İkinci Padşahlar
6 Peyğəmbər oğulları+ Əlyəsəyə dedilər: «Səninlə qaldığımız bu yer çox darısqaldır. 2 İzin ver, İordana gedək. Hərəmiz oradan bir ağac götürüb özümüz üçün qalmağa yer düzəldək». O dedi: «Gedin». 3 Onlardan biri dedi: «Ağa, sən də bizimlə gedərsən?» O: «Gedərəm», — dedi. 4 Əlyəsə onlarla getdi. Onlar İordana çatdılar və orada ağac kəsməyə başladılar. 5 Bir peyğəmbər ağac kəsərkən baltanın başı suya düşdü. O qışqırdı: «Vay, ağam! Onu borca götürmüşdüm». 6 Allah adamı dedi: «Hara düşdü?» O, həmin yeri göstərdi. Əlyəsə bir odun kəsib oraya atdı və balta suyun üzünə çıxdı. 7 Əlyəsə dedi: «Götür onu». O, əlini uzadıb baltanı götürdü.
8 Aram padşahı İsraillə müharibəyə çıxdı.+ O, öz əyan-əşrəfi ilə məşvərət etdi və dedi: «Filan yerdə ordugah quracağıq». 9 Allah adamı+ İsrail padşahına xəbər göndərdi: «Məbada o yerdən keçəsiniz, aramilər oraya gəlir». 10 İsrail padşahı Allah adamının xəbərdarlıq etdiyi yerə adam göndərdi. Əlyəsə hər dəfə onu xəbərdar edirdi, o da həmin yerə getmirdi.+
11 Aram padşahı bundan bərk qəzəbləndi, əyanlarını çağırıb dedi: «Mənə deyin görüm bizimkilərdən kim İsrail padşahının tərəfindədir?» 12 Əyanlardan biri dedi: «Ya hökmdar, heç kim. Sənin yataq otağında dediyini İsraildəki Əlyəsə peyğəmbər İsrail padşahına söyləyir».+ 13 Padşah dedi: «Gedin görün, o, haradadır! Adam göndərib onu tutacağam!» Bir qədər sonra ona xəbər verdilər: «O, Dufandadır+». 14 Padşah dərhal ora böyük qoşun, atlar və cəng arabaları göndərdi. Onlar gecə ikən gəlib şəhəri mühasirəyə aldılar.
15 Allah adamının nökəri səhər tezdən qalxıb bayıra çıxdı. O gördü ki, süvari qoşun və cəng arabaları şəhəri mühasirəyə alıb. Nökər dedi: «Vay, ağam! İndi nə edək?» 16 Əlyəsə dedi: «Qorxma,+ bizimlə olanlar onlarla olanlardan çoxdur».+ 17 Əlyəsə dua edib dedi: «Yehova, nə olar, onun gözlərini aç, görsün».+ Yehova nökərin gözlərini açdı və o gördü ki, bütün dağlıq bölgədə Əlyəsənin ətrafı alovdan olan atlar və cəng arabaları+ ilə doludur.+
18 Aramilər irəliləyəndə Əlyəsə Yehovaya dua etdi: «Nə olar, onları kor elə!»+ Allah Əlyəsənin xahişi ilə onları kor etdi. 19 Əlyəsə onlara dedi: «Bu, o yol deyil, bu şəhər də həmin şəhər deyil. Mənim ardımca gəlin, sizi axtardığınız adamın yanına aparacağam». Ancaq Əlyəsə onları birbaş Səməriyyəyə+ apardı.
20 Onlar Səməriyyəyə çatanda Əlyəsə dedi: «Yehova, onların gözünü aç, görsünlər». Yehova onların gözünü açdı. Onlar gördülər ki, düz Səməriyyənin ortasındadırlar. 21 İsrail padşahı onları görəndə Əlyəsədən soruşdu: «Atam, onları qırım? Qırım onları?» 22 Əlyəsə isə dedi: «Yox. Məgər sən qılıncınla, ox-kamanınla əsir götürdüyün adamları öldürürsən? Onlara çörək, su ver, qoy yeyib-içsinlər+ və ağalarının yanına qayıtsınlar». 23 Padşah onlar üçün ziyafət qurdu. Yeyib-içəndən sonra onları ağalarının yanına yola saldı. Aramilərin bu basqınçı dəstələri+ bir daha İsrail torpağına ayaq basmadı.
24 Bir müddət sonra Aram padşahı Bənhədad bütün ordusunu topladı, yürüş edib Səməriyyəni mühasirəyə aldı.+ 25 Səməriyyəni dəhşətli aclıq bürüdü.+ Mühasirə elə uzun çəkdi ki, axırda eşşək başının+ qiyməti səksən gümüşə, iki ovuc* göyərçin peyininin qiyməti beş gümüşə qalxdı. 26 Bir dəfə İsrail padşahı divarın üstü ilə gedəndə bir qadın ona fəryad etdi: «Dadıma çat, ya hökmdar!» 27 Padşah dedi: «Yehova kömək etməyəndən sonra mən haradan kömək edim? Xırmandan? Üzümsıxandan, yoxsa zeytunsıxandan?» 28 Padşah ondan soruşdu: «Nə olub?» Qadın cavab verdi: «Bu qadın mənə dedi ki, “oğlunu ver bu gün onu yeyək, sabah da mənim oğlumu yeyərik”.+ 29 Biz də mənim oğlumu bişirib yedik.+ Səhəri gün ona deyəndə ki, oğlunu ver yeyək, o, oğlunu gizlətdi».
30 Padşah qadının sözlərini eşidəndə yaxasını cırdı.+ Padşah divarın üstündə gedərkən xalq onun altdan çul geyindiyini gördü. 31 O dedi: «Əgər bu gün Şafat oğlu Əlyəsənin başını bədənindən ayırmasam, qoy Allah məni cəzalandırsın!»+
32 Əlyəsə evində oturmuşdu, ağsaqqallar da onunla idi. Padşah qabağınca qasid göndərdi. Qasid hələ gəlib çatmamış Əlyəsə ağsaqqallara dedi: «Bu qatil oğlunu+ görürsünüz? Boynumu vurmaq üçün adam göndərib. Gözdə-qulaqda olun, qasid gələndə qapını bağlayıb tutun ki, içəri girə bilməsin. Ağası da ardından gəlir». 33 Əlyəsənin sözü hələ ağzında ikən qasid gəldi. Padşah dedi: «Bu bəla Yehovadandır. Daha nə üçün Yehovanı gözləyim?»