Çıxış
25 Sonra Yehova Musaya dedi: 2 «İsraillilərə de Mənim üçün bəxşiş gətirsinlər. Ürəyi sövq edən hər kəsdən bəxşiş alın.+ 3 Onlardan bu kimi bəxşişlər alın: qızıl+, gümüş+, mis+, 4 göy iplik, bənövşəyi yun, al-qırmızı iplik, zərif kətan, keçi tükü, 5 qırmızı boyanmış qoç dərisi, suiti dərisi, akasiya ağacı,+ 6 çıraq üçün yağ,+ məsh yağı+ və ətirli buxur üçün balzam,+ 7 döşlük+ və sinəbənd+ üçün damarlı əqiq daşı və başqa daşlar. 8 Mənim üçün müqəddəs çadır düzəldin. Mən aranızda məskən salacağam.+ 9 Çadırı* və onun bütün avadanlığını göstərdiyim nümunəyə əsasən düzəldin.+
10 Akasiya ağacından sandıq düzəldin: uzunluğu iki qulac* yarım, eni qulac yarım, hündürlüyü qulac yarım.+ 11 Ona həm içəridən, həm də çöldən xalis qızıl çəkin.+ Kənarlarına qızıldan naxışlı haşiyə düzəldin.+ 12 Qızıldan dörd ədəd tökmə halqa düzəldib sandığın dörd ayağının üstünə bərkidin, ikisini bir tərəfinə, qalan ikisini o biri tərəfinə. 13 Akasiya ağacından şüvüllər düzəldib üstünü qızılla örtün.+ 14 Şüvülləri sandığın yan tərəflərindəki halqalardan keçirin ki, onu daşıya biləsiniz. 15 Şüvüllər həmişə halqalarda qalmalı, heç vaxt çıxarılmamalıdır.+ 16 Sandığın içinə sənə verəcəyim Şəhadət lövhələrini qoyarsan.+
17 Xalis qızıldan iki qulac yarım uzunluğunda, qulac yarım enində qapaq düzəldin.+ 18 Qapağın hər iki qırağı üçün döymə qızıldan bir kərrub düzəldin.+ 19 Kərrubları düzəldib hərəsini qapağın bir qırağına qoyun. 20 Kərrubların qanadları yuxarıya tərəf açılıb qapağın üstünü örtməlidir.+ Onlar qarşı-qarşıya qoyulmalı, üzləri isə qapağa baxmalıdır. 21 Qapağı sandığın ağzına qoy.+ Sənə verəcəyim Şəhadət lövhələrini isə sandığa qoy. 22 Mən qapağın üstündə sənə görünüb oradan səninlə danışacağam.+ İsraillilərə çatdıracağın bütün fərmanları sənə Şəhadət sandığının üstündəki kərrubların arasından bildirəcəyəm.
23 Həmçinin akasiya ağacından iki qulac uzunluğunda, yarım qulac enində, qulac yarım hündürlüyündə bir masa düzəldin.+ 24 Üstünə xalis qızıl çəkin. Qıraqlarına qızıldan naxışlı haşiyə vurun. 25 Masaya dörd barmaq* enində çərçivə vurun. Çərçivənin qırağına da naxışlı haşiyə düzəldin. 26 Masa üçün qızıldan dörd halqa düzəldin və masanın dörd küncünə, ayaqların bərkidildiyi yerə vurun. 27 Halqalar çərçivəyə yaxın olmalıdır. Masanı daşımaq lazım gələndə şüvülləri halqalardan keçirib masanı götürərsiniz. 28 Şüvülləri akasiya ağacından düzəldin, üstünə də qızıl çəkin. Masanı bu şüvüllərlə daşıyacaqlar.
29 Masa üçün nimçələr, camlar, eləcə də şərab təqdiməsini tökmək üçün dolçalar və kasalar düzəldin. Onlar xalis qızıldan olmalıdır.+ 30 Mənim önümdən, masanın üstündən hüzur çörəyi heç vaxt əskik olmamalıdır.+
31 Xalis döymə qızıldan çıraqdan düzəldin.+ Onun altlığı, gövdəsi, qolları, tumurcuqları, qönçələri və gülləri bir bütöv olmalıdır.+ 32 Çıraqdanın gövdəsindən altı qol ayrılmalıdır — üçü bir tərəfdən, üçü digər tərəfdən. 33 Hər iki tərəfdəki qollarda tumurcuq və qönçələrlə növbələşən, badam çiçəyinə bənzər üç gül olmalıdır. Çıraqdanın gövdəsindən ayrılan altı qol bu cür olmalıdır. 34 Çıraqdanın gövdəsində də tumurcuq və qönçələrlə növbələşən, badam çiçəyinə bənzər dörd gül olmalıdır. 35 Çıraqdanın gövdəsindən ayrılan altı qolun hər cütünün altında bir tumurcuq olmalıdır. 36 Tumurcuqlar, qollar, ümumiyyətlə, çıraqdan bütöv bir qızıl parçasından, xalis, döymə qızıldan düzəldilməlidir.+ 37 Çıraqdan üçün yeddi çıraq düzəldin. Çıraqlar yananda qabaq tərəfi işıqlandırmalıdır.+ 38 Maşalar və xəkəndazlar xalis qızıldan olmalıdır.+ 39 Çıraqdan və onun bütün avadanlığı bir talant* xalis qızıldan düzəldilməlidir. 40 Diqqətli ol ki, hər şey sənə dağda göstərilən nümunəyə uyğun düzəldilsin.+