Çıxış
39 Müqəddəs məkanda xidmət zamanı geyinmək üçün göy və al-qırmızı iplikdən, bənövşəyi yundan zərif geyimlər toxudular.+ Sonra Harun üçün olan müqəddəs geyimləri hazırladılar.+ Onları Yehovanın Musaya tapşırdığı kimi düzəltdilər.
2 Göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən döşlük+ toxudular. 3 Sonra qızıl lövhələri döyüb naziltdilər və ondan saplar kəsdilər, onlarla göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən toxunmuş döşlüyə naxış vurdular. 4 Çiyinliklər düzəldib onları döşlüyün iki yuxarı ucuna bərkitdilər. 5 Döşlüyü sıx bağlamaq üçün ona bərkidilən qurşağı da eyni üsulla və eyni maldan, qızıl sapdan, göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən toxudular.+ Yehova necə buyurmuşdusa, elə də etdilər.
6 Sonra damarlı əqiq daşlarını qızıl sağanaqlara salıb üstünə İsrailin oğullarının adlarını möhür oyması kimi həkk etdilər.+ 7 Yehovanın Musaya əmr etdiyi kimi, İsrail oğulları üçün yaddaşlıq olaraq, daşların hərəsini döşlüyün bir çiyinliyinə bərkitdilər.+ 8 Sonra naxışlı sinəbənd düzəltdilər.+ O da döşlük kimi qızıl sapdan, göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən idi.+ 9 İki qatlananda dördbucaq şəklini alırdı, eni və uzunu bir qarış* idi. 10 Sonra üstünə dörd cərgə daş düzdülər: birinci cərgədə yaqut, topaz, zümrüd, 11 ikinci cərgədə firuzə, göy yaqut, yəşəm, 12 üçüncü cərgədə ləşəm, əqiq, ametist, 13 dördüncü cərgədə xrizolit, damarlı əqiq, nefrit. Onlar qızıl sağanaqlara salınmışdı. 14 Daşların sayı İsrailin oğullarının adına müvafiq olaraq, on iki ədəd idi. Adları daşların üstünə möhür oyması kimi həkk etdilər. Hər ad bir qəbiləni təmsil edirdi.
15 Sinəbənd üçün xalis qızıldan ipə bənzər burma zəncir düzəltdilər.+ 16 İki qızıl sağanaq və iki qızıl halqa düzəltdilər, halqaları döşlüyün iki küncünə bərkitdilər. 17 İki qızıl zənciri sinəbəndin künclərindəki halqalara taxdılar. 18 Zəncirlərin o biri uclarını sağanaqlara taxdılar, sağanaqları isə döşlüyün ön hissəsində olan çiyinliklərə bərkitdilər. 19 İki qızıl halqa düzəldib sinəbəndin içəri qatlanan, döşlüyə baxan tərəfinin iki küncünə birləşdirdilər.+ 20 Sonra qızıldan iki ayrı halqa da düzəltdilər və onları qabaqdan, döşlüyün iki çiyinliyinin aşağı uclarına, toxunma qurşağın döşlüklə birləşdiyi yerin üstünə bərkitdilər. 21 Axırda, Yehovanın Musaya əmr etdiyi kimi, sinəbəndi döşlüyün üstündə, qurşaqdan yuxarıda saxlamaq üçün onun halqalarından döşlüyün halqalarına göy iplər keçirib bağladılar.
22 Sonra büsbütün göy iplikdən döşlüyün altından geyiləcək qolsuz köynək toxudular.+ 23 Ortada zirehdəki kimi boğazlıq düzəltdilər və cırılmaması üçün kənarlarına köbə vurdular. 24 Köynəyin ətəyinə bir-birinə hörülmüş bənövşəyi yundan, göy və al-qırmızı iplikdən narlar tikdilər. 25 Sonra xalis qızıldan zınqırovlar düzəldib köynəyin ətəyindəki narların aralarına düzdülər. 26 Yehovanın Musaya əmr etdiyi kimi, qızıl zınqırovu və narı xidmət zamanı geyilən qolsuz köynəyin ətəyinə sıra ilə, bir dənədən bir düzdülər.
27 Onlar Harun və oğulları üçün zərif kətandan geyim,+ 28 zərif kətandan əmmamə+, zərif kətandan bəzəkli çalma+, zərif kətan iplikdən tuman+, 29 zərif kətan iplikdən, göy və al-qırmızı iplikdən və bənövşəyi yundan kəmər toxudular. Hər şeyi Yehovanın Musaya əmr etdiyi kimi etdilər.
30 Axırda xalis qızıldan parlaq lövhəcik, müqəddəs lövhəciyi düzəldib üstünə möhür oyması kimi «Müqəddəslik Yehovaya məxsusdur» sözlərini həkk etdilər.+ 31 Yehovanın Musaya əmr etdiyi kimi, ona göy iplikdən düzəldilmiş iplər taxdılar ki, əmmamənin üstünə bərkitmək olsun.
32 Beləliklə, Hüzur çadırının bütün işləri görülüb qurtardı. İsraillilər hər şeyi Yehovanın Musaya əmr etdiyi kimi etdilər.+ O, necə demişdisə, elə də etdilər.
33 Sonra Müqəddəs çadırı+ və bütün avadanlığını, qarmaqlarını+, çərçivələrini+, şüvüllərini+, sütunlarını, oyuqlu altlıqlarını+, 34 qırmızı boyanmış qoç dərisindən+ və suiti dərisindən olan örtükləri, arakəsmə pərdəni+, 35 Şəhadət sandığını, şüvüllərini+, qapağını+, 36 masanı və bütün ləvazimatını,+ hüzur çörəyini, 37 xalis qızıldan çıraqdanı, üstünə düzüləcək çıraqları,+ bütün avadanlığını+ və yağını+, 38 qızıl qurbangahı+, məsh yağını,+ ətirli buxuru+ və çadırın giriş pərdəsini,+ 39 mis qurbangahı+ və onun mis şəbəkəsini, şüvüllərini+ və bütün avadanlığını,+ çəni və altlığını,+ 40 həyətin parça çəpərini, dirəklərini və oyuqlu altlıqlarını,+ həyətin giriş pərdəsini,+ mıxları+ və ipləri, Müqəddəs çadırda, yəni Hüzur çadırında istifadə olunan bütün avadanlıqları, 41 Müqəddəs məkanda xidmət zamanı geyilən zərif toxunmuş geyimləri, kahin Harunun müqəddəs geyimlərini+ və oğullarının kahinlik paltarlarını gətirib Musaya verdilər.
42 İsraillilər bütün işləri Yehovanın Musaya əmr etdiyi kimi yerinə yetirdilər.+ 43 Musa görülən işləri yoxlayanda gördü ki, hər şey Yehovanın əmr etdiyi kimi yerinə yetirilib. Onda Musa onlara xeyir-dua verdi.