BİLİRSİNİZ?
Müqəddəs Kitabın yazıldığı dövrdə tumarlar necə hazırlanır və necə istifadə olunurdu?
Həvari Lukanın yazdığı müjdədə deyilir ki, İsa Məsih Əşiya peyğəmbərin tumarını açıb oxudu, sonra da bürmələdi. Həvari Yəhya da müjdəsinin sonunda tumardan söz açıb deyir ki, İsa peyğəmbərin göstərdiyi bütün möcüzələri yazsaydı, bu tumara sığmazdı (Luka 4:16—20; Yəhya 20:30; 21:25).
Tumarlar necə hazırlanırdı? Dəri, perqament və ya papirus kimi materialların hissələri bir-birinə yapışdırılaraq zolaq və ya rulon şəklinə salınırdı. Sonra isə yazı tərəfi içəridə qalmaqla çubuğa bükülürdü. Yazılar rulonun enində şaquli sütunlar formasında yazılırdı. Uzun tumarların isə hər iki ucunda çubuqlar olurdu. Bunun sayəsində oxucu lazım olan yeri tapmaq üçün tumarı bir əli ilə açıb, digəri ilə bükürdü.
Bir mənbədə deyilir: «Tumarın üstünlüyü onda idi ki, o, bütöv bir kitabı yerləşdirəcək qədər uzun ola bilərdi [çox vaxt 10 metr civarında], büküləndə isə kiçik həcmli olurdu» («The Anchor Bible Dictionary»). Güman edilir ki, Lukanın müjdəsini yazmaq üçün təxminən 9,5 metr uzunluğunda tumar lazım gələrdi. Bəzən tumarın ucları kəsilir, süngər daşı ilə hamar edilir və rənglənirdi.
İncildə qələmə alınan «böyük kahinlər» ifadəsi kimlərə aid edilirdi?
İsraildə kahinlik təsis olunandan bəri baş kahin olmaq üçün yalnız bir nəfər təyin olunurdu və o, həyatının axırına kimi xidmət edirdi (Saylar 35:25). İlk baş kahin Harun oldu. Sonra isə bu şərəf atadan oğula keçməyə başladı (Çıxış 29:9). Harunun nəslindən çoxlu kişi xeylağı kahin təyin olunsa da, baş kahin kimi çox az adam xidmət etmişdi.
İsrail işğal olunandan sonra yadelli hakimlər yəhudi baş kahinlərini bu vəzifəyə istədikləri vaxt təyin edir, istədikləri vaxt uzaqlaşdırırdılar. Görünür, yeni kahinlər imtiyazlı ailələrdən seçilirdi. Elə çox vaxt bu kahinlər Harunun nəsildən olurdular. Çox ehtimal ki, «böyük kahinlər» ifadəsi kahinliyin əsas üzvlərinə şamil olunur. Böyük kahinlərə kahinliyin 24 dəstəsinin başçıları, böyük kahin ailəsinin nüfuzlu üzvləri və Hənna kimi kahinlikdən kənar edilən keçmiş böyük kahinlər daxil ola bilərdi (1 Salnamələr 24:1—19; Mətta 2:4; Mark 8:31; Həvarilərin işləri 4:6).