Birinci İşmuil
6 Yehovanın sandığı+ yeddi ay filiştlilərin ölkəsində qaldı. 2 Filiştlilər kahinləri və falçıları+ toplayıb dedilər: «Yehovanın sandığı ilə nə edək? Bizə deyin görək onu öz yerinə necə qaytaraq?» 3 Onlar cavab verdilər: «İsrailin Allahı Yehovanın Əhd sandığını geri qaytarmaq istəyirsinizsə, təqdiməsiz qaytarmayın. Günahınıza görə Ona mütləq təqdimə verin.+ Yalnız o halda şəfa taparsınız və nə üçün əlini üzərinizdən götürmədiyini bilərsiniz». 4 Filiştlilər soruşdular: «Günahımıza görə Ona nə təqdim edək?» Onlar dedilər: «Filişt hakimlərinin sayına görə+ beş qızıl babasil şişi və beş qızıl siçan göndərin. Çünki sizin və hakimlərinizin başına məhz bu bəla gəlib. 5 Babasil şişlərinin və ölkəni viran qoyan siçanların surətini+ düzəldin və İsrailin Allahını şərəfləndirin. Bəlkə, onda O, sizin, allahlarınızın və ölkənizin üzərindən cəzanı götürdü.+ 6 Nə üçün ürəyinizi misirlilər və firon kimi inadkar edəsiniz?+ Allah sərt davrandıqda+ onlar məcbur olub israilliləri buraxdılar və israillilər çıxıb getdilər.+ 7 İndi bir təzə araba hazırlayın, heç vaxt boyunduruğa qoşulmamış, iki yanıbalalı inəyi arabaya qoşun, balalarını isə onlardan ayırıb dala qaytarın. 8 Yehovanın sandığını arabaya qoyun, günahınız üçün Ona təqdim edəcəyiniz qızıl əşyaları mücrüdə onun yanına qoyun+ və göndərin. 9 Baxın: əgər sandıq öz torpağına, Beyt-Şəms+ yoluna qalxarsa, deməli, bu böyük bəlanı bizə verən Odur. Yox əgər ora getməzsə, onda biləcəyik ki, bizi vuran Onun əli deyildi. Bu, sadəcə bir təsadüf idi».
10 Onlar elə də etdilər. İki yanıbalalı inəyi arabaya qoşdular, balalarını isə evdə bağladılar. 11 Sonra Yehovanın sandığını, eləcə də qızıl siçanlar və babasil şişləri olan mücrünü arabaya qoydular. 12 İnəklər Beyt-Şəms yolu ilə düz getdilər,+ böyürə-böyürə, sağa-sola dönmədən baş yolla getdilər. Filişt hakimləri Beyt-Şəms sərhədinə qədər onların ardınca getdilər. 13 Beyt-Şəms camaatı dərədə buğda biçirdi. Onlar başlarını qaldırıb sandığı görəndə çox sevindilər. 14 Araba gəlib beyt-şəmsli Yuşənin sahəsində, böyük daşın yanında durdu. Camaat arabanı doğradı, inəkləri isə yandırma qurbanı olaraq Yehovaya təqdim etdi.+
15 Lavililər+ Yehovanın sandığını, içində qızıl əşyalar olan mücrünü arabadan endirib böyük daşın üstünə qoydular. Beyt-şəmslilər+ həmin gün Yehovaya yandırma qurbanları və başqa qurbanlar gətirdilər.
16 Filiştlilərin beş hakimi bunu gördükdə həmin gün Ekrona qayıtdı. 17 Filiştlilər günahlarından ötrü Yehovaya qızıl babasil şişləri təqdim etdilər:+ birini Aşdod+ üçün, birini Qəzzə üçün, birini Aşkelon üçün, birini Cat+ üçün, birini də Ekron+ üçün. 18 Qızıl siçanların sayı, qalalı şəhərlərlə açıq ərazilərdəki kəndlər də daxil olmaqla, beş Filişt hakiminə məxsus şəhərlərin sayına müvafiq idi.
Yehovanın sandığını qoyduqları böyük daş beyt-şəmsli Yuşənin sahəsində bu gün də şahid olaraq durur. 19 Amma Yehova Beyt-Şəms əhalisini qırıb tökdü, çünki onlar Onun sandığına baxmışdılar. Allah 50 070 adamı məhv etdi. Xalq Yehovanın onlara verdiyi böyük müsibətə+ görə yas tutdu. 20 Beyt-şəmslilər dedi: «Müqəddəs Allah Yehovanın+ hüzurunda kim dura bilər? Kaş O, bizdən uzaqlaşıb başqalarının yanına gedəydi».+ 21 Onlar Kiryat-Yarim+ sakinlərinə elçi göndərib dedilər: «Filiştlilər Yehovanın sandığını qaytarıblar. Gəlin, onu aparın».+