ƏLAVƏLƏR
Hökm günü nədir?
HÖKM gününü necə təsəvvür edirsiniz? Çoxları elə düşünür ki, həmin gün milyardlarla insan Allahın taxtı qarşısında duracaq və hər bir insana hökm kəsiləcək. Bə’ziləri mükafat olaraq göylər səadətinə qovuşacaq, digərləri isə əbədi işgəncələrə mə’ruz qalacaqlar. Lakin Müqəddəs Kitab bunu öyrətmir. Hökm günü Allahın Kəlamında dəhşətli bir vaxt kimi deyil, ümid və dirçəliş dövrü kimi təsvir edilir.
Həvari Yəhya Vəhy 20:11, 12 ayələrində Hökm gününü belə təsvir edir: «Böyük ağ bir taxt və onda Oturanı gördüm. Yer və göy Onun hüzurundan qaçdı; və onlar üçün bir məkan tapılmadı. Və mən, ölüləri, kiçikləri və böyükləri taxtın qarşısında duran gördüm. Tumarlar açıldı və həyat kitabı olan başqa bir tumar da açıldı. Ölülər, kitablarda yazılanlara əsasən, öz əməllərinə görə mühakimə olundu». Bəs insanları kim mühakimə edəcək?
Bəşəriyyətin Ali Hakimi Yehova olsa da, O, hökm etmək səlahiyyətini başqasına həvalə etmişdir. Kimə? Həvari Pavelin dediklərinə əsasən, «Allah elə bir gün tə’yin etdi ki, o gün seçdiyi Adam vasitəsi ilə dünyaya ədalətlə hökm edəcəkdir» (Həvarilərin işləri 17:31). Tə’yin olunmuş bu Hakim — dirildilmiş İsa Məsihdir (Yəhya 5:22). Hökm günü nə zaman başlanacaq? O nə qədər davam edəcək?
«Vəhy» kitabından öyrənirik ki, Hökm günü Har-Megidon müharibəsində Şeytanın sisteminin məhv edilməsindən sonra başlanacaqa (Vəhy 16:14, 16; 19:19–20:3). Har-Megidondan sonra Şeytan və onun cinləri min illiyə dibsiz dərinliyə atılacaqlar. İsanın 144 000 həmvarisi «Məsih ilə bərabər min il» padşahlıq və hökm edəcək (Vəhy 14:1-3; 20:1-4; Romalılara 8:17). Göründüyü kimi, Hökm günü 24 saat deyil, min il sürəcək.
Bu müddət ərzində İsa Məsih «dirilərə və ölülərə hökm edəcək» (2 Timoteyə 4:1). ‘Dirilər’ — Har-Megidondan sağ çıxan ‘böyük izdihamdır’ (Vəhy 7:9-17). Həvari Yəhya hökm olunmaq üçün «taxtın qarşısında duran» ölüləri də görmüşdü. İsanın və’d etdiyi kimi, «qəbirlərdə olanların hamısı Onun [Məsihin] səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar», yə’ni diriləcəklər (Yəhya 5:28, 29; Həvarilərin işləri 24:15). İnsanlara nəyin əsasında hökm olunacaq?
Həvari Yəhyanın görüntüsündən öyrənirik ki, «tumarlar açıldı» və «ölülər, kitablarda yazılanlara əsasən, öz əməllərinə görə mühakimə olundu». Bu tumarlarda keçmişdə işlədilən günahlarmı yazılıb? Xeyr, insanlara ölməzdən əvvəl işlətdikləri günahlara görə hökm olunmayacaq. Biz bunu haradan bilirik? Müqəddəs Kitabda deyilir: «Ölmüş adam günahdan azad olmuşdur» (Romalılara 6:7). Buna görə də, məcazi dildə desək, dirilənlərin həyatı yeni səhifədən başlayacaq. Deməli, burada xatırlanan tumarlar — Allahın gələcəkdə verəcəyi göstərişlərdir. Həm Har-Megidondan sağ çıxanların, həm də dirilənlərin əbədi yaşamaları Allahın əmrlərinə, o cümlədən Yehovanın min il ərzində verəcəyi yeni göstərişlərə əməl etmələrindən asılıdır. Gördüyümüz kimi, insanlara Hökm günü ərzində edəcəkləri əməllərinə görə hökm olunacaq.
Hökm günündə milyonlarla insan Allahın iradəsi ilə ilk dəfə tanış olacaq və Onun normalarına uyğun yaşaya biləcək. Bu, ümumdünya maarifləndirmə işinin sayəsində mümkün olacaq. Həqiqətən də, «dünyanın sakinləri doğruluğu» öyrənəcəklər (Yeşaya 26:9). Ancaq hamı Allahın iradəsini yerinə yetirmək istəməyəcək. Yeşaya 26:10 ayəsində deyilir: «Pis adama rəhm etsələr də, o, doğruluğu öyrənməz, doğruluq hökm sürən ölkədə də haqsızlıq edər, Rəbbin böyüklüyünü görməz». Hökm günü ərzində bütün pis insanlar əbədiyyən məhv ediləcək (Yeşaya 65:20).
İnsanlar Hökm gününün sonunda günahdan azad olunacaq və sözün əsl mə’nasında ‘həyata qayıdacaqlar’ (Vəhy 20:5). Bəşəriyyətə başlanğıcdakı kamillik qaytarılacaq (1 Korinflilərə 15:24-28). Sonra sonuncu sınaq başlanacaq. Şeytan dibsiz dərinliklərdən azad ediləcək və axırıncı dəfə insanları azdırmağa cəhd göstərəcək (Vəhy 20:3, 7-10). Tab gətirənlər Müqəddəs Kitabın növbəti peyğəmbərliyinin həyata keçdiyinə əmin olacaqlar: «Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:29). Bəli, Hökm günü Allaha sadiq olan insanlara xeyir-dua gətirəcək!
a Har-Megidon haqqında «Yeganə həqiqi Allaha ibadət edin» kitabının 20-ci fəslindən (rus.) və «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasının 1-ci cildinin 594, 595, 1037, 1038-ci səhifələrindən (ing.) öyrənmək olar. Bu nəşrlər Yehovanın Şahidləri tərəfindən dərc edilib.