İkinci işmuil
2 Sonra Davud Yehovadan soruşdu:+ «Yəhudaya gedim?» Yehova dedi: «Get». Davud yenə soruşdu: «Hansı şəhərinə gedim?» O cavab verdi: «Həbruna+». 2 Davud hər iki arvadını, yizrailli Ahnaamı+ və karmelli Nabalın dul qalmış arvadı Abiqayili+ götürüb Həbruna qalxdı. 3 Davudun yanındakı adamlar+ da öz külfətləri ilə birlikdə onunla getdi. Onlar Həbrunətrafı şəhərlərdə məskunlaşdılar. 4 Yəhudalılar gəlib Davudu Yəhuda əhli üzərində padşah olmaq üçün məsh etdilər.+
Davuda xəbər verdilər: «Talutu yabeş-giladlılar dəfn etdi». 5 Davud Yabeş-Gilada qasidlər göndərib dedi: «Yehova sizdən razı olsun. Siz hökmdarınız Taluta sədaqət göstərib onu dəfn etmisiniz.+ 6 Qoy Yehova da sizə məhəbbət və sədaqət göstərsin. Bu işinizin əvəzində mən də sizə yaxşılıq edəcəyəm.+ 7 Cəsur olun, qolunuza qüvvət gəlsin. Hökmdarınız Talut həlak olub. Yəhuda əhli məni məsh edib öz üzərində padşah qoyub».
8 Talutun ordu başçısı Nur oğlu Abnur+ Talutun oğlu İşboşeti+ götürüb Mahanayimə+ keçmişdi. 9 Onu Gilad+, aşurlular, Yizrail+, Əfraim+, Binyamin və bütün İsrailin üzərində padşah qoymuşdu. 10 Talut oğlu İşboşet İsrailin padşahı olanda qırx yaşında idi. O, iki il hakimiyyət sürdü. Lakin Yəhuda əhli Davudun tərəfində idi.+ 11 Davud Həbrunda Yəhuda əhli üzərində yeddi il altı ay padşah oldu.+
12 Bir dəfə Nur oğlu Abnur və Talut oğlu İşboşetin əyanları Mahanayimdən+ Gibyona+ getdilər. 13 Sərya+ oğlu Yuab+ da Davudun əyanları ilə gedib Gibyondakı çarhovuzun yanında onlarla qarşı-qarşıya gəldi. Bir dəstə çarhovuzun bu tərəfində, o biri dəstə isə digər tərəfində əyləşdi. 14 Axırda Abnur Yuaba dedi: «Qoy cavanlar qalxıb qabağımızda vuruşsunlar». Yuab dedi: «Qoy vuruşsunlar». 15 Binyamindən, Talut oğlu İşboşetin tərəfindən on iki nəfər və Davudun adamlarından on iki nəfər qalxdı və qarşı-qarşıya düzüldü. 16 Onlar bir-birinin başından yapışdı, hər biri qılıncını qarşısındakının böyrünə sapladı, hamısı yerə sərildi. Gibyondakı bu yer Həlkət-Hassurim* adlandı.
17 O gün çox şiddətli döyüş oldu. Sonda Abnur və israillilər Davudun adamlarına məğlub oldular. 18 Səryanın+ üç oğlu Yuab+, Abşay+ və Asail+ də orada idi. Asail cüyür kimi ayaqdan iti idi. 19 Asail Abnuru qovmağa başladı. O, sağa-sola dönmədən düz onun ardınca qaçırdı. 20 Abnur arxaya boylanıb soruşdu: «Asail, sənsən?» O: «Mənəm», — dedi. 21 Abnur ona dedi: «Mənim dalımca düşmə. Bu cavanlardan birini tut, nəyi varsa, özünə götür». Lakin Asail əl çəkmədi. 22 Abnur yenə Asailə dedi: «Bəsdir məni təqib etdin. Vadar eləmə ki, səni öldürüm. Sonra qardaşın Yuabın üzünə necə baxaram?» 23 Lakin o əl çəkmədi. Onda Abnur nizəsinin arxa ucunu onun qarnına elə sapladı+ ki, nizə belindən çıxdı. O yıxılıb yerindəcə keçindi. Asailin yıxılıb öldüyü yerə gələnlər orada ayaq saxlayırdılar.
24 Yuabla Abşay Abnurun dalınca düşdülər. Gün batanda onlar Gibyon çölü yolunda, Giahla üzbəüz olan Əmmah təpəsinə çatdılar. 25 Binyaminlilər Abnurun ətrafında toplanıb dəstə ilə təpənin başında durdular. 26 Abnur Yuabı səslədi: «Bu qılınc nə qədər qanlar axıdacaq? Məgər bilmirsən ki, bunun axırı pis qurtaracaq? Nə vaxt bu xalqa deyəcəksən ki, qardaşlarından əl çəksinlər?» 27 Yuab dedi: «Allaha and olsun, əgər sən dillənməsəydin, səhərə qədər heç kim qardaşlarını qovmaqdan əl çəkməyəcəkdi». 28 Yuab şeypur çaldı, onun adamları təqibi dayandırdı və döyüş bitdi.
29 Abnur adamları ilə bütün gecəni Ərəbə+ boyunca irəlilədi, İordan çayını keçdi və yarğanı* ötərək gəlib Mahanayimə+ çatdı. 30 Yuab Abnurun təqibini dayandırandan sonra xalqı bir yerə topladı. Davudun xidmətçilərindən, Asaili çıxmaq şərtilə, on doqquz nəfər əskik idi. 31 Davudun xidmətçiləri binyaminliləri və Abnurun adamlarını məğlub etmişdilər. Onlardan 360 nəfər ölmüşdü. 32 Asaili+ götürüb Beytləhmdə+, atasının qəbrində dəfn etdilər. Yuab adamları ilə durub bütün gecəni yol getdi və gün doğanda Həbruna+ çatdı.