İlias Hater və onun ibrani dilində dərc etdiyi qeyri-adi Müqəddəs Kitab
İBRANİCƏ Müqəddəs Kitabı oxuya bilərsiniz? Yəqin ki, yox. Çox ehtimal ki, siz heç ibrani dilində Müqəddəs Kitab görməmisiniz. Hər halda XVI əsrdə yaşamış alim İlias Hater və onun ibrani dilində dərc etdiyi Tövrat və İncil barədə oxumaq əlimizdə olan Müqəddəs Yazıları daha çox qiymətləndirməyə kömək edəcək.
İlias Hater 1553-cü ildə Almaniyanın Polşa və Çexiya Respublikası ilə sərhədinin yaxınlığında yerləşən Görlis adlı kiçik bir şəhərdə dünyaya göz açıb. O, Yena şəhərindəki Lüteran Universitetində şərq dillərini öyrənib. Təxminən 24 yaşında Hater Leypsiqdə ibrani dili üzrə professor təyin olunur. O, təhsil sahəsində islahatlar aparır və Nürnberqdə dörd il müddətində tələbələrə ibrani, yunan, latın və alman dillərini öyrənməyə imkan yaradan məktəb təsis edir. O dövrdə məktəblər və universitetlər tələbələr qarşısında bu cür imkanlar açmırdı.
NƏŞRİN İNCƏLİYİ
Hater 1587-ci ildə Müqəddəs Kitabın Əhdi-Ətiq (Tövrat) kimi tanınan hissəsini ibrani dilində dərc edib. Bu nəşr Əşiya 35:8 ayəsinə əsasən, «Derek ha-Kodeş» (mənası: müqəddəslik yolu) adlandırılmışdı. Şriftin gözəlliyi nəşrin bütün elementlərinin çox incə zövqlə hazırlandığını büruzə verirdi. Amma bu nəşri dəyərli edən əsas xüsusiyyət o idi ki, nəşr tələbələrin ibrani dilini öyrənmə prosesini asanlaşdırırdı.
Haterin dərc etdiyi bu nəşrin effektliyinin nədən ibarət olduğunu başa düşmək üçün gəlin görək ibrani dilini öyrənənlər ibranicə Tövratı oxuyanda hansı çətinliklərlə qarşılaşırdılar. Birincisi, ibrani dilinin əlifbası tamam fərqli və onlar üçün yad idi. İkincisi, şəkilçilər və ön şəkilçilər sözün kökünü müəyyən etməyə mane olurdu. Misal üçün, götürək «can» mənasını verən ibranicə «nefeş» (orijinalda: נפשׁ) sözünü. Hizqiyal 18:4 ayəsində bu sözün qarşısında «ha» (ה) ön şəkilçisi durur. Nəticədə, «hannefeş» (הנפשׁ) kimi oxunan mürəkkəb söz əmələ gəlir. İbrani dili barədə məlumatı olmayan insan «hannefeş» sözünü tamamilə başqa söz kimi qəbul edə bilər.
Tələbələrinə kömək məqsədilə Hater qeyri-adi yazı üslubundan istifadə etmişdi — sözün kökünü qalın hərflərlə, şəkilçiləri və ön şəkilçiləri isə konturlu hərflərlə vermişdi. Bu sadə üsul tələbələrə ibrani dilini öyrənməyə kömək edirdi, onlar sözün kökünü asanlıqla müəyyən edə bilirdilər. «Müqəddəs Yazıların qeydlərlə Yeni Dünya Tərcüməsi»nin (ingiliscə) haşiyələrində də oxşar üsuldan istifadə olunmuşdu. Transliterasiya olunan sözlərin kökü qalın şriftlə, şəkilçiləri və ön şəkilçiləri adi şriftlə yazılıb. Yuxarıdakı şəkildə Haterin ibranicə Müqəddəs Kitabda istifadə etdiyi şrifti göstərmək üçün həmin nəşrdən Hizqiyal 18:4 ayəsi göstərilir. Şəkildə həmçinin «Qeydlərlə olan Müqəddəs Kitab»da həmin ayənin haşiyəsində eyni üsuldan istifadə olunduğunu görə bilərsiniz. (Şəkildə xüsusi seçilmiş hissələr Hizqiyal 18:4 ayəsindəndir.)
ƏHDİ-CƏDİDİN İBRANİ NƏŞRİ
Hater həmçinin Müqəddəs Kitabın Əhdi-Cədid (İncil) kimi tanınan hissəsini dərc etmişdir. Bu nəşr 1599-cu ildə Nürnberqdə işıq üzü görmüşdür və çox vaxt onu Nürnberq Poliqlotu adlandırırdılar. Həmin nəşrdə mətn paralel olaraq 12 dildə verilmişdi. Hater bu nəşrə İncilin ibrani dilində tərcüməsini də daxil etmək istəmişdi. O demişdi ki, bu tərcüməni əldə etmək üçün bütün var-dövlətimdən keçməyə hazıram, amma bilirəm ki, axtarışlar bir nəticə verməyəcəka. Beləcə, Hater qərara gəldi ki, bu tərcüməni özü ərsəyə gətirsin. O, İncili yunan dilindən ibrani dilinə tərcümə etdi. Bunun üçün o, bütün işlərini kənara qoydu və bir ilin içində tərcüməni tamamladı.
Haterin ərsəyə gətirdiyi İncilin ibranicə tərcüməsini necə qiymətləndirmək olar? İbrani dili üzrə alim Frans Deliç 1891-ci ildə yazmışdı: «Bu tərcümə onun ibrani dilinin dərin bilicisi olduğunu göstərir ki, bu da xristianlar arasında nadir rast gəlinən haldır. Bu tərcüməyə indi də müraciət etməyə dəyər, çünki alimin orada hər dəfə çox sərrast tərcümə seçiminə müvəffəq olduğunun şahidi oluruq».
HATERİN ƏMƏYİNİN SONRAKI BƏHRƏSİ
Haterin tərcümə işi onu varlandırmadı. Görünür, tərtib etdiyi nəşrlər yaxşı satılmamışdı. Amma onun əməyinin sonralar çox böyük köməyi olmuşdu. Misal üçün, Haterin ibrani dilinə tərcümə etdiyi İncil 1661-ci ildə Vilyam Robertson, 1798-ci ildə Riçard Kadik tərəfindən yenidən işlənmiş və çap edilmişdir. Hater İncilin orijinal yunan mətnini tərcümə edərkən Tövratdan sitat gətirilən və ya onun qənaətincə Yehova Allaha istinad edildiyi ayələrdə «Kirios» (Rəbb) və «Teos» (Allah) sözlərinin yerinə Yehova (יהוה, YHVH) adını yazmışdı. Bu, çox diqqətəlayiq məqamdır, çünki İncil tərcümələrinin çoxunda Allahın adı yazılmadığı halda Haterin tərcüməsi İncildə Allahın adının bərpasının əsaslı olduğuna daha bir dəlildir.
Ümid edirik, növbəti dəfə İncildə Allahın Yehova adını görəndə İlias Haterin çəkdiyi zəhməti və onun ərsəyə gətirdiyi Müqəddəs Kitab nəşrlərini xatırlayacaqsınız.
a Ehtimal olunur ki, Haterə qədər alimlər İncili ibrani dilinə tərcümə etmişdilər. Onlardan biri Bizans rahibi Simon Atumanos (təxminən 1360-cı ildə), digəri isə alman alimi Osvald Şrekenfuxs (təxminən 1565-ci ildə) olub. Bu tərcümələr heç vaxt dərc olunmayıb və günümüzə gəlib çıxmayıb.