Məttanın yazdığı müjdə
17 Bu söhbətdən altı gün sonra İsa Butrusu, Yaqubu və onun qardaşı Yəhyanı yanına alıb uca bir dağın başına qalxdı. Dağda onlardan başqa heç kəs yox idi.+ 2 Orada şagirdlərin gözü qarşısında İsanın görkəmi dəyişdi: onun üzü günəş kimi şəfəq saçdı və paltarı ağappaq olub par-par parıldadı.+ 3 Birdən onlar gördülər ki, Musa və İlyas peyda olub İsa ilə söhbət edir. 4 Onda Butrus İsaya dedi: «Ağa, bizim bura gəlməyimiz nə yaxşı oldu! İstəyirsən, üç çadır qurum: birini sənə, birini Musaya, birini də İlyasa». 5 Butrus hələ danışarkən onların başı üstünə parlaq bir bulud gəldi və buludun içindən bir səs dedi: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam.+ Ona qulaq asın».+ 6 Şagirdlər bunu eşidəndə üzüstə yerə yıxıldılar. Onlar bərk qorxmuşdular. 7 Onda İsa yaxınlaşıb onlara toxundu və dedi: «Durun, qorxmayın». 8 Şagirdlər başlarını qaldıranda gördülər ki, İsa təkdir. 9 Onlar dağdan enəndə İsa tapşırdı: «İnsan Oğlu dirilməyincə gördüyünüzü heç kimə danışmayın».+
10 Onda şagirdlər İsadan soruşdular: «Bəs nəyə görə mirzələr deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»+ 11 İsa onlara cavab verdi: «İlyas, doğrudan da, gəlib hər şeyi bərpa edəcək.+ 12 Amma bunu bilin ki, İlyas artıq gəlib. Heyif ki, onu tanımadılar, başına oyun açdılar.+ Onlar insan Oğluna da zülm edəcəklər».+ 13 Onda şagirdlər başa düşdülər ki, İsa Vəftizçi Yəhyadan danışır.
14 Onlar camaatın yanına çatanda+ bir kişi İsaya yaxınlaşdı, onun qarşısında diz çöküb dedi: 15 «Ağa, oğluma rəhm et. Balam xəstədir, ürəkgetməsi, tutmaları olur, gah suya düşür, gah da oda yıxılır.+ 16 Onu sənin şagirdlərinin yanına gətirdim, amma onlar uşağı sağalda bilmədilər». 17 İsa cavab verdi: «Ey imansız və yolunu azmış nəsil!+ Nə vaxta qədər aranızda olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Oğlunu yanıma gətir». 18 İsa cinə hökm etdi, cin oğlandan çıxdı. Oğlan dərhal sağaldı.+ 19 Sonra şagirdlər təklikdə İsanın yanına gəlib soruşdular: «Biz niyə cini qova bilmədik?» 20 İsa onlara cavab verdi: «İmanınız az olduğundan. Əmin olun ki, imanınız xardal toxumu boyda olsa, bu dağa: “Buradan o tərəfə çəkil”, — deyəcəksiniz, o da çəkiləcək. Sizin üçün qeyri-mümkün şey olmayacaq».+ 21 *——
22 Onlar Cəlilədə bir yerdə olanda İsa şagirdlərə dedi: «İnsan Oğlu ələ veriləcək,+ 23 onu öldürəcəklər və Allah onu üçüncü gündə dirildəcək».+ Bunu eşidən şagirdlər çox kədərləndilər.
24 Onlar Kəfərnahuma gələndə iki dirhəm* vergisini yığanlar Butrusa yaxınlaşıb dedi: «Ustadınız vergini ödəmir?»+ 25 Butrus cavab verdi: «Ödəyir». Butrus evə girəndə İsa onu qabaqlayıb soruşdu: «Şimon, necə düşünürsən, padşahlar rüsumu və can vergisini kimdən yığırlar: öz oğullarından, yoxsa başqalarından?» 26 Butrus cavab verdi: «Başqalarından». Onda İsa dedi: «Deməli, oğullar vergidən azaddır. 27 Amma söz-söhbət olmasın deyə,+ dənizə get, tilovu suya at və tilova düşən birinci balığı tut, onun ağzını aç, orada bir gümüş pul* tapacaqsan. Pulu götür, həm mənim, həm də öz əvəzinə onlara ver».