Hakimlər
4 Əhudun vəfatından sonra israillilər yenə də Yehovanın bəyənmədiyi pis işlər görməyə başladılar.+ 2 Yehova da onları Həzurda hökmranlıq edən Kənan padşahı Yavinə təslim etdi.+ Onun ordusunun başçısı Sisar idi. O, Haroşet-Quimdə+ yaşayırdı. 3 Yavinin 900 dəryazlı cəng arabası var idi.+ O, düz iyirmi il israillilərə qan uddurdu.+ Axırda israillilər Yehovaya fəryad etməyə başladılar.+
4 O vaxt İsraildə Ləfdutun arvadı peyğəmbər Dəburə+ hakimlik edirdi. 5 O, Əfraim dağlıq bölgəsində, Rama+ ilə Beytel+ arasında, Dəburənin xurma ağacları altında otururdu. İsraillilər Allahın hökmlərini öyrənmək üçün onun yanına gəlirdilər. 6 Dəburə xəbər göndərib Əbnam oğlu Bərəqi+ Qədəs-Niftalıdan+ çağırtdırdı və ona dedi: «İsrailin Allahı Yehova belə buyurur: “Qalx, Tabur dağına yürüş et. Özünlə Niftalı və Zəbulundan 10 000 nəfər götür. 7 Mən Yavinin ordusunun başçısı Sisarı cəng arabaları və qoşunları ilə birgə Qişon çayına+ — sənin yanına gətirib sənə təslim edəcəyəm”».+
8 Bərəq ona dedi: «Sən mənimlə getsən, gedərəm, əgər getməsən, getməyəcəyəm». 9 Dəburə dedi: «Getməyinə gedərəm. Amma bil ki, bu yürüşdən şöhrət sənə gəlməyəcək. Çünki Yehova Sisarı qadın əlinə verəcək».+ Dəburə qalxıb Bərəqlə Qədəsə+ getdi. 10 Bərəq Zəbulun və Niftalını Qədəsə hayladı.+ Onun ardınca 10 000 adam getdi. Dəburə də onunla getdi.
11 O zamanlar qəni Habir digər qənilərdən+, yəni Musanın qayınatası Hubabın+ övladlarından ayrılıb Qədəsdə, Sənannimdəki böyük ağacın yaxınlığında çadır salmışdı.
12 Sisara xəbər çatdı ki, Əbnam oğlu Bərəq Tabur dağına qalxıb.+ 13 Sisar bütün cəng arabalarını — 900 dəryazlı arabasını və bütün qoşunlarını dərhal Haroşet-Quimdən Qişon çayına topladı.+ 14 Dəburə Bərəqə dedi: «Qalx, çünki bu gün Yehovanın Sisarı sənə təslim edəcəyi gündür. Bil, Yehova sənin önündə gedir». Bərəq 10 000 nəfərlə Tabur dağından endi. 15 Yehova Sisarı, onun bütün cəng arabalarını və ordusunu çaşqınlığa salıb+ Bərəqin qılıncına verdi. Sisar isə arabasından düşüb qaçmağa üz qoydu. 16 Bərəq cəng arabalarını və qoşunları Haroşet-Quimədək təqib etdi. Beləcə, Sisarın bütün ordusu qılıncdan keçirildi, bir nəfər də sağ qalmadı.+
17 Sisar isə qaçıb qəni Habirin arvadı+ Yailin+ çadırına gəldi, çünki Həzur padşahı Yavinlə+ qəni Habirin evi arasında sülh var idi. 18 Yail Sisarın qarşısına çıxıb dedi: «Buyur, ağam, gəl içəri. Qorxma». O, çadıra girdi. Qadın onun üstünü yorğanla örtdü. 19 Sonra Sisar qadından xahiş elədi: «Susuzluqdan yanıram, mənə bir içim su ver». Qadın süd tuluğunu açıb ona verdi+ və yenidən üstünü örtdü. 20 Sisar ona dedi: «Çadırın ağzında dur. Kimsə gəlib soruşsa ki, burada adam var, ya yox, deyərsən yoxdur».
21 Sisar çox yorulduğundan dərin yuxuya getdi. Habirin arvadı Yail əlinə çadır mıxı və toxmaq götürüb sakitcə ona yaxınlaşdı, mıxı gicgahına elə zərblə vurdu ki, mıx onun başını dəlib yerə girdi və o öldü.+
22 Bərəq Sisarı təqib edə-edə ora gəlib çıxdı. Yail onun qabağına çıxıb dedi: «Gəl axtardığın adamı sənə göstərim». Bərəq onunla içəri girəndə gördü ki, Sisar ölüb, gicgahında mıx yerə sərilib.
23 Beləliklə, o gün Allah Kənan padşahı Yavini israillilərə tabe etdi.+ 24 İsraillilərin qolu get-gedə Kənan padşahı Yavinə qarşı qüvvətləndi,+ axırda onlar Kənan padşahı Yavini məhv etdilər.+