Məsih yığıncaqlara deyir
“Yeddi ulduzu sağ əlində tutan... belə deyir” (VƏHY 2:1).
1, 2. İsanın Kiçik Asiyadakı yeddi yığıncağa dediyi sözlərilə nə üçün maraqlanmalıyıq?
YEHOVANIN vahid Oğlu İsa Məsih məsihçi yığıncağının Başıdır. Məsh edilmiş davamçılarının yığıncağında nöqsansızlığı qorumaq üçün Məsih başçılıq vəzifəsindən istifadə edərək, onları tə’rifləyir və islah edir (Efeslilərə 5:21-27). Buna nümunə, “Vəhy” kitabının 2-ci və 3-cü fəsilləridir. Orada İsanın Kiçik Asiyadakı yeddi yığıncağa göndərdiyi tə’sirli və məhəbbət dolu məktublarını oxuyuruq.
2 Həvari Yəhya İsanın yeddi yığıncağa dediyi sözləri eşitməzdən əvvəl, ‘Rəbbin gününə’ dair rö’ya gördü (Vəhy 1:10). Həmin “gün” 1914-cü ildə Xilaskar Padşahlığın qurulduğu zaman başlandı. Deməli, Məsihin yığıncaqlara dediyi sözlər bu son günlər üçün böyük əhəmiyyət kəsb edir. Onun məsləhət və ürək-dirək verməsi yaşadığımız çətin günlərdə tab gətirməyimizə kömək edir (2 Timoteyə 3:1-5).
3. Həvari Yəhyanın gördüyü “ulduzlar”, “mələklər” və “qızıl çıraqdanlar” hansı məcazi mə’nanı daşıyır?
3 Yəhya rö’yasında “yeddi ulduzu sağ əlində tutan, yeddi qızıl çıraqdanın”, yə’ni yığıncaqların “arasında yeriyən” izzətlənmiş İsa Məsihi gördü. “Yeddi ulduz yeddi cəmiyyətin mələkləri”dir (Vəhy 1:20; 2:1). Bə’zən ulduzlar ruhani varlıqlar olan mələkləri təmsil edir, lakin ruhani varlıqlara hansısa xəbəri çatdırmaq üçün, Məsih insandan istifadə etməzdi. Buna görə də belə qənaətə gəlmək məntiqə uyğundur ki, “ulduzlar” altında məsh edilmiş nəzarətçilərdən ibarət olan ağsaqqallar şurası nəzərdə tutulur. “Mələklər” ifadəsi isə onların müjdəçilər rolunu vurğulayır. Allahın təşkilatının böyüməsi ilə əlaqədar, “sadiq... nökərbaşı” İsanın “başqa qoyunların”dan da məqbul kişiləri nəzarətçilər kimi tə’yin edib (Luka 12:42-44; Yəhya 10:16).
4. Məsihin yığıncaqlara dediklərinə diqqət yetirmək ağsaqqallara hansı faydanı gətirir?
4 “Ulduzlar” İsanın sağ əlindədir, yə’ni onun hakimiyyəti, nəzarəti, müdafiəsi və iltifatı altındadırlar. Buna görə də onlar İsaya hesabat verməlidirlər. Müasir ağsaqqallar İsanın yeddi yığıncaqdan hər birinə dediyi sözlərə diqqət yetirərək, oxşar vəziyyətləri həll etməyi öyrənirlər. Əlbəttə ki, hər bir məsihçi Allahın Oğlunu dinləməlidir (Mark 9:7). Məsihin yığıncaqlara dediklərinə diqqət yetirərək biz nə öyrənə bilərik?
Efesdəki mələyə
5. Efesin necə şəhər olduğunu təsvir edin.
5 Efesdəki yığıncaq İsanın həm tə’rifinə, həm də məzəmmətinə layiq idi. (Vəhy 2:1-7 ayələrini oxuyun.) Kiçik Asiyanın qərb sahilində yerləşən ticarət və din mərkəzi olan bu varlı şəhərdə Artemida ilahəsinin şərəfinə böyük mə’bəd ucaldılmışdı. Efesdə əxlaqsızlığın, yalançı dinin və cadugərliyin çiçəklənməsinə baxmayaraq, Allah bu şəhərdə həvari Pavelin və başqa məsihçilərin xidmətinə xeyir-dua verirdi (Həvarilərin işləri, 19-cu fəsil).
6. Müasir məsihçilər hansı sahədə qədim Efesdə yaşayan məsihçilər kimi davranırlar?
6 Məsih Efesdəki yığıncağı tə’rif edərək dedi: “Sənin əməllərindən, əməyindən, təhəmmülündən və pis adamlara tab gətirə bilmədiyindən xəbərdaram. Həvari olmadıqları halda, özlərini həvari adlandıranları sınaqdan çıxartdın və onların yalançı olduğunu müəyyən etdin”. İsanın həqiqi davamçılarının müasir yığıncaqları da xeyirxah işləri, sə’ylə çalışmaları və dözümləri ilə tanınırlar. Onlar özlərini həvari kimi qələmə vermək istəyən yalançı qardaşlara təhəmmül etmirlər (2 Korinflilərə 11:13, 26). Efeslilər kimi, bizim günlərdə yaşayan sadiq məsihçilər də ‘pis adamlara tab gətirə bilmirlər’. Bu səbəbdən, Yehovaya ibadəti təmiz saxlamaq və yığıncağı qorumaq üçün, onlar tövbə etməyən dönüklərlə ünsiyyətdə olmurlar (Qalatiyalılara 2:4, 5; 2 Yəhya 8-11).
7, 8. Efesdəki yığıncaqda hansı ciddi problem vardı və buna bənzər vəziyyətləri necə həll edə bilərik?
7 Lakin Efesdəki məsihçilərin ciddi problemi vardı. İsa demişdi: “Səndən bir şikayətim vardır: sən ilk məhəbbətindən əl çəkmisən”. Yığıncağın üzvlərinə Yehovaya bəslədikləri ilk məhəbbəti alovlandırmaq lazım idi (Mark 12:28-30; Efeslilərə 2:4; 5:1, 2). Həqiqətən də, hər birimiz Allaha olan ilk məhəbbətimizi itirməmək üçün ehtiyatlı olmalıyıq (3 Yəhya 3). Bəs əgər varlanmaq, zövq dalınca düşmək və ya bu kimi istəklər həyatımızda birinci yerdə durursa, necə? (1 Timoteyə 4:8; 6:9, 10). Onda biz Yehovaya sidqi-ürəkdən dua etməliyik ki, bu kimi meylləri aradan qaldırmaqda və Ona dərin məhəbbət, həmçinin Onun və Oğlunun etdikləri hər bir şey üçün minnətdarlıq inkişaf etdirməyə kömək etsin (1 Yəhya 4:10, 16).
8 Məsih efesliləri təşviq edirdi: “Haradan düşdüyünü yadda saxla, tövbə et və əvvəlcə etdiklərinə əməl et”. Bəs əgər onlar bunu etməzlərsə, necə? İsa dedi: “Əks halda... yanına gəlib, çıraqdanını yerindən götürüb, aparacağam”. Əgər qoyunların hamısı ilk məhəbbətlərini itirsəydilər, onda “çıraqdan”, yə’ni yığıncaq olmazdı. Yığıncağımız ruhani işıqla şəfəq saçsın deyə, gəlin bundan sonra da çalışqan məsihçilər kimi bütün qüvvəmizi sərf edək (Matta 5:14-16).
9. Təriqətçiliyə necə yanaşılmalıdır?
9 Efeslilərin ‘nikolaçıların əməllərinə nifrət etmələri’ tə’rifə layiq idi. “Vəhy” kitabında deyilənlərdən savayı, bu təriqətin başlanğıcı, tə’limləri və adətləri haqqında heç nə mə’lum deyil. Lakin İsa insanların ardınca gedən kəsləri mühakimə etdiyi üçün, Efesdəki məsihçilər kimi, biz də təriqətçiliyə nifrət etməliyik (Matta 23:10).
10. Ruhun dediklərinə diqqət yetirən kəsləri hansı gələcək gözləyir?
10 Məsih dedi: “Qulağı olan, Ruhun cəmiyyətlərə nə dediyini eşitsin”. İsa yer üzündə olanda Allahın ruhunun tə’siri altında danışırdı (İşaya 61:1; Luka 4:16-21). Bunun kimi biz də, Allahın müqəddəs ruhdan istifadə edərək İsanın vasitəsilə dediklərinə diqqət yetirməliyik. İsa ruhun rəhbərliyi altında və’d etdi: “Qalib gələnə Allahın cənnətindəki həyat ağacından yeməyə icazə verəcəyəm”. Bu, ruhun dediyinə diqqət yetirən məsh edilmişlər üçün “Allahın [səmavi] cənnətində”, yə’ni Yehovanın hüzurunda ölməzlik deməkdir. Ruhun dediyinə qulaq asan “böyük izdihamın” üzvləri də yer üzündə olacaq Cənnətdə yaşayacaq, orada “həyat suyu axan çay”dan içəcək və ‘ağacın yarpaqlarının’ köməyi ilə şəfa tapacaqlar (Vəhy 7:9; 22:1, 2; Luka 23:43).
11. Yehovaya olan məhəbbət alovunu qorumaqda hansı köməyi göstərə bilərik?
11 Efeslilər birinci məhəbbətlərini itirmişdilər, buna bənzər vəziyyət bu gün yığıncaqlarda yaranarsa, necə? Gəlin, bacı-qardaşlarımızla Yehovanın məhəbbət dolu yolları haqqında söhbət edərək, Ona olan məhəbbət alovunu sönməyə qoymayaq. Məsələn, Allahın öz əziz Oğlunu fidiyə kimi verərək bizə göstərdiyi məhəbbətə görə minnətdarlığımızı ifadə edə bilərik (Yəhya 3:16; Romalılara 5:8). Bundan əlavə, yeri gələndə yığıncaq görüşlərindəki şərhlərimizdə və proqramın bəndlərində Allahın məhəbbəti haqqında xatırlada bilərik. Biz Yehovaya olan məhəbbətimizi, məsihçi xidmətində Onun adını izzətləndirməklə də göstərə bilərik (Məzmur 145:10-13). Bəli, yığıncağın ilk məhəbbətini alovlandırmaq və ya gücləndirmək üçün sözlərimiz və əməllərimizlə çox şey edə bilərik.
İzmirdəki mələyə
12. Tarixdən İzmir və orada mövcud olan dini adətlər haqqında nə mə’lumdur?
12 “Ölüb, təkrar Dirilən, Birinci və Axırıncı olan” Məsih İzmirdəki yığıncağı tə’riflədi. (Vəhy 2:8-11 ayələrini oxuyun.) İzmir (köhnə adı Smirna) Kiçik Asiyanın qərb sahilində yerləşirdi, əhalisini isə yunanlar təşkil edirdi. B. e. ə. 580-ci ildə şəhər lidiyalılar tərəfindən məhv edildi. Makedoniyalı İsgəndərin xələfləri şəhəri yeni bir sahədə bərpa etdilər. Şəhər Roma vilayətinin tərkibinə daxil edildi və gözəl ictimai binaları ilə tanınan, çiçəklənən ticarət mərkəzinə çevrildi. Qeysər Tiberiyaya həsr olunmuş mə’bədin sayəsində, şəhər imperatora ibadətin mərkəzi oldu. İmperatora ibadət edənlər bir çimdik buxur yandırıb, “Qeysər Rəbbdir” deməli idilər. Məsihçilər bunu edə bilməzdilər, çünki onlar üçün “İsa Rəbbdir”. Bu səbəbdən onlar böyük sıxıntılarla qarşılaşırdılar (Romalılara 10:9).
13. İzmirdəki məsihçilər maddi yoxsulluğa baxmayaraq, hansı mə’nada zəngin idilər?
13 İzmirdəki məsihçilər sıxıntılardan savayı, yoxsulluğa da tab gətirirdilər. Ola bilsin, imperatora ibadət etməkdən imtina etdiklərinə görə, iqtisadi məhdudiyyətlərlə qarşılaşırdılar. Yehovanın müasir xidmətçiləri də bu cür sınaqlardan uzaq deyillər (Vəhy 13:16, 17). İzmirdəki məsihçilərə bənzəyənlər maddi cəhətdən kasıb olsalar da, ruhani cəhətdən zəngindirlər. Elə vacib olan da budur! (Süleymanın məsəlləri 10:22; 3 Yəhya 2).
14, 15. Məsh edilmişlər Vəhy 2:10 ayəsindən hansı təsəllini ala bilərlər?
14 İzmirdə yaşayan yəhudilərin əksəriyyəti “şeytan yığnağı” idi, çünki onlar Müqəddəs Yazılara zidd gedən adətlərə tabe olur, Allahın Oğlunu rədd edir və onun ruhla doğulmuş davamçılarını söyürdülər (Romalılara 2:28, 29). Lakin məsh edilmişlər Məsihin növbəti sözlərindən böyük təsəlli əldə edə bilərlər! O deyir: “Çəkəcəyin ələmlərdən qorxma. Budur, iblis sizlərdən bə’zilərini zindana atacaq ki, imtahan olunasınız. Və siz on gün əzab içində olacaqsınız. Ölüm bahasına da olsa sadiq qal, Mən sənə həyat tacını verəcəyəm” (Vəhy 2:10).
15 İsa Yehovanın hökmranlığı naminə ölməkdən qorxmadı (Filipililərə 2:5-8). Bizim günlərdə Şeytan məsh edilmiş qalığa qarşı müharibə aparsa da, onlar bir qrup kimi sıxıntılardan, həbsə atılmaqdan və vəhşicəsinə qətlə yetirilməkdən qorxmurlar (Vəhy 12:17). Onlar dünyaya qalib gələcəklər. Bütpərəst oyunlarda qalib gələnlərə verilən çiçəklərdən hörülmüş solan tac əvəzinə, Məsih dirilən məsh edilmişlərə “həyat tacı”, yə’ni göylərdə ölməzlik verəcəyini və’d edir. Necə də qiymətli bəxşişdir!
16. Əgər bizim də yığıncaq qədim İzmirdəki yığıncağın qarşılaşdığı çətinliklərlə qarşılaşırsa, diqqətimizi hansı məsələyə yönəltməliyik?
16 İstər səmavi, istərsə də yer üzündə yaşamaq ümidinə sahib olaq, qədim İzmirdəki yığıncağın üzvlərinin qarşılaşdığı kimi, bizim yığıncağımız da bu kimi çətinliklərlə qarşılaşa bilər. Əgər belə çətinliklər yaranarsa, gəlin qardaşlarımıza kömək edək ki, diqqətlərini Allahın tə’qiblərə nəyə görə yol verməsinin əsas səbəbinə, yə’ni hökmranlıq məsələsinə yönəltsinlər. Nöqsansızlığını qoruyan hər bir Yehovanın Şahidi Şeytanın yalançı olduğunu və hər kəsin, hətta tə’qiblər zamanı belə Kainatın Hökmranı kimi Allahın idarə etmək hüququnun sarsılmaz tərəfdarı ola biləcəyini sübut edir (Süleymanın məsəlləri 27:11). Gəlin başqa məsihçiləri tə’qiblər zamanı cəsarətli olmağa təşviq edək ki, bundan sonra da “qorxmadan qüdsiyyət və salehliklə bütün ömrümüz boyu”, hətta əbədiyyət boyu “[Yehovanın] hüzurunda ibadət edək” (Luka 1:68, 69, 74, 75).
Perqamadakı mələyə
17, 18. Perqama hansı ibadətin mərkəzi idi və bu cür bütpərəstlikdən imtina etməyin sonu nə ola bilərdi?
17 Perqamadakı yığıncaq həm tə’rif, həm də məzəmmət aldı. (Vəhy 2:12-17 ayələrini oxuyun.) Perqama İzmirdən təxminən 80 km şimalda yerləşirdi və şəhər bütpərəst dinlərlə dolu idi. Görünür, gildanlı cadugərlər (astroloqlar) Babildən buraya qaçmışdılar. Xəstə insanlar şəfa və təbabət tanrısı sayılan Asklepiyanın Perqamadakı məşhur mə’bədinə axışırdılar. Perqamada həmçinin qeysər Avqusta ibadət etmək üçün mə’bəd var idi və şəhər “imperiyanın ilk illərində imperatora ibadətin baş mərkəzi” hesab olunurdu (“Encyclopædia Britannica”, 1959-cu il, 17-ci cild, səh. 507).
18 Perqamada Zevsə həsr olunmuş qurbangah yerləşirdi. Bundan başqa, şəhər insanları ilahiləşdirən iblisanə mərkəzə çevrilmişdi. İsa əbəs yerə deməmişdi ki, Perqama məsihçiləri “şeytanın taxtı olan yerdə” yaşayırlar! Yehovanın hökmranlığının tərəfdarları üçün, imperatora ibadətdən imtina etmək həyatları bahasına başa gələ bilərdi. Dünya əvvəlki kimi İblisin hakimiyyəti altındadır və insanlar milli rəmzləri bütlərə çevirirlər (1 Yəhya 5:19). Məsihin dediyi kimi, birinci əsrdən bizim günlərə qədər, bir çox sadiq məsihçilər əzablı ölümlə ölmüşlər. O demişdir: “Antipa isə, Mənim sadiq şahidim idi. O... sizin aranızda öldürüldü”. Yehova Allah və İsa Məsih, sözsüz ki, bu cür sadiq xidmətçiləri unutmurlar (1 Yəhya 5:21).
19. Balam nə etdi və bütün məsihçilər nədən qorunmalıdırlar?
19 Məsih həmçinin “Bilamın [Balam] tə’limini” də xatırlatdı. Maddi mənfəəti üçün acgözlüklə çalışan yalançı peyğəmbər Balam İsraili lə’nətləməyə çalışdı. Yehova onun lə’nətini xeyir-duaya çevirəndə, Balam Moab padşahı Balakla əlbir olub israillilərdən bir çoxunu bütpərəstliyə və cinsi əxlaqsızlığa təhrik etdi. Balamın hərəkətlərinə qarşı duran Finehas kimi, məsihçi ağsaqqalları da düzgünlük uğrunda möhkəm durmalıdırlar (Saylar 22:1–25:15; 2 Peter 2:15, 16; Yəhuda 11). Ümumiyyətlə, bütün məsihçilər bütpərəstlikdən qorunmalı və yığıncağa cinsi əxlaqsızlığın daxil olmasına yol verməməlidirlər (Yəhuda 3, 4).
20. Əgər məsihçi dönük nöqteyi-nəzərləri qəbul etməyə başlayırsa, o, nə etməlidir?
20 Perqamadakı yığıncaq böyük təhlükə altında idi, çünki bu yığıncaqda “nikolaçıların tə’liminə riayət edənlər vardı”. Məsih yığıncağa dedi: “Tövbə eylə. Əks təqdirdə, tezliklə sənin yanına gəlib, onlarla Öz ağzımın qılıncı ilə döyüşəcəyəm”. Təriqətçilər məsihçilərə ruhani cəhətdən xətər yetirmək arzusundadırlar, ayrılıq salmağa və təriqətçiliyi yaymağa çalışan kəslər isə Allahın Padşahlığını miras almayacaqlar (Romalılara 16:17, 18; 1 Korinflilərə 1:10; Qalatiyalılara 5:19-21). Əgər hansısa məsihçi dönük nöqteyi-nəzərləri qəbul edir və onları yaymaq istəyirsə, ona Məsihin xəbərdarlığına diqqət yetirmək lazımdır! O, bəladan azad olmaq üçün tövbə etməli və yığıncağın ağsaqqallarından ruhani kömək istəməlidir (Yaqub 5:13-18). İsa hökm kəsmək üçün tezliklə gələcəkdir, bu səbəbdən ləngimədən hərəkət etmək lazımdır.
21, 22. “Gizli saxlanan mannanı” kimlər dadacaq və bu nəyi təmsil edir?
21 Məsh edilmiş sadiq məsihçilərə və onların vəfalı həmkarlarına gələcək hökmdən qorxmaq lazım deyil. Allahın müqəddəs ruhunun rəhbərliyi altında İsanın verdiyi öyüdə diqqət yetirən kəslərin hamısını xeyir-dualar gözləyir. Məsələn, dünyaya qalib gələn məsh edilmişlər “gizli saxlanan manna yeməyə” də’vət ediləcək və onlara “üzərində yeni bir ad yazılmış” “ağ daş” veriləcək.
22 Allah israilliləri səhradakı 40 illik səyahət ərzində manna ilə bəsləmişdi. Bu “çörəyin” bir qismi səyyar mə’bəddə, əhd sandığının içində qızıl qabda saxlanılırdı və beləliklə də Müqəddəslər müqəddəsi adlanan yerdə — Yehovanın iştirakını təmsil edən və mö’cüzəli şəkildə işıq saçan yerdə gizlədilirdi (Çıxış 16:14, 15, 23, 26, 33; 26:34; İbranilərə 9:3, 4). Gizlədilmiş mannanı yeməyə heç kimə icazə verilmirdi. Lakin İsanın məsh edilmiş davamçıları dirildikdən sonra ölməzliyi alacaqları üçün, məcazi mə’nada desək, “gizli saxlanan mannanı” yeyəcəklər (1 Korinflilərə 15:53-57).
23. “Ağ daş” və “yeni ad” hansı mə’nanı daşıyır?
23 Roma məhkəməsində qara daş ittiham, ağ daş isə bəraət hökmünü göstərirdi. Qalib gələn məsh edilmiş məsihçilərə İsanın verdiyi “ağ daş” onu göstərir ki, İsa onları günahsız, təmiz və ləkəsiz olaraq qəbul edir. Romalılar balaca daşları müxtəlif vacib tədbirlərə giriş üçün istifadə etdiklərindən, “ağ daş” məsh edilmişlərin Quzunun nikahı zamanı göydə yer almaq imkanlarını təmsil edə bilər (Vəhy 19:7-9). “Yeni ad” isə, ehtimal ki, səmavi Padşahlığın həmvarisləri olaraq göydə İsa ilə birləşmək kimi nadir imkanla bağlıdır. Bütün bunlar məsh edilmişləri, həmçinin onlarla birlikdə Yehovaya xidmət edən və yer üzündə Cənnətdə yaşamaq ümidinə sahib olan həmkarlarını necə də ruhlandırır!
24. Dönüklüyə dair biz hansı mövqeyi tutmalıyıq?
24 Perqamadakı yığıncağın dönüklər ucbatından təhlükəyə uğradığını yadda saxlamaq müdrik davranışdır. Əgər bu cür vəziyyət yığıncağımızın rifahı üçün təhlükə yaradırsa, gəlin dönüklüyü tamamilə rədd edib, həqiqətdə yeriməyə davam edək (Yəhya 8:32, 44; 3 Yəhya 4). Yalançı müəllimlər və dönüklüyə meylli kəslər bütün yığıncağı yoldan çıxara bilərlər. Buna görə də yol verməli deyilik ki, yalan əqidələr həqiqətə tabe olmağımıza mane olsun və biz qətiyyətlə dönüklərə qarşı durmalıyıq (2 Yəhya 8-11; Qalatiyalılara 5:7-12).
25. Növbəti məqalədə Məsihin hansı yığıncaqlara ünvanladığı məktubları müzakirə edəcəyik?
25 İzzətlənmiş İsa Məsihin Kiçik Asiyada yerləşən yeddi yığıncaqdan üçünə dediyi tə’rif və nəsihət sözləri doğrudan da düşünməyə vadar edir! Lakin müqəddəs ruhun rəhbərliyi altında İsa qalan dörd yığıncağa daha çox şey deməyə hazırdır. Tiatira, Sardis, Filadelfiya və Laodikiya yığıncaqlarına ünvanlanmış bu məktubları növbəti məqalədə müzakirə edəcəyik.
Siz necə cavab verərdiniz?
• Məsihin yığıncaqlara dediyi sözlərə biz nə üçün diqqət yetirməliyik?
• Yığıncağın ilk məhəbbətini alovlandırmaq üçün biz nə edə bilərik?
• Nəyə görə deyə bilərik ki, qədim İzmirdə maddi yoxsulluq içində olan məsihçilər əslində zəngin idilər?
• Perqama yığıncağındakı vəziyyəti nəzərə alsaq, dönük nöqteyi-nəzərlərə necə yanaşmalıyıq?
[8-ci səhifədəki xəritə]
(Xəritəyə nəşrin özündə baxın)
YUNANISTAN
KİÇİK ASİYA
Efes
İzmir
Perqama
Tiatira
Sardis
Filadelfiya
Laodikiya
[10-cu səhifədəki şəkil]
“Böyük izdiham” yer üzündə qurulacaq Cənnəti miras alacaq.
[11-ci səhifədəki şəkillər]
Tə’qib olunan məsihçilər dünyaya qalib gəlirlər.