ayələrini oxuyun.)
2. Həvari Yəhyanın məktublarının məqsədi nə idi?
2 Çox yəqin ki, həvari Yəhya eramızın 98-ci ilində ya Efesdə, ya da onun yaxınlığında yaşayırdı. Görünür, o, sürgündə olduğu Patmos adasından qayıdandan sonra oraya köçmüşdü. Təxminən həmin vaxtlarda Yehova müqəddəs ruhu ilə onu üç məktub yazmağa yönəltmişdi. Bu məktubların məqsədi sadiq məsihiləri İsa Məsihə imanlarını qorumağa və həqiqət yolunda yeriməyə həvəsləndirmək idi.
3. Hansı sualların cavabını tapacağıq?
3 Yəhya sağ qalmış sonuncu həvari idi. Saxta təlimlərin yığıncaqlara sirayət etməsi onu çox narahat edirdib (1 Yəh. 2:18, 19, 26). Dönüklər Allahı tanıdıqlarını iddia etsələr də, Onun əmrlərinə əməl etmirdilər. Gəlin Yəhyanın məktubunda yazılan məsləhəti araşdıraq. Bu məqalədə növbəti sualların cavabını tapacağıq: Həqiqət yolunda yerimək nə deməkdir? Hansı maneələrlə üzləşirik? Bir-birimizə həqiqətdə yeriməyə necə kömək edə bilərik?
HƏQİQƏT YOLUNDA YERİMƏK NƏ DEMƏKDİR?
4. 1 Yəhya 2:3—6 və 2 Yəhya 4, 6 ayələrinə əsasən, həqiqət yolunda yerimək üçün nə etməliyik?
4 Həqiqət yolunda yerimək üçün biz Müqəddəs Kitabda yazılan həqiqəti bilməliyik. Bundan əlavə, Yehovanın əmrlərinə riayət etməliyik. (1 Yəhya 2:3—6; 2 Yəhya 4, 6 ayələrini oxuyun.) İsa Məsih Yehovaya itaət etməkdə kamil örnək qoyub. Odur ki, Yehovaya itaət etməyin vacib üsullarından biri İsanın nümunəsini mümkün qədər dəqiqliklə izləməkdir (Yəh. 8:29; 1 But. 2:21).
5. Nəyə əmin olmalıyıq?
5 Daim həqiqət yolunda yerimək üçün biz əmin olmalıyıq ki, həqiqətin mənbəyi Yehovadır və Onun Kəlamında yazılanlar doğrudur. Həmçinin vəd olunmuş Məsihin İsa olduğuna əmin olmalıyıq. Bu gün çoxları İsanın Allahın Padşahlığının Padşahı olduğunu şübhə altına alır. Yehova və İsa Məsih haqqında həqiqəti müdafiə edə bilməyənləri, Yəhyanın da xəbərdarlıq etdiyi kimi, yoldan çıxaran «çoxlu yalançı» var (2 Yəh. 7—11). Yəhya yazırdı: «İsanın Məsih olduğunu inkar edən yalançı deyilsə, bəs nədir?» (1 Yəh. 2:22). Bu yalanın qurbanı olmamağın yeganə yolu Allahın Kəlamını mütaliə etməkdir. Yalnız bu təqdirdə Yehovanı və İsa Məsihi tanıyacağıq (Yəh. 17:3). Yalnız bu təqdirdə həqiqətdə yeridiyimizə əmin olacağıq.
HANSI MANEƏLƏRLƏ ÜZLƏŞİRİK?
6. Gənc məsihilərin üzləşdiyi maneələrdən biri hansıdır?
6 Bütün məsihilər ehtiyatlı olmalıdır ki, insan fikirləri onları yoldan çıxarmasın (1 Yəh. 2:26). Xüsusilə də gənclər özlərini bu tələdən gözləməlidir. Fransadan olan 25 yaşlı Aleksiyac bacı deyir: «Yeniyetmə yaşlarımda təkamül təlimi və insan fəlsəfəsi fikirlərimi qarışdırmışdı. Bəzən bu mövzular məndə maraq doğururdu. Amma fikirləşdim ki, dərsdə deyilənlərə qulaq asıb, Yehovanın Müqəddəs Kitab vasitəsilə nə dediyinə qulaq asmamaq düz deyil». Aleksiya «Həyat necə əmələ gəlib? Təkamül, yoxsa yaradılma yolu ilə?»d adlı kitabı mütaliə etdi. Bir neçə həftə sonra onun şübhələrindən əsər-əlamət qalmadı. Aleksiya deyir: «Araşdırıb əmin oldum ki, Müqəddəs Kitabda yazılanlar həqiqətdir. Həmçinin anladım ki, orada yazılanlara uyğun yaşamaq mənə sevinc və qəlb rahatlığı bəxş edəcək».
7. Hər birimiz hansı sahədə ehtiyatlı olmalıyıq və nəyə görə?
7 Qocalı-cavanlı bütün məsihilər ehtiyatlı olmalıdırlar ki, ikili həyat sürməsinlər. Həvari Yəhya qeyd etmişdi ki, həm əxlaqsız həyat sürmək, həm də həqiqət yolunda yerimək mümkün deyil (1 Yəh. 1:6). Yehovanın indi də, gələcəkdə də bizdən razı qalmasını istəyiriksə, həmişə elə davranmalıyıq ki, sanki kimsə bizi müşahidə edir. Əslində, gizli günah anlayışı yoxdur, çünki Yehova hər şeyi görür (İbr. 4:13).
8. Hansı baxışı mənimsəməməliyik?
8 Biz bu dünyanın günaha baxışını mənimsəməməliyik. Həvari Yəhya yazmışdı: «Əgər: “Bizdə günah yoxdur”, — deyiriksə, onda özümüzü aldadırıq» (1 Yəh. 1:8). Yəhyanın dövründə dönüklər iddia edirdilər ki, insan günahlı həyat sürsə də, Allahla yaxın ola bilər. Bizim dövrdə də insanlar bu cür düşünür. Çoxları Allaha inandığını desə də, Onun günaha baxışı ilə razı deyil, ələlxüsus da cinsi münasibət məsələsində. Onlar Yehovanın günah saydığı əməlləri şəxsi seçim və ya alternativ həyat tərzi adlandırır.
9. Müqəddəs Kitaba əsaslanan əqidələrinə bağlı qalmağın gənclərə hansı faydası var?
9 Xüsusilə gənc məsihilərə məktəb və ya iş yoldaşlarının cinsi münasibətlə bağlı yanlış fikirlərinin təsiri altına düşməmək çətindir. Aleksandr adlı bir qardaş bu cür sınaqla üzləşmişdi. O deyir: «Məktəbdə bir neçə qız məni onlarla cinsi münasibətdə olmağa təhrik edirdi. Onlar deyirdi ki, “əgər sənin görüşdüyün qız yoxdursa, deməli, homoseksualsan”». Sizin də bu cür sınaqlarınız varsa, unutmayın ki, Müqəddəs Kitaba əsaslanan əqidənizə bağlı qalsanız, özünüzə qarşı hörməti itirməyəcəksiniz, fiziki və mənəvi sağlamlığınızı, eləcə də Yehova ilə münasibətlərinizi qoruyacaqsınız. Hər dəfə sınaqdan başıuca çıxdıqca, düzgün davranmaq asanlaşacaq. Bir şeyi də unutmayın ki, dünyanın cinsi münasibətə təhrif olunmuş baxışı Şeytandan qaynaqlanır. Odur ki, bu baxışı rədd edəndə ona qalib gəlirsiniz (1 Yəh. 2:14).
10. 1 Yəhya 1:9 ayəsi Yehovaya təmiz vicdanla xidmət etməyimizə necə təkan verir?
10 Biz dərk edirik ki, hansı əməlin günah olduğunu təyin etmək hüququ Yehovaya məxsusdur. Həmçinin əlimizdən gələni edirik ki, günah etməyək. Günah işləmişiksə, dua edib günahımızı Allaha etiraf etməliyik. (1 Yəhya 1:9 ayəsini oxuyun.) Əgər ağır günah etmişiksə, Yehovanın qeydimizə qalmaq üçün təyin etdiyi ağsaqqallardan kömək istəməliyik (Yaq. 5:14—16). Amma keçmiş səhvlərimizə görə özümüzü yeyib-bitirməməliyik. Çünki mehriban Atamız günahlarımızın əfvi üçün İsa Məsihi qurban verib. Yehova deyirsə ki, tövbə edən günahkarı bağışlayacaq, deməli, bağışlayacaq. Buna görə də Yehovaya təmiz vicdanla xidmət etməyimizə mane olan heç nə yoxdur (1 Yəh. 2:1, 2, 12; 3:19, 20).
11. İmanımıza təhlükə yaradan təlimlərdən özümüzü necə qoruya bilərik?
11 Biz dönük təlimləri rədd etməliyik. Məsihi yığıncağının əsası qoyulandan bəri İblis çoxlu yalançılar vasitəsilə Allahın sadiq xidmətçilərinin ağlına şübhə toxumları səpməyə çalışır. Bu səbəbdən, həqiqəti yalandan ayırd etməyi bacarmalıyıqe. Düşmənlərimiz internetdən və ya sosial şəbəkələrdən istifadə edərək Yehovaya etibarımızı sarsıtmağa və qardaşlarımıza məhəbbətimizi soyutmağa çalışır. Bunların arxasında kimin durduğunu unutmayaq və ona qarşı duraq! (1 Yəh. 4:1, 6; Vəhy 12:9).
12. Nə üçün öyrəndiyimiz həqiqətlərə imanımızı artırmalıyıq?
12 Şeytanın bütün bu cəhdlərinə qarşı durmaq üçün İsa Məsihə və onun Allahın niyyətindəki roluna imanımızı artırmalıyıq. Həmçinin etibar etməliyik ki, Yehova yalnız sadiq və ağıllı nökər vasitəsilə təşkilatını idarə edir (Mət. 24:45—47). Etibarımızı artırmaq üçün Allahın Kəlamını müntəzəm mütaliə etmək lazımdır. Onda imanımız dərinə kök salmış ağac kimi möhkəm olacaq. Həvari Bulus Kolos yığıncağına yazdığı məktubda belə bənzətmə istifadə etmişdi: «Ağamız Məsih İsanı qəbul etdiyiniz kimi, bundan sonra da onunla vəhdətdə yeriyin... İsada kök atıb böyüyün, imanda sarsılmaz olun» (Kol. 2:6, 7). Məsihi imanını yaxşı möhkəmləndiribsə, Şeytan və tərəfdarları onu sarsıtmağa müvəffəq olmayacaq (2 Yəh. 8, 9).
13. Bu dünya bizə hansı münasibəti göstərir və nəyə görə?
13 Biz bilirik ki, bu dünya bizə nifrət edəcək (1 Yəh. 3:13). Həvari Yəhya demişdi: «Bütün dünya... Şəririn əlindədir» (1 Yəh. 5:19). Bu dünyanın sonu günü-gündən yaxınlaşdıqca Şeytanın qəzəbi daha da alovlanır (Vəhy 12:12). O, təkcə əxlaqsızlıq, dönüklərin yalanı və bu kimi digər gizli fəndlərə əl atmır. Həmçinin açıq-aşkar hücuma keçir. Şeytan bilir ki, bizim təbliğ işimizi dayandırmaq, yaxud bizi imandan döndərmək üçün az vaxtı qalıb. Buna görə də təəccüblü deyil ki, bir neçə ölkədə fəaliyyətimiz məhdudlaşdırılıb və ya qadağan edilib. Amma həmin ölkələrdə yaşayan bacı-qardaşlarımız böyük dözüm göstərir. Onlar sübut edir ki, Şeytan nə edirsə etsin, biz qalib gələ bilərik!
BİR-BİRİNİZƏ HƏQİQƏTDƏ QALMAĞA KÖMƏK EDİN
14. Bacı-qardaşlarımıza həqiqətdə qalmağa kömək etməyin bir yolu hansıdır?
14 Bacı-qardaşlarımıza həqiqətdə qalmağa kömək etmək üçün onlara şəfqət göstərməliyik (1 Yəh. 3:10, 11, 16—18). Bir-birimizi yalnız hər şey yaxşı olanda yox, həmçinin problemlər yarananda da sevməliyik. Ola bilsin, dindaşımızın doğması vəfat edib və onun təsəlliyə, köməyə ehtiyacı var. Yaxud təbii fəlakət zamanı bacı-qardaşlarımızın ibadət evlərinə və ya öz evlərinə zərər dəyib, onların təmir-bərpasına kömək lazımdır. Dindaşlarımıza sevgimiz və şəfqətimiz təkcə sözlərimizdən yox, əməllərimizdən də görünməlidir.
15. 1 Yəhya 4:7, 8 ayələrinə əsasən, biz nə etməliyik?
15 Bir-birimizə məhəbbət göstərəndə sevən Yaradanımıza bənzəmiş oluruq. (1 Yəhya 4:7, 8 ayələrini oxuyun.) Məhəbbət göstərməyin üsullarından biri bir-birimizi bağışlamaqdır. Tutaq ki, kimsə bizim xətrimizə dəyib. Biz onu bağışlamaqla və etdiyi səhvi unutmaqla ona məhəbbət göstərmiş oluruq (Kol. 3:13). Aldo adlı bir qardaşla belə bir şey baş vermişdi: xətrini istədiyi bir qardaş onun mənsub olduğu mədəniyyət haqda xoşagəlməz fikir söyləmişdi. Aldo deyir: «Yehovaya çox dua edirdim ki, o qardaşa acıqlı qalmayım». Aldo başqa bir şey də etdi. O, həmin qardaşla xidmətə çıxdı. Xidmətdə olarkən qardaşın dediyi sözün ona necə pis təsir etdiyini söylədi. Aldo deyir: «Qardaş eşidəndə ki, onun sözləri mənim xətrimə deyib, üzr istədi. Onun səsinin tonundan görünürdü ki, dediyi sözə görə çox peşmandır. Problemi həll etdik və yenidən aramız yaxşı oldu».
16, 17. Nəyə qəti qərarlı olmalıyıq?
16 Həvari Yəhya dindaşlarını çox istəyirdi, onların imanda möhkəm olması onun üçün çox önəmli idi. Üç məktubda verdiyi öyüd-nəsihətdən bu, aydın görünür. Necə də xoşdur ki, İsa Məsihlə göydə idarə edəcək kişi və qadınlar onun kimi məhəbbətli və qayğıkeşdir! (1 Yəh. 2:27).
17 Gəlin bu məqalədə öyrəndiyimiz məsləhətlərə əməl edək. Həqiqətdə yeriməyə, yəni həyatımızın hər sahəsində Yehovaya itaət etməyə qəti qərarlı olaq. Allahın Kəlamını mütaliə edib, orada yazılanların həqiqət olduğuna etibar edək. İsa Məsihə imanımızı gücləndirək. İnsan fikirlərini və dönük təlimləri rədd edək. İkili həyat yaşamaq, günah işləmək təzyiqinə qarşı duraq. Yehovanın yüksək əxlaq normalarını rəhbər tutaq. Dindaşlarımız xətrimizə dəyəndə onları bağışlamaqla, yardıma möhtac olanda əl uzatmaqla onlara möhkəm qalmağa kömək edək. Onda hansı çətinliyimiz olursa olsun, həqiqət yolunda daim yeriyəcəyik.
NƏĞMƏ 49 Yehovanın ürəyini sevindirək
a Biz yalanın atası olan Şeytanın hökmranlıq etdiyi dünyada yaşayırıq. Buna görə də həqiqətdə yerimək üçün daim mübarizə aparırıq. Eramızın birinci əsrinin sonlarında yaşayan məsihilər də eyni mübarizəni aparırdı. Yehova onlara və bizə kömək məqsədilə həvari Yəhyaya üç məktub yazdırmışdı. Həmin məktublar qarşımıza çıxan maneələri görməyə və onları aşmağa kömək edəcək.
b «Həvari Yəhyanın məktublarının məqsədi» adlı çərçivəyə baxın.
c Bəzi adlar şərtidir.
d Yehovanın Şahidləri tərəfindən nəşr edilən bu kitabı rus və türk dilində tapa bilərsiniz.
e «Gözətçi qülləsi»nin 2018-ci il avqust sayındakı «Bütün faktları bilirsiniz?» adlı məqaləyə baxın.
g ŞƏKLİN İZAHI: Cavan bacı məktəbdə hər addımbaşı homoseksuallığın təbliğatına rast gəlir. (Bəzi mədəniyyətlərdə göyqurşağındakı rənglər homoseksuallığın rəmzi kimi istifadə olur.) Sonra o, əqidəsinə əminliyini möhkəmləndirmək üçün mütaliə edir. Bu ona düzgün qərar verməyə kömək edir.