FƏSİL 5
Allahın xalqının qayğısına qalan nəzarətçilər
İSA MƏSİH yer üzündə olanda onun «yaxşı çoban» olduğu aydın görünürdü (Yəh. 10:11). Bir dəfə o, ardınca gedən camaatı görəndə «onların halına acıdı, çünki bu adamlar çobansız qoyunlar kimi yazıq və dağınıq idilər» (Mət. 9:36). Butrus və digər həvarilər onun çox qayğıkeş insan olduğunu görürdülər. İsa İsrailin dırnaqarası çobanlarından yerlə göy qədər fərqlənirdi; bu çobanlar sürü ilə heç maraqlanmırdılar, qoyunlar pərən-pərən olmuşdu, ruhani cəhətdən aclıq çəkirdi (Hizq. 34:7, 8). İsa öz nümunəsi ilə həvarilərə insanlara təlim verməyi, onların qeydinə qalmağı, hətta lazım gəlsə, onların uğrunda həyatlarını fəda etməyi öyrətmişdi. Şagirdlərə mömin insanlara Yehovanın — canlarını qoruyan «çobanın və nəzarətçinin» yanına qayıtmağa kömək etməyin yolunu göstərmişdi (1 But. 2:25).
2 Bir dəfə Butrusla söhbətində İsa Allahın sürüsünü bəsləməyin və otarmağın vacibliyini vurğulamışdı (Yəh. 21:15—17). Şübhəsiz, bu söhbət Butrusa dərin təsir bağışlamışdı, çünki sonralar o, məsihi yığıncağının ağsaqqallarına növbəti məsləhəti vermişdi: «Allahın sizə əmanət etdiyi sürünü otarıb ona nəzarət edin. Bunu zorla yox, Allah qarşısında könül xoşluğu ilə, haqsız qazanc hərisliyindən yox, canla-başla edin. Allahın əmanəti üzərində ağalıq etməyin, əksinə, sürüyə nümunə olun» (1 But. 5:1—3). Butrusun sözləri bu gün yığıncağa nəzarət edən insanlara da aiddir. Ağsaqqallar İsadan nümunə götürərək ürəkdən, həvəslə sürünün qeydinə qalırlar, Yehovanın tapşırdığı işə rəhbərlik edirlər (İbr. 13:7).
Ağsaqqallar İsadan nümunə götürərək ürəkdən, həvəslə sürünün qeydinə qalırlar, Yehovanın tapşırdığı işə rəhbərlik edirlər
3 Müqəddəs ruhun rəhbərliyi ilə təyin olunmuş nəzarətçilərə görə Yehovaya ürəkdən minnətdarıq. Onların bizə çox böyük köməyi dəyir. Məsələn, onlar bizi ruhlandırır, hər birimizin ayrı-ayrılıqda qeydinə qalır. İman əhlinin ruhani qida aldığı ibadət görüşlərinə canla-başla rəhbərlik edirlər (Rom. 12:8). Sürünü pis təsirdən, məsələn, pis insanlardan qorumaq üçün əllərindən gələni edirlər (Əşy. 32:2; Tit. 1:9—11). Onların təbliğ işinə rəhbərlik etməsi bizi hər ay bu işdə fəal olmağa təşviq edir (İbr. 13:15—17). İnsan timsalında hədiyyələr olan bu ağsaqqallar vasitəsilə Yehova yığıncaqları möhkəmləndirir (Efes. 4:8, 11, 12).
NƏZARƏTÇİLƏR ÜÇÜN TƏLƏBLƏR
4 Yığıncağın qeydinə yaxşı qalmaq üçün nəzarətçilər Müqəddəs Kitabdakı tələblərə cavab verməlidirlər. Demək olar ki, yalnız bu tələblərə cavab verən nəzarətçilər müqəddəs ruh tərəfindən təyin olunublar (Həv. 20:28). Bəli, nəzarətçilər üçün tələblər yüksəkdir, axı onların boynuna düşən iş çox məsuliyyətli işdir. Amma bu tələblər o dərəcədə yüksək deyil ki, Yehovanı sevən və Ona ürəkdən xidmət etmək istəyən məsihi onlara cavab verə bilməsin. Nəzarətçilərin Allahın Kəlamındakı öyüd-nəsihətlərə əməl etdiyi onların həyat tərzindən aydın görünməlidir.
Yığıncağın qeydinə yaxşı qalmaq üçün nəzarətçilər Müqəddəs Kitabdakı tələblərə cavab verməlidirlər
5 Həvari Bulus Timutiyə birinci məktubunda və Titusa məktubunda nəzarətçi olmaq istəyənlər üçün əsas tələbləri sadalamışdı. 1 Timutiyə 3:1—7 ayələrində yazılıb: «Nəzarətçi olmağa can atan yaxşı şey arzulayır. Elə isə nəzarətçi qüsursuz, tək bir qadınla evli, hər şeydə həddini bilən, sağlam düşüncəli, nizam-intizamlı, qonaqpərvər, təlim verməkdə səriştəli, dərrakəli olmalıdır. O, sərxoşluq etməməli, zorakı, davakar və pulpərəst olmamalıdır. Ailəsini yaxşı idarə etməli, uşaqları itaətkar və tərbiyəli olmalıdır. (Axı insan öz ailəsini idarə edə bilmirsə, Allahın yığıncağının qayğısına necə qalacaq?) O həmçinin imana təzə gələnlərdən olmamalıdır ki, qürrələnib İblisə çıxarılmış hökmə düçar olmasın. Bundan əlavə, kənar adamlar da onun haqqında yaxşı fikirdə olmalıdırlar ki, heç kim onu qınamasın və o, İblisin tələsinə düşməsin».
6 Bulus Titusa belə yazmışdı: «Mən səni Kritdə ona görə qoydum ki, yarımçıq işləri qaydaya salasan və göstəriş verdiyim kimi, şəhərlərdə ağsaqqallar təyin edəsən. Ağsaqqal qüsursuz və tək bir qadınla evli olmalıdır. Onun uşaqları pozğun həyat sürməkdə və itaətsizlikdə ittiham olunmamalı, imanlı olmalıdırlar. Bəli, nəzarətçi Allahın nökərbaşısı kimi qüsursuz olmalıdır. O, inadkar, tez özündən çıxan, sərxoşluq edən, zorakı, haram qazanc hərisi olmamalıdır. Əksinə, yaxşılığı sevməli, qonaqpərvər, sağlamdüşüncəli, saleh, sədaqətli olmalı və özünə hakim olmağı bacarmalıdır. O, təlim verərkən Allahın etibara layiq sözünə bağlı qalmalıdır ki, sağlam təlimin sayəsində həm qardaşları ürəkləndirsin, həm də bu təlimə zidd gedənləri tənbeh edə bilsin» (Tit. 1:5—9).
7Nəzarətçilər üçün Müqəddəs Kitabdakı tələblər ilk baxışdan həddən artıq yüksək görünsə də, qardaşlar tərəqqi etmək məqsədindən əl çəkməməlidirlər. Onlar nəzarətçilərdən gözlənilən keyfiyyətləri əks etdirəndə yığıncaqdakılara gözəl nümunə qoyurlar. Bulusun yazdıqlarına əsasən, Allah insan timsalında olan bu hədiyyələri verib ki, «müqəddəsləri öyrətsinlər, xidmət işini görsünlər, Məsihin bədənini inşa etsinlər, ta o vaxtacan ki biz hamımız imanda birliyə və Allahın Oğlunu tanımaqda vəhdətə, yetkin insan səviyyəsinə, Məsihə məxsus dolğunluğun inkişaf dərəcəsinə yetişək» (Efes. 4:8, 12, 13).
8 Nəzarətçi çox gənc və imana təzə gələnlərdən olmamalıdır. O, təcrübəli məsihi olmalı, Müqəddəs Kitabı yaxşı bilməli, dərindən başa düşməli və bacı-qardaşları ürəkdən sevməlidir. Nəzarətçi səhv iş tutanlarla danışmağa və onlara məsləhət verməyə çəkinməməlidir, çünki bu yolla yığıncaqdakıları pis təsirdən qoruyur (Əşy. 32:2). O, yığıncaqdakılar arasında ruhani cəhətdən yetkin və səmimi-qəlbdən Allahın xalqının qayğısına qalan bir insan kimi tanınmalıdır.
9 Nəzarətçilər üçün tələblərə cavab verən qardaşın həyat tərzindən hikmətli olduğu görünməlidir. Evlidirsə, Müqəddəs Kitabın nikaha dair tələblərinə müvafiq gəlməli, yəni tək bir qadınla evli olmalı və ailəsini yaxşı idarə etməlidir. Nəzarətçinin imanda olan uşaqları itaətkar və tərbiyəli olmalı, pozğun həyat sürməkdə və itaətsizlikdə ittiham olunmamalıdır; onda yığıncaq həmin qardaşa ailə məsələləri və məsihi həyatı ilə bağlı məsləhət üçün ürəklə yaxınlaşacaq. Nəzarətçi qüsursuz olmalıdır, bundan əlavə, kənar adamlar da onun haqqında yaxşı fikirdə olmalıdır. O, heç bir nalayiq hərəkətdə ittiham edilməməlidir ki, yığıncağın adına ləkə gəlməsin. Ciddi günah işlətdiyi üçün təzəlikcə töhmət almış adam nəzarətçi təyin oluna bilməz. Nəzarətçi yuxarıdakı tələblərə cavab verirsə, yığıncaqdakılar həvəslə onun nümunəsini izləyəcək və öz ruhani rifahını ona etibar edə biləcəklər (1 Kor. 11:1; 16:15, 16).
10 Bu gün tələblərə cavab verən qardaşlar qədimdə Allahın xalqına xidmət etmiş «müdrik, bəsirətli, dünyagörmüş» İsrail ağsaqqallarının işinə bənzər işi həyata keçirirlər (Qan. 1:13). Ağsaqqallar da hamı kimi günahlıdır, lakin onları yığıncaqda və cəmiyyət arasında əməlisaleh və Allahdan qorxan, uzun müddət ərzində Allahın prinsiplərinə uyğun yaşayan bir insan kimi tanıyırlar. Onlar nöqsansız olduqları üçün yığıncaqda alnıaçıq, üzüağdırlar (Rom. 3:23).
11 Nəzarətçi məsuliyyətinə yararlı olan qardaşlar hər şeydə, o cümlədən başqaları ilə rəftarda həddi bilir. Onlar fanatik deyillər. Həyat tərzlərindən görünür ki, bu qardaşlar tarazlı və özünə hakim olan insanlardır. Onların tarazlı olduqları yemək-içmək, istirahət, məşğuliyyət və əyləncə kimi məsələlərdə aydın görünür. Nəzarətçilər içkidə həddi aşmırlar ki, heç kim onları sərxoşluqda və ya əyyaşlıqda ittiham etməsin. Həmçinin spirtli içkinin təsiri altında zehni kütləşən insan özünü idarə edə bilmir, buna görə də o, yığıncağın ruhani rifahının qayğısına qala bilməz.
12 Yığıncaqda nəzarətçi olmaq üçün qardaşdan müəyyən nizam-intizam tələb olunur. Onun xarici görünüşündən, evinin vəziyyətindən və gündəlik məşğuliyyətindən nümunəvi insan olduğu görünməlidir. O, işini sonraya saxlamamalıdır: nəyin vacib olduğunu dərk etməli və işini buna uyğun planlaşdırmalıdır. Yehova Allahın prinsiplərinə bağlı qalmalıdır.
13 Nəzarətçi dərrakəli olmalıdır. O, ağsaqqallar şurasında birliyi qorumalı və şuradakı digər qardaşlarla sıx əməkdaşlıq etməlidir. Nə özü haqda yüksək fikirdə olmalı, nə də başqalarına qarşı həddən artıq tələbkar olmalıdır. Dərrakəli insan kimi nəzarətçi özündənrazı olmamalı, öz fikrini digər ağsaqqalların fikrindən üstün tutmamalıdır. Çünki, ola bilsin, həmin ağsaqqallar hansısa keyfiyyət və ya bacarığı daha yaxşı təzahür etdirir. Nəzarətçinin dərrakəli olduğu həmçinin qərarlarını Allahın Kəlamına əsaslandırmağından və İsa Məsihin nümunəsini təqlid etməyindən görünür (Filip. 2:2—8). Ağsaqqal davakar və zorakı olmamalı, əksinə, başqalarını özündən üstün sayaraq onlara hörmət göstərməlidir. Həmişə öz fikrini başqalarına yeridərək inadkarlıq etməməlidir. O, tez özündən çıxmamalıdır, başqaları ilə sülhdə olmalıdır.
14 Yığıncaqda nəzarətçi təyin olunan qardaş həmçinin sağlamdüşüncəli, yəni tarazlı olmalı, tez-tələsik qərar çıxarmamalıdır. O, Yehova Allahın prinsiplərini yaxşı başa düşməli və düzgün tətbiq etməlidir. Sağlamdüşüncəli insan məsləhət və göstərişi qəbul edir, ikiüzlülük etmir.
15 Həvari Bulus Titusa yazmışdı ki, nəzarətçi yaxşılığı sevməli, saleh və sədaqətli olmalıdır. Bu keyfiyyətlər onun başqaları ilə rəftarından və qətiyyətlə doğruluğun tərəfini tutmağından görünməlidir. Onun Yehovaya sədaqəti sarsılmazdır. Həmişə saleh prinsipləri əldə rəhbər tutur. O, etibarlı insandır. Sözün əsl mənasında qonaqpərvər və fədakardır, başqalarına əl tutur (Həv. 20:33—35).
16 Yaxşı nəzarətçi olmaq üçün qardaş təlim verməkdə səriştəli olmalıdır. Bulusun Titusa yazdığı sözlərə əsasən, «o, təlim verərkən Allahın etibara layiq sözünə bağlı qalmalıdır ki, sağlam təlimin sayəsində həm qardaşları ürəkləndirsin, həm də bu təlimə zidd gedənləri tənbeh edə bilsin» (Tit. 1:9). O, məntiq işlətməyi, sübutlar gətirməyi, etirazın öhdəsindən gəlməyi bacarmalıdır. Müqəddəs Kitabı elə izah etməlidir ki, başqalarının imanını və əminliyini artırsın. Nəzarətçi bu üsullarla təlim verməyi həm əlverişli, həm də çətin vaxtda bacarmalıdır (2 Tim. 4:2). Günah işləyən adamı yumşaq şəkildə məzəmmət etmək, yaxud şübhəsi olan adamı inandırmaq və onu imandan doğan işlərə təşviq etmək üçün nəzarətçiyə səbir gərəkdir. Nəzarətçi səhnədən, yaxud fərdi şəkildə təlim verməyi bacarmalıdır — bu, mütləqdir.
17 Ağsaqqal müjdəçilik işində canla-başla iştirak etməlidir. Nəzarətçilərin bu sahədə İsa Məsihdən nümunə götürməyə can atdığı aydın görünməlidir. Xoş xəbəri təbliğ etmək İsanın həyatının ən vacib işi idi. O, şagirdlərini düşünürdü, onlara məharətli müjdəçi olmağa kömək edirdi (Mark 1:38; Luka 8:1). Ağsaqqal, çox məşğul olsa da, vaxt ayırıb təbliğ işində iştirak edəndə yığıncaqdakıları da bu işdə fəal olmağa təşviq edir. O, öz ailəsi və yığıncaqdakılarla xidmətə çıxanda onlar da ruhlanır, o da (Rom. 1:11, 12).
18 İlk baxışdan nəzarətçilər üçün olan bu tələblər həddən artıq yüksək görünə bilər. Düzdür, heç bir nəzarətçi Müqəddəs Kitabdakı bu tələblərə bütünlüklə cavab verə bilməz. Lakin elə olmamalıdır ki, yuxarıda göstərilən keyfiyyətlərin hansındasa onun ciddi nöqsanı olsun. Hər ağsaqqalın müəyyən sahədə üstün cəhəti var. Ümumilikdə isə ağsaqqallar şurası Allahın yığıncağına nəzarət işini lazımi şəkildə həyata keçirmək üçün tələb olunan bütün zəruri keyfiyyətlərə malikdir.
19 Ağsaqqallar, bir şura olaraq, qardaşın namizədliyini irəli sürəndə həvari Bulusun növbəti məsləhətini yadda saxlamalıdır: «Hər birinizə deyirəm: özünüz barədə lüzumundan artıq fikirləşməyin. Hər kəs özü haqqında Allahın ona verdiyi iman çərçivəsində düşünsün və sağlam düşüncəni qoruyub saxlasın» (Rom. 12:3). Heç bir ağsaqqal özü haqda yüksək fikirdə olmamalıdır. Kiminsə namizədliyi müzakirə olunanda heç kim özünü «həddən artıq saleh» aparmamalıdır (Vaiz 7:16). Müqəddəs Kitabın ağsaqqallar üçün tələblərini nəzərə alaraq şura namizədliyi müzakirə olunan qardaşın tələblərə kifayət qədər cavab verib-vermədiyini müəyyən edəcək. Ağsaqqallar namizədlik irəli sürəndə insanın qeyri-kamil olduğunu nəzərə almalı, qərəzli və ikiüzlü olmamalı, Yehovanın salehlik normalarına hörmət etməli və yığıncağın rifahını düşünməlidirlər. Onlar hər bir qardaşın namizədliyini nəzərdən keçirərkən Allahdan müqəddəs ruh istəməli və onun Müqəddəs Kitab tələblərinə nə dərəcə uyğun olub-olmadığını müzakirə etməlidirlər. Bu, onların üzərinə düşən ən ciddi məsuliyyətlərdən biridir; onlar bunu həvari Bulusun «heç kəsin üzərinə tələm-tələsik əl qoyma» nəsihətinə uyğun olaraq etməlidirlər (1 Tim. 5:21, 22).
RUHUN BƏHRƏSİ
20 Ruhən yetkin qardaşların həyat tərzindən görünür ki, onlar müqəddəs ruhun rəhbərliyinə uyğun yaşayır və onun bəhrəsini təzahür etdirirlər. Bulus ruhun bəhrəsinin doqquz cəhətini sadalayır. Bunlar «məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, iman, mülayimlik, özünə hakim olmaq»dır (Qal. 5:22, 23). Bu nəzarətçilər bacı-qardaşlara təravət gətirir, eyni zamanda onlara müqəddəs ibadəti icra etməyə və bir-birilə vəhdətdə olmağa kömək edirlər. Ağsaqqalların davranış tərzindən və çəkdikləri zəhmətdən görünür ki, onlar müqəddəs ruh tərəfindən təyin olunublar (Həv. 20:28).
BİRLİYİ MÖHKƏMLƏNDİRƏN QARDAŞLAR
21 Yığıncağın birliyi bütün ağsaqqalların bir-biri ilə əməkdaşlığından asılıdır. Onların xasiyyəti bir-birindən tamamilə fərqlənə və fikirləri üst-üstə düşməyə bilər, buna baxmayaraq, onlar bir-birini hörmətlə dinləməli, aralarında birliyi qorumalıdırlar. Əgər heç bir Müqəddəs Kitab prinsipi pozulmursa, hər kəs ağsaqqallar şurasının son qərarına boyun əyməli və onu dəstəkləməlidir. Güzəştə getməyi bacaran insan göstərir ki, o, yuxarıdan nazil olan sülhpərvər və mülayim hikmətə uyğun davranır (Yaq. 3:17, 18). Heç bir ağsaqqal özünü başqalarından üstün tutmamalı və heç kimin üzərində ağalıq etməməlidir. Ağsaqqallar yığıncağın rifahı üçün bir-birilə əməkdaşlıq edəndə, əslində, Yehova ilə əməkdaşlıq etmiş olurlar (1 Kor., fəs. 12; Kol. 2:19).
MƏSULİYYƏTLƏRƏ CAN ATIN
22 Yetkin qardaş nəzarətçi olmağa can atmalıdır (1 Tim. 3:1). Amma ağsaqqal kimi xidmət etmək üçün çalışqanlıq və fədakarlıq tələb olunur. Bu o deməkdir ki, ağsaqqal bacı-qardaşlara kömək etməyə və onların ruhani qayğısını çəkməyə hazır olmalıdır. Nəzarətçi olmağa can atmaq Allahın Kəlamındakı tələblərə cavab verməyə can atmaq deməkdir.
VƏZİYYƏT DƏYİŞƏNDƏ
23 Ola bilsin, uzun illər sədaqətlə xidmət edən bir qardaş sonradan xəstəlik, qocalıq və ya başqa bir səbəb ucbatından məsuliyyətini yerinə yetirə bilməsin. Amma nə qədər ki təyinatı qüvvədədir, ona ağsaqqal kimi yanaşıb hörmətini saxlamaq lazımdır. İmkanlarının məhdud olması o demək deyil ki, o, ağsaqqal təyinatından imtina etməlidir. Allahın xalqının qayğısına qalan digər zəhmətkeş ağsaqqallar kimi o da ikiqat hörmətə layiqdir.
24 Əgər qardaş hər hansı bir səbəbə görə təyinatından imtina etmək istəyirsə, bu, onun şəxsi qərarıdır (1 But. 5:2). Buna baxmayaraq, yenə də ona hörmət göstərilməlidir. O, ağsaqqal işini və məsuliyyətini yerinə yetirməsə də, yığıncağın rifahı üçün çox iş görə bilər.
YIĞINCAQDA MƏSULİYYƏTLƏR
25 Ağsaqqallar yığıncaqda ağsaqqal şurasının koordinatoru, xidmət nəzarətçisi, «Gözətçi qülləsi» müzakirəsini aparmaq və Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi kimi müxtəlif məsuliyyətləri yerinə yetirirlər. Ağsaqqalların çoxu qrup nəzarətçisi kimi xidmət edir. Ağsaqqalların bu məsuliyyətlərə təyinatının müddəti yoxdur. Əlbəttə, əgər qardaş başqa yerə köçürsə, səhhətində olan problemə görə məsuliyyətini yerinə yetirə bilmirsə və yaxud Müqəddəs Kitabın tələblərinə cavab vermədiyi üçün təyinatından azad olunursa, onun yerinə başqa ağsaqqal seçilir. Nəzarətçilərin sayının az olduğu yığıncaqlarda tələblərə cavab verən yeni ağsaqqallar təyin olunana qədər bir ağsaqqal bir neçə məsuliyyəti icra edə bilər.
26 Ağsaqqallar şurasının koordinatoru şuranın görüşündə sədrlik edir. Beləliklə, o, digər ağsaqqallarla birgə təvazökarlıqla Allahın ümmətinin qayğısına qalır (Rom. 12:10; 1 But. 5:2, 3). Qardaş yaxşı təşkilatçı olmalı və canla-başla rəhbərlik etməlidir (Rom. 12:8).
27 Katib yığıncağın sənəd işlərini görür və aldığı məlumatları ağsaqqallara çatdırır. Lazım gələrsə, başqa ağsaqqal və ya səriştəli yığıncaq xidmətçisi ona kömək edə bilər.
28 Təbliğ fəaliyyəti və xidmətlə bağlı olan bütün işlərlə xidmət nəzarətçisi məşğul olur. O, qrafikini elə qurur ki, hər ayın bir həftəsonu bir qrupa baş çəksin. Yalnız bir neçə qrupdan ibarət olan yığıncaqlarda isə hər qrupa ildə iki dəfə də baş çəkə bilər. Qrupa baş çəkən zaman təbliğ görüşlərini aparır, qrupla xidmətə çıxır, təbliğçilərə insanlarla təkrar söhbət aparmağa və Müqəddəs Kitab dərslərini keçirməyə kömək edir.
QRUP NƏZARƏTÇİSİ
29 Yığıncaqda qrup nəzarətçisi olmaq ən şərəfli vəzifələrdən biridir. Onun üzərinə növbəti məsuliyyətlər düşür: 1) qrupda hər kəsin ruhani vəziyyəti ilə yaxından maraqlanmaq; 2) hər kəsin xidmətdə müntəzəm, həvəslə və sevinclə iştirak etməsinə kömək etmək və 3) qrupdakı yığıncaq xidmətçilərinə inkişaf etməyə və məsuliyyətlərə can atmağa kömək etmək. Hansı qardaşın bu məsuliyyətə yararlı olduğuna ağsaqqallar şurası qərar verir.
30 İşin mahiyyətini nəzərə alsaq, yaxşı olardı ki, qrup nəzarətçisi ağsaqqal olsun. Ağsaqqal olmadığı təqdirdə, bu işi münasib yığıncaq xidmətçisi görə bilər. Belə olan halda yığıncaq köməkçisi ağsaqqal olmadığı üçün qrup xidmətçisi adlanır. O, bu işi ağsaqqalın nəzarəti altında edir.
31 Qrup nəzarətçisinin əsas işi müjdəçilik fəaliyyətinə rəhbərlik etməkdir. Onun xidmətdə müntəzəm, canla-başla və həvəslə iştirak etməsi qrupdakılara sirayət edəcək. Təbliğçilər birlikdə xidmət etməkdən sevinc duyduqları və fayda əldə etdikləri üçün yaxşı olardı ki, qrupun təbliğ vaxtı əksəriyyət üçün münasib olsun (Luka 10:1—16). Nəzarətçinin əlində həmişə kifayət qədər sahə olmalıdır. O, adətən, təbliğ görüşünü keçirir və həmin gün üçün təbliğçilərin xidmətini təşkil edir. O, gedə bilməyəndə başqa ağsaqqaldan və ya yığıncaq xidmətçisindən, yaxud da təcrübəli təbliğçidən görüşü keçirməyi xahiş etməlidir. Bunun sayəsində təbliğçilər başsız qalmayacaq.
32 Qrup nəzarətçisi xidmət nəzarətçisinin gəlişinə əvvəlcədən hazırlaşmalı, qrupuna xəbər verməli və bunun onlara hansı faydanı gətirəcəyini izah etməlidir. Qrupdakıların hamısının nəzarətçinin gəlişindən xəbəri olsa, onlar bu tədbirdə həvəslə iştirak edəcəklər.
33 Qruplarda təbliğçilərin sayı çox olmamalıdır. Bu, nəzarətçiyə qrupdakıları yaxşı tanımağa imkan yaradır. Qayğıkeş ağsaqqal kimi o, hər kəslə yaxından maraqlanır. Onlara kömək edərək həvəsləndirir ki, xidmətdə və yığıncaqda aktiv şəkildə iştirak etsinlər. Həmçinin o, hər kəsə ruhani cəhətdən möhkəm qalmaq üçün əlindən gələn köməyi göstərir. Xəstəlikdən əziyyət çəkənlərə və ya məyusluğa qapılanlara şəxsən baş çəkir. Ruhlandırıcı sözü və məsləhəti ilə qardaşları yığıncaqda məsuliyyətlərə can atmağa və bacı-qardaşlara dəstək olmağa təşviq edir. Aydındır ki, qrup nəzarətçisi qüvvəsini əsasən öz qrupundakılara kömək etməyə sərf edir. Lakin bir ağsaqqal və nəzarətçi kimi o, yığıncaqdakıların hamısı ilə maraqlanmalı və ehtiyac yarandıqda kömək etməlidir (Həv. 20:17, 28).
34 Qrup nəzarətçisinin vəzifələrindən biri qrupunun təbliğ hesabatlarını yığmaqdır. Yığılan hesabatlar katibə ötürülür. Təbliğçilər hesabatlarını vaxtında verməklə qrup nəzarətçisinə kömək etmiş olurlar. Onlar hesabatı hər ayın axırında qrup nəzarətçisinə verə və ya ibadət evindəki hesabat qutusuna ata bilərlər.
YIĞINCAĞIN XİDMƏT KOMİTƏSİ
35 Müəyyən məsuliyyətləri ağsaqqal şurasının koordinatorundan, katibdən və xidmət nəzarətçisindən ibarət yığıncağın xidmət komitəsi icra edir. Məsələn, xidmət komitəsi ibadət evində toy və yas mərasimlərinin keçirilməsinə icazə verir və təbliğçiləri təbliğ qruplarına təyin edir. Komitə həmçinin öncül və köməkçi öncül ərizələrini, eləcə də xidmətlə bağlı bir sıra ərizələri təsdiq edir. Xidmət komitəsi ağsaqqallar şurasının nəzarəti altında fəaliyyət göstərir.
36 Filial bu qardaşların, eləcə də «Gözətçi qülləsi» müzakirəsini aparan qardaşın, Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisinin və ağsaqqallar şurasını təşkil edən digər qardaşların məsuliyyətlərinə dair göstərişlər verir.
37 Hər yığıncağın ağsaqqallar şurası müntəzəm görüşüb yığıncağın ruhani rifahı ilə bağlı məsələləri müzakirə edir. Bu görüşlər hər dəfə rayon nəzarətçisi ziyarət edən zaman, eləcə də hər ziyarətdən üç ay sonra keçirilir. Sözsüz, ehtiyac yaranarsa, ağsaqqallar istədikləri vaxt bu cür görüş təşkil edə bilərlər.
İTƏATKARLIQ
38 Nəzarətçilər qeyri-kamil insanlardır. Buna baxmayaraq, bütün yığıncaq onlara tabe olmalıdır. Çünki onları Yehova təyin edib. Nəzarətçilər Onun qarşısında məsuliyyət daşıyırlar. Onlar Yehovanı və Onun rəhbərliyini təmsil edirlər. İbranilərə 13:17 ayəsində yazılıb: «Sizə rəhbərlik edənlərə itaət edin, onlara tabe olun, axı onlar hesabat verəcək adamlar kimi gecə-gündüz sizin qeydinizə qalırlar. Qoyun onlar bunu ah-zarla yox, sevinclə etsinlər ki, sizə zərər dəyməsin». Əgər qardaş artıq ruhun bəhrəsini təzahür etdirmirsə və Müqəddəs Kitabın tələblərinə uyğun yaşamırsa, onda Yehova onu müqəddəs ruhu ilə təyin etdiyi kimi, bu ruh vasitəsilə də təyinatdan uzaqlaşdıracaq.
39 Çəkdikləri zəhmətə və yaxşı nümunə qoyduqlarına görə ağsaqqallara minnətdar olmalıyıq. Bulus Saloniki yığıncağına yazdığı məktubda qardaşlara belə bir məsləhət verir: «Qardaşlar, sizdən rica edirik ki, aranızda zəhmət çəkənlərə, Ağanın işində sizə rəhbərlik edənlərə və sizə nəsihət verənlərə hörmət göstərəsiniz, çəkdikləri zəhmətə görə onlara böyük ehtiram və məhəbbət bəsləyəsiniz» (1 Salon. 5:12, 13). Ağsaqqalların zəhməti bizə Allaha ibadət etməyə kömək edir və sevincimizi artırır. Bulus həmçinin Timutiyə birinci məktubunda yığıncaqdakıların ağsaqqallara münasibəti ilə bağlı yazır: «Yığıncağı yaxşı idarə edən ağsaqqallar, xüsusən də, Allahın sözünü cidd-cəhdlə danışan və öyrədən ağsaqqallar ikiqat hörmətə layiq görülməlidirlər» (1 Tim. 5:17).
TƏŞKİLATDA DİGƏR MƏSULİYYƏTLƏR
40 Bəzən bir neçə ağsaqqal Xəstələrə ziyarət qrupuna təyin olunur. Bir neçəsi isə Xəstəxanalarla əlaqə komitəsində xidmət edir, xəstəxanalara gedir, həkimləri Yehovanın Şahidlərini qansız müalicə etməyə və bu müalicə üsulundan daha geniş şəkildə istifadə etməyə təşviq edir. Digər ağsaqqallar ibadət evlərinin, toplantı zallarının tikintisində və onlara texniki xidmət göstərilməsində kömək etməklə və ya regional toplantı komitəsinin üzvü kimi xidmət etməklə Allahın işini irəli aparırlar. Bu qardaşların ağır zəhməti və bu cür fədakarlığı təşkilat tərəfindən yüksək qiymətləndirilir. Bəli, biz belə adamların qədrini bilməliyik (Filip. 2:29).
RAYON NƏZARƏTÇİSİ
41 Rəhbərlik Şurası tələblərə uyğun gələn ağsaqqalların rayon nəzarətçisi təyin olunmalarına nəzarət edir. Filial isə bu qardaşları bir rayona aid yığıncaqlara ildə iki dəfə ziyarət etməyə təyin edir. Rayon nəzarətçiləri həmçinin ucqar ərazilərdə xidmət edən öncüllərə vaxtaşırı baş çəkirlər. Onlar cədvəl tutub gəlişləri barədə yığıncaqlara kifayət qədər əvvəldən xəbər göndərirlər ki, bu ziyarət yığıncaqlara daha çox fayda gətirsin.
42 Ağsaqqallar şurasının koordinatoru ziyarətlə bağlı işləri elə təşkil etməlidir ki, hamı ruhani təravət alsın (Rom. 1:11, 12). Bu qardaş rayon nəzarətçisinin ziyarəti, eləcə də onun və əgər evlidirsə, həyat yoldaşının tələbatları barədə məlumat aldıqdan sonra qardaşların köməyilə onlara qalmağa yer hazırlayır və sairə ehtiyaclarının qayğısına qalır. Koordinator nəzarət etməlidir ki, hamının, eləcə də rayon nəzarətçisinin görülən tədbirlərdən xəbəri olsun.
43 Rayon nəzarətçisi ağsaqqallar şurasının koordinatoru ilə əlaqə saxlayıb yığıncaq və təbliğ görüşlərinin cədvəlini dəqiqləşdirməlidir. Cədvəl tərtib olunanda rayon nəzarətçisinin təklifləri və filialın göndərdiyi göstərişlər nəzərə alınmalıdır. Yığıncaq görüşlərinin, öncüllərlə görüşün, ağsaqqallarla və yığıncaq köməkçiləri ilə görüşün, həmçinin təbliğ görüşlərinin vaxtı və yeri hamıya bildirilməlidir.
44 Çərşənbə axşamı nahardan sonra rayon nəzarətçisi yığıncağın təbliğçilərinin hesabat kartoçkalarını, yığıncaq görüşlərinə gələnlərin sayını, sahələrlə bağlı qeydləri və maliyyə hesabatını yoxlayır. Bu, ona yığıncağın tələbatlarını və bu sənədlərə baxan qardaşların hansı köməyə ehtiyac duyduğunu müəyyən etməyə kömək edəcək. Ağsaqqallar şurasının koordinatoru bu sənədləri qabaqcadan hazırlayıb rayon nəzarətçisinə çatdırmalıdır.
45 Rayon nəzarətçisi ziyarət zamanı bacardığı qədər vaxt ayırıb bacı-qardaşlarla ayrı-ayrılıqda ünsiyyət edir. Məsələn, ibadət görüşündə, təbliğdə, nahar edəndə və sairə vaxtlarda. Bundan əlavə, o, ağsaqqallar və yığıncaq xidmətçiləri ilə görüşüb onlara məsuliyyətlərini yerinə yetirməyə, sürünün qayğısına qalmağa kömək edən Müqəddəs Kitaba əsaslanmış münasib məsləhət və tövsiyələr verir, onları ruhlandırır (Məs. 27:23; Həv. 20:26—32; 1 Tim. 4:11—16). Həmçinin öncüllərlə görüşüb onları daha böyük həvəslə təbliğ etməyə təşviq edir və xidmətdə qarşılaşdıqları çətinlikləri aşmağa kömək edən məsləhətlər verir.
46 Əgər başqa məsələlərdə köməyə ehtiyac yaranarsa, rayon nəzarətçisi əlindən gələni edəcək ki, həftə ərzində məsələ həll olunsun. Əgər həftə ərzində məsələ həll olunmasa, rayon nəzarətçisi ağsaqqallara və ya bu işlə əlaqəsi olan adamlara bu məsələ ilə bağlı Müqəddəs Kitab əsasında araşdırma aparmağa kömək edəcək. Əgər məsələ ilə bağlı filialın öhdəsinə düşən bir iş varsa, rayon nəzarətçisi və ağsaqqallar ora bu haqda ətraflı məlumat göndərməlidir.
47 Ziyarət vaxtı rayon nəzarətçisi həftəlik ibadət görüşlərində iştirak edir. Ola bilsin, bu görüşlərin keçirilmə qaydasına filialdan gələn rəhbərlik əsasında vaxtaşırı düzəlişlər edilsin. Rayon nəzarətçisi yığıncağı ruhlandıran, həvəsləndirən, elmləndirən və möhkəmləndirən məruzələr söyləyir. O, bacı-qardaşların Yehova Allaha, İsa Məsihə və təşkilata olan məhəbbətini alovlandırmağa çalışır.
48 Rayon nəzarətçisinin gəlişinin məqsədlərindən biri bacı-qardaşların xidmətdə şövqünü artırmaq və faydalı məsləhətlər verməkdir. Yığıncaqdakıların çoxu öz işlərini elə düzüb-qoşurlar ki, həmin həftə şahidlik işində tam iştirak edə bilsinlər. Bunun üçün bəziləri rayon nəzarətçisinin ziyarət etdiyi ay köməkçi öncül kimi xidmət edirlər. Onunla və ya həyat yoldaşı ilə xidmət etmək istəyənlər öz istəklərini qabaqcadan bildirməlidirlər. Onları Müqəddəs Kitab dərsi keçməyə və təkrar söhbətlər etməyə aparsalar, daha böyük faydası olar. Əziz bacı-qardaşlar, sizə ürəkdən minnətdarıq ki, ziyarət vaxtı xidmətdə canla-başla iştirak edirsiniz! (Məs. 27:17).
49 Hər rayonda ildə iki dəfə rayon toplantısı keçirilir. Bu tədbirlərin təşkili rayon nəzarətçisinin üzərinə düşür. O, rayon toplantısı üçün rayon toplantısı nəzarətçisi və rayon toplantısı nəzarətçisinin köməkçisini təyin edir. Onlar rayon toplantısının təşkilində rayon nəzarətçisi ilə sıx əməkdaşlıq edirlər. Bunun sayəsində rayon nəzarətçisi bütün diqqətini toplantının proqramına cəmləyə bilir. Rayon nəzarətçisi həmçinin münasib qardaşları toplantının müxtəlif şöbələrinə təyin edir. O həmçinin hər rayon toplantısından sonra rayonun maliyyə hesabatının yoxlanması üçün tədbir görür. İki rayon toplantısından biri dəvət olunmuş natiq qismində çıxış edən filial nümayəndəsinin iştirakı ilə keçirilir. Yolun uzaqlığı və ya toplantı keçirilən yerin kiçik olması səbəbindən bəzi rayonlar bir neçə hissəyə bölünür və hər hissə üçün ayrılıqda rayon toplantısı keçirilir.
50 Rayon nəzarətçisi öz təbliğ hesabatını hər ayın axırı filiala göndərir.Əgər onun xidməti ilə bağlı xərcləri, məsələn, yol, yemək, qalmaq üçün yer və sairə xərclər yığıncaq tərəfindən ödənilmirsə, o, xərclərin ödənilməsi üçün filiala müraciət edə bilər. Rayon nəzarətçiləri əmindirlər ki, onlar Yehova Allahın işini hər şeydən üstün tutsalar, İsa Məsihin söz verdiyi kimi, Allah onların ehtiyaclarını ödəyəcək (Luka 12:31). Yığıncaqlar onlara fədakarcasına xidmət edən ağsaqqallara qonaqpərvərlik göstərməyi özlərinə şərəf bilməlidirlər (3 Yəh. 5—8).
FİLİAL KOMİTƏSİ
51 Yehovanın Şahidlərinin bütün filiallarında üç və ya daha çox qardaşdan ibarət filial komitəsi fəaliyyət göstərir. Bu qardaşlar müəyyən tələblərə cavab verən və ruhani cəhətdən yetkin insanlardır. Komitə filialın nəzdində olan ölkənin və ya ölkələrin müjdəçilik fəaliyyətinə rəhbərlik edir. Filial komitəsinin üzvlərindən biri komitənin koordinatoru vəzifəsini yerinə yetirir.
52 Filial komitəsində xidmət edən qardaşlar filialın ərazisindəki yığıncaqlara aid məsələləri həll edir. Komitə filialın ərazisində Padşahlıq haqda xoş xəbərin təbliğ işinə nəzarət edir, eləcə də sahənin tələbatını ödəmək üçün yığıncaq və teokratik rayonların təşkil edilməsinin qayğısına qalır. Həmçinin filial komitəsi xüsusi təyinatlı müjdəçilərin, xüsusi öncüllərin, öncüllərin və köməkçi öncüllərin xidmətinə diqqət yetirir. Böyük toplantılar zamanı hər şeyin ədəb-ərkanla və nizamla olması üçün komitə zəruri tədbirlər görür və qardaşlara müvafiq tapşırıqlar verir (1 Kor. 14:40).
53 Bəzi ölkələrdə ölkə komitəsi təyin olunur və bu komitənin fəaliyyəti başqa ölkədəki filial komitəsinin nəzarəti altında həyata keçirilir. Bunun sayəsində ölkə komitəsinin xidmət etdiyi ərazidə nəzarət işini həyata keçirmək daha rahat olur. Ölkə komitəsi Beytel kompleksinin və ofisin qayğısına qalır, məktub və hesabatlarla məşğul olur, eləcə də həmin ərazinin təbliğ fəaliyyətinə nəzarət edir. Ölkə komitəsinin filial komitəsi ilə sıx əməkdaşlığı sayəsində Allahın işi irəli gedir.
54 Filial və ölkə komitəsinin üzvlərini Rəhbərlik Şurası təyin edir.
BAŞ İDARƏNİN NÜMAYƏNDƏLƏRİ
55 Rəhbərlik Şurası vaxtaşırı filiallara baş çəkmək üçün qardaşlar təyin edir. Bu qardaşlar baş idarəni təmsil edirlər. Onların əsas işi Beytel ailəsini ruhlandırmaq, filial komitəsinə təbliğ və şagird hazırlamaqla bağlı yaranan sual və problemlərin həllində kömək etməkdir. Bu qardaşlar həmçinin rayon nəzarətçiləri ilə, eləcə də vaxtaşırı xüsusi təyinatlı müjdəçilərlə görüş keçirirlər. Bu zaman onların problem və tələbatlarını müzakirə edir və onları ən vacib işdə — Padşahlığın təbliği və şagird hazırlamaq işində fəal olmağa təşviq edirlər.
56 Baş idarənin nümayəndələri Padşahlığın təbliğ işi və yığıncaqların digər işlərindəki nailiyyətləri ilə maraqlanırlar. Vaxt imkan verirsə, onlar filialın nəzdindəki tərcümə ofislərinə də baş çəkirlər. Onlar filiala baş çəkərkən çalışırlar ki, müjdəçilik işində də iştirak etsinlər.
Allahın xalqının qayğısını çəkməyə təyin edilmiş nəzarətçilərə itaət etməklə yığıncağın başı Məsih İsa ilə vəhdətdə olarıq
MƏHƏBBƏT DOLU NƏZARƏT
57 Yetkin qardaşların ağır zəhməti və qayğısı bizim rifahımıza xidmət edir. Allahın xalqının qayğısını çəkməyə təyin edilmiş nəzarətçilərə itaət etməklə yığıncağın başı Məsih İsa ilə vəhdətdə olarıq (1 Kor. 16:15—18; Efes. 1:22, 23). Bunun sayəsində Allahın ruhu bütün dünyadakı yığıncaqlara təsir edir və Allahın Kəlamı ümumdünya müjdəçilik işinə rəhbərlik edir (Zəb. 119:105).