ƏLAVƏLƏR
«Böyük Babil» nədir?
«VƏHY» kitabındakı bə’zi ifadələri hərfi mə’nada başa düşmək lazım deyil. Məsələn, orada alnında «Böyük Babil» yazılan fahişə bir qadından bəhs edilir. Bu qadın «xalqlar və millətlər» üzərində oturub (Vəhy 17:1, 5, 15). Tamamilə aydındır ki, bu təsvir həqiqi qadına uyğun gəlmir. Deməli, Böyük Babil simvolik mə’na daşıyır. Bəs bu simvolik fahişə nəyi təmsil edir?
Bu simvolik qadın Vəhy 17:18 ayəsində ‘yer üzünün hökmdarları üzərində şahlıq edən böyük şəhər’ adlanır. «Şəhər» dedikdə təşkil olunmuş insan qrupu nəzərdə tutulur. Bu ‘böyük şəhər’ ‘yer üzünün hökmdarlarını’ idarə etdiyi üçün, «Böyük Babil» adlı qadın beynəlxalq miqyaslı nüfuza sahib olan təşkilatdır. Onu dünya imperiyası adlandırmaq düzgün olardı. Bəs o necə imperiyadır? Dini. Gəlin «Vəhy» kitabının bunu necə təsdiq etdiyini nəzərdən keçirək.
Siyasi, dini və ticarət imperiyaları mövcuddur. «Böyük Babil» adlı qadın siyasi imperiya ola bilməz, çünki Allahın Kəlamında ‘yerin hökmdarlarının’, yə’ni bu dünyanın siyasi qüvvələrinin ‘onunla cinsi əxlaqsızlıq’ etdikləri deyilir. Bu qadının əxlaqsızlığı ondan ibarətdir ki, o, bu dünyanın hakimləri ilə müqavilələr bağlayır. Elə buna görə də, o, ‘böyük fahişə’ adlanır (Vəhy 17:1, 2; Yaqub 4:4).
Böyük Babil ticarət imperiyası da ola bilməz, çünki «dünyanın tacirləri», yə’ni ticarət təşkilatları bu simvolik şəhər məhv olunduqda onun üçün göz yaşları tökəcəklər. Bundan əlavə, Müqəddəs Kitabda hökmdarların və tacirlərin «uzaqda durub» Böyük Babilə baxdıqları deyilir (Vəhy 18:3, 9, 10, 15-17). Bunlar göstərir ki, Böyük Babil siyasi və ya ticarət deyil, dini imperiyadır.
Böyük Babilin dini təmsil etməsinin daha bir sübutu var. «Vəhy» kitabında bu şəhərin bütün xalqları ‘sehrbazlıqla’, yə’ni spiritizmlə aldatdığı deyilir (Vəhy 18:23). Spiritizmin bütün növləri dinlə və cinlərlə əlaqəli olduğu üçün, Müqəddəs Kitabda Böyük Babilin «cinlərin məskəni» adlanmasının səbəbi aydındır (Vəhy 18:2; Qanunun təkrarı 18:10-12). Bu imperiya həqiqi dinə düşməncəsinə yanaşır, ‘peyğəmbərləri’ və ‘müqəddəsləri’ tə’qib edir (Vəhy 18:24). Böyük Babilin həqiqi dinə olan nifrəti o qədər güclüdür ki, bu simvolik fahişə ‘İsanın şahidlərini’ amansız tə’qiblərə mə’ruz qoyur və hətta onları qətlə yetirir (Vəhy 17:6). Göründüyü kimi, «Böyük Babil» adlı bu qadın yalan dinin dünya imperiyasını, yə’ni Yehova Allaha qarşı çıxan bütün dinləri təmsil edir.