Hizqiyal
35 Yenə də mənə Yehovanın sözü nazil oldu: 2 «Ey bəni-adəm, üzünü Sair+ dağlıq bölgəsinə tutub ona qarşı peyğəmbərlik et.+ 3 Ona söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Ey Sair dağları, Mən sizə qarşıyam, əlimi qaldırıb sizi viranəliyə çevirəcəyəm.+ 4 Şəhərlərinizi xaraba qoyacağam, özünüzsə viranəliyə çevriləcəksiniz,+ onda biləcəksiniz ki, Mən Yehovayam. 5 Çünki ədavətiniz səngimədi,+ siz israilliləri dar gündə, son cəzalarını alanda qılınca verdiniz”.+
6 “Buna görə də varlığıma and olsun, — Külli-İxtiyar Yehova bəyan edir, — sizi qırğına hazırlayacağam, qırğın sizi qarabaqara izləyəcək.+ Madam ki qana nifrət etdiniz, ölüm sizi girləyəcək.+ 7 Ey Sair, səni çöl-biyabana döndərəcəyəm,+ sənin torpağından gedib-gələnin ayağını kəsəcəyəm. 8 Sənin dağlarını cəsədlər örtəcək, qılınca tuş gələnlərin meyiti dərələrə, təpələrə sərilib qalacaq, çayları dolduracaq. 9 Səni əbədilik xarabazara döndərəcəyəm. Şəhərlərində bir də məskən salan olmayacaq.+ Onda biləcəksiniz ki, Mən Yehovayam”.
10 Yehova orada ola-ola sən dedin: “Bu iki xalq, bu iki məmləkət mənim olacaq, ikisinə də sahib olacağam”.+ 11 Ona görə Külli-İxtiyar Yehova belə deyir: “Varlığıma and olsun, sənə onlara bəslədiyin kin-küdurətin, qəzəb və paxıllığın əvəzini verəcəyəm.+ Sənə hökm çıxaranda Özümü onlara tanıdacağam. 12 Onda biləcəksən ki, Mən Yehova sənin İsrail dağlarını təhqir etdiyini, “onlar viranə qalıb, şikarımdır” dediyini eşitmişəm. 13 Siz əleyhimə danışırdınız, lovğalanıb boş-boş sözlər deyirdiniz.+ Mən isə bunların hamısını eşidirdim”.
14 Külli-İxtiyar Yehova belə deyir: “Sizi xarabalığa çevirəndə bütün dünya sevinəcək. 15 Siz ki, ey Sair dağları, İsrail evinin irsi xaraba qalanda sevindiniz, Mən də sizin başınıza eyni şeyi gətirəcəyəm:+ xarabalığa çevriləcəksiniz. Bəli, bütün Ədumun+ aqibəti belə olacaq. Onda biləcəklər ki, Mən Yehovayam”».