FƏSİL 8
Allahın Padşahlığı
1, 2. İsa Məsih hansı üç şey barədə dua etməyi öyrətmişdi?
İSA MƏSİH şagirdlərinə dua etməyi öyrətmişdi. Gəlin görək o, bu duada hansı sözləri demişdi və həmin duanın bizim üçün hansı əhəmiyyəti var.
2 İsa demişdi: «Bu cür dua edin: “Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun. Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin”». (Mətta 6:9—13 ayələrini oxuyun.) Görəsən, nəyə görə İsa Məsih məhz bu üç şey barədə dua etməyi öyrətmişdi? (19-cu əlavəyə baxın.)
3. Allahın Padşahlığı barədə nə öyrənəcəyik?
3 Ötən fəsillərdən Allahın adının Yehova olduğunu öyrəndik. Həmçinin gördük ki, Allah insanlara gözəl gələcək bəxş edəcək, dünyanı cənnətə çevirəcək. İndi isə gəlin görək İsa Məsihin «qoy Padşahlığın gəlsin» sözləri nə məna daşıyır. Bu fəsildə biz Allahın Padşahlığı, onun görəcəyi işlər və Allahın adını necə müqəddəs edəcəyi barədə öyrənəcəyik.
ALLAHIN PADŞAHLIĞI NƏDİR?
4. Allahın Padşahlığı nədir və onun padşahı kimdir?
4 Yehova Allah göydə bir hökumət qurub və İsa Məsihi bu hökumətin padşahı təyin edib. Müqəddəs Kitabda bu hökumət Allahın Padşahlığı adlanır. İsa Məsih «padşahlar Padşahı və ağalar Ağasıdır» (1 Timutiyə 6:15). İsa heç bir hökmdarın bacarmadığı işləri görməyə qadirdir, bütün hökmdarları bir yerə cəmləsək, qüdrətdə ona çata bilməzlər.
5. Allah Öz hökumətini harada qurub və bu hökumət haranı idarə edəcək?
5 İsa diriləndən qırx gün sonra Yehova Allah onu Öz dərgahına qaldırdı, sonralar isə onu qurduğu Padşahlığın Padşahı qoydu (Həvarilərin işləri 2:33). Bu hökumət göydən yer üzünü idarə edəcək (Vəhy 11:15). Buna görə də, Müqəddəs Kitabda Allahın Padşahlığı səmavi Padşahlıq adlanır (2 Timutiyə 4:18).
6, 7. Nəyə görə İsa Məsih bütün insan hökmdarlarından üstündür?
6 Müqəddəs Kitabda deyilir ki, Məsih bütün insan hökmdarlarından ucadır, çünki o, «ölməzliyə yeganə malik olan» şəxsdir (1 Timutiyə 6:16). Bütün insan hökmdarları əvvəl-axır ölüb gedir, İsa Məsih isə heç vaxt ölməyəcək. İsa Məsihin bizə bəxş edəcəyi nemətlər də özü kimi əbədi olacaq.
7 Bir peyğəmbər İsa Məsihin ədalətli və mərhəmətli padşah olacağını demişdi: «Yehovanın ruhu onun üzərində olacaq, hikmət və dərrakə ruhu, öyüd-nəsihət və qüdrət ruhu, elm və Yehovadan qorxmaq ruhu onun üzərində olacaq. O, Yehova xofunda zövq tapacaq. Gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə tənbeh etməyəcək. O, fağır-füqəra üçün insafla hökm çıxaracaq» (Əşiya 11:2—4). Siz belə bir padşahın hakimiyyəti dövründə yaşamaq istəməzdiniz?
8. Haradan bilirik ki, Məsih tək hökmranlıq etməyəcək?
8 Allah başqa insanlara da İsa ilə birgə səmavi hökumətdə hökmranlıq etmək səlahiyyəti verib. Həvari Bulus Timutiyə yazmışdı: «Dözüm göstəririksə, birlikdə də padşahlıq edəcəyik» (2 Timutiyə 2:12). Bəs Məsihlə birgə neçə nəfər hakimiyyət sürəcək?
9. Məsihlə birgə neçə nəfər padşahlıq edəcək? Allah onları nə vaxtdan seçməyə başlayıb?
9 Yeddinci fəsildə oxumuşduq ki, həvari Yəhya vəhydə İsa Məsihi göydə Padşah calalında görür; onun yanında 144 000 başqa padşah da dayanmışdı. Bu 144 000 nəfər kimdir? Həvari Yəhya yazmışdı: «Onların alınlarında Quzunun [yəni İsanın] və onun Atasının adı yazılmışdı... Quzu hara getsə, onlar da onun ardınca gedirlər. Onlar... insanların arasından... alınmışlar». (Vəhy 14:1, 4 ayələrini oxuyun.) Bu 144 000 nəfər Məsihlə birgə «yer üzərində padşahlıq» etmək üçün Allah tərəfindən seçilmiş sadiq məsihilərdir. Onlar öləndən sonra dirilib göyə qalxırlar (Vəhy 5:10). Yehova Allah bu 144 000 padşahı birinci əsrdən başlayaraq seçir.
10. Nəyə görə demək olar ki, Yehova Allahın İsa Məsihi və 144 000 nəfəri padşah seçməsi Onun bizə məhəbbətinin təzahürüdür?
10 Məsihlə birgə hökmranlıq edəcək bu padşahların insanların arasından seçilməsi Yehova Allahın bizi düşündüyünü göstərir. İsa çox yaxşı hökmdar olacaq, çünki o, bizi başa düşür, insan olmağın, əzab çəkməyin nə demək olduğunu yaxşı bilir. Həvari Bulus yazmışdı ki, İsa bizim hisslərimizi başa düşür, zəifliklərimizi anlayır, «o da bizim kimi, hər cəhətdən sınanıb» (İbranilərə 4:15; 5:8). 144 000 padşah da, bizim kimi, insan olub. Onlar da günahla mübarizə aparıblar, xəstəlik, ağrı-acı dadıblar. Buna görə də əmin ola bilərik ki, İsa Məsih və 144 000 padşah nəinki bizim hisslərimizi başa düşəcək, hətta qeyri-kamillik ucbatından problemlərlə qarşılaşanda bizə anlayış göstərəcəklər.
ALLAHIN PADŞAHLIĞI NƏLƏRƏ NAİL OLACAQ?
11. Demək olarmı ki, göydə bütün ilahi varlıqlar həmişə Allahın iradəsini yerinə yetirib?
11 Nəyə görə İsa şagirdlərinə buyurmuşdu ki, Allahın iradəsinin göydə yerinə yetməsi haqda dua etsinlər? 3-cü fəsildən Şeytanın Allaha qarşı çıxdığını öyrəndik. Bu üsyandan sonra Yehova Allah Şeytana və onun tərəfdaşları olan xain mələklərə, yəni cinlərə bir müddət göydə yaşamağa izin verdi. Buna görə də demək olar ki, həmin vaxt göydə hamı Allahın iradəsini yerinə yetirmirdi. Şeytan və cinlər barədə ətraflı məlumat 10-cu fəsildə yazılıb.
12. Vəhy 12:10 ayəsində hansı iki hadisə təsvir olunub?
12 «Vəhy» kitabında yazılanlara əsasən, Məsih Allahın Padşahlığında Padşah taxtına oturan kimi Şeytanla vuruşmalı idi. (Vəhy 12:7—10 ayələrini oxuyun.) 10-cu ayədə iki mühüm hadisə təsvir olunur. Birincisi, Allahın Padşahlığı, başında İsa Məsih olmaqla, hakimiyyət sürməyə başlayır. İkincisi, Şeytan göydən yerə atılır. Bu fəsildə bu hadisələrin artıq baş verdiyini öyrənəcəyik.
13. Şeytan yerə atılandan sonra göydə nə baş verdi?
13 Müqəddəs Kitabda yazılıb ki, Şeytan və onun cinləri yerə atılandan sonra sadiq mələklər sevinirdilər. Vəhy 12:12 ayəsində deyilir: «Ey göylər və göylərin sakinləri, sevinin!» Bəli, indi göydə sülh və birlik hökm sürür, çünki orada hamı Allahın iradəsini yerinə yetirir!
14. Şeytanın göydən atılmağı yerə necə təsir etdi?
14 Yer üzündə isə həyat tamam başqa cürdür. İnsanlar olmazın zülmlər çəkir, «çünki İblis vaxtının az olduğunu bilərək böyük qəzəblə» yerə enib (Vəhy 12:12). Şeytan göydən yerə atıldığı üçün və tezliklə məhv olacağını bildiyi üçün hirsindən alışıb-yanır. O, bütün dünyaya əzab-əziyyət çəkdirmək üçün əlindən gələni edir.
15. Allahın yerlə bağlı niyyəti nədir?
15 Amma Allah yer üzü ilə bağlı niyyətindən dönməyib. O istəyir ki, yer üzü cənnət olsun və insanlar kamilliyə yetişib orada əbədi yaşasın (Zəbur 37:29). Bəs səmavi Padşahlıq Yehova Allahın bu niyyətini necə yerinə yetirəcək?
16, 17. Dənyal 2:44 ayəsindən Allahın Padşahlığı barədə nə öyrənirik?
16 Dənyal 2:44 ayəsində deyilir: «O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayacaq bir padşahlıq quracaq. Bu padşahlıq başqa xalqa keçməyəcək. O, bütün bu padşahlıqları əzib yox edəcək, özü isə əbədi duracaq». Bu ayə Allahın Padşahlığı barədə nəyi açıqlayır?
17 Birincisi, ayədə deyilir ki, Allahın Padşahlığı «o padşahların dövründə» hakimiyyət sürməyə başlayacaq. Yəni Padşahlıq göydə idarə etməyə başlayanda yerdə başqa hökumətlər də mövcud olacaq. İkincisi, Allahın Padşahlığı əbədi hökmranlıq sürəcək və onun yerini başqa hökumət tutmayacaq. Üçüncüsü, Allahın Padşahlığı ilə bu dünyanın hökumətləri arasında savaş olacaq. Allahın Padşahlığı qələbə çalıb dünyanı idarə edən yeganə hökumət olacaq. Onda insanlar tayı-bərabəri olmayan hökumətin idarəsi altında yaşayacaqlar.
18. Allahın Padşahlığı ilə bu dünyanın hökumətləri arasında olacaq həlledici müharibə necə adlanır?
18 Dünya hökumətləri ilə Allahın Padşahlığı arasındakı müharibədən əvvəl nə baş verməlidir? Armageddon adlanan bu həlledici müharibədən qabaq, cinlər «yer üzünün padşahlarının yanına gedib» onları aldadaraq «Qadir Allahın böyük günündə olacaq müharibəyə» toplayacaqlar. Bəli, dünya hökumətləri Allahın Padşahlığına qarşı döyüşəcək. Təbii ki, bu müharibənin qalibi Allahın Padşahlığı olacaq (Vəhy 16:14, 16; 10-cu əlavəyə baxın).
19, 20. Nəyə görə Allahın Padşahlığına ehtiyac var?
19 İnsanların Allahın Padşahlığına ehtiyacı var. Buna, ən azı, üç səbəb gətirmək olar. Birincisi, bəşəriyyət günahı miras aldığı üçün xəstəlik və ölüm heç kimdən yan keçmir. Lakin Müqəddəs Kitab xəbər verir ki, Allahın Padşahlığının rəhbərliyi altında insanlar əbədi yaşayacaq. Buna sübut olaraq gəlin Yəhya 3:16 ayəsinə baxaq: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun».
20 İkinci səbəb odur ki, biz pis insanların əhatəsində yaşayırıq. Yalan, oğurluq və əxlaqsızlıq baş alıb gedir. Bunun qarşısını almaq bizim əlimizdə deyil, buna yalnız Allah qadirdir. Şər əməllərindən əl çəkməyən insanlar Armageddonda məhv olacaq. (Zəbur 37:10 ayəsini oxuyun.) Üçüncü səbəb isə, insan hökumətlərinin aciz, qəddar və çirkabla dolu olmasıdır. Onlar insanların Allaha itaət etməsi üçün heç nə etmirlər. Müqəddəs Kitabda deyilir ki, «insanın insana ağalıq etməsi insanın zərərinə»dir (Vaiz 8:9).
21. Padşahlıq Allahın iradəsini yer üzündə necə yerinə yetirəcək?
21 Armageddondan sonra Allahın Padşahlığı yer üzündə Allahın iradəsini yerinə yetirəcək. Məsələn, Padşahlıq Şeytanı və onun cinlərini zərərsizləşdirəcək (Vəhy 20:1—3). Heç bir insan nə xəstələnməyəcək, nə ölməyəcək. Çünki Allaha sadiq qalan insanlar fidyənin sayəsində cənnətdə əbədi yaşayacaqlar (Vəhy 22:1—3). Padşahlıq Allahın adını müqəddəs edəcək. Bu o deməkdir ki, Allahın Padşahlığı yer üzünü idarə edəndə bütün insanlar Yehovanın adını müqəddəs tutacaq. (20-ci əlavəyə baxın.)
MƏSİH NƏ VAXT PADŞAH OLDU?
22. Haradan bilirik ki, İsa Məsih yerdə olanda və ya göyə qalxan kimi Padşah olmadı?
22 «Qoy Padşahlığın gəlsin», — deyə İsa şagirdlərinə dua etməyi öyrətmişdi. Bu sözlərdən aydın olur ki, həmin dövrdə Allahın hökuməti hələ qurulmamışdı. Əvvəla, Yehova Allah hökumət qurmalı və İsanın bu hökumətin Padşahı qoymalı idi. Bəs İsa göyə qalxan kimi Padşah oldu? Xeyir, o, bir müddət gözləməli idi. İsa Məsih diriləndən bir müddət sonra həvari Butrus və Bulus Zəbur 110:1 ayəsini Məsihə aid edərək bu fikri təsdiqləmişdilər. Ayədə Yehova belə deyir: «Düşmənlərini kətil kimi ayağının altına qoyanadək sağımda otur» (Həvarilərin işləri 2:32—35; İbranilərə 10:12, 13). Məsih Padşah olacağı vaxtı nə qədər gözləməli idi?
Allahın Padşahlığı yer üzündə Allahın iradəsini yerinə yetirəcək
23. a) İsa neçənci ildə Padşah oldu? b) Növbəti fəsildə nə barədə öyrənəcəyik?
23 XIX əsrin sonları, XX əsrin əvvəlləri həqiqi məsihilər başa düşdülər ki, 1914-cü il Müqəddəs Kitab peyğəmbərliyi baxımından əlamətdar il olmalıdır. 1914-cü ildən bəri dünyada baş verən hadisələr onların düzgün nəticəyə gəldiyini sübut edir. Məhz həmin il İsa Məsih göydə padşah oldu (Zəbur 110:2). Bu hadisədən dərhal sonra Şeytan göydən yerə atıldı, hazırda onun çox az vaxtı qalıb (Vəhy 12:12). Növbəti fəsildə bizim məhz bu dövrdə yaşadığımızı təsdiq edən sübutları nəzərdən keçirəcəyik. Həmçinin əmin olacağıq ki, tezliklə Allahın Padşahlığı Allahın iradəsini yerdə yerinə yetirəcək. (21-ci əlavəyə baxın.)