«Cəsur ol,.. işə başla!»
«Cəsur ol, möhkəm ol, işə başla! Qorxma, təlaşa düşmə, Yehova Allah... səninlədir» (1 SALN. 28:20).
1, 2. a) Şahzadə Süleymana hansı vacib iş həvalə olunmuşdu? b) Davud nə üçün oğlu Süleymana görə narahat idi?
ŞAHZADƏ SÜLEYMAN bəşər tarixinin ən əhəmiyyətli inşaat layihəsinə — Yerusəlimdəki məbədin tikintisinə başçılıq etmək tapşırığı almışdı. Bu, çox möhtəşəm layihə idi. Atası Davud Süleymana demişdi ki, binanın «şöhrəti, əzəməti cümlə cahana yayılmalıdır»; ən əsası isə o idi ki, məbəd «Yehova Allahın evi» adlanacaqdı. Bu tapşırığı Süleymana Yehovanın Özü vermişdi (1 Saln. 22:1, 5, 9—11).
2 Davud padşah Yehovanın işi dəstəkləyəcəyinə şübhə etmirdi. Bununla belə, o başa düşürdü ki, bu işi gənc və səriştəsiz olan oğlu görəcək. Görəsən, bu işə başlamağa oğlunun yetərincə cəsarəti çatacaq? Təcrübəsiz olması ona mane olmayacaq ki? Bir sözlə, bu işdə müvəffəqiyyət qazanmaq üçün Süleyman cəsarət göstərib addım atmalı idi.
3. Süleyman cəsarətli olmaqla bağlı atasından nələr öyrənə bilərdi?
3 Süleyman ehtimal ki, cəsarətlə bağlı çox şeyi atasından öyrənmişdi. Davud cavanlığında atasının sürüsünü qorumaq üçün qorxmadan vəhşi heyvanlarla vuruşmuşdu (1 İşm. 17:34, 35). Həmçinin o, şücaətlə güclü döyüşçü Calutun qabağına çıxmış və Yehovanın köməyi ilə onu bircə daşla yerə sərmişdi (1 İşm. 17:45, 49, 50).
4. Süleyman nə üçün cəsarətli olmalı idi?
4 Davud özü vaxtilə cəsarət nümayiş etdirdiyinə görə Süleymanı məbəd inşa etmək üçün ürəkləndirməsi yerinə düşürdü. (1 Salnamələr 28:20 ayəsini oxuyun.) Əgər Süleyman cəsarət göstərməsəydi, işə də başlaya bilməyəcəkdi, çünki nə isə edib uğursuzluğa düçar olmaq, heç nə etməməkdən daha yaxşıdır.
5. Nəyə görə cəsarətli olmalıyıq?
5 Biz də ibadətlə bağlı işlərdə cəsarətli olmaq üçün Süleyman kimi Yehovanın köməyinə möhtacıq. Onun Kəlamındakı nümunələr bizim cəsarətimizi artıra bilər. Gəlin bir neçə nümunəni araşdırmaqla onların həyatımıza və ibadətimizə necə aid olduğunu müəyyən edək.
CƏSARƏT NÜMUNƏLƏRİ
6. Yusifin cəsarəti barədə nə deyərdiniz?
6 İlk növbədə Fitfirin arvadının əxlaqsız təklifləri ilə qarşılaşan Yusifin cəsarəti barədə düşünək. Çox güman ki, Yusif qadının təkidlərinə etiraz etməyin nə ilə nəticələnəcəyini gözə almışdı. Bununla belə, o təslim olmadı, cəsarətlə qadının təkliflərini rədd etdi (Yar. 39:10, 12).
7. Rahab hansı vəziyyətdə cəsarətlə davranmışdı? (Məqalənin əvvəlindəki şəklə baxın.)
7 Digər bir cəsarət nümunəsi Rahabdır. İsrailli kəşfiyyatçılar Ərihanı gözdən keçirməyə gələndə Rahabın evinə gəlirlər. Rahab qorxuya qapılıb onları evinə buraxmaya bilərdi. Amma Yehovaya güvəndiyindən o, cəsarətlə davranıb həmin adamları gizlətdi, sonra isə şəhəri tərk etmələrinə kömək elədi (Yuş. 2:4, 5, 9, 12—16). Rahab Yehovanın gerçək Allah olduğuna inanır və bilirdi ki, O, bu ölkəni israillilərə təslim edəcək. Rahab nə Əriha padşahından, nə də başqa bir kəsdən qorxmadı. Nəticədə, onun cəsarəti həm özünü, həm də ailəsini xilas etdi (Yuş. 6:22, 23).
8. İsa Məsihin mərdliyi həvarilərinə necə təsir etmişdi?
8 İsa Məsihin həvariləri də bizim üçün cəsarət nümunəsidir. Onlar cəsarətli olmağı Ağalarından öyrənmişdilər (Mət. 8:28—32; Yəh. 2:13—17; 18:3—5). Məhz bu cəsarət sayəsində onlar saddukilərin qadağalarına baxmayaraq, İsa Məsihin adı ilə təlim verməyə davam edirdilər (Həv. 5:17, 18, 27—29).
9. 2 Timutiyə 1:7 ayəsinə əsasən, cəsarətimizin əsl mənbəyi kim olmalıdır?
9 Yusifi, Rahabı, İsanı və həvariləri Yehovanın bəyəndiyi kimi davranmağa sövq edən onların daxili qüvvəsi, cəsarəti idi. Amma bu cəsarət özünəarxayınlıqdan yox, Yehovaya etibardan qaynaqlanırdı. Hərdən biz də cəsarət tələb edən vəziyyətlərlə üzləşirik. Belə hallarda özümüzə arxalanmaq yerinə, Yehovaya bel bağlamalıyıq. (2 Timutiyə 1:7 ayəsini oxuyun.) İndi isə gəlin həyatımızın iki sahəsində, ailədə və yığıncaqda cəsarət tələb edən vəziyyətlərə diqqət yetirək.
CƏSARƏT TƏLƏB EDƏN VƏZİYYƏTLƏR
10. Nə üçün gənc məsihilər cəsur olmalıdır?
10 Gənc məsihilər Yehovaya xidmətdə bir çox maneələrlə üzləşirlər. Bu vəziyyətlərdə onlardan cəsarət tələb olunur. Onlar Süleyman peyğəmbərdən nümunə götürə bilərlər. O, məbədin inşasını başa çatdırmaq üçün cəsarət göstərib düzgün qərarlar vermişdi. Hərçənd ki, gəncləri valideynləri yönləndirir və yönləndirməlidir də, amma bəzi vacib qərarları gənclər özləri qəbul etməli olurlar (Məs. 27:11). Məsələn, dost seçimi, əyləncə, əxlaqi təmizlik və vəftiz kimi məsələlərdə. Bu sahələrdə düzgün qərar vermək əsl cəsarət tələb edir. Çünki Yehovanın istəyinə uyğun qərarlar verməklə onlar Şeytanın istəyinin əleyhinə davranmış olurlar.
11, 12. a) Musa hansı sahədə cəsarət nümayiş etdirdi? b) Gənclər Musanın cəsarət nümunəsindən necə bəhrələnə bilərlər?
11 Gənclərin qəbul etməli olduğu ən vacib qərarlardan biri də gələcəkləri ilə bağlıdır. Bəzi ölkələrdə gənclərə ali təhsil almağı, yüksək məvacibli işə yiyələnməyi təlqin edirlər. Elə ölkələr də var ki, iqtisadi vəziyyət aşağı olduğundan gənclər bütün güclərini ailə və qohumlarını dolandırmağa sərf etməyi özlərinə borc bilirlər. Əgər siz də oxşar vəziyyətdəsinizsə, onda Musa peyğəmbəri yadınıza salın. O, firon qızının evində böyümüşdü. Təsəvvür edin, Musa ailə üzvləri, tərbiyəçi və müəllimlərindən ad-san qazanıb var-dövlət artırmaqla bağlı nə qədər «öyüd-nəsihətlər» eşidirdi. Amma Musa bu təzyiqə boyun əymədi, cəsarətlə davranıb Yehovaya qulluq etməyi üstün tutdu. O, Misirin cah-calalından imtina edərək Yehovaya bel bağladı. Əlbəttə, bu, cəsarət tələb edirdi (İbr. 11:24—26). Yehova onun bu qərarını bolluca mükafatlandırdı, şübhəsiz, gələcəkdə də artıqlaması ilə mükafatlandıracaq.
12 Bu gün də Yehova ruhani hədəflərə can atıb ibadəti birinci yerə qoyan cəsarətli gəncləri mükafatsız qoymaz. Onlar əmin ola bilərlər ki, Allah onlara ailələrinin maddi ehtiyacını ödəməyə kömək edəcək. Birinci əsrdə yaşamış gənc Timutini də yadınıza salın. Bu gənc ruhani məqsədlər üçün yaşaya bilmişdisə, siz də bunu bacaracaqsınız!a (Filippililərə 2:19—22 ayələrini oxuyun.)
13. Nəyə görə bir gənc bacıya məqsədlərinə çatmaq üçün cəsarət lazım idi?
13 ABŞ-ın Alabama ştatında yaşayan bir bacı ruhani məqsədlər qoymaq üçün cəsarət göstərməli idi. O yazır: «Uşaqlıqdan çox utancaq olmuşam. Yığıncaqdakı bacı-qardaşlarla iki kəlmə kəsə bilmirdim, qaldı ki, tanımadığım birinin qapısını döymək». Amma bu gənc bacı valideynlərinin və yığıncağın dəstəyi ilə öncül olmaq məqsədinə çatır. O, bunun nəticəsində əldə etdiyi nemətlər haqqında deyir: «Şeytan dünyası qarşımıza ali təhsili, ad-sanı, maddiyyatı və əşyabazlığı dəyərli məqsəd kimi qoyur. Çox vaxt bu məqsədlər ya əlçatmaz olur, ya da özü ilə stress, məyusluq gətirir. Fəqət Yehovaya ibadət mənə əsl xoşbəxtlik və müvəffəqiyyət hissi bəxş etdi».
14. Məsihi valideynlər hansı sahələrdə cəsarətlə davranmalıdırlar?
14 Məsihi valideynlərin də cəsarətə ehtiyacı var. Ola bilsin, müdiriniz tez-tez sizdən işdən sonra və istirahət günlərində işləməyinizi istəsin. Ancaq siz bilirsiniz ki, həmin vaxt təbliğdən, ailəvi ibadətdən, yığıncaqdan qalmalı olacaqsınız. Məhz belə məqamda güzəştə getməmək üçün cəsarət lazımdır. Bununla siz övladlarınıza gözəl nümunə qoyacaqsınız. Yaxud ola bilər ki, sizin öz övladınıza rəva bilmədiyiniz şeyləri yığıncaqda kimsə öz uşağına icazə versin. Həmin valideyn sizdən soruşa bilər ki, nə əcəb siz uşağınızı filan şeyi etməyə qoymursunuz? Belə hallarda mövqeyinizi izah etmək üçün cəsarət göstərməli olacaqsınız. Təbii ki, bunu nəzakətlə etmək gərəkdir.
15. Zəbur 37:25 və İbranilərə 13:5 ayələri valideynlərə necə kömək edə bilər?
15 Uşaqları ruhani məqsədlərlə böyütmək də cəsarət tələb edir. Məsələn, bəzi valideynlər uşaqlarını öncüllüyə, tələbat olan ərazilərə köçməyə, Beytel və tikinti xidmətinə təşviq etməyə tərəddüd edirlər. Ola bilsin, qocalıq vaxtı uşaqlarının onlara baxa bilməyəcəklərindən qorxurlar. Ancaq belə vəziyyətlərdə ən doğrusu o olardı ki, valideyn cəsarət göstərib Yehovanın vədlərinə etibar etsin. (Zəbur 37:25; İbranilərə 13:5 ayələrini oxuyun.) Bundan əlavə, təvəkküllə hərəkət edən valideyn övladına da eyni cür davranmağı öyrədəcək (1 İşm. 1:27, 28; 2 Tim. 3:14, 15).
16. Bəzi valideynlər uşaqlarına ruhani məqsədlər qoymağa necə kömək ediblər və bunun hansı faydaları olub?
16 Birləşmiş Ştatlarda yaşayan bir ailədə valideynlər uşaqlarına ruhani məqsədlər qoymağa kömək ediblər. Ailə başçısı deyir: «Uşaqlarımızla lap körpəlikdən öncüllüyün, yığıncağa qulluq etməyin insana nə qədər sevinc bəxş etdiyi barədə danışırdıq. İndi uşaqlarımız bu məqsədlərlə yaşayırlar. Ruhani məqsədlər onlara Şeytanın fani dünyasının təlqinlərinə uymayıb, diqqəti Yehovaya cəmləməyə kömək edir». İki uşaq atası olan başqa bir qardaş yazır: «Valideynlərin çoxu övladlarının idman, əyləncə və təhsil məqsədlərinə külli miqdarda pul tökürlər. Məgər uşaqlarımızın Yehovanın rəğbətini qazanmasına kömək edən məqsədlərə sərmayə qoymaq daha məntiqli olmazdı?! Övladlarımızın ruhani məqsədlərə çatdığını görmək və bu işdə töhfəmizin olduğunu bilməkdən gözəl nə ola bilər?!» Bəli, uşaqlarını ruhani məqsədlərə yönləndirən valideynlər mütləq Yehovadan mükafatlarını alacaqlar.
YIĞINCAQ DAXİLİNDƏ CƏSARƏT
17. Yığıncaq daxilində cəsarət tələb edən hansı vəziyyətləri misal gətirmək olar?
17 Yığıncaq daxilində də cəsarət tələb edən hallar olur. Məsələn, ağsaqqallar intizam ölçüləri götürərkən, həyat təhlükəsi ilə üz-üzə qalanlara tibbi məsələlərlə bağlı yardım edərkən, təlim məqsədi ilə həbsxanalarda məhbuslara baş çəkərkən cəsarətli davranmalıdırlar. Bəs subay bacılar barədə nə demək olar? Son vaxtlar onların qarşısında bir çox imkan qapıları açılıb. Öncül kimi xidmət etmək, tələbat olan əraziyə köçmək, inşaat layihələrində köməklik etməklə yanaşı, bacıların indi Padşahlıq Müjdəçiləri və Gilad məktəblərində də təhsil almaq imkanı var.
18. Yığıncağımızın ağbirçəkləri hansı məsələlərdə çəkingənlik göstərməməlidirlər?
18 Ağbirçəklər hər bir yığıncağın bəzəyidir. Onların yığıncağa böyük töhfəsi var. Bu bacılardan bəziləri əvvəlki qədər xidmət edə bilməsələr də, müəyyən məsələlərdə öz köməkliklərini göstərə bilərlər. (Titusa 2:3—5 ayələrini oxuyun.) Məsələn, ola bilsin, ağsaqqal yaşlı bacıdan geyimlə bağlı hansısa gənc bacıya düzəliş verməsini xahiş etsin. Bu vaxt ağbirçək bacı həmin gənclə danışmağa çəkinməməlidir. Bacını tənqid etmədən onun geyiminin başqalarına necə təsir edə biləcəyini diqqətinə çatdıra bilər (1 Tim. 2:9, 10). Bu cür mehriban münasibət yaxşı nəticələr verə bilər.
19. a) Vəftiz olunmuş qardaşlar hansı sahədə əzmli davranmalıdır? b) Filippililərə 2:13 və 4:13 ayələri qardaşlara cəsarətli olmaqda necə kömək edə bilər?
19 Vəftiz olunmuş qardaşlar da cəsarət göstərməli olurlar. Məsuliyyətlərə can atan qardaşlar yığıncaq üçün çox dəyərlidirlər (1 Tim. 3:1). Hərçənd buna hamı can atmır. Ola bilsin, keçmişdə yol verdikləri səhvlərə görə onlar özlərini yığıncaq xidmətçisi və ya ağsaqqal olmağa layiq bilmirlər. Yaxud da, ola bilsin, onlar düşünürlər ki, bu məsuliyyətlərin öhdəsindən gələ bilməzlər. Əgər sizdə də bu kimi mənfi düşüncələr varsa, Yehova sizə onların öhdəsindən gəlməyə kömək edə bilər. (Filippililərə 2:13; 4:13 ayələrini oxuyun.) Yadınızdadırmı, Musa da Yehovanın ona tapşırdığı işi görə bilməyəcəyini düşünürdü (Çıx. 3:11). Lakin Yehovanın dəstəyi nəticəsində Musa özündə cəsarət yetişdirib ona həvalə olunan işin öhdəsindən gələ bildi. Bəs vəftiz olunmuş qardaşlar Musa peyğəmbər kimi özlərində cəsarət yetişdirə bilərlər? Sözsüz ki, Yehovanın köməyi ilə hər şey mümkündür. Onlar Müqəddəs Kitabı hər gün mütaliə etməyin və hərarətli duaların sayəsində buna nail ola bilərlər. Bununla yanaşı, qardaşlar təvazökarlıqla ağsaqqallardan üzərində işləməli olduqları sahələrlə bağlı məsləhət istəyə bilərlər, həmçinin hər işdə kömək etməyə hazır olduqlarını bildirə bilərlər. Biz bütün vəftiz olunmuş qardaşları cəsarətli olub yığıncağın işlərinə can yandırmağa səsləyirik!
«YEHOVA... SƏNİNLƏDİR»
20, 21. a) Davud Süleymanı nəyə əmin etdi? b) Biz nəyə şübhə etməməliyik?
20 Padşah Davud Süleymanı əmin etdi ki, məbədin inşasını başa çatdırana qədər Yehova ona dayaq olacaq (1 Saln. 28:20). Atasının bu sözləri Süleymanı ürəkləndirdi. Beləcə, o, gənc və səriştəsiz olmasının onun yolunda çəpər olmağına yol vermədi. Süleyman böyük şücaət göstərərək işə girişdi və Yehovanın köməyi ilə yeddi il yarıma bu həşəmətli məbədin inşasını tamamladı.
21 Yehova Süleymana dayaq olduğu kimi, bizə də cəsarətli olub ailəmizdə və yığıncaqda öhdəmizə düşən işləri tamamlamağa dəstək olacaq (Əşy. 41:10, 13). Yehovaya ibadətimizin bütün sahələrində cəsarətli olsaq, onda həm bu gün, həm də gələcəkdə Allahın lütflərinə sahib olacağıq. Odur ki, gəlin, cəsur olub işə başlayaq!
a Ruhani məqsədlər qoymaqla bağlı praktiki məsləhətlər «Gözətçi qülləsi» jurnalının 2010-cu il 15 noyabr sayında dərc olunan «Ey gənclər, həyatınızı nəyə həsr edəcəksiniz?» adlı məqalədə yer alır.