Birinci Salnamələr
28 Davud İsrailin bütün başçılarını: qəbilə əmirlərini, padşaha qulluq edən bölük başçılarını,+ minbaşıları, yüzbaşıları,+ padşahla oğullarına+ məxsus əmlaka, mal-heyvana cavabdeh olanları,+ saray məmurlarını, igid və bacarıqlı kişiləri+ Yerusəlimə topladı. 2 Sonra Davud padşah ayağa qalxıb onlara xitab etdi:
«Məni dinləyin, ey qardaşlarım, ey xalqım. Çox istəyirdim ki, Allahımız üçün ev tikim. Bu ev Yehova Allahın Əhd sandığı üçün daimi məskən və Onun üçün kətil olsun.+ Hətta bundan ötrü hazırlıq da görmüşdüm.+ 3 Amma Allah mənə dedi: “Mənim adıma evi sən tikməyəcəksən,+ çünki sən müharibə adamısan, çoxlu qan tökmüsən”.+ 4 Bununla belə, İsrailin Allahı Yehova atamın evindən məni seçdi ki, həmişəlik İsrailin padşahı olum.+ O, başçı olaraq Yəhudanı seçmişdi.+ Yəhuda evindən atamın evini seçdi.+ Atamın oğulları arasında İsrailin padşahı kimi məni gördü.+ 5 Sonra Yehova mənə nəsib etdiyi çoxlu oğullar+ arasından Süleymanı+ seçdi ki, Yehovanın İsrail üzərindəki taxtında o otursun.+
6 O, mənə dedi: “Mənim evimi və həyətlərimi oğlun Süleyman tikəcək. Mən onu seçmişəm, o, Mənə oğul, Mən də ona Ata olacağam.+ 7 Əgər o, indiki kimi, əmrlərimə, hökmlərimə cidd-cəhdlə əməl etsə,+ taxt-tacını əbədilik bərqərar edəcəyəm”.+ 8 Bütün İsrailin, Yehovanın icmasının və Allahımızın önündə sizə deyirəm: Allahınız Yehovanın əmrlərini öyrənib onlara dəqiqliklə əməl edin ki, bu gözəl diyarda qalasınız+ və onu özünüzdən sonra övladlarınıza əbədi irs kimi ötürəsiniz.
9 Sən isə, oğlum Süleyman, atanın Allahını tanı, Ona sidqi-ürəkdən+, sevinclə xidmət et. Çünki Yehova ürəkləri araşdırır,+ insanın fikirlərindən, niyyətlərindən agahdır.+ Onu axtarsan, tapacaqsan.+ Amma Ondan üz döndərsən, O, səni əbədilik rədd edəcək.+ 10 Bax, Yehova səni seçib ki, müqəddəs məkan olacaq evi tikəsən. Cəsur ol, işə başla!»
11 Davud oğlu Süleymana eyvanın+, otaqların, anbar otaqlarının, yuxarı otaqların, içəri otaqların, kəffarə otağının*,+ 12 həmçinin Allahın ruhu ilə ona əyan olan hər şeyin — Yehovanın evinin həyətlərinin+, ətrafdakı yemək otaqlarının, Allahın evinin xəzinəsinin və müqəddəs edilmiş şeylərin qoyulduğu xəzinənin+ layihəsini+ verdi. 13 Bundan əlavə, ona kahinlərin və lavililərin bölüklərinə,+ Yehovanın evində görülən işlərə, Yehovanın evində işlədilən əşyalara aid göstərişlər verdi. 14 Həmçinin müxtəlif işlərdə istifadə olunacaq, qızıl və gümüş əşyalara sərf olunacaq qızılın və gümüşün çəkisini, 15 istifadəsindən asılı olaraq, düzəldiləcək qızıl və gümüş çıraqdanlar+ və onların çıraqları üçün qızılın və gümüşün çəkisini, 16 üst-üstə qoyulan çörəklərin* masaları+ üçün ayrı-ayrılıqda qızılın çəkisini, gümüş masalar üçün gümüşün çəkisini, 17 yabaların, kasaların, saf qızıldan dolçaların, qızıl və gümüş masquraların+ (ayrı-ayrılıqda hər masquranın) çəkisini, 18 buxur qurbangahı üçün saf qızılın çəkisini verdi.+ O həmçinin arabanı təmsil edən,+ qanadlarını açıb Yehovanın Əhd sandığına kölgə salan qızıl kərrublar+ üçün saf qızılın çəkisini verdi. 19 Davud dedi: «Yehovanın əli üzərimdə idi. O, layihəni+ təfsilatı ilə yazıya köçürmək üçün mənə anlayış verdi».+
20 Sonra Davud oğlu Süleymana dedi: «Cəsur ol, möhkəm ol, işə başla! Qorxma, təlaşa düşmə, Yehova Allah, mənim Allahım səninlədir.+ O, səni atmayacaq, tərk etməyəcək.+ Yehova evi ilə bağlı bütün işlər başa çatana qədər səninlə olacaq. 21 Budur, kahinlərin və lavililərin+ bölükləri+ Allahın evində xidmət etməyə hazırdır. Hər cür işi görməyə hazır olan peşəkar işçilər,+ habelə başçılar+ və bütün xalq əmrinə müntəzirdir».