Yaradılış
19 İki mələk axşamüstü gəlib Səduma çatdı. Lut şəhər darvazasının ağzında oturmuşdu. Onları görəndə Lut qalxıb qarşılarına çıxdı və yerə qədər əyilib təzim etdi.+ 2 Onlara dedi: «Ağalarım, gəlin qulunuzun evində qonaq olun, ayaqlarınızı yuyarlar, gecəni qalarsınız, səhər də o başdan durub, yolunuza davam edərsiniz». Onlar isə cavab verib dedilər: «Yox, lazım deyil, gecəni şəhər meydanında keçirəcəyik». 3 Onda Lut onları dilə tutmağa başladı. Axırda onlar razılaşıb onunla getdilər. Lut mayasız çörək bişirib qonaqlar üçün süfrə açdı, onlar da yedilər.
4 Onlar hələ yatağa girməmiş bütün Sədum əhli, uşaqdan tutmuş qocaya kimi, şəhərin bütün kişiləri tökülüşüb Lutun evini dövrəyə aldılar. 5 Onlar Lutu çağırıb: «Hanı axşam evinə gələn kişilər? Çıxar onları bayıra, onlarla yaxınlıq edək», — deyə bağırırdılar.+
6 Axırda Lut çıxıb arxasınca qapını bağladı. 7 Üzünü onlara tutub dedi: «Qardaşlar, amanın bir günüdür, belə iş tutmayın. 8 Evdə iki bakirə qızım var, onları gətirim, nə etmək istəyirsiniz, onlara edin. Bircə bu adamlarla işiniz olmasın, axı bu qonaqlar mənim damımın altına sığınıblar».+ 9 Onlar qışqırmağa başladılar: «Çəkil görək. Bu yurdsuz-yuvasıza bir bax... Gəlib burda yurd salmağı bəs deyil, üstəlik, bizim başımıza ağıl da qoyur. İndi səni onlardan da pis günə qoyarıq». Hamı bir nəfər kimi Lutun üstünə şığıyıb onu itələməyə başladı. Onlar çalışırdılar ki, qapını sındırsınlar. 10 İşi belə görəndə içəridəki kişilər əllərini çıxarıb Lutu evə saldılar və qapını bağladılar. 11 Qapının ağzındakıları isə, balacadan tutmuş böyüyədək, hamısını kor etdilər. Belə ki, onlar evin qapısını axtara-axtara əldən-ayaqdan düşdülər.
12 Qonaqlar Luta dedilər: «Şəhərdə daha kimin var? Kürəkəndən, oğuldan, qızdan, qohum-əqrəbadan kimin varsa, hamısını buradan çıxart. 13 Biz bu yerin külünü göyə sovuracağıq, çünki buranın camaatının əlindən çəkilən fəryadlar Yehovanın dərgahınacan gəlib çatıb.+ Ona görə də Yehova bizi göndərib ki, buranı yerlə yeksan edək». 14 Lut gedib qızlarının adaxlıları ilə danışdı. O, onlara israrla deyirdi: «Tez olun, bu yerdən çıxın, çünki Yehova bu şəhəri darmadağın edəcək!» Amma kürəkənlərinə elə gəldi ki, o zarafat edir.+
15 Dan yeri söküləndə mələklər Lutu tələsdirməyə başladılar: «Qalx, arvadını, qızlarını götürüb buradan çıx ki, şəhərin badına getməyəsən».+ 16 Lut ləng tərpənirdi. Amma Yehovanın ona rəhmi gəldiyindən+ həmin adamlar Lutun, arvadının və qızlarının əlindən tutub onları şəhərdən çıxardılar.+ 17 Şəhərdən çıxan kimi onlardan biri dedi: «Qaç canını qurtar! Arxana baxma,+ bölgədən çıxana qədər də heç yerdə dayanma!+ Dağlara qaç ki, həlak olmayasan!»
18 Lut isə onlara dedi: «Yox, Yehova, nə olar! 19 Bilirəm ki, bu quluna lütf göstərmisən, canımı qoruyub+ mənə böyük xeyirxahlıq etmisən, amma mən dağlara qaça bilmərəm, qorxuram ki, başıma bəla gələr, mən həlak olaram.+ 20 Qoy bu yaxınlıqdakı kiçik şəhərə qaçım. Nə olar, qoy ora qaçıb canımı qurtarım, onsuz da elə də böyük yer deyil». 21 Allah ona dedi: «Yaxşı, sənin xatirinə+ dediyin şəhərə dəyməyəcəyəm.+ 22 Tez elə, ora qaç, sən ora çatmayınca Mən heç nə edə bilməyəcəyəm!»+ Buna görə də həmin şəhərin adı Sohar*+ qaldı.
23 Lut Sohara çatanda artıq gün doğmuşdu. 24 Onda Yehova Sədumla Əmurənin üstünə göydən kükürd və od yağdırdı.+ Yehovanın yağdırdığı od 25 bu şəhərləri, üstəlik, bütün bölgəni şəhərlərin əhalisi və bitkisi qarışıq yandırıb külə döndərdi.+ 26 Lutun arvadı isə arxada gəlirdi. O boylanıb geriyə baxdı və duz sütununa çevrildi.+
27 İbrahim səhər sübhdən oyanıb Yehovanın önündə durduğu yerə gəldi.+ 28 Sədumla Əmurəyə, bütün o bölgəyə baxdı. Qarşıda dəhşətli mənzərə canlanırdı. Yerdən, sobadan çıxar kimi, qatı tüstü qalxırdı.+ 29 Ancaq Allah bölgədəki şəhərləri məhv edəndə İbrahimi unutmamışdı, belə ki, Lutun yaşadığı şəhərləri dağıdanda Lutu oradan çıxarmışdı.+
30 Üstündən bir qədər keçəndən sonra Lut qızları ilə bərabər Sohardan çıxıb dağlara köçdü,+ çünki Soharda+ yaşamağa qorxurdu. Beləcə, o, iki qızı ilə birlikdə mağarada yaşamağa başladı. 31 Bir dəfə böyük qız kiçiyə dedi: «Atamız qocalıb. Buralarda da bir Allah bəndəsi yoxdur ki, hamı kimi biz də ərə gedək. 32 Gəl atamıza şərab içirib onunla yataq və atamızın nəslini davam etdirək».
33 Həmin axşam onlar atalarına çoxlu şərab verib onu içirtdilər. Sonra böyük qız içəri girib atası ilə yatdı, atasının isə onun nə vaxt gəldiyindən, nə vaxt getdiyindən xəbəri olmadı. 34 Ertəsi gün böyük qız kiçiyə dedi: «Mən keçən gecə atamla yatdım. Gəl bu axşam da şərab verib onu içirdək, sonra sən də girib onunla yatarsan ki, atamızın nəslini davam etdirək». 35 Onlar həmin axşam da atalarını möhkəm içirtdilər. Sonra kiçik qız gedib atası ilə yatdı, atasının isə onun nə vaxt gəldiyindən, nə vaxt getdiyindən xəbəri olmadı. 36 Hər iki qız atasından hamilə qaldı. 37 Böyük qızın oğlu oldu, adını Muab+ qoydu. O, indiki muabilərin əcdadıdır.+ 38 Kiçik qızın da oğlu oldu, adını Bənammi qoydu. O da indiki əmunilərin+ əcdadıdır.