İkinci işmuil
3 Talut evi ilə Davud evi arasında müharibə uzandı. Davud getdikcə güclənir,+ Talut evi isə zəifləyirdi.+
2 Bu aralarda, Davudun Həbrunda oğulları doğuldu.+ İlkini yizrailli Ahnaamdan+ doğulan Əmnun+ idi. 3 İkincisi karmelli Nabalın dul qalmış arvadı Abiqayildən+ doğulan Kilab*, üçüncüsü Qəşur padşahı Talmayın+ qızı Məkahdan doğulan Absalam+, 4 dördüncüsü Haqqitdən doğulan Əduniyyə+, beşincisi Abitaldan doğulan Şəfətay, 5 altıncısı Davudun arvadı İqlədən doğulan İsram. Bunlar Davudun Həbrunda doğulan oğulları idi.
6 Talut evi ilə Davud evi arasında çəkişmə davam edirdi. Bu arada Abnur+ Talut evində öz mövqeyini möhkəmləndirirdi. 7 Talutun Rispa+ adında cariyəsi var idi, o, Ayahın qızı idi. Bir dəfə İşboşet+ Abnura dedi: «Niyə atamın cariyəsi ilə yaxınlıq etmisən?»+ 8 Abnur İşboşetin bu sözündən bərk qəzəbləndi. O dedi: «Məgər mən Yəhuda köpəyiyəm? Bu günə kimi atan Talutun evinə, onun qardaşlarına və dostlarına sadiq olmuşam, səni Davuda satmamışam. Sən isə bu gün mənimlə bir qadının söhbətini edirsən. 9 Əgər Yehovanın Davuda and içdiyi kimi+ etməsəm, 10 padşahlığı Talut evindən alıb Davudun taxtını Dandan tutmuş Biir-Səbaya qədər İsrail və Yəhuda üzərində bərqərar etməsəm, qoy onda Allah məni cəzalandırsın».+ 11 İşboşet qorxusundan Abnura cavab vermədi.+
12 Abnur dərhal Davudun yanına qasidlər göndərib dedi: «Bu məmləkət kimindir? Gəl mənimlə əhd bağla, onda mən əlimdən gələni edib İsraili sənin tərəfinə döndərəcəyəm».+ 13 Davud cavab verdi: «Lap yaxşı. Səninlə əhd bağlayaram. Amma bir şərtim var: mənimlə görüşə gələndə Talutun qızı Məkyalı+ gətirməlisən, yoxsa mənim üzümü görməyəcəksən». 14 Davud Talutun oğlu İşboşetin+ yanına qasidlər göndərib dedi: «Yüz filiştlinin* sünnət əti bahasına nişanlandığım arvadım Məkyalı mənə ver».+ 15 İşboşet adam göndərib Məkyalı əri Layiş oğlu Fəltaildən*+ aldı. 16 Əri ağlaya-ağlaya Bahurimə+ qədər onun dalınca getdi. Sonra Abnur ona dedi: «Qayıt dala!» O qayıtdı.
17 Bu arada, Abnur İsrail ağsaqqallarına xəbər göndərib müraciət etdi: «Xeyli vaxtdır siz istəyirdiniz ki, Davud üzərinizdə padşah olsun. 18 İndi durun, çünki Yehova Davuda demişdi: “Mən qulum Davudun+ əli ilə xalqım İsraili filiştlilərin və bütün düşmənlərinin əlindən qurtaracağam”». 19 Sonra Abnur binyaminlilərə+ müraciət etdi. Həmçinin Davudla gizlində söhbət etmək, İsrailin və bütün Binyamin əhlinin razılaşdığını ona danışmaq üçün Həbruna gəldi.
20 Abnur iyirmi nəfərlə Həbruna Davudun yanına gələndə Davud onlar üçün ziyafət qurdu. 21 Abnur Davuda dedi: «İcazə ver gedim, bütün İsraili hökmdarım üçün toplayım, onlar səninlə əhd bağlasınlar, sən də bütün İsrail üzərində padşah olarsan». Davud Abnuru buraxdı, o da çıxıb sağ-salamat yola düşdü.
22 Bu vaxt Davudun adamları ilə Yuab yürüşdən qayıtdılar. Onlar özlərilə çoxlu miqdarda qənimət gətirmişdilər. Abnur isə Həbrunda Davudun yanında deyildi, çünki Davud onu sağ-salamat yola salmışdı. 23 Yuab+ qoşunu ilə gəlib çatanda ona xəbər verdilər: «Nur+ oğlu Abnur+ padşahın yanına gəlmişdi. Padşah onu buraxdı, o da sağ-salamat çıxıb getdi». 24 Yuab padşahın yanına gəlib dedi: «Sən nə etdin?! Abnur öz ayağı ilə bura gəlmişdi. Niyə onu sağ-salamat buraxdın? 25 Məgər sən Nur oğlu Abnuru tanımırsan? O, bura səni aldatmağa, sənin hər addımını, hər bir işini öyrənməyə gəlmişdi».
26 Yuab Davudun yanından çıxdı və Abnurun dalınca qasidlər göndərdi. Onu Sirah hovuzunun yanından geri qaytardılar. Davudun bunlardan xəbəri yox idi. 27 Abnur Həbruna qayıdarkən+ Yuab gizlində söhbət etmək bəhanəsilə onu darvazanın içinə çəkdi və qardaşı Asailin qanına görə+ qılıncı onun qarnına soxub öldürdü.+ 28 Davud sonradan bunu eşidəndə dedi: «Mən və padşahlığım Nur oğlu Abnurun qanına görə+ Yehovanın önündə əbədi olaraq günahsızıq. 29 Qoy bu günah Yuabla atasının evi üzərində olsun.+ Qoy Yuabın evindən heç vaxt ifrazatdan+ və cüzamdan+ əzab çəkən, iplik əyirən kişi*, qılıncdan ölən, çörəyə möhtac olan əskik olmasın!»+ 30 Beləcə, Yuabla qardaşı Abşay+ Abnuru+ qətlə yetirdilər, çünki o, Gibyondakı döyüşdə onların qardaşı Asaili öldürmüşdü.+
31 Davud Yuaba və onunla olan camaata dedi: «Yaxanızı cırın, çula bürünün və Abnur üçün ağlaşın». Davud padşah mafənin ardınca gedirdi. 32 Abnuru Həbrunda dəfn etdilər. Padşah qəbir üstündə ucadan ağladı, bütün xalq da ona qoşulub ağladı. 33 Padşah Abnur üçün mərsiyə dedi:
«Məgər Abnur axmaq adamtək ölməli idi?
34 Əllərin bağlanmamışdı,
Ayaqlarına qandal vurulmamışdı,
Cinayətkarlar önündə yıxılan adamtək həlak oldun».+
Onda xalq yenidən ağladı.
35 Gün hələ batmamışdı. Camaat gəlib Davuda çörək təklif etdi ki, bir az toxtasın. Amma Davud and içdi: «Əgər günəş batmazdan öncə dilimə çörək və ya başqa bir şey vursam, qoy Allah məni cəzalandırsın!»+ 36 Xalq bunu gördü. Padşahın bütün işləri kimi, bu iş də hamının xoşuna gəldi. 37 O gün bütün xalq və bütün İsrail başa düşdü ki, padşah Nur oğlu Abnurun qətlində günahkar deyil.+ 38 Padşah xidmətçilərinə dedi: «Bilin, bu gün İsraildə sərdar və böyük insan həlak olub.+ 39 Bu gün mən padşah olaraq məsh edilsəm də,+ gücsüzəm. Bu adamlarsa, Səryanın oğulları+ çox qəddardır.+ Qoy Yehova pis adamın pisliyinin əvəzini versin».+