Hekayə 93
İsa camaatı doyurur
DƏHŞƏTLİ bir hadisə baş verib. Vəftizçi Yəhyanı öldürüblər. Padşahın arvadı Hirodiasın ondan xoşu gəlmirdi. O, padşahı məcbur edir ki, Yəhyanın başını kəsdirsin.
İsa bundan xəbər tutanda çox kədərlənir və tənha, sakit bir yerə çəkilir. Amma camaat onun ardınca gedir. İsa camaatı görəndə yazığı gəlir və onlara Allahın Padşahlığı haqqında danışır. O, həmçinin oradakı xəstələri sağaldır.
Axşam şagirdləri ona yaxınlaşıb deyirlər: ‘Artıq gecdir, bura da çöllükdür. Camaatı göndər, gedib özlərinə yaxın kəndlərdən yemək alsınlar’.
İsa cavab verir: ‘Onların getməsinə ehtiyac yoxdur. Siz onlara yeməyə bir şey verin’. Sonra Filipdən soruşur: ‘Bu qədər camaatı yedizdirmək üçün haradan yemək almaq olar?’
Filip cavab verir: ‘Hərəyə heç olmasa bir az çatsın deyə çoxlu pul lazımdır!’ Andrey deyir: ‘Burada bir uşağın beş çörəyi və iki balığı var. Amma bu kimə çatar?’
İsa deyir: ‘Camaata deyin yerə otursun’. Sonra İsa yeməyə görə Allaha şükür edib, həmin çörəkləri bölür. Şagirdlər də çörəklə balığı camaata paylayırlar. Orada 5 000 kişidən əlavə, bir neçə min qadın və uşaq da var. Onlar doyunca yeyirlər. Şagirdlər artıq qalan yeməkdən 12 səbət yığırlar.
Sonra İsa şagirdlərini qayığa mindirib, Qalileya dənizinin o biri sahilinə yola salır. Gecə dənizdə böyük fırtına qopur. Dalğalar qayığı o yana, bu yana atır. Şagirdlər yaman qorxuya düşürlər. Birdən suyun üstü ilə kiminsə onlara yaxınlaşdığını görürlər. Onlar qorxudan qışqırırlar, çünki gördüklərinin nə olduğunu bilmirlər.
‘Mənəm, qorxmayın!’ deyə İsa onları səsləyir. Amma onlar buna heç cür inana bilmirlər. Peter deyir: ‘Ağam, doğrudan da sənsənsə, mənə de, suyun üstü ilə yanına gəlim’. İsa deyir: ‘Gəl!’ Peter qayıqdan çıxır və suyun üstü ilə yeriyir! Sonra qorxur və batmağa başlayır. İsa onu xilas edir.
Bir qədər vaxtdan sonra, İsa yenidən bir neçə min adama yemək verir. Bu səfər onları yeddi çörək və bir neçə balaca balıqla doyunca yedirir. İsanın insanların qeydinə qalması necə də gözəldir! Allah onu Padşah edəndə biz heç nəyin dərdini çəkməyəcəyik.