Məsih öz yığıncağına rəhbərlik edir
“Budur, Mən, dövrün sonuna qədər hər gün sizinləyəm” (MATTA 28:20).
1, 2. a) Dirilmiş İsa davamçılarını şagirdlər hazırlamağa göndərərkən onlara nə və’d etdi? b) İsa, ilk məsihçilərin yığıncağına fəal surətdə necə rəhbərlik edirdi?
DİRİLMİŞ Rəhbərimiz İsa Məsih, göyə qalxmazdan əvvəl şagirdlərinə görünüb dedi: “Göydə və yer üzündə bütün hakimiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin; və budur, Mən, dövrün sonuna qədər hər gün sizinləyəm” (Matta 23:10; 28:18-20).
2 İsa öz davamçılarına şagirdlər hazırlamaq kimi xilasedici işdə iştirak etməyi buyurmaqla bərabər, onlarla olacağını da və’d etdi. “Həvarilərin işləri” kitabında qeyd olunduğu kimi, ilk məsihçilərin tarixi sübut edir ki, yeni təşkil olunan yığıncaqlara rəhbərlik etmək üçün Məsihə Allah tərəfindən səlahiyyət verilmişdir. O, davamçılarını möhkəmlətmək və onlara yol göstərmək üçün, və’d edilmiş “yardımçı”nı, yə’ni müqəddəs ruhu göndərdi (Yəhya 16:7, İ-93; Həvarilərin işləri 2:4, 33; 13:2-4; 16:6-10). Dirilmiş İsa öz tabeliyində olan mələkləri şagirdlərinin köməyinə göndərdi (Həvarilərin işləri 5:19; 8:26; 10:3-8, 22; 12:7-11; 27:23, 24; 1 Peter 3:22). Bundan əlavə, Rəhbərimiz olan Məsih, rəhbərlik şurası kimi tə’yin edilmiş yetkin ağsaqqalların vasitəsilə yığıncağa rəhbərlik edirdi (Həvarilərin işləri 1:20, 24-26; 6:1-6; 8:5, 14-17).
3. Bu məqalədə hansı suallar müzakirə olunacaq?
3 Bəs bu gün - “dövrün sonunda”, İsa məsihçi yığıncağına necə rəhbərlik edir? Onun rəhbərliyinə tabe olmağımız nədən görünür?
Ağanın sadiq qulu var
4. a) “Sadiq və ağıllı qul” kimdir? b) Ağa sadiq qula hansı işi həvalə edib?
4 İştirakının əlamətini təsvir edərək, İsa demişdir: “Belə isə, vaxtlı-vaxtında onlara yemək vermək üçün, ağasının öz nökərlərı üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? O qul nə bəxtiyardır ki, ağası gəldiyi zaman, onu bu cür iş görməkdə tapacaqdır. Sizə doğrusunu deyirəm ki, ağası bütün malikanəsinin idarəsini ona tapşıracaqdır” (Matta 24:45-47). Ağa - Rəhbərimiz olan İsa Məsihdir. O, yer üzündəki malikanəsinə “sadiq və ağıllı qulu”, yə’ni yer üzündə yaşayan məsh edilmiş məsihçiləri tə’yin edib.
5, 6. a) Yəhyanın gördüyü rö’yada “yeddi qızıl çıraqdan” və “yeddi ulduz” nəyi təmsil edir? b) “Yeddi ulduzun” İsanın sağ əlində olmasını necə izah etmək olar?
5 Müqəddəs Kitabın “Vəhy” kitabında sadiq və ağıllı qulun İsa Məsihə tabe olduğu deyilir. Həvari Yəhya “Rəbbin günü” adlı rö’yasında “yeddi qızıl çıraqdan və çıraqdanların arasında... insan oğluna bənzər... sağ əlində yeddi ulduz” olan birini gördü. Bu rö’yanı Yəhyaya izah edərək, İsa dedi: “Sağ əlimdə gördüyün yeddi ulduzun və yeddi qızıl çıraqdanın sirrinə gəlincə, yeddi ulduz yeddi cəmiyyətin mələkləri, yeddi çıraqdan isə yeddi cəmiyyətdir” (Vəhy 1:1, 10-20).
6 “Yeddi qızıl çıraqdan”, 1914-cü ildən başlayan “Rəbbin günündə”ki bütün məsihçi yığıncaqlarını təmsil edir. Bəs “yeddi ulduz” nədir? Bu, ilk növbədə, birinci əsrdəki yığıncaqların qeydinə qalan, ruhdan doğulmuş məsh edilmiş ağsaqqalları təmsil edira. Bu ağsaqqallar İsanın “sağ əlində”, yə’ni onun tabeliyində idilər. Məsih İsa, “sadiq qulu” təmsil edən məsihçilərin yığıncağına rəhbərlik edirdi. Lakin məsh edilmiş ağsaqqalların sayı indi azalıb. Bəs Məsih bütün dünyada Yehovanın Şahidlərinin 93 000-dən artıq yığıncağına necə rəhbərlik edir?
7. a) İsa Rəhbərlik şurasının vasitəsilə yer üzündəki yığıncaqlara necə rəhbərlik edir? b) Nə üçün demək olar ki, məsihçi ağsaqqalları müqəddəs ruhla tə’yin olunurlar?
7 Birinci əsrdə olduğu kimi, bu gün də, müvafiq olan məsh edilmiş ağsaqqallardan ibarət kiçik bir qrup Rəhbərlik şurası, yə’ni “sadiq və ağıllı qulun” nümayəndələri xüsusunda xidmət edirlər. Rəhbərlik şurasının vasitəsilə Rəhbərimiz İsa Məsih, məsh edilib edilmədiyindən asılı olmayaraq, yerli yığıncaqlarda yetkin qardaşları ağsaqqallar kimi tə’yin edir. Onların tə’yinatında Yehovanın İsaya verdiyi müqəddəs ruh ən vacib rolu oynayır (Həvarilərin işləri 2:32, 33). Hər şeydən öncə bu ağsaqqallar, müqəddəs ruhun tə’siri altında Allahın Kəlamında qələmə alınmış tələblərə müvafiq olmalıdırlar (1 Timoteyə 3:1-7; Titusa 1:5-9; 2 Peter 1:20, 21). Namizədlik və tə’yinat, qardaşlar Yehovaya müqəddəs ruhun rəhbərliyi üçün dua etdikdən sonra verilir. Bundan əlavə, başqalarına mə’lumdur ki, məs’ul qardaşlar Allahın ruhunun səmərəsini təzahür etdirirlər (Qalatiyalılara 5:22, 23). Buna görə də, Pavelin məsləhəti məsh edilib edilmədiyindən asılı olmayaraq, bütün ağsaqqallara aiddir: “Özünüzə və bütün sürüyə diqqət edin. Müqəddəs Ruh sizi o sürünün içində nəzarətçi tə’yin etmişdir” (Həvarilərin işləri 20:28). Məs’ul qardaşlar Rəhbərlik şurasından göstərişlər alır və sürüyə, yə’ni yığıncağa könüllü nəzarət edirlər. Bununla da, Məsih bu gün bizimlədir və yığıncaqlara fəal rəhbərlik edir.
8. İsa öz davamçılarına rəhbərlik etmək üçün mələklərdən necə istifadə edir?
8 Bu gün davamçılarına rəhbərlik etmək üçün, İsa mələklərdən də istifadə edir. Buğda və dəlicələr məsəlində göstərildiyi kimi, biçin “dövrün sonunda” olacaq. Ağa biçində kimi istifadə edir? İsanın sözlərinə görə, “biçinçilər mələklərdir”. O əlavə edir: “İnsan Oğlu mələklərini göndərəcəkdir və onlar pis yola çəkən bütün şeyləri və haqsızlıq işlədənləri Onun Padşahlığından toplayacaqlar” (Matta 13:37-41, İ-93). Bir dəfə mələk Filipə istiqamət verərək, həbəşistanlı xədimi tapmaqda ona kömək etdiyi kimi, eləcə də bu gün, Məsih şübhəsiz ki, mələklərin vasitəsilə məsihçilərə həssas qəlbli insanları tapmaqda kömək edir (Həvarilərin işləri 8:26, 27; Vəhy 14:6).
9. a) Məsih bu gün yığıncağına hansı yolla rəhbərlik edir? b) Məsihin rəhbərliyinin bizə fayda gətirməsini istəyiriksə, hansı sualı nəzərdən keçirməliyik?
9 Bu gün İsa Məsihin öz davamçılarına Rəhbərlik şurası, müqəddəs ruh və mələklər vasitəsilə rəhbərlik etdiyini bilmək necə də ruhlandırıcıdır! Hətta tə’qiblər və ya digər şəraitlər üzündən Yehovanın bə’zi xidmətçiləri müvəqqəti olaraq Rəhbərlik şurasından ayrı düşsələr də, Məsih yenə də müqəddəs ruhun və mələklərin vasitəsilə onlara rəhbərlik edir. Lakin Məsihin rəhbərliyi yalnız ona tabe olduğumuz zaman fayda gətirir. Məsihin rəhbərliyinə tabe olduğumuzu necə göstərə bilərik?
“İtaət edin... tabe olun”
10. Yığıncaqda tə’yin edilən ağsaqqallara necə hörmət göstərə bilərik?
10 Rəhbərimiz İsa, yığıncaqlara “insanlar timsalında hədiyyələr” verdi; “kimini müjdəçi, kimini cəmiyyətin gözətçisi və müəllimi tə’yin etdi” (Efeslilərə 4:8, YD, 11, 12). Onlara qarşı münasibətimiz, Məsihin rəhbərliyinə tabe olmağımız barədə çox şey deyir. Məgər Məsihin bizə ruhən yetkin qardaşlar verdiyi üçün “minnətdar” olmalı deyilikmi (Koloslulara 3:15, İ-93). Bu qardaşlar da bizim hörmətimizə layiqdirlər. Həvari Pavel yazırdı: “Cəmiyyəti yaxşı idarə edən ağsaqqallar... ikiqat hörmətə layiq sayılsınlar” (1 Timoteyə 5:17). Yığıncağın ağsaqqallarına minnətdarlıq və hörmətimizi necə göstərə bilərik? Pavel cavab verir: “Öz rəislərinizə itaət edin, onlara tabe olun” (İbranilərə 13:17). Biz itaətkarlıq göstərərək, onlara tabe olmalıyıq.
11. Nəyə görə tə’yin edilən ağsaqqallara göstərdiyimiz hörmət vəftizimizə uyğun yaşayıb yaşamadığımızı göstərir?
11 Rəhbərimiz Məsih kamildir. Hədiyyələr timsalında verdiyi qardaşlar isə yox. Buna görə də onlar bə’zən səhvlərə yol verirlər. Buna baxmayaraq, Məsihin rəhbərliyi vasitəsilə həyata keçirilən quruluşa hörmət etmək çox vacibdir. Əslində, həsr və vəftizimizə müvafiq yaşamaq, yığıncaqda müqəddəs ruh tərəfindən tə’yin olunan hakimiyyəti qəbul etdiyimizi və könüllü surətdə ona tabe olduğumuzu göstərir. “Müqəddəs Ruh naminə” vəftiz olunmaq, müqəddəs ruhun nə olduğunu bildiyimizi və Yehovanın niyyətlərində onun oynadığı rolu insanlar qarşısında e’tiraf etdiyimizi bildirir (Matta 28:19). Bu cür vəftiz, müqəddəs ruhun rəhbərliyinə tabe olduğumuz və onun Məsihin davamçıları arasındakı fəaliyyətinə mane olacaq heç bir şey etmədiyimiz mə’nasını daşıyır. Bir halda ki, ağsaqqalların namizədliyinin irəli sürülməsində və tə’yinatında müqəddəs ruh vacib rol oynayır, yığıncağın ağsaqqallarını dəstəkləməməyimiz həsr olunmamıza sadiq qaldığımızı göstərirmi?
12. Yəhuda hakimiyyətə qarşı hörmətsiz münasibətə dair hansı nümunələri sitat gətirir və bu bizi nəyə öyrədir?
12 Müqəddəs Kitabda itaətkarlığın və tabeçiliyin dəyərli olduğunu göstərən nümunələr var. Yığıncaqdakı məs’ul qardaşlara hörmətsiz yanaşan kəslərə xəbərdarlıq olaraq, Yəhuda üç nümunə gətirir: “Vay onların halına! Çünki onlar Qabilin yolu ilə gedirlər və muzd əldə etmək naminə Bilam [“Balam”, KM] kimi yoldan azırlar və Qorah kimi üsyan etdikləri üçün həlak olurlar” (Yəhuda 11). Qabil, Yehovanın məhəbbətlə verdiyi məsləhətinə əhəmiyyət verməyib, bilərəkdən nifrət və qatillik yoluna qədəm qoydu (Təkvin 4:4-8). Allahın dəfələrlə verdiyi xəbərdarlığa baxmayaraq, Balam öz mənfəəti naminə Allahın xalqını lə’nətləməyə cəhd göstərdi (Saylar 22:5-28, 32-34; Təsniyə 23:5). Korah İsrail xalqı arasında şərəfli mövqeyə malik idi, amma o, bununla kifayətlənmədi. O, Allahın xidmətçisinə - yer üzündə ən təvazökar insan olan Musaya qarşı üsyan qaldırdı (Saylar 12:3; 16:1-3, 32, 33). Qabil, Balam və Korah fəlakətə düçar oldular. Doğrudan da, bu nümunələr bizi, Yehovanın səlahiyyət verdiyi kəsləri dinləməyə və onlara hörmət etməyə öyrədir!
13. Yığıncağın məs’ul ağsaqqallarına tabe olan kəslərə aid İşaya hansı xeyir-duaları əvvəlcədən xəbər vermişdi?
13 Məgər Rəhbərimiz İsanın məsihçilər yığıncağına tə’yin etdiyi ağsaqqalların rəhbərliyinə riayət etməklə xeyir-dualara malik olmağı istəməzdikmi? İşaya peyğəmbər əvvəlcədən demişdir: “Budur, bir padşah doğruluqla padşahlıq edəcək və rəislər ədalətlə hökm edəcəklər. Və insan yeldən saxlanacaq bir yer kimi və tufana qarşı örtülü bir yer kimi, quraq yerdə axar sular kimi, yorucu diyarda böyük qaya kölgəsi kimi olacaq” (İşaya 32:1, 2). Bu ağsaqqallardan hər biri bu cür müdafiə və sığınacaq “yer kimi” olmalıdır. Hakimiyyətə tabe olmaq bizim üçün çətindirsə, gəlin, yığıncaqda Allahın tə’sis etdiyi quruluşa tabe olmaq üçün Ona dua edək.
Ağsaqqalların Məsihin rəhbərliyinə tabe olmaları
14, 15. Yığıncaqda rəhbərliyi üzərlərinə götürən kəslərin Məsihin rəhbərliyinə tabe olduqları nədən görünür?
14 Hər bir məsihçi, xüsusilə də ağsaqqallar, Məsihin rəhbərliyinə tabe olmalıdır. Ağsaqqallar yığıncaqda müəyyən səlahiyyətə malikdirlər. Lakin onlar başqalarının imanı üzərində hakimlik etməyə və onların həyatına nəzarət etməyə çalışmırlar (2 Korinflilərə 1:24). Ağsaqqallar Məsihin bu sözlərinə diqqət yetirirlər: “Millətlərin başçıları onlara hökmdarlıq edərlər və ağaları üzərlərində hakimiyyət sürərlər. Sizin aranızda belə olmamalıdır” (Matta 20:25-27). Ağsaqqallar öz vəzifələrini yerinə yetirməklə, səmimi qəlbdən başqalarına xidmət etməyə çalışırlar.
15 Məsihçilər təşviq olunurlar: “Rəislərinizi yada salın. Onların yaşayışının nəticəsinə baxaraq, imanlarını təqlid edin” (İbranilərə 13:7). Biz bunu, yığıncağın ağsaqqalları rəhbərliyi öz üzərlərinə götürdüklərinə görə etmirik. İsa demişdir: “Rəhbəriniz birdir - Məsihdir” (Matta 23:10, YD). Ağsaqqalların imanını ona görə təqlid etməliyik ki, onlar Rəhbərimiz olan Məsihi təqlid edirlər (1 Korinflilərə 11:1). Gəlin, yığıncaqda bacı-qardaşlarla münasibətdə ağsaqqalların Məsihin xüsusiyyətlərini necə əks etdirməyə çalışdıqlarını nəzərdən keçirək.
16. İsa, malik olduğu hakimiyyətə baxmayaraq, davamçıları ilə necə davranırdı?
16 Məsihin hər şeydə qeyri-kamil insanları ötüb keçməsinə və Atasından tayı-bərabəri olmayan hakimiyyət almasına baxmayaraq, şagirdləri ilə mülayim davranır, biliyini nümayiş etdirərək, özünü onlardan üstün tutmurdu. İsa davamçılarına qarşı həssas və acıyan idi, onların tələbatlarını nəzərə alırdı (Matta 15:32; 26:40, 41; Mark 6:31). O, heç zaman şagirdlərindən bacara bildiklərindən artıq tələb etmirdi, onların üzərinə çox ağır yük də qoymurdu (Yəhya 16:12). İsa “həlim və qəlbdən təvazökar” idi. Onun çox insanlara təravət gətirməsi də təəccüblü deyildi (Matta 11:28-30).
17. Yığıncağın üzvləri ilə münasibətdə, ağsaqqallar Məsihin təvazökarlığını necə təqlid etməlidirlər?
17 Əgər Rəhbərimiz Məsih bu qədər təvazökar idisə, onda yığıncaqda rəhbərliyi öz üzərlərinə götürənlər daha çox təvazökar olmalıdırlar! Onlar malik olduqları səlahiyyətdən sui-istifadə etməkdən çəkinir və nitqləri ilə başqalarında təəssürat oyatmağa çalışmırlar (1 Korinflilərə 2:1, 2). Əksinə, bu qardaşlar Müqəddəs Kitabın həqiqət sözlərini sadəlik və həlimliklə deməyə çalışırlar. Eyni zamanda, ağsaqqallar başqalarının ehtiyaclarını nəzərə alaraq, onlara qarşı tələblərində mülayim olmağa çalışırlar (Filipililərə 4:5). İmkanlarımızın məhdudluğunu bilərək, ağsaqqallar qardaşların qeyri-kamilliyinə görə güzəştə gedirlər (1 Peter 4:8). Məgər həlim və qəlbdən təvazökar ağsaqqallarla ünsiyyətdə olmaq əsl təravət gətirmirmi? Əlbəttə, gətirir.
18. İsanın başqalarına qarşı münasibətindən ağsaqqallar nə öyrənə bilərlər?
18 İsa, hətta uşaqlara qarşı da mülayim idi. Həvariləri İsanın yanına uşaqlar gətirən kəsləri məzəmmət edən zaman, o dedi: “Qoyun uşaqlar Mənim yanıma gəlsinlər”. İsa, “onları qucaqlayıb, əllərini üzərlərinə qoyaraq, xeyir-dua verdi” (Mark 10:13-16). İsa səmimi və xeyirxah adam idi; insanlar ona doğru can atırdılar. Onlar İsadan qorxmurdular. Hətta uşaqlar da özlərini onun yanında rahat hiss edirdilər. Ağsaqqallar da bu cür mülayim, başqalarına qarşı səmimi və xeyirxahdırlar. Hamı, hətta uşaqlar da, onlarla bir yerdə özlərini rahat hiss edirlər.
19. “Məsihin ağlı” nə deməkdir və bunun üçün nə gərəkdir?
19 Ağsaqqalların İsa Məsihi nə dərəcədə təqlid etmələri, onu nə qədər yaxşı tanımalarından asılıdır. Pavel belə bir sual verdi: “Rəbbin ağlını kim dərk etmişdir ki, Ona tə’lim versin?” Sonra o cavab verdi: “Biz isə Məsihin ağlına malikik” (1 Korinflilərə 2:16). Məsihin ağlına malik olmaq, onun düşüncə tərzini və şəxsiyyətinin bütün xüsusiyyətlərini bilmək deməkdir. Bu bizə, İsanın bu və ya digər vəziyyətdə necə davrandığını anlamağa kömək edəcək. Yalnız təsəvvür edin, Rəhbərimiz Məsihi nə dərəcədə yaxşı tanıya bilərik! Amma bunun üçün İsanın həyatı və onun bizə verdiyi nümunə haqqında daima düşünərək, İncili diqqətlə tədqiq etmək lazımdır. Əgər ağsaqqallar Məsihin rəhbərliyinə daha çox riayət etməyə can atırlarsa, o zaman yığıncağın üzvləri onların imanını təqlid etməyi daha çox istəyirlər. Yığıncağın üzvləri sevinclə Rəhbərləri İsanın izləri ilə yeridikdə, ağsaqqallar bundan məmnunluq duyurlar.
Məsihin rəhbərliyinə tabe olmağa davam edin
20, 21. Və’d edilən yeni dünyanı gözləyərkən biz nəyə qəti qərarlı olmalıyıq?
20 Məsihin rəhbərliyinə həmişə tabe olmaq bizim üçün həyati vacibdir. İndiki sisteminin sonu yaxınlaşdıqca bizim vəziyyətimiz, b. e. ə. 1473-cü ildə Moab düzənliyində israillilərin başına gələn vəziyyətə çox oxşayır. Onlar və’d edilən diyarın astanasında ikən, Allah öz peyğəmbəri Musanın vasitəsilə dedi: “Rəbbin atalarına vermək üzrə onlara and etdiyi diyara.... sən [Yeşu] girəcəksən (Təsniyə 31:7, 8). Yeşu İsrailə rəhbər tə’yin olundu. Və’d edilən diyara daxil olmaq üçün, Yeşunun rəhbərliyinə tabe olmaq lazım idi.
21 Müqəddəs Kitab bizə deyir: “Rəhbəriniz birdir - Məsihdir”. Allahın və’d etdiyi salehlik ömür sürəcək yeni dünyasına yolu bizə yalnız Məsih göstərəcək (2 Peter 3:13). Buna görə də, gəlin həyatımızın bütün sahələrində Məsihin rəhbərliyinə tabe olmağa qəti qərarlı olaq.
[Haşiyə]
a Burada “ulduzlar” mələkləri təmsil etmir. İsa, çətin ki, gözə görünməz ruhani varlıqlara mə’lumat vermək üçün insandan istifadə edəydi. Buna görə də “ulduzlar”, İsanın elçiləri rolunu oynayan yer üzündəki ağsaqqalları təmsil edir. Burada yeddi sayı, Allahın nöqteyi-nəzərindən tamlığı göstərir.
Xatırlayırsınızmı?
• Məsih ilk məsihçi yığıncaqlarına necə rəhbərlik edirdi?
• Məsih yığıncaqlara bu gün necə rəhbərlik edir?
• Yığıncaqda rəhbərliyi öz üzərlərinə götürən kəslərə nə üçün tabe olmalıyıq?
• Ağsaqqalların Məsihi öz Rəhbərləri kimi qəbul etməkləri nədən görünür?
[15-ci səhifədəki şəkil]
Məsih ağsaqqalları sağ əlində tutaraq öz yığıncağına rəhbərlik edir.
[16-cı səhifədəki şəkillər]
“Öz rəislərinizə itaət edin... onlara tabe olun”.
[18-ci səhifədəki şəkil]
İsa sadə və mülayim insan idi. Məsihçi ağsaqqalları onu təqlid etməyə can atırlar.