Timutiyə birinci məktub
3 Bu söz doğrudur: nəzarətçi+ olmağa can atan yaxşı şey arzulayır. 2 Elə isə nəzarətçi qüsursuz, tək bir qadınla evli, hər şeydə həddini bilən, sağlam düşüncəli,+ nizam-intizamlı, qonaqpərvər,+ təlim verməkdə səriştəli,+ 3 dərrakəli olmalıdır.+ O, sərxoşluq etməməli,+ zorakı, davakar+ və pulpərəst olmamalıdır.+ 4 Ailəsini yaxşı idarə etməli, uşaqları itaətkar və tərbiyəli olmalıdır.+ 5 (Axı insan öz ailəsini idarə edə bilmirsə, Allahın yığıncağının qayğısına necə qalacaq?) 6 O həmçinin imana təzə gələnlərdən+ olmamalıdır ki, qürrələnib İblisə çıxarılmış hökmə düçar olmasın. 7 Bundan əlavə, kənar adamlar da onun haqqında yaxşı fikirdə olmalıdırlar+ ki, heç kim onu qınamasın və o, İblisin tələsinə düşməsin.
8 Yığıncaq xidmətçiləri də eynən ciddi olmalıdırlar. Onlar ikiüzlü, şərab düşkünü, haram qazanc hərisi olmamalı,+ 9 təmiz vicdanla+ imanın müqəddəs sirrini qorumalıdırlar.
10 Qoy əvvəlcə onların yararlı olub-olmadığı sınansın. Əgər qüsursuzdurlarsa,+ qoy yığıncaqda xidmətçi kimi xidmət etsinlər.
11 Qadınlar da həmçinin böhtançı olmamalı,+ əksinə, ciddi olmalı, hər şeydə hədd bilməli, hər sahədə sədaqətli olmalıdırlar.+
12 Yığıncaq xidmətçisi tək bir qadınla evli olmalıdır. O, uşaqlarını və ev əhlini yaxşı idarə etməlidir. 13 Çünki ləyaqətlə xidmət edənlər yaxşı ad qazanır və Məsih İsaya gətirdikləri iman barədə alnıaçıqlıqla danışırlar.
14 Ümidvaram ki, tezliklə yanına gələcəyəm. Amma yenə də bunları sənə yazıram ki, 15 işdir, yubansam, Allahın ailəsində+ necə davranmağı biləsən. Bu ailə var olan Allahın yığıncağı, həqiqətin sütunu və dayağıdır. 16 Allaha sədaqətin müqəddəs sirri, doğrudan da, böyükdür: «İsa cismən zühur etdi,+ ruhani varlıq kimi saleh elan edildi,+ mələklərə göründü,+ xalqlar arasında təbliğ olundu,+ dünyada ona iman edildi,+ göydə calal içində qarşılandı».