Cümə axşamı, 29 oktyabr
Ürəyin düşüncələri dərin sulara bənzər, bəsirətli adam onları çəkib çıxarar (Məs. 20:5).
Tanışlıq dövründə insanla bağlı nələri öyrənməlisiniz? Romantik hissləriniz daha da güclənməmiş müəyyən vacib məsələləri müzakirə etmək lazım gələ bilər. Məsələn, insanın gələcəklə bağlı planlarını. Görüşdüyünüz kəsin əslində necə bir insan olduğunu öyrənmək üçün nə edə bilərsiniz? Bunun bir yolu suallar verib, bir-birinizə diqqətlə qulaq asmaqdır (Yaq. 1:19). Bu zaman hər ikiniz suallara açıq və dürüst şəkildə cavab verməlisiniz. Elə bir məşğuliyyətlər seçmək olar ki, söhbət etmək asan olsun. Məsələn, birlikdə yemək yeyə bilərsiniz, insanların olduğu yerlərdə gəzintiyə çıxa bilərsiniz və birlikdə təbliğ edə bilərsiniz. Dostlarınızla və ailə üzvlərinizlə birgə vaxt keçirən zaman da bir-biriniz haqda çox şey öyrənə bilərsiniz. Bundan əlavə, elə fəaliyyətlər planlaşdırın ki, qarşı tərəfin müxtəlif vəziyyətlərdə davranışını və müxtəlif insanlarla rəftarını görə biləsiniz. w24.05 s. 28, abz. 6, 7
Cümə, 30 oktyabr
Allahın sevimli övladları kimi Ona bənzəməyə çalışın (Efes. 5:1).
Qarşıda bizi çox ağır sınaqlar gözləyir. Həmin vaxt Yehovaya həmişəkindən daha çox etibar etmək lazım gələcək. Müqəddəs Kitabdakı əhvalatları və bizim dövrümüzdəki Yehovanın Şahidlərinin hadisələrini oxuyun. Onda Yehovanın xidmətçilərinə dayaq olmaq üçün qayayabənzər xüsusiyyətlərini necə təzahür etdirdiyini görəcəksiniz. Bu hadisələrin üzərində dərin düşünün. Bunun sayəsində Yehova sizin də Qayanız olacaq. Həmçinin yığıncaqdakı bacı-qardaşları daha çox möhkəmləndirə biləcəksiniz. Misal üçün, İsa Şimona Kifa (yunanca Butrus) adını vermişdi. Bu adın mənası «daş», «qaya parçası» deməkdir (Yəh. 1:42). Bu ona işarə idi ki, Butrus yığıncaqdakı bacı-qardaşlara təsəlli verəcək və onların imanını möhkəmləndirəcək. Müqəddəs Kitabda yığıncaqdakı ağsaqqallar «nəhəng qaya kölgəsi»nə bənzədilir. Bu onu göstərir ki, onlar bacı-qardaşları qoruyurlar (Əşy. 32:2). Əslində, hamımız — qardaşlar da, bacılar da Yehovanın qayayabənzər xüsusiyyətlərini təzahür etdirib bir-birimizi ruhlandıra bilərik. w24.06 s. 28, abz. 10, 11
Şənbə, 31 oktyabr
Yehova... tam sədaqət tələb edən Allahdır (Qan. 4:24).
Yehovanın sadiq hesab etdiyi İsrail padşahları Ona düzgün şəkildə ibadət edirdi. Əksər padşahlar isə Yehovaya sadiq deyildi. Onlar Qanunu rədd edib saxta ibadəti dəstəkləmişdilər (1 Pad. 21:25, 26; 2 Saln. 12:1). Nəyə görə Yehova üçün ibadət məsələsi bu qədər vacib idi? Səbəblərdən biri o idi ki, xalqın Allaha düzgün şəkildə ibadət etməsi padşahların məsuliyyəti idi. Həm də saxta ibadət istər-istəməz insanı digər ciddi günahlara sürükləyir və insanlarla haqsız davranmasına gətirib çıxarır (Huşə 4:1, 2). Bir şey də var idi ki, həm padşahlar, həm də israillilər Yehovaya həsr olunmuşdular. Buna görə də onların saxta allahlara ibadət etməsini Yehova zinaya bərabər tuturdu (Ərm. 3:8, 9). İnsan həyat yoldaşına xəyanət edəndə ona qarşı böyük günah etmiş olur. Eynilə Yehovanın həsr olunmuş xidmətçisi yalan ibadətə aid işlərdə iştirak edəndə Allaha qarşı günah işləyir və Onun qəlbini bərk yaralayır (Qan. 4:23). w24.07 s. 22—23, abz. 12—15